Məhkəmə qərarları › İş №2-2(103)-78/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-78/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-78/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh MMC-yə qarşı müqavilələr üzrə borcun, cərimənin tutulması tələbinə dair kommersiya işi Açar söz: müqavilə üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı alqı-satqı müqavilələri üzrə borcun, cərimənin tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2843/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 19 iyul 2017-ci il və xx.xx.2018-ci il tarixlərdə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə elektrik sistemlərinə dair müxtəlif mallar (transformator, naqil, lampa, plastik kabel, floresan lampa) satılmışdır.

2. İddia ərizəsinə alqı-satqı müqavilələri əsasında tərtib edilmiş qiymət razılaşma protokolları əlavə edilmişdir.

3. İddiaçı tərəf iddia edir ki, satılan malların ümumi dəyəri 307602,90 manat olmuş, malların ümumi dəyərindən 233464,70 manat ödənilmiş, cavabdehin ƏDV-siz 74138,20 manat borcu qalmışdır. Cavabdehin iddiaya etirazında isə iddiaçıya ödənilmiş məbləğin ƏDV xaric 232864 manat olduğunu qeyd etmişdir.

4. İddia ərizəsinə müxtəlif tarixli elektron qaimələr əlavə edilsə də, iddiaçının xx.xx.2023-cü il tarixdə (apellyasiya instansiyası mərhələsində) təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən edilmişdir ki, cavabdehdən tələb edilən ƏDV xaric 74.138,20 manat borc 3 elektron elektron qaimə üzrə- xx.xx.2018-ci il tarixli EAAN 785313 saylı (33650,5 manat əsas borc, 6057,09 manat ƏDV), xx.xx.2018-ci il tarixli EAAN 803930 saylı (1887 əsas borc, 339,66 manat ƏDV, xx.xx.2018-ci il tarixli EAAO 208499 saylı (38485 manat əsas borc, 6927,3 manat ƏDV) elektron qaimələr üzrə hesablanmışdır.

5. İş materialarına əlavə edilmiş hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 19 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçıya 600 manat ödəniş edilmişdir.

6. xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 785313 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 39.707,59 manat məbləğində olan malların təqdim edilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. (iş mat. 74-75-ci vərəqlər) xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 803930 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən 2.226,66 manat məbləğində olan malların təqdim edilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. (iş mat 76-cı vərəq). Hər iki elektron qaimədə əsas kimi “əlavə xx.xx.2018-ci il” qeyd edilmişdir. Halbuki tərəflər arasında həmin tarixdə alqı-satqı müqaviləsi və ya müqaviləyə əlavə qismində qiymət razılaşma protokolu tərtib edilməmişdir. xx.xx.2018-ci il tarixli EAAO 208499 saylı (38485 manat əsas borc, 6927,3 manat ƏDV) elektron qaimə isə ləğv edildiyindən iddiaçı tərəfindən həmin qaimə məhkəməyə təqdim edilməmişdir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 74.138,20 manat əsas borcun, 7.413,80 manat məbləğində cərimənin, 400 manat məbləğində mediasiya ödənişinin və 313 manat məbləğində dövlət rüsumunun, cəmi 82.265 manat məbləğində pulun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 103/17 saylı 19 iyul 2017-ci il tarixli və AGC009A/2018 saylı 01 may 2018-ci il tarixli alqı-satqı müqaviləri imzalanmışdir. Həmin müqavilələrə əsasən tərəflərindən xx.xx.2017 –ci il tarixdə EAAB 889068 saylı, xx.xx.2017-ci il tarixdə EAAC 062480 saylı, xx.xx.2017-ci il tarixdə EAAC 313096 saylı, xx.xx.2018-ci il tarixdə EAAK 197276 saylı, xx.xx.2018-ci il tarixdə EAAK 197084 saylı, xx.xx.2018-ci il tarixdə EAAN 785313 saylı, xx.xx.2018-ci il tarxdə EAAN 803930 saylı, xx.xx.2018-ci il tarixdə EAAO 180043 saylı, xx.xx.2018-ci il tarixdə EAAO 247336 saylı, xx.xx.2018-ci il tarixdə EAAO 208499 saylı və xx.xx.2019-cu il tarixdə EAAQ 397455 saylı elektron qaimələr əsasında, ümumilikdə 307.602,90 manat dəyərində elektrik sistemlərinə aid bəzi mallar cavabdehə satılmışdır. Cavabdeh ona satılmış maların ümumi dəyərindən 233.464,70 manat ödəniş həyata keçirmişdir. Lakin aldıqları malların dəyərinin bir hissəni ödəsə də, 74.138,20 manat (ƏDVsiz) dəyərində malların borcunu bu günə kimi ödəməmişdir. Qeyd edilən müddət ərzində alıcı göndərilən bu qaimələrdən yalnız EAAQ 397455 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməni heç bir əsas göstərmədən (sistemdə mövcuddur) geri qaytarmışdır. Tərəflərindən geri qaytarılmış qaimə üzrə dəfələrlə cavabdehlə danışıqlar aparılsa da, eyni zamanda yerində həmin mallar da cavabdehin nümyəndəsinə göstərilsə də, onlar şirkətləri tərəfindən təkrar göndərilən qaiməni yenidən heç bir səbəb göstərmədən geri qaytarmışlar. Qeyd etmək istəyirlər ki, Nazirlər Kabinetinin Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarına belə anlaşılır ki, hər hansı satıcı bir təşkilat yalnız o halda elektron qaimə göndərməlidir ki, mal, iş və xidmət artıq icra edilmişdir. Bundan əlavə, tərəflərindən cavabdehlə aralarında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə mediasiya xidmətinə müraciət edilmişdir. Hazırkı mübahisənin ilkin mediasiya mərhələsində araşdırılması zamanı mediator Raman Abışov tərəfindən hər iki tərəfin nümayəndəlrinin iştirakı ilə malların faktiki verilib-verilməməsini müəyyən etmək məqəsdilə cavabdehə məxsus Qaradağ rayonu Lökbatan yolunda tikmiş olduğu malların saxlama anbarına yerində baxış keçirilməsi təklif olunmuşdur. Cavabdeh ilk öncə buna razılığını bildirməklə nümayəndənin təyin olunması üçün vaxt istəsə də, sonradan mediatorun bu təklifindən birtərəfli qaydada imtina etmişlər. Bu səbəbdən mediasiya prosesində mübahisə həll edilmədən məhkəmə müstəvisinə çıxarılmışdır. Hesab edirlər ki, hazırkı mübahisəyə baxılan zaman məhkəmə həqiqətə nail olma və işin obyektiv həlli üçün malların cavabdehə faktiki verilib-verilməməsini müəyyən etmək məqəsdilə Qaradağ rayonu Lökbatan yolunda tikilmiş olan malların saxlama anbarına yerində baxış keçirilməsi üçün mütəxəssisin cəlb edilməsi və ya tikinti texniki ekspertizanın keçirilməsi barədə qərar qəbul etməsi zəruridir. Bildirirlər ki, cavabdeh ilə aralarında bağlanılmış müqavilənin 10.5ci bəndinə görə, alıcı bu müqavilə üzrə malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,1%-i miqdarında “Satıcıya” dəbbə pulu ödəyir. Müqavilənin 10.6-cı bəndin əsasən, ödəniləcək cərimələrin ümumi məbləği malların dəyərinin 10 (on) faizindən artıq ola bilməz. Hesab edirlər ki, cavabdeh tərəflər arasında bağlanılmış müqaviləsinin şərtlərini birtərəfli qaydada pozmaqla 74.138,20 manat əsas borc öhdəliyini 3 ildən artıq müddət keçsə də icra etmədiyi üçün müqavilənin 10.6-cı bəndi üzrə həmin borcun 10%-i həcmində cərimə haqqı olaraq 7.413,80 manat tutularaq iddiaçıya ödənilməlidir.

10. xx.xx.2022-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, müqavilələr üzrə yaranmış 232.864 manat (ƏDV xaric) məbləğində pul öhdəliyi tərəflərindən tam məbləğdə ödənilərək öhdəlik icra olunmuşdur. Cavabdeh MMC-nin sözügedən müqavilələr əsasında heç bir borcu yoxdur. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən EAAO 208499 saylı elektron qaimə və məhkəmə işinə əlavə edilmiş 38.485 manata dair sənəd həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarına uyğun olmadığından və İnternet Vergi İdarəsi vasitəsilə alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülmədiyindən nəzərə alına bilməz. Bundan əlavə iddiaçın iddia etdiyi 74.138,20 manat məbləğə dair iki tərəfli imza edilmiş və həmin müqavilə predmetinin Cavabdeh MMC tərəfindən alışını sübuta yetirən X1, Təhvil-təslim aktı təqdim edilməmişdir.

11. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia ərizəsinin iddia müddəti keçdikdən sonra verilməsinə görə, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2843/2022 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, mübahisə yaranan dövrdə İddiaçı MMCdə mühəndis vəzifəsində çalışırdı. Mübahisə predmeti olan malların istehsalında iştirak etmişdir. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, təhvil verilən mallar kabellərdir, yüksək gərginlik yuvaları, aydınlatma lövhələri, elektrik şkafları və digər elektrik qurğulardır. Mallar pandemiyadan əvvəl təhvil verilib. Dəqiq tarix yadında deyil. Mallar hissə-hissə təhvil verilib. Malların dəyərinin ödənilib-ödənilməməsi barədə məlumatı yoxdur. Malların bir hissəsini özləri istehsal edirdilər, bəzilərini isə alıb satırdılar. Əsasən elektrik şkaflarını özləri istehsal edirdilər. Kabelləri onlar istehsal etmirlər.

14. Məhkəmə araşdırma nəticəsində müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə elektrik mallarə təqdim edilmiş və təqdim edilmiş mallara görə cavabdeh tərəfindən 232.864,68 manat ödəniş edilmişdir.

15. Məhkəmə iddianın rədd edilməli olduğuna dair iş üzrə gəldiyi nəticəni əsaslandırarkən aşağıdakılara istinad etmişdir: 1) İddiaçı cavabdehin ona borcunun olmasını təsdiq etmək üçün malların təqdim edilməsinə dair elektron qaimələri və elektron vergi hesab-fakturalarını məhkəməyə təqdim etsə də, cavabdehdən tutulmasını tələb etdiyi borcun hansı qaimələr əsasında yaranmasını konkret göstərməmişdir. 2) İş materiallarına əlavə edilmiş 197084 saylı, xx.xx.2018-ci il tarixli; 197276 saylı, xx.xx.2018-ci il tarixli, 180043 saylı xx.xx.2018-ci il tarixli; 247336 saylı, xx.xx.2018-ci il tarixli elektron qaimələr üzrə malların təqdim edilməsi faktı cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları ilə cavabdeh tərəfindən 232.864,68 manat məbləğində pul vəsaiti ödənildiyi müəyyən edildiyindən həmin qaimələr üzrə cavabdehin iddiaçıya borcu 115,32 manat təşkil edir. 3) Qalan elektron qaimələr (cəmi 7418,20 manat məbləğinə dair) üzrə Cavabdeh MMC həmin qaimələrdə göstərilmiş malların iddiaçı tərəfindən ona təqdim edilməsini inkar etmiş, iddiaçı isə mübahisəli qaimələr üzrə malların təqdim edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 4) Hazırkı iş üzrə hər iki tərəfin qəbul etdiyi elektron qaimələr alqı-satqı müqavilələrinə əlavə kimi təsdiq edilmiş qiymətlərin razılaşdırılması protokollarına əsasən tərtib edildiyi halda cavabdeh tərəfindən mübahisələndirilən elektron qaimələrin əsasında hər iki tərəfin təsdiq etdikləri qiymətlərin razılaşdırılması protokolları durmur. 5) Mübahisəli elektron qaimələrdən xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 397455 saylı elektron qaimə cavabdeh tərəfindən geri qaytarıldığından həmin qaimə elektron sistem tərəfindən təsdiqlənməmişdir (göstərilən faktı hər iki tərəf qəbul edir). Qeyd edilənlərə əsasən məhkəmə göstərilən elektron qaimələri həmin qaimələrdə göstərilən malların təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməmişdir. 6) Cavabdeh son ödənişi xx.xx.2018-ci il tarixdə apardığından iddia tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. İddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə malların təqdim edildiyinin iddia edildiyi və iddia müddəti axımının məhz həmin tarixdən hesablansa belə iddiaçının hazırkı iddianı xx.xx.2022-ci ildə qaldırmaqla iddia müddətini buraxması açıq-aşkardır. Belə ki, bu halda xx.xx.2019-cu il tarixdə hadisənin baş verməsi ilə bağlı başlamış iddia müddətinin axımı hadisənin baş verdiyi tarixdən növbəti gündən - xx.xx.2019-cu il tarixdən hesablanır və müddətin sonuncu günü isə xx.xx.2022-ci il tarixə təsadüf edir. Bu baxımdan iddiaçı 2022-ci ilin fevral ayının 15-də mediasiyaya müraciət edərkən artıq iddia müddətini buraxmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixini iddia müddətinin sonuncu günü kimi qəbul etsək belə bu halda iddiaçı tərəfindən mediasiyaya müraciət edilməsi iddia müddətinin axımını dayandırmış, lakin xx.xx.2021-ci il tarixdə iddiaçıya ilkin mediasiya sessiyasından imtina barədə arayış təqdim edildiyi gündən (iddiaçı arayışın göstərilən tarixdə təqdim edilməsini qəbul edir) həmin müddət bərpa edilmiş və xx.xx.2021-ci il tarixdə başa çatmışdır. 7) Pulun tutulması tələbinə dair əsas iddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, iddiaçının əsas borca görə hesablanmış 7.413,80 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması üçün əsasların mövcudluğu da müəyyən edilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 103/17 saylı 19 iyul 2017-ci il tarixli və AGC-009A/2018 saylı 01 may 2018 – ci il tarixli alqı-satqı müqaviləri imzalanmışdir. Həmin müqavilələrə əsasən tərəfimizdən xx.xx.2017 –ci il tarixdə EAAB 889068 saylı, xx.xx.2017-ci il tarixdə EAAC 062480saylı, xx.xx.2017- ci il tarixdə EAAC 313096 saylı, xx.xx.2018- ci iltarixdə EAAK 197276 saylı, xx.xx.2018- ci il tarixdə EAAK 197084 saylı, xx.xx.2018-ci il tarixdə EAAN 785313 saylı, xx.xx.2018 - ci il tarxdə EAAN 803930 saylı, xx.xx.2018- ci il tarixdə EAAO 180043 saylı, xx.xx.2018-ci il tarixdə EAAO 247336 saylı, xx.xx.2018-ci il tarixdə EAAO 208499 saylı və xx.xx.2019 –cu il tarixdə EAAQ 397455 saylı elektron qaimələr əsasında ümumilikdə 307602.90 (üç yüz yeddi min altı yüz iki) manat dəyərində elektrik sistemlərinə aid bəzi mallar cavabdehə satılmışdır. Cavabdeh ona satılmış maların ümumi dəyərindən 233464.70 (iki yüz otuz üç min dörd yüz altmış dörd) manat ödəniş həyata keçirmişdir. Lakin, aldıqları malların dəyərinin bir hissəni ödəsə də 74138.20 manat (ƏDV-siz) dəyərində malların borcunu bu günə kimi ödəməmişdir. Müqavilənin 4.1 – ci maddəsinə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq almış olduğu malın tam dəyərini 3 ilə yaxın müddət keçməsinə baxmayaraq sadəcə malın təhvil sənədinin olmaması səbəbini əsas gətirməklə ödəməkdən imitina etməkdədir. Onu da qeyd etmək istəyirik ki, cavabdeh şirkətimizdən almış olduğu bütün malların Qaradağ rayonu Lökbatan yolunda tikmiş olduğu malların saxlama anbarında istifadə etmişdir. Bu səbəbdən malların onlara təhvil verilmədiyini əvvəllər də əsas gətirdikləri üçün hər iki şirkətin səlahiyyətli nümayəndələri tərəfindən həmin anbarda görüşülərək verilmiş mallar onlara yerində göstərilməklə aramızda olan anlaşılmamazlıqlar razılaşdırılsa da nəticədə borc yenə də ödənilməmişdir. 01 yanvar 2018-ci il tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Eyni zamanda Nazirlər Kabinetinin Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarına əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. İddiaçı MMC bu qaydalarda göstərilən tələblər əsasında elektron qaimələri mal təhvil veridiyi gün "xxxx"MMC – nin Vergi elektron qaimə kabinetinə göndərmişdir. Bildiyimiz kimi,malın və ya xidmətin icra edilməsindən sonra elektron qaimə Satıcı tərəfindən Alıcıya göndərildikdən 5 (beş) gün müddətində həmin qaiməyə münasibətini elektron sistem üzrə bildirməsi imkanı tanınmışdır. Qeyd edilən müddət ərzində alıcı göndərilən bu qaimələrdən yalnız EAAQ 397455 nömrəlixx.xx.2019-cu il tarixli elektron qaiməni heç bir əsas göstərmədən (sistemdə mövcuddur) geri qaytarmışdır. Tərəfimizdən geri qaytarılmış qaimə üzrə dəfələrlə cavabdehlə danışıqlar aparılsa da eyni zamanda yerində həmin mallar da cavabdehin nümyəndəsinə göstərilsə də onlar şirkətimiz tərəfindən təkrar göndərilən qaiməni yenidən heç bir səbəb göstərmədən geri qaytarmışlar. Qeyd etmək istəyirik ki, Nazirlər Kabinetinin Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarına belə anlaşılır ki, hər hansı Satıcı bir təşkilat yalnız o halda elektron qaimə göndərməlidir ki, mal, iş və xidmət artıq icra edilmişdir. İddiaçı məhkəmə mübahisəsindən öncə qarşı tərəflə özləri hazırkı mübahisəni yerində baxış keçirməklə malların cavabdehə verilməsini müəyyən etmələrinə baxmayaraq bir razılığa gələ bilmədiklər halda məhkəməyə müraiət etdikdən sonra eyni nəticə ilə üzləşirsə bu qətnaməyə ədalətli və qanuni qətnamə deyilməsi mümkün deyildir. Hazırkı iddia tələbləri üzrə iddia müddəti tərəfimizdə ötürülmüşdür. Hesab edirik ki, məhkəmənin bu hissədə də gəldiyi nəticə əsassızdır. Belə ki, cavabdeh ilə iddiaçı arasında hazırkı mübahisə üzrə borc öhdəliyi sonuncu, yəni xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmışdır. Sözügedən müqavilə ilə tərəflər arasında sonuncu ticarət münasibətləri xx.xx.2019-cu il tarixdə malların alqı-satqısı üzrə baş tutmuş, həmin malların dəyəri cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə icra edilmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə, yəni 3 illik iddia müddəti keçməmiş göndərilmişdir. Bundan əlavə, cavabdehlə hazırkı mübahisəninmediasiya mərhələsində həll edilməsi barədə iddiaçı tərəfindən 2022-ci ilin fevral ayının 15-də müraciət edilmiş bu hal da iddia müddətinin axımını dayandırmışdır. Mediasiya mərhələsində araşdırma aparılmasından sonra xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sesiyasından imtina barədə tərəflərindən arayış əldə edilmiş sonra iddia ərizəsi tərtib edilməklə ilk öncə cavabdehin xx.xx.2022-ci il tarixdə elektron kabinetinə, 2022-ci ilin may ayının əvvəlində poçt vasitəsi ilə yerləşdiyi ünvana və xx.xx.2022-ci il tarixdə isə məhkəməyə müraciət edilmişdir. Bundan əlavə, cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin 15.1-ci bəndində müəyyən edilmişdir ki, bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və tərəflərin hazırkı müqavilə üzrə öhdəliklərinin tam verinə yetirilməsi anınadək qüvvədə qalır. Göstərilənlərlə bir daha sübut olunur ki, məhkəmə qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini pozaraq iş üzrə səthi və birtərəfli qaydada araşdırma aparmaqla nəticədə qanuni,əsaslı və ədalətli olmayan məhkəmə aktı qəbul etmişdir.

18. Apellyasiya şikayətinə cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 103/17 saylı, 19 iyul 2017-ci il tarixli və AGC-009A/2018 saylı, 01 may 2018-ci il tarixli alqı-satqı müqavilələri əsasında 232.864 manat (ƏDV xaric) məbləğində pul öhdəliyi tərəfimizdən tam məbləğdə ödənilərək öhdəlik icra olunmuşdur. Cavabdeh MMCnin sözügedən müqavilələr əsasında heç bir borcu yoxdur. İddiaçı MMC-nin yuxarıda qeyd olunanlardan əlavə ikitərəfli imzalanmış hər hansı bir sənədi rəsmi formada Cavabdeh MMC-yə təqdim etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən EAAO 208499 saylı elektron qaimə və məhkəmə işinə əlavə edilmiş 38,485.00 manata dair sənəd həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarına uyğun olmadığından və İnternet Vergi İdarəsi vasitəsilə alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülmədiyindən nəzərə alına bilməz. Bundan əlavə iddiaçının iddia etdiyi 74,138.20 manat məbləğə dair iki tərəfli imza edilmiş və həmin müqavilə predmetinin Cavabdeh MMC tərəfindən alışını sübuta yetirən X1, Təhvil-təslim aktı təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2-ci bəndində elektron qaimə-fakturada hansı məlumatlar əks etdirildiyi qeyd edilmişdir. Bu səbəbdən, məhkəmə işinə əlavə edilmiş 38.485 manata dair sənəd həmin Qaydaların 2.2-ci bəndinə uyğun olmadığından sübut şəklində qəbul edilə bilməz. İddiaçı MMC tərəfindən iddia etdiyi 74,138.20 manat məbləğə dair iki tərəfli imza edilmiş və həmin müqavilə predmetinin Cavabdeh MMC tərəfindən alışını sübuta yetirən X1, Təhvil-təslim aktı təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış müqavilələrinin 19 iyul 2017-ci il tarixli və 01 may 2018-ci il tarixli olmasını nəzərə alaraq iddia müddəti keçmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

21. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” 1.2-ci bənd- elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.3-cü bənd- bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.2-ci bənd- elektron qaimə-fakturada həmin fakturanın verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) əks etdirilməldir. 3.7-ci bənd- vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

23. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2843/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 19 iyul 2017-ci il tarixdə və xx.xx.2018-ci il tarixlərdə alqı-satqı müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə elektrik sistemlərinə dair müxtəlif mallar (transformator, naqil, lampa, plastik kabel, floresan lampa) satılmış və satılmış mallara görə cavabdeh tərəfindən 233464,70 manat vəsait ödənildiyi iddiaçı tərəfindən qəbul edilir.

26. İddiaçı xx.xx.2018-ci il tarixli EAAN 785313 saylı, xx.xx.2018-ci il tarixli EAAN 803930 saylı, xx.xx.2018-ci il tarixli EAAO 208499 saylı elektron qaimələr üzrə borcun ödənilmədiyini iddia edir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı iddia tələbinin əsaslı olduğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli EAAN 785313 saylı, xx.xx.2018-ci il tarixli EAAN 803930 saylı qaimələrdə qaimənin tərtib edilməsi əsası kimi “əlavə xx.xx.2018-ci il” qeyd edilmişdir. Halbuki tərəflər arasında həmin tarixdə alqı-satqı müqaviləsi və ya müqaviləyə əlavə qismində qiymət razılaşma protokolu tərtib edilməmişdir. xx.xx.2018-ci il tarixli EAAO 208499 saylı (38485 manat əsas borc, 6927,3 manat ƏDV) elektron qaimə isə ləğv edildiyindən iddiaçı tərəfindən məhkəməyə həmin qaimə üzrə malların cavabdehə təqdim edildiyinə dair hər hansı sübut təqdim edilməmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 cavabdehə alq-satqı müqaviləsi üzrə mallar verildiyinə dair ifadə versə də məhz mübahisələndirilən qaimələr üzrə malların təhvil verildiyini göstərməmişdir.

29. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdeh tərəfindən dəyəri ödənilmiş mallarla bağlı göndərilmiş elektron qaimələrdə tərəflər arasında bağlanmış elektron qaimələrə və ya qiymət razılaşma protokollarına istinad edilsə də, mübahisəli elektron qaimələrdə həmin sənədlərə, təhvil-təslim aktına və ya tərəflər arasında tərtib edilmiş hər hansı digər sənədə istinad edilməməsi həmin qaimələrin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməsi üçün əsasdır.

31. İddiaçının tələb etdiyi 38485 manat əsas borc məbləği ilə bağlı isə məhkəməyə ümumiyyətlə hər hansı sübut təqdim edilməmişdir. Həmin məbləğlə bağlı göndərilmiş elktron qaimə ləğv edilmişdir.

32. İddiaçının nümayəndəsinin cavabdehə mübahisəli elektron qaimələr üzrə təhvil verildiyini iddia etdiyi mallar fərdi-müəyyən əlamətləri olan əşyalar olmadığından və növ əlamətlərinə görə fərqlənən əvəzedilən (mis ucluq, şunur, izolyator, kabel, boru, lampa və s) daşınar əşyalar olduğundan həmin malların cavabdehə təhvil verildiyi sübut etmək üçün iş üzrə ekspertiza təyin edilməsi (ekspert tərəfindən cavabdehin anbarına baxış keçirilərək həmin malların anbarda olub-olmadığının müəyyənləşdirilməsi) barədə vəsatət əsassız hesab edilərək təmin edilməmişdir.

33. İddia ərizəsinə əlavə edilmiş gömrük bəyannamələri ilə bağlı məhkəmə qeyd edir ki, həmin bəyannamələrə əsasən sonuncu dəfə 2018-ci ilin iyul ayında cavabdehın adına mal idxal edildiyi müəyyən edilsə də, idxal edilmiş malların cavabdehə təqdim edildiyinə dair mötəbər sübutlar olmadan yalnız gömrük bəyannaməsi əsasında iddianın əsaslı olduğu müəyyən edilə bilməz.

34. Bundan əlavə məhkəmə eyni zamanda birinci instansiya məhkəməsi ilə razılaşır ki, iddianın əsaslı olduğu təsdiq edilmiş olsaydı belə, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində öhdəliyin icra müddəti nəzərdə tutulmadığından MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlamışdır. 2018-ci ilin noyabrında və dekabrında göndərilmiş qaimələr üzrə 1 ay ərzində ödəniş edilmədiyindən ən azı 2019-cu ilin yanvar ayında artıq iddia müddətinin axımı başlamış, 2022-ci ilin yanvar ayında bitmişdir. İşdən görünür ki, iddiaçı mediasiya təşkilatına 2022-ci ilin fevral ayında müraciət etmiş, xx.xx.2022-ci il tarixdə iddiaçıya ilkin mediasiya sessiyasında iştirak barədə arayış verilmiş, iddiaçı 2022-ci ilin may ayında məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ödənilmiş 600 manat vəsaitin təyinatında “xx.xx.2017-ci il tarixli müqavilə üzrə” ödəniş qeyd edildiyindən həmin ödənişin 2018-ci ildə göndərilmiş elektron qaimələr üzrə həyata keçirildiyi müəyyən edilmir. Hətta bu ödənişin iddia müddətinin axımını kəsdiyi qəbul edilsə belə, 3 illik iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, 2022-ci ilin may ayında iddia qaldırlarkən iddia müddəti keçmiş olur.

35. İşə baxmış məhkəmə tərəfindən işin halları əsasən düzgün müəyyən edilmiş, qətnamənin ləğv edilməsinə əsas ola biləcək hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2843/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2843/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar