Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-783/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumilikdə 640.000 manat vəsaitin cavabdehdən tutulması, xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1242/2022 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı cavabdehə məxsus olmaqla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 825,7 kv/m olan qeyri-yaşayış sahəsinin təmirinə sərf edilən 250.000 (iki yüz əlli min) manat vəsaitin, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 5-ci bəndinin 3-cü cümləsinin tələbinin pozulmasına görə 108.000 (yüz səkkiz min) manat vəsaitin və iddiaçı müqavilənin şərtlərini pozmasa da, cavabdehə məxsus obyektdən əsassız və qanunsuz hər ay faktiki olaraq qazanılacaq 282.000 (iki yüz səksən iki ) manat vəsaitinin ümumilikdə 640.000 (altı yaz qırx min) manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə aralarında bağlanmış qeyri-rəsmi və notariat tərəfindən təsdiq olunmamış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, ilkin mediasiya üçün ödənilən 400 manat və məhkəmə xərcləri üçün dövlət büdcəsinə ödənilən 530 manat, cəmi 930 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2-2(113)-1242/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2-2(113)-1242/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin hallarını araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2-2(113)-1242/2022 saylı qətnaməsi iddiaçının cavabdehə məxsus qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə aralarında bağlanmış qeyri-rəsmi xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddia baxılmamış saxlanılmalıdır. Şirvan Kommersiya Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 2-2(121)-1004/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, ona vurulmuş 530.000 manat maddi ziyanın, 10.000 manat mənəvi ziyanın cavabdehdən tutulması, cavabdehin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması və həmin obyektə quraşdırılmış nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması və təsərrüfat obyektinin ləğv edilməsi üçün vergi xidməti orqanına müraciət edilməsi öhdəliyinin cavabdehdən üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli əlavə qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında aylıq icarə haqqı məbləği 10000 manat olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qeyd edilən qətnamələr ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmişdir. Tərəflərin izahatlarına əsasən qeyd edilən iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “22-ci bənd- ”Məhkəmə təcrübəsində bəzi hallarda “əqdi mübahisələndirmək” ifadəsi, “əqdin etibarsız sayılmasına dair iddia qaldırmaq” kimi başa düşülür. Prosessual anlamda bu, yanlış olmasa da, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) əqdi mübahisələndirmək məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir..... “31-ci bənd- mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur.” Göstərilənlərə əsasən Ali Məhkəmə qərara almışdır ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hazırda iddiaçı tərəfindən mübahisələndirilən, aylıq icarə haqqı məbləğinin 10.000 manat qeyd edildiyi xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsaslanaraq iddia irəli sürdüyündən və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilmədiyindən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyə əsasən iddia bu hissədə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2-2(113)-1242/2022 saylı qətnaməsi iddiaçının cavabdehə məxsus qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə aralarında bağlanmış qeyri-rəsmi və notariat tərəfindən təsdiq olunmamış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264, 357, 384, 400, 400.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2-2(113)-1242/2022 saylı qətnaməsi iddiaçının cavabdehə məxsus qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə aralarında bağlanmış qeyri-rəsmi və notariat tərəfindən təsdiq olunmamış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-783/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-783/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver