Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-781/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi və artıq ödənilmiş pulun tutulması tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1878/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyi (mülkiyyətçi) ilə "xxxx" MMC (istifadəçi) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 01 nömrəli istifadə müqaviləsinə əsasən mülkiyyətçi, müqavilənin qüvvədə olduğu müddətdə “Azərkimya” X1-Polietilen“ zavodunun balansında olan “Sumqayıt şəhər stadionu birinci buraxılış kompleksi tikintisi obyekti”ni istifadəçiyə istifadəyə vermişdir.
2. "xxxx" ASC ilə (abonent kodu – **********9 olan) "xxxx" MMC arasında 2015-ci ilin aprel ayında 010034 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsalat müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair birtipli müqavilə bağlanmışdır.
3. "xxxx" ASC tərəfindən abunəçi (abonent kodu – **********9 olan) "xxxx" MMC-yə xx.xx.2015-ci il tarixli hesab-faktura təqdim edilmiş və hımin hesab-fakturaya əsasən abunəçiyə elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixə 1.256,40 manat borc hesablanmış və abunəçinin xx.xx.2015-ci il tarixə qalıq borcu 19.837,19 manat təşkil edir.
4. "xxxx" ASC Şimal RETSİ və "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli üzləşmə aktı tərtib edilmiş və həmin akta əsasən (abonent kodu – **********9 olan) "xxxx" MMC-nin o cümlədən əvvəlki perioda qalıq borcu 6.814,8 manat, xx.xx.2015-ci il hesabat ilinin əvvəlinə borcu 0 manat, xx.xx.2015-ci il tarixə borc 5.020 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin öhdəlik daşımadığı 16.791,1 manat məbləğin borc olaraq silinməsi və ödədikləri 16.791,1 manat məbləğin iddiaçının balansına əlavə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, **********9 nömrəli abonent kodu daha əvvəl Sumqayıt şəhərində stadionun tikintini həyata keçirən təşkilata məxsus olmuş və onlar da 06 yanvar 2015-ci il tarixindən əvvəl stadionun tikintisini başa çatdırıb. 12 fevral 2017-ci il tarixində imzalanmış üzləşmə aktına əsasən, "xxxx" MMC-nin Azərişıq ASC heç bir borcu olmamışdır. Hal-hazırki tarixə qədər "xxxx" MMC 01 aprel 2015-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsi üzrə istifadə etdiyi elektrik enerjisinə görə öhdəliklərini tam şəkildə icra etmişdir. "xxxx" MMC Sumqayıt şəhər stadionunun tikintisini həyata keçirən təşkilatın hüquqi varisi deyildir və onun tərəfindən ödənilməmiş borcun onlar tərəfindən ödənilməsini tələb etmək qanunsuzdur. "xxxx" MMC ilə Cavabdeh ASC-nin Şimal RETSİ arasında yeni “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı” Müqaviləsi 1 aprel 2015-ci il tarixində imzalanmışdır. Hesablaşma da 1 aprel 2015-ci il tarixində imzalanmış müqavilədən sonrakı dövrü əhatə edir. "xxxx" MMC Sumqayıt şəhər stadionunun tikintisini həyata keçirən təşkilatın hüquqi varisi olmadığına görə "xxxx" MMC ilə Cavabdeh ASC-nin Şimal RETSİ arasında imzalanmış müqavilədən əvvəlki borcların "xxxx" MMC tərəfindən ödənilməsini tələb etmək qanunauyğun deyildir. Həmçinin, iddiaçı tərəfindən 16.791,1 manat məbləğ ödənilmişdir. Buna səbəb isə yeni quraşdırılmış elektrik sayğacına əlavə etdikləri məbləğ borcun silinməsinə avtomatik olaraq hesablanmışdır.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, silinməsi tələb edilən məbləğ elektrik enerjisindən istifadə nəticəsində yaranmış sərfiyyat borcudur. Həmin borc isə şəxsə, yəni abonentə deyil ünvan üzrə **********9 nömrəli abunə koduna hesablanmışdır. Müqavilə bağlamaqla abonentlər dəyişə bilər, lakin abunə koduna sərfiyyata görə hesablanmış borc məbləği abonent tərəfindən ödənilməlidir. Elektrik enerjisindən istifadə qaydalarının 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və müddətin ötürülməsi səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1878/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" MMC-yə hesablanmış 6760,30 manat məbləğində borcun silinməsi, iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh "xxxx" ASC-yə artıq ödənilmiş 6184,95 manat məbləğində pul vəsaitinin iddiaçının abonent hesabına əlavə edilməsi, mediasiya xərclərinin əvəzi olaraq 130 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASCdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi və iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qət edilmişdir.
9. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
14. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
15. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Həmin Məcəllənin 1092.1-ci madəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
22. Eyni zamanda Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələrinin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).
24. Hazırki işdə də iddiaçıya elektrik enerjisinə görə borcun düzgün hesablanmaması və onun tərəfindən artıq məbləğdə ödənişlərin edildiyi müəyyən edilir.
25. Belə ki, işə əlavə olunmuş abonent haqqında məlumatdan göründüyü kimi "xxxx" MMC-nin adına olan abonent hesabına xx.xx.2015-ci il tarixdən əvvəlki dövrə aid 18.092,75 manat məbləğində borc (ETAİS-dən gələn borc) daxil edilmişdir.
26. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə dəfələrlə təklif edilsə də, məhkəməyə təqdim edilmiş aprel 2015-ci il tarixli elektrik enerjisi alqı-satqısı müqaviləsindən əvvəl tərəflər arasında elektrik enerjisi alqı-satqısına dair müqavilə münasibətlərinin mövcud olub-olmaması, belə münasibətlər mövcud olduğu təqdirdə iddiaçı ilə mübahisəli qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsinə dair ilkin müqavilənin hansı tarixdə bağlanması, iddiaçıdan əvvəl mübahisəli abonent kodunun kimin adına olması barədə cavabdeh tərəfindən məhkəməyə məlumat verilməmiş, eləcə də ETAİS-dən gələn borc kimi abonent barədə məlumatda göstərilmiş 18.092,75 manat məbləğində borcun tərəflərin müqavilə münasibətlərində olduğu dövrdə yaranmasını və həmin borcun yaranma əsaslarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və bununla da cavabdeh Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
27. Bununla yanaşı, aşağıdakı hallar da xx.xx.2015-ci il tarixdən əvvəlki dövrə aid 18.092,75 manat məbləğində borcun əksər hissəsinin iddiaçı "xxxx" MMC-yə deyil, abonent kodu üzrə əvvəlki abonentə aid olması barədə iddiaçının dəlillərinin əsaslılığını təsdiq edir.
28. Belə ki, abonent haqqında məlumata əsasən **********9 saylı abonent kodu xx.xx.2011-ci il tarixdə qeydiyyata alındığı halda, mübahisəli qeyri-yaşayış sahəsi yalnız xx.xx.2014-cü il tarixdən iddiaçının istifadəsində olmuşdur (ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 01 nömrəli istifadə müqaviləsi). Göstərilən hal isə "xxxx" MMC-nin sözügedən abonent kodu üzrə ilkin abonent olması ehtimalını istisna edir.
29. Məhkəməyə elektrik enerjisinin alqı-satqısına dair tərəflər arasında bağlanmış yalnız bir müqavilə - aprel 2015-ci il tarixli müqavilə təqdim edilmiş, həmin tarixdən əvvəlki dövrdə tərəflər arasında müqavilə müanasibətlərinin mövcud olması isə iş materiallarına əsasən müəyyən edilmir. Abonent haqqında məlumatdan da göründüyü kimi 2015-2016-cı illərdə abonentin aylıq sərfiyyatının ***-**** manat civarında olmasını nəzərə alsaq 18.092,75 manat məbləğində borcun tərəflərin müqavilə münasibətlərində olduqları 3 ay ərzində (aprel 2015-xx.xx.2015-ci il tarixədək) yaranması inandırıcı görünmür.
30. Mübahisəli borc 2022-ci ilədək abonent hesabında mövcud olduğu və yalnız 2022-ci ilin dekabrının 7-də abonent tərəfindən edilmiş 17.700 (15000+2700) manat məbləğində ödəniş hesabına silindiyi halda, həmin borc "xxxx" ASC Şimal RETSİ və "xxxx" MMC arasında aparılmış xx.xx.2015-ci il tarixli üzləşmə aktında öz əksini tapmamışdır.
31. Belə ki, həmin üzləşmə aktına əsasən xx.xx.2015-ci il tarixə abonentin borcu cəmi 5020 manat təşkil etmişdir.
32. Beləliklə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi abonent haqqında məlumatda “bağlanan aktlar” bölməsində göstərilmiş 18.092,75 manat məbləğində borcun tam şəkildə "xxxx" MMC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra və abonent kodu "xxxx" MMC-nun adına keçirildikdən sonra yaranması iş materialları ilə öz təsdiqini tapmır. Eləcə də "xxxx" MMC-nin abonent kodu üzrə əvvəlki abonentin öhdəliyinin icrasını öz üzərinə götürməsi (məsələn, öhdəliyin verilməsi barədə müqavilə bağlanmaqla) iş materialları ilə müəyyən edilmir.
33. Bundan əlavə, sözügedən borcun hansı əsasla (sayğac göstəricisi, akt və s.) yaranması və belə olan halda əsaslı olaraq hesablanıb-hesablanmaması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, "xxxx" MMC-nin "xxxx" ASC-yə borcun və ya əksinə artıq ödəmənin mövcud olub-olmaması “bağlanan aktlar” bölməsində göstərilmiş 18.092,75 manat borc məbləği nəzərə alınmadan tərəflər arasında təsdiq edilmiş xx.xx.2015-ci il tarix üzləşmə aktı və abonent haqqında məlumata əsasən müəyyən edilməlidir.
35. Qeyd olunduğu kimi tərəflər arasında təsdiq edilmiş xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən xx.xx.2015-ci il tarixə iddiaçının borcu 5020 manat təşkil etmişdir. Abonent saldosundakı məlumatlara əsasən isə xx.xx.2015-dən sonrakı dövrdə (xx.xx.2023-cü ilədək) abonentin sərfiyyatı cəmi 114.822,6 manat olmuşdur (ümumi sərfiyyat (116.694,60 manat) – xx.xx.2015-xx.xx.2015-ci illər üçün sərfiyyat (1872 manat)). Məlumatdan həmçinin aydın olur ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdən sonrakı dövrdə cəmi 126.027,55 (ümumi ödənişlər (128.027,05) manat – xx.xx.2015-ci ilədək ödəniş (1999,55)) məbləğində ödəniş edilmişdir.
36. Beləliklə, üzləşmə aktında əks olunmuş xx.xx.2015-ci il tarixə olan borc da nəzərə alınmaqla xx.xx.2023-cu il tarixədək olan müddətdə iddiaçının elektrik enerjisindən istifadəyə görə ümumi borcu 119.842,6 manat (5020+114.822,60) təşkil etdiyi halda, həmin müddət ərzində iddiaçı tərəfindən 126.027,55 manat məbləğində ödəniş edilmişdir. Odur ki, hazırda iddiaçının elektrik enerjisinə görə borcu mövcud olmamaqla yanaşı sonuncu tərəfindən 6184,95 manat (126.027,55 - 119.842,6) artıq ödəniş edilmişdir.
37. Belə olan halda kollegiya abonent barədə məlumatda iddiaçı "xxxx" MMC-nın cavabdeh "xxxx" ASC-yə 6760,30 manat məbləğində borcunun olmasının əks olunduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya artıq hesablanmış 6760,30 manat məbləğində borc silinməli, "xxxx" MMC-nın "xxxx" ASC-yə artıq ödəmiş olduğu 6184,95 manat məbləğində pul vəsaiti abonent hesabına əlavə edilməlidir ki, birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1878/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn