Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-784/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayədəsi Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-395/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC (satıcı) ilə cavabdeh "xxxx" MMC (alıcı qismində) arasında xx.xx.2022ci il tarixli 2004/22 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə sifariş edilən malları satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların alqı-satqı müqaviləsi üzrə 59820,54 manat əsas borc və 410 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, həmin müqaviləyə əsasən cavabdeh malların dəyərini malların təhvil verildiyi tarixdən 3 iş günü ərzində nağd şəkildə və ya hesablaşma hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ümumilikdə 76207,54 manat məbləğində mal cavabdehə təqdim edilmiş və bununla bağlı tərəflərin imzası təsdiq edilən malların təhvil qəbul aktları tərtib edilmişdir. Cavabdeh tərəfindən malların qəbul edilməsinə baxmayaraq, onların dəyərindən xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 5207 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat olmaqla ümumilikdə 16387 manat ödənilmiş, 59820,54 manat hissə isə ödənilməmişdir. Mallar təhvil qəbul aktları və elektron qaimə əsasında verilmiş, hər hansı digər sənədləşmə olmamışdır. Təhvil-qəbul aktlarının ikinci nüsxəsi iddiaçıda saxlanılmış, birinci nüsxəsi isə cavabdehə verilmişdir. Müqavilənin qiyməti ödənilmədiyindən malların verilməsi də dayandırılmışdır.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər mötəbər sübut hesab oluna bilməz. Belə ki, məhkəmənin elektron sisteminə “pdf” formatda əlavə edilmiş təhvil-təslim aktları həmin sənədlərin əsli yox, surətləridir. Sahibkarlıq sahəsində formalaşmış işgüzar adətlərə görə, mal təhvil verilərkən təhvil-təslim aktı bir sənəd üzərində tərtib olunur, digər sənədə onun surəti çıxarılır, sənədin əsli satıcıda qalır, surəti alıcıya verilir. İddia edilən malların təqdim edilib-edilməməsi isə alıcı tərəfindən yalnız təhvil-təslim aktlarının əsilləri əsasında sübut oluna bilər. Məhkəməyə təqdim edilmiş təhvil-təslim aktları pozulmaz mürəkkəbli qələmlə yox, karandaşla doldurulmuşdur. Sahibkarlıq sahəsindəki işgüzar qaydalara görə, malların təhvili barədə aktlar mütləq şəkildə pozulmaz mürəkkəbli qələmlə doldurulmalıdır ki, sonradan hər hansı şəxs tərəfindən aktlarda dəyişikliklər edilməsin. Bu da öz növbəsində təsdiq edir ki, təhvil-təslim aktları əslində iddiaçının özü tərəfindən doğru olmayan məlumatlar əsasında hazır edilmişdir. Təhvil-təslim aktlarında cavabdehin nümayəndəsi qismində aktı imzaladığı göstərilmiş Cavid adlı şəxsə heç vaxt təhvil-təslim aktlarının təsdiq edilməsi, təchizatçılardan malların təhvil götürülməsi vəzifəsi həvalə edilməmiş, bu səlahiyyət ona verilməmişdir. Təhvil-təslim aktlarında cavabdehin nümayəndəsi qismində aktı imzaladığı göstərilmiş X5 da eyni formada malların qəbulu vəzifəsi cavabdeh tərəfindən həvalə olunmamış, əmək müqaviləsi bildirişindən göründüyü kimi, onun vəzifəsi “kassir” olmuşdur. Həmçinin, məhkəməyə təqdim edilmiş bəzi təhvil-təslim aktlarında, ümumiyyətlə, "xxxx" MMCnin adından əlavə digər şirkətlərin də adı (“Maqro”) qeyd edilmişdir. Bir sıra aktlarda imzalayan (təhvil alan) şəxsin adı qeyd edilməmişdir. Bu da həmin aktlarda əks olunmuş məlumatların həqiqiliyinə şübhə yaradan digər faktdır. Bir sıra aktlar isə sadə karandaşla yazılmasına baxmayaraq, mürəkkəbli qələmlə təhvil alan şəxsin adı əlavə edilmişdir. Təhvil-təslim aktlarındakı boş qalmış sətirlər açıq saxlanılmışdır. Belə ki, cavabdeh tərəfindən təchizatçılardan mal təhvili aparılarkən ticarət sahəsində formalaşmış işgüzar qaydaya əsasən təhvil-təslim aktlarındakı boş qalmış sətirlər, sonradan sənədi saxlayan şəxs tərəfindən əlavə məlumat daxil edilməsinin qarşısının alınması məqsədilə mürəkkəbli qələmlə cızılaraq, boş sətirlər korlanır. Halbuki elektron sistemdəki heç bir aktda bu formada qeydlər yoxdur. Bu da həmin təhvil-təslim aktlarının iddiaçının özü tərəfindən doldurulmasının sübutudur.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli 2004/22 nömrəli müqavilə üzrə ümumi mal dövriyyəsi 76207,54 manat olmuşdur. Həmin malların dəyərindən 16387 manat ödənilmişdir. Mallar təhvil-qəbul aktları və elektron qaimə əsasında verilmiş, hər hansı digər sənədləşmə olmamışdır. Təhvil-qəbul aktlarının ikinci nüsxəsi iddiaçıda saxlanılmış, birinci nüsxəsi isə cavabdehə verilmişdir. Müqavilənin qiyməti ödənilmədiyindən malların verilməsi də dayandırılmışdır.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, 2023-cü ilin avqust-sentyabr aylarından cavabdehin maliyyə məsələlərinə nəzarət etməyə başlamış, bu zaman müəyyən pozuntular aşkar etmiş və kənar audit dəvət etmişdir. Müəyyən olunmuşdur ki, cavabdehin bir qrup əməkdaşı kölgə şirkət yaratmış, ayrı-ayrı şirkətlərdən aldığı malları öz şirkətlərinin anbarlarına yönəltmiş, cavabdehin maliyyə vəsaitlərini mənimsəmişlər. Həmin şəxslər isə cavabdehdən uzaqlaşdırılmış, əməllərinə hüquqi qiymət verilməsi üçün materiallar toplanır və bu barədə polisə məlumat veriləcəkdir. İddiaçının iddia etdiyi malların cavabdehə təqdim etməsi isə sübut olunmur. Belə ki, işgüzar praktikaya görə, təhvil-təslim aktlarının əsli malları təqdim edən şəxsdə saxlanılır, surəti isə malları qəbul edən şəxsə verilir. Lakin iş materiallarında yalnız təhvil qəbul aktlarının surəti vardır. Bu isə onu deməyə əsas verir ki, həmin sənədlər sonradan tərtib edilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-395/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabineti 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiqlənmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə əsasən, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Göründüyü kimi, heç bir halda qüvvədə olan qanunvericilik aktlarına əsasən, elektron-qaimə fakturalar malın təqdim edilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Çünki qarşı tərəfin təqdim etdiyi qaimə faktura 5 gün ərzində avtomatik sistem tərəfindən təsdiqlənirsə bu sənəd malların təqdim edilməsini təsdiq edən təhvil-təslim aktını əvəz edə bilməz. Əks halda, vergi orqanına məxsus sistem üzərindən vurulan və avtomatik 5 gün ərzində təsdiq olunan elekron-qaimə faktular qarşı tərəfdə suni şəkildə borc yaratmaq üçün satıcılar tərəfindən sui-istifadə edilə bilər. Eyni zamanda, məhkəməyə təqdim edilmiş təhvil-təslim aktlarında, səhifənin aşağı hissəsində “Qəbul etdim: Sifarişçi tərəfindən” başlıqlı sətrindəki “Tağı və imza” yazısının cavabdehin işçisi olmuş X2 məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi barədə məhkəməyə vəsatət təqdim olunsa da, təmin olunmamışdır. Həmçinin, təhvil-təslim aktlarında qeyd edilmiş adları daşıyan şəxslərin (Cavid; Elmar; Ramil) Cavabdehin şirkətində heç vaxt malların anbara qəbul edilməsindən məsul vəzifələrdə çalışmadığı məhkəmənin nəzərinə çatdırılmışdır. Bununla bağlı məhkəməyə təqdim edilmiş şirkətin təhvil-təslim aktlarının tarixlərinə uyğun dövlərdəki rəsmi işçi siyahısından da göründüyü kimi "xxxx" MMC-də bu adlarda anbardar və ya oxşar vəzifələri icra edən şəxslər çalışmamışdır. Qeyd edilən məsələlər məhkəmə tərəfindən laziminca araşdırılaraq, müvafiq hüquqi qiymət verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayədəsi Vəkil1 apellyasiya şikayətinə etiraz etdi.
13. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 16.Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
20. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 2004/22 nömrəli malların alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə sifariş edilən malları satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş malların dəyərindən xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 4412,71 manat, xx.xx.2023-cü il tarixdə 8474,58 manat iddiaçının bank hesabına, xx.xx.2023-cü il tarixdə 794,29 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2023-cü il tarixdə 1525,42 manat isə ƏDV subhesabına ödənilməklə ümumilikdə ƏDV daxil olmaqla 16387 manat ödəniş edilmişdir.
21. İddiaçı xx.xx.2022-ci il tarixli 2004/22 nömrəli malların alqı-satqı müqaviləsi üzrə təhvil-qəbul aktları və elektron qaimələr əsasında cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 76207,54 manat dəyərində mal verildiyini və malların qalıq dəyərini – 59820,54 (76207,54 – 16387) manat məbləğində pulun tutulmasını tələb edir.
22. Cavabdeh isə iddiaya etiraz edərək təhvil-qəbul aktlarının əslinin təqdim edilmədiyini, təqdim edilən surətlərin mötəbər olmadığını, təhvil-qəbul aktlarında adları qeyd edilən şəxslərin malları təhvil almaq səlahiyyətlərinin olmadığını, cavabdehin bir qrup əməkdaşı tərəfindən mənimsənilməyə yol verildiyi və malların başqa şirkətə yönəldildiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.
23. Göründüyü kimi cavabdehin mübahisələndirdiyi hal həmin müqavilə üzrə malların təhvil verilməməsi ilə bağlıdır.
24. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
25. İddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə ƏDV daxil olmaqla 76207,54 manat dəyərində malın verilməsi 111 elektron qaimə tərtib edilərək rəsmiləşdirilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, qaimələrin “əsas qeyd” hissəsində tərəflər arasındakı müqavilənin tarix və nömrəsinə, “əlavə qeyd” hissəsində isə malların təhvil-qəbul aktlarının nömrəsinə istinad edilmişdir.
26. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1.2-ci bəndinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür.
27. Göründüyü kimi, maliyyə qanunvericiliyində malların alışına dair elektron qaiməfakturanın elektron sistem vasitəsilə alıcının kabinetinə göndərilməsi malların təqdim edilməsinin sənədləşdirilməsi üçün kifayət hesab edilir.
28. Digər tərəfdən, ilkin uçot sənədi hesab edilən və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 iyul 2020-ci il tarixli Q-16 №-li qərarı ilə təsdiq edilən “malların təhvil-qəbul aktı”nın 2 nüsxədə tərtib edilməsi şərtləndirilsə də, nüsxələrdən hər hansı birinin digərinə görə üstün hüquqi qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, müqavilə tərəflərinin hər ikisi kommersiya hüquqi şəxsidir və hər iki hüquqi şəxsdə mühasibat uçotu subyektləri kimi müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun mühasibat uçotu aparılır. Belə olan halda, malların təhvil-qəbul aktlarından yalnız birini həqiqi hüquqi qüvvəyə malik hesab etmək və tələb etmək mühasibat uçotu qanunvericiliyinə də uyğun deyildir. Ona görə də, cavabdeh tərəfin bu yanaşması hüquqi əsasa malik deyildir.
29. Malların təhvil-qəbul aktlarının mötəbərliyi ilə bağlı qeyd edilir ki, cavabdehə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektron qaimə-fakturalar göndərilmiş, həmin elektron qaimə-fakturalarda malların təhvil-qəbul aktlarının nömrələrinə istinad edilmişdir. Elektron qaimələr sistem tərəfindən təsdiq edildikdən sonra onlara cavabdehin razılığı olmadan dəyişiklik edilməsinin mümkün olmadığını nəzərə alınaraq qeyd edilir ki, iddiaçıda saxlanılan təhvil-qəbul aktlarının sonradan dəyişdirilməsi mümkün deyildir. Belə ki, təhvil-qəbul aktları ilə elektron qaimələri müqayisəli təhlil etdikdə hər bir elektron qaimənin istinad etdiyi aktla eynilik təşkil etdiyi, akt və elektron qaimədə qeyd edilən məhsullarda fərqliliklərin olmadığı görünür.
30. Təhvil-qəbul aktlarının mötəbərliyini şübhə altına alan cavabdehin nümayəndəsinin ikinci arqumenti isə X3 istisna olmaqla digər şəxslərin malları qəbul etmək səlahiyyətinin olmamasıdır.
31. Halbuki məhz xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən edilmiş 8474,58 manat (ƏDV-siz) ödənişin təyinatı kimi EBBV 349788, EBBV 355399, EBBV 360476, EBBV 360870, EBBV 361008, EBBV 364664, EBBV 362316, EBBV 363657, EBBV 363918, EBBV 364192 seriya və nömrəli elektron qaimələrə istinad edilmişdir və xx.xx.2022-ci il tarixli EBBV 360870 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00018 nömrəli akt Cavid adlı şəxs tərəfindən, EBBV 361008 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00019 nömrəli akt Elmar adlı şəxs tərəfindən, EBBV 363657 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00034 nömrəli akt Ramil adlı şəxs tərəfindən, EBBV 363918 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00035 nömrəli akt Ramil adlı şəxs tərəfindən və s. imzalanmışdır.
32. Belə olan halda, yəni yalnız X1 malları qəbul etmə səlahiyyəti olduğu halda, digər şəxslərin qəbul etdiyi malların da dəyərinin ödənilməsinin səbəbləri barədə cavabdehin nümayəndəsi tutarlı dəlillər irəli sürə bilməmişdir. Göründüyü kimi cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir.
33. Cavabdehin bir qrup əməkdaşının mənimsəməyə yol verməsi və malları qəbul edərək digər şirkətə yönəltməsi ilə bağlı qeyd edilir ki, cavabdeh həmin faktları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
34. Digər tərəfdən, öz işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir. Cavabdeh isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin etirazı əzsassızdır və iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirərək, cəmi dəyəri 76207,54 manat təşkil edən malların cavabdehə təhvil verildiyini sübuta yetirə bilmişdir.
36. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış mallara görə ödənilməyən ümumilikdə 59820,54 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd edilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-395/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov