Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-782/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi (direktoru) X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-2012/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 50.000 manat borcun, 243 manat dövlət rüsumunu, hüquqi xidmət ücün 1000 manat olmaqla ümumilikdə 51.243 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 44.000 manat borcun, 243 manat dövlət rüsumunun, hüquqi xidmət ücün 1000 manat olmaqla ümumilikdə 45.243 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2012/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 23 avqust 2022-ci il tarixli 2308/22 saylı alqısatqı müqaviləsi üzrə 44.000 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 222 manat və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2012/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən qaimələr üzrə mallar tam həcmdə şirkətlərinə təhvil verilməmiş və həmin maların təhvil verildiyini təsdiq edən təhvil-təslim aktları iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə olan halda isə təhvil almadıqları malların dəyərini ödəmələri əsassız və ədalətsiz hesab edilməlidir. Məhkəmə hesab etmişdir ki, mübahisəli elektron qaimələr cavabdehə elektron sistem vasitəsilə göndərilməklə yanaşı kağız daşıyıcıda da təqdim edilmiş və cavabdeh tərəf həmin qaimələri imzalamaqla və üzərinə möhür vurmaqla qaimələrdə göstərilən malların təqdim edilməsini təsdiq etmişdir. Yalnız qaimənin olması malların tam şəkildə təqdim olunmasını bildirmir. Belə ki, həmin qaimələr üzrə təqdim edilmiş mallar keçmiş dövrdə şirkətin satış təmsilçisi olmuş Seymur Məmmədovun sifarişi ilə hazırlanmışdır. İş materialarına əlavə olunan etiketlərdən də (mallar) göründüyü kimi qaimələrdən göstərilmiş etiketlərin bir çoxunun cavabdehə hər hansı aidiyyəti yoxdur. S.Məmmədov şirkətdə mövqeyindən istifadə edərək öz adına etiketlər sifariş etmiş, lakin qaimələrin cavabdeh şirkətə göndərilməsini iddiaçıdan xahiş etmişdir. İşin bu halı təqdim olunan etiketlərlə öz təsdiqini tapır. Belə ki, Vergi Məcələsinin 71-1.1-ci maddəsinə əsasən, məcələ ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarına əsasən göndərilmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimənin qanunvericilikdə təsbit olunmuş anlayışına və Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən yalnız elektron qaimənin olması tərəflər arasında hər hansı öhdəlik münasibətinin olması demək deyildir. İddiaçı tərəfindən göndərilmiş mallar istehsal həcmlərindən dəfələrlə çox olmaqla şirkətləri tərəfindən sifariş olunmamışdır. Həmçinin göndərilən maların (etiketlərin) üzərində sifarişçi qismində şirkətin satış təmsilçisi olan Seymur Məmmədov göstərilmişdir. Həmin malların şirkətə heç bir aidiyyətinin olmaması və iddiaçı tərəfindən geri götürülməsi üçün dəfələrlə müraciət olunmasına baxmayaraq iddiaçı bundan imtina etmişdir. İddiaçı məhkəməyə əvəzinin ödənilməsi tələb olunan malların tərəflərindən sifariş olunması və təhvil alınması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən bu halar araşdırılmamış, malların kim tərəfindən sifariş olunması və tərəflər arasındakı münasibətlərə qiymət verilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən maların əvəzinin ödənilməsi tələbi təmin olunmamlıdır. Hazırki mübahisədə iddiaçı tərəfindən malların verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarında və yazılı etirazından görünür ki, təqdim olunan üzləşmə aktı cavabdehin direktoru tərəfindən imzalanmamışdır. Qeyd olunan hal məhkəmə tərəfindən araşdırılmamış, mübahisəli imza mübahisəsiz kimi qəbul edilmiş və hər hansı ekspertiza keçirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (direktoru) X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
8. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
15. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
20. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında - 23 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etdiyini, lakin cavabdehin həmin malların dəyərini tam şəkildə ödəmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını iddia etmişdir. İddiaçı Cavabdeh MMC-dən 23 avqust 2022-ci il tarixli 2308/22 saylı alqısatqı müqaviləsi üzrə 44.000 manat borc tələb etmişdir.
24. Cavabdeh MMC isə iddiaya etiraz edərək məhkəməyə təqdim olunan bütün elektron qaimələrin sistem tərəfindən avtomatik olaraq təsdiq olunduğunu, cavabdeh qaimələrdə göstərilən malları sifariş etmədiklərini və onları iddiaçıdan qəbul etmədiklərini, üzləşmə aktındakı imza direktor olaraq göstərilən Qanuni nümayəndə tərəfindən icra olunmadığını, alınmış malların məbləğinin tam həcmdə ödənildiyini bildirmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə cəmi 61.838,3 manat dəyərində malların təqdim edilməsi və həmin malların cavabdeh tərəfindən qəbul edilməsi cavabdehin adından imza və möhür ilə təsdiq edilmiş elektron qaimələrlə, təqdim edilmiş mallara görə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə 50.000 manat məbləğində borcunun olması hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə təsdiq olunur.
26. Məhkəmə həmçinin qeyd etmişdir ki, elektron-qaimələrin sistem tərəfindən avtomatik olaraq təsdiq olunması, cavabdehin qaimələrdə göstərilən malları sifariş etməməsi və onları iddiaçıdan qəbul etməməsi, üzləşmə aktındakı imzanın direktor Qanuni nümayəndə tərəfindən icra olunmaması barədə cavabdehin dəlillərinə gəldikdə iş materiallarından görünür ki, mübahisəli elektron qaimələr cavabdehə elektron sistem vasitəsilə göndərilməklə yanaşı kağızdaşıyıcıda da təqdim edilmiş və cavabdeh tərəf həmin qaimələri imzalamaqla və üzərinə möhür vurmaqla qaimələrdə göstərilən malların təqdim edilməsini təsdiq etmişdir. Elektron qaimələrə, eləcə də üzləşmə aktına vurulmuş möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
27. Məhkəmə bundan başqa qeyd etmişdir ki, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərinə əsasən mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür. Hazırkı halda İddiaçı MMC üzərinə kontragentin möhürü vurulmuş sənədlərin kontragentin adından səlahiyyətli şəxs tərəfindən imzalanmasını gözləməkdə haqlı olmuşdur. Bu baxımdan cavabdehin üzərinə möhür vurulmuş sənədlərin səlahiyyətli şəxs tərəfindən imzalanmamasına istinad etməklə malların verilməsi və borcun mövcud olması faktını mübahisələndirməsi mülki dövriyyə iştirakçısından gözlənilən vicdanlı davranış hesab edilə bilməz.
28. İddiaçı iddia etmişdir ki, malları təhvil versə də, ödənişi almamış, cavabdeh öhdəliyi pozmuşdur. İddiaçı tələbini sübut edən müqavilə, e-qaimələr, üzləşmə aktı, ödənişləri göstərən bank məktubları təqdim etmişdir.
29. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
31. Cavabdeh şikayətində qeyd edilən e-qaimələrin malların təhvil alınmasını təsdiq edən sübut kimi qəbul etməmiş, üzləşmə aktını imzalayan şəxsin adının göstərilməməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.
32. Qeyd edilməlidir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, hətta əksinə, cavabdeh şirkətin beş gün keçmədən belə ödənişlərin edilməsi tələb edilən bütün e-qaimələri şəxsən təsdiq etməsi cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh həmin e-qaimələrin onlar tərəfindən ləğv edilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
33. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını ümumiyyətlə təsdiq etməməsi deyil, birbaşa təsdiq etməməsi barədə mövqe bildirilmişdir. Eyni zamanda digər sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verilməsi göstərilmişdir. Göründüyü kimi məhkəmə qeyd edilən Plenum qərarındakı hüquqi mövqeyi nəzərə almış və e-qaimələrə digər sübutlarla birgə düzgün hüquqi qiymət vermişdir.
34. Tərəflər arasında bağlanmış 23 avqust 2022-ci il tarixdə 2308/22 saylı alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən "Alıcı”nın sifarişinə uyğun olaraq “Satıcı” tərəfindən təslim edilən malların dəyəri təqdim edilən elektron qaimə faktura əsasında 60 iş günü müddətində “Satıcı”nın bank hesabına köçürülür. Göründüyü kimi e-qaimə ödənişin edilməsi üçün kifayət edir.
35. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, malların iddiaçı tərəfindən geri götürülməsi üçün dəfələrlə iddiaçı şirkətə müraciət etmişdir. Lakin iddiaçı bundan imtina etmişdir. Cavabdeh bu müraciətləri etməsinə dair sübut təqdim etməmişdir.
36. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2012/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.