Məhkəmə qərarları › İş №2-2(103)-783/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-783/2021

20.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-783/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Asəf oğlunun və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nın nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxslər X20, X12, X21, X3 nümayəndəsi və vəkili Vəkil3 üçüncü şəxs X13 nümayəndəsi X6, X14, X7, X1, X10 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 qarşı “vurulmuş ziyanın tutulması, müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)-731/2021 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (əvvəlki adı İddiaçı MTK) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 vurulmuş ziyan ilə bağlı 100.000 manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Mənzil Tikinti Kooperativinin keçmiş rəhbəri Cavabdeh1 ilə bağlanılmış 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyi nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və digər 3-cü şəxslər tərəfindən İddiaçı MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X4, X27, X15, X28, X16, X41, X29, X56, X2, X23, X24, X30, X22, X31, X11, X12, X17, X25, X26, "xxxx" MMMC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)-731/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Mənzil Tikinti Kooperativinin keçmiş rəhbəri Cavabdeh1 ilə 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Kooperativin olunmuş nizamnaməsinin (həm köhnə, həm yeni redaksiyada) 7.1.1-ci bəndinə əsasən kooperativin ali idarəetmə orqanı Kooperativ üzvlərinin Ümumi Yığıncağıdır və Kooperativin fəaliyyətinə aid bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. MM-nin 49.2, 49.3, 111, 49-1.2-ci maddələrinə əsasən mübahisələndirilən müqavilə bağlanarkən təsisçilərin məlumatı olmadığından və kooperativin ümumi yığıncağı keçirilmədiyindən müqavilə etibarsız hesab edilərək ləğv edilməlidir. Həmin müqavilənin şərtləri Cavabdeh2 MMC tərəfindən icra edilməmişdir. inşaat işləri başlandıqdan altı ay sonra aşkar olunmuşdur ki, "xxxx" MMC-nin rəhbərliyi kənar bir təşkilatdan və fiziki şəxslərdən külli miqdarda borc pul almış və borcun geri qaytarılması təminatı kimi inşaat apardığı binadan (yəni Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717 məhəllədə yerləşən) mənzilləri göstərmişdir. "xxxx" MMC-nin rəhbəri İsa Məmmədov borclu olduğu şirkətlər və fiziki şəxslər barədə "xxxx" MTK- nin keçmiş rəhbəri və müqaviləni bağlayan Cavabdeh1 (iş üzrə cavabdeh) müraciət etmiş və ona bu borclarını bağlamaq üçün köməklik göstərməsini xahiş etmişdir. Cavabdeh1 (MTK-nin keçmiş rəhbəri) müqavilənin icra olunmadığını görərək öz şəxsi vəsaitindən 750.000 (yeddi yüz əlli min) ABŞ dolları, MTK-nin təsisçisi və eyni zamanda ailə üzvü olan atası X32 mülkiyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər rayonu) «Şimal» DRES qəsəbəsi ünvanında faktiki 0,43692 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 4184,8 kv.m., tikinti altı sahəsi 4193,3 kv.m. olan qeyri-yaşayış sahəsini əmlak kompleksi kimi müəssisəsini (ixtisaslaşdırılmış təmir-tikinti idarəsinin əmlakı), yaxınlarının - X18 öz şəxsi vəsaiti hesabına aldığı əmlakı öz adına rəsmiləşdirilmədən birbaşa X42, mülkiyyətində olan ünvan 2i ünvanında 2,27 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2182,8 kv.m. olan əmlak kompleksini, "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, X49 küçəsi, 2 saylı ünvanında faktiki 0,00723 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51.6 kv.m., əsas sahəsi 27,9 kv.m., köməkçi sahəsi 23,7 kv.m. olan qeyri- yaşayış binasını X8 vasitəsi ilə "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbəri olan İsa Məmmədovun adına keçirmişdir. Bundan sonra cavabdeh "xxxx" MMC-nin faktiki rəhbəri İsa Məmmədov borcluları ilə əvvəldən əldə olunmuş razılığa əsasən "xxxx" ASC-nə olan 6.500.000 ABŞ dolları borcunu "xxxx" MMC-yə rəsmiləşdirir və Cavabdeh1 tərəfindən İsa Məmmədova verdiyi və adına keçirtdiyi əmlakları banka təminat kimi qeydə alınır, İsa Məmmədov bankdan kredit götürərək həmin pul vəsaitini onların "xxxx"a olan borclarına yönəlir. Bu halın təsdiqi kimi qeyd edilən əmlakların İsa Məmmədovun adına keçməsi tarixinə, İsa Məmmədovun və "xxxx" MMC-nin bankda girov qoyub, borcluların hesabına yönəldilməsinə və ödəmə tarixlərinə nəzər yetirilməlidir. Bu halların təsdiqi olaraq Əmanətlərin Sığortalanması Fonduna müvafiq sorğular yönəldib tam məlumat almaq mümkündür. Beləliklə, "xxxx" MMC və onun rəhbəri İsa Məmmədov apardığı inşaat işlərinin qarşılığında Cavabdeh1 750.000 ABŞ dolları və Cavabdeh1 verdiyi üç daşınmaz əmlakların qarşılıqlı olaraq 6.500.000 ABŞ dolları pul vəsaiti almış və borclu olduğu şəxslərə ödəmişdir. Yəni "xxxx" MMC-nin rəhbəri İsa Məmmədov apardığı tikinti işlərindən artıq vəsait almışdır. İşə baxmış məhkəmə bu halları nəzərə almamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. İşə apelyasiya qaydasında baxılması 20.08.2021-ci il tarixə təyin edilmiş, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilmiş, lakin məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamış, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nın nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər və vəkilləri apelyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)-731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbi dörd hissədən ibarətdir:

1. Cavabdeh1 vurulmuş ziyan ilə bağlı 100.000 manat məbləğində pul vəsaitinin tutulması;

2. tərəflər arasında bağlanılmış 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi;

3. cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi;

4. yaşayış binasına dair Cavabdeh2 və digər üçüncü şəxslər tərəfindən İddiaçı MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü tələblərin ifadə edildiyi formada təmin edilməsi maddi və prosessual hüquq normalarının tələbləri baxımından mümkün deyil. Belə ki, iddiaçının sonuncu tələbində iş üzrə cavabdeh qismində cəlb edilməmiş üçüncü şəxslərin üzərinə məhkəmə tərəfindən iddiaçının hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması xahiş olunmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər iş üzrə cavabdeh ola bilər. Cavabdeh olmayan üçüncü şəxslərə qarşı tələb irəli sürmək prosessual qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tərəfindən mübahisələndirilən və iş materiallarına əlavə edilmiş 05.03.2006-cı il tarixli “Müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsindən” görünür ki, Cavabdeh2 («Podratçı») və İddiaçı Mənzil Tikinti Kooperativi («Sifarişçi») arasında bağlanmış həmin müqavilənin 1-ci bəndinə əsasən «sifarişçi»nin tapşırığı ilə «podratçı» öz vəsaiti və riski ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 237 saylı 12.10.2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10242 m2, yaşayış sahəsi 8022 m2, yaşayış binası və 2220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürmüş, «Sifarişçi» isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan “Obyekt”in müvafiq layihə-smeta sənədləşdirilmələrini, həmçinin işçi layihələrinin öz vəsaiti hesabına hazırlanmasını. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi razılaşdıraraq «podratçı»ya təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən müqavilə əsasında Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə "xxxx" Mənzil Tikinti Kooperativinə icazə verilmiş, bundan sonra həmin sahədə 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binası inşa edilmiş, tikinti 2017-ci ildə başa çatmışdır. Binanın istismarına 09.12.2019-cu il tarixdə icazə verilməsi barədə sənəd iş materiallarına əlavə edilmişdir. Üçüncü şəxslər tərəfindən təqdim edilmiş müqavilələrə əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən podrat müqaviləsi əsasında inşa edilmiş 7 mərtəbəli binadakı mənzillər podratçı "xxxx" MMC tərəfindən mənzillər satışa çıxarılaraq ayrı-ayrı şəxslərə satılmışdır. İddiaçı iddia ərizəsində mübahisələndirilən 05.03.2006-cı il tarixli “Müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi”nin etibarsız hesab edilməklə ləğv edilməsini xahiş etmişdir. Halbuki müqavilənin ləğv edilməsi və etibarsız hesab edilməsi tamamilə fərqli hüquqi anlayışlar olmaqla həm əsasları, həm də hüquqi nəticələri fərqlidir. İddiaçı qeyd edir ki, 05.03.2006-cı il tarixli “Müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi”ni imzalamış kooperativin rəhbəri olmuş Cavabdeh1 ümumi yığıncağın razılığı olmadan bu müqaviləni imzalamaq səlahiyyəti olmamışdır. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, iddiaçının iş materiallarına əlavə edilmiş nizamnaməsinin 7.6.3-cü bəndində kooperativin sədrinin kooperativin adından müqavilələr bağlamaq və rəsmi sənədləri imzalamaq səlahiyyətinə malik olduğu nəzərdə tutulmuşdur. ( iş mat. İ cild 60-67-ci vərəqlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 02.04.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. İddiaçının nümayəndəsi və vəkili hüquqi şəxsin təsisçilərinin mübahisələndirilən müqavilə barədə əvvəllər məlumatları olmadığını, müqavilənin mövcudluğu barədə son zamanlar məlumat əldə etdiklərini göstərsə də, məhkəmə hesab edir ki, hazırda podrat müqaviləsi təsisçilər tərəfindən deyil, hüquqi şəxs olan "xxxx" MMC tərəfindən mübahisələndirildiyindən iddia əsaslı olmuş olsaydı belə 2006-cı ildə bağlanmış əqdin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət ötürüldüyündən tələbin təmin edilməsi mümkün olmazdı. İddiaçının iddia ərizəsi və apelyasiya şikayətində istinad etdiyi digər əsaslarpodrat müqaviləsi üzrə podratçının müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsi, habelə müəyyən əmlakların "xxxx" MMC və onun rəhbəri tərəfindən digər şəxslər qarşısında öhdəliklərin təminatı kimi göstərilməsi və s. əqdin etibarsız hesab edilməsini şərtləndirilən hallar kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı podratçı tərəfindən müqavilə öhdəliklərinin pozulmasına istinad edərək inşası "xxxx" MMC-yə həvalə edilmiş binanın inşası başa çatdırılanadək həmin müqavilənin ləğv edilməsi barədə iddia irəli sürə bilərdi. Binanın inşası tam başa çatdıqdan və bina istismara verildikdən sonra iddiaçının həmin binanın inşası ilə əlaqədar bağlanmış podrat müqaviləsinin ləğvi barədə tələb irəli sürməsi əsassızdır. Cavabdeh "xxxx" MMC-yə qarşı iddiaçı tərəfindən irəli sürülən digər tələblər 05.03.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar olduğundan məhkəmə tərəfindən həmin tələblərin də rədd edilməsi qanuni və əsaslı hesab edilir. "xxxx" MTK-nın keçmiş rəhbəri Cavabdeh1 işgüzar nüfuza vurulmuş ziyana görə 100.000 manat məbləğində pulun tutulması tələbi iddiaçı tərəfindən belə əsaslandırılır ki, Cavabdeh1 "xxxx" MMC ilə bağladığı podrat müqaviləsi ilə əlaqədar iddiaçı barəsində xoşagəlməz söz-söhbət yayılmış və iddiaçıya ziyan dəymişdir. İddiaçı tərəfindən məhkəməyə 05.03.2006-cı il tarixli müqavilə bağlandıqdan sonra 100.000 manat ziyana düşməsi barədə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə düzgün olaraq iddianı bu hissədə də rədd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)- 731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı MMC-nın apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)-731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar