Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-785/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh sığorta şirkəti ASC-nin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə İddiaçı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-348/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 148.652 manat məbləğdə sığorta ödənişi və gecikdirilmiş 81 gün üçün 12.040 manat, 160.692 manat məbləğdə pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, işin mübahisəli hallarından biri könüllü sığorta müqaviləsinin “24 saat mühafizə” ilə bağlı mühüm şərtlərinə iddiaçı tərəfindən əməl edilməməsi olmuşdur. Məhkəmə araşdırması zamanı “24 saat mühafizə”nin təşkili barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş və belə sübut tədqiq edilməmişdir. Tərəflər sığorta müqaviləsi bağlayarkən məhz 3 mühüm şərt barədə razılığa gəlmişlər. Bunlar obyektdə yanğınsöndürən vasitənin, 24 saat videomüşahidə və 24 saat mühafizənin olması idi. Eyni zamanda, müqavilə ilə razılaşdırılmışdır ki, mühüm şərtə əməl edilməməsi sığortaçıya sığorta ödənişinin verilməsindən imtina hüququ verir. Lakin iş materialları ilə sığorta müqaviləsinin mühüm şərtinə əməl edilmədiyi aşkar olsa da, məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1 maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Sığorta müqaviləsinin ayrılmaz hissəsini təşkil edən 05 iyun 2013-cü il tarixdə AR Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsi ilə razılaşdırımış “Əmlakın yanğından və digər risklərdən sığortası” Qaydalarına (“Sığorta qaydaları”) görə, Mühüm şərtlər- sığorta müqaviləsində, yaxud sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini ləğv etməsi üçün əsas olan şərtlərdir. Elə həmin sığorta qaydalarının 42.11 bəndinə əsasən mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq sığortalının sığorta müqaviləsində nəzərdə tutulmuş belə şərtlərə əməl etməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Məhkəmə iddianı təmin edərkən sübut kimi Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Rəşad Orucovun cavabdehə ünvanlamış olduğu məktuba istinad etmişdir. Lakin məhkəmə sübut kimi istinad etdiyi məktubu obyektiv, qərəzsiz, tam və hərtərəfli tədqiq etməmişdir. Belə ki, məhkəmə həmin məktubun hüquqi qüvvəsini, məktubda qeyd edilən “tələb”ə əməl edilməməsi nəticəsində cavabdehin hər hansı məsuliyyətə cəlb edilib-edilmədiyini araşdırmamış, məktubda “24 saat mühafizə” ilə bağlı şərtə əməl edilməsinin birbaşa əks etdirilmədiyinə diqqət yetirməmişdir. Bundan əlavə, məktubdan görünür ki, sığortaçının üzərinə zərər məbləğinin müəyyən edilməsi və sonradan ödəniş verilməsi ilə bağlı tələb qoyulmuşdur. Lakin məhkəmə zərər məbləğini müəyyən etmək üçün cavabdehin dəfələrlə iddiaçıya müraciət etməsi barədə sübutları nəzərə almamışdır. Həmçinin nəzərə alınmamışdır ki, qeyd edilən məktub inzibati akt deyil və onun icra olunmamasına görə cavabdehə qarşı hər hansı inzibati cərimə tətbiq edilməmişdir. Məhkəmə qətnaməsindən 148.652 manat sığorta ödənişi məbləğinin necə və nəyə əsasən hesablanıb müəyyən edildiyi görünmür. Halbuki, məhkəmə prosesi gedişində tərəflər arasında yaranan mübahisələrdən birinin də məhz zərər məbləği ilə bağlı olduğu məhkəmənin diqqətinə çatdırılmışdır. Belə ki, iddiaçı 24.01.2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsi tərəfindən 1838 nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara və 20.11.2019-cu il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizasının 29009 saylı rəyinə istinad edərək iddiaçıya icarəyə verilmiş avtomobil ehtiyat hissələrinin satışı mağazasında təqdim edilən məlumatlara əsasən əmtəə üzrə dəymiş ziyanın məbləğinin təxminən 169.414,26 manat müəyyən edildiyini iddia edirdi. Baxılan halda isə iddiaçı dəymiş zərərin həcmini müəyyən etmək üçün sənədləri təqdim etmədiyi üçün sığortaçı hazırkı günədək dəymiş zərəri müəyyən edə bilməmişdir. Belə olan halda məhkəmənin Mərkəzi Bankın məktubuna istinadən cavabdehə dəbbə pulunun hesablanması əsassızdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndələri şikayətə uyğun izahat vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə, sığortalı iddiaçı ilə sığortaçı cavabdeh arasında 29.03.2019-cu il tarixdə əmlak sığortası müqaviləsi bağlanmış, bu barədə FİP ******* nömrəli əmlak sığortası şəhadətnaməsi tərtib edilmiş, müqavilə ilə ünvan 1 ünvanda yerləşən mağazada olan daşınar əmlaka 29.03.2020-ci il tarixədək sığorta təminatı verilmiş, sığorta məbləği 150.153,15 manat, şərtsiz azadolma məbləği 1% müəyyən edilmişdir. Müqaviləyə əsasən yanğın, ildırım çaxması, partlayış, fırtına, tufan, qasırğa, dolu, sel (daşqın), təyyarə və ya digər uçuş aparatlarının, yaxud əşyaların yuxarıdan düşməsi, yerüstü nəqliyyat vasitələrinin dəyməsi (fiziki toxunması), torpaq sürüşməsi halları sığorta risklərini təşkil edir. Müqavilənin mühüm şərtlər bölməsinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələblərinə və qaydalarına uyğun olaraq yanğın, hərarət və tüstü detektorlar sistemləri, Fövqəladə Hallar Nazirliyinin tələblərinə və qaydalarına uyğun olaraq istifadə olunan hər ərazidə ən azı bir Carbon Dioxide (CO2) və bir köpük və ya toz yanğınsöndürən, 24 saat mühafizə, 24 saat video müşahidənin sığortalanan binada işlək vəziyyətdə mövcud olmalıdır, sığorta hadisəsi zamanı qeyd olunan şərtlərə riayət olunmaması aşkar edilərsə, sığortaçı sığorta ödənişini verməkdən imtina etmək hüququna malikdir. Müqaviləyə Qoşmada iddiaçıya məxsus sığorta predmeti olan əmlakların miqdarı, çeşidi və dəyərləri müəyyən edilərək, 150.153,15 manat hesablanmışdır. 02.11.2019-cu il tarixdə sözügedən mağazada yanğın hadisəsi baş vermiş, yanğınla bağlı FHN Əməliyyat-istintaq idarəsinin baş təhqiqatçısı V.Süleymanovun 20.11.2019-cu il tarixli qərarı ilə təyin olunmuş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13.01.2020-ci il tarixli 1838 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçıya 169.414 manat məbləğdə zərər dəymişdir. İşin mübahisəli halları isə ondan ibarətdir ki, cavabdeh iddiaçının sığorta müqaviləsinin “24 saat mühafizə” ilə bağlı mühüm şərtlərinə əməl etmədiyini, iddiaçı lazımi sənədləri təqdim etmədiyi üçün dəymiş zərərin müəyyən edilə bilmədiyini, 148.652 manat sığorta ödənişi məbləğinin işdən müəyyən edilmədiyini, bu səbəbdən dəbbə pulu da hesablana bilmədiyini bildirir. Cavabdeh 13.01.2020-ci il tarixli ekspert rəyini də qəbul etmir. Məhkəmə kollegiyası cavabdehin iddiaya etirazının, eyni zamanda apellyasiya şikayətinin dəlillərini təşkil edən həmin arqumentlərlə razılaşmır. Belə ki, işdə olan, FHN Əməliyyat-istintaq idarəsinin baş təhqiqatçısı V.Süleymanovun iddiaçının vəkilinə ünvanlanan 08.12.2020-ci il tarixli 37/34-08192 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən mağazada aparılan araşdırma zamanı 02.11.2019-cu il tarixdə saat 23 radələrində X2 məxsus, “Elvin” firması tərəfindən iddiaçıya icarəyə verilmiş avtomobil ehtiyat hissələri satışı mağazasında yanğın ərəfəsində mağazaya tələb və qaydalara uyğun olaraq yanğın, hərarət və tüstü detektorları sistemi, ilkin yanğın söndürmə vasitələrindən sayılan yanğın söndürmə balonu quraşdırılmış və hadisədən əvvəl texniki baxışdan keçirilərək sazlığı barədə mütəxəssis rəyi verilmiş, mağaza yerləşdiyi ərazi gecə gözətçisi ilə təmin edilmiş və yanğın hadisəsi baş verməmişdən əvvəl mağaza sutkalıq videomüşahidə ilə təmin olmuş, lakin mağazanın daxilində quraşdırılmış videomüşahidə sistemi yanğının təsirinə məruz qalmışdır. AR Mərkəzi Bankının baş direktoru R.Orucov tərəfindən cavabdehə ünvanlanmış 06.07.2020-ci il tarixli 26-11467-2020 nömrəli məktubda isə qeyd olunmuşdur ki, sığortaçı tərəfindən qeyd olunan hadisənin baş verməsi faktını və səbəbini, habelə nəticələrini təsdiq edən sənədin, o cümlədən “mühüm şərtlərbölməsində nəzərdə tutulan şərtlərə riayət olunub-olumaması barədə məlumatın əldə edilməsi məqsədilə 22.04.2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq FHN Əməliyyat- istintaq idarəsinin 22.05.2020-ci il tarixli 37/36-03402 saylı məktubunda yanğın, hərarət və tüstü detektorlar sistemlərinin, habelə ilkin yanğın söndürmə balonlarının hadisədən əvvəl müvcudluğu və istismara yararlığı, o cümlədən, müşahidə kameralarının və mühafizə sisteminin olması öz əksini tapmışdır. Məktubla, qeyd olunanlar nəzərə alınaraq, “Sığorta fəaliyyəti haqqında” Qanunun 102.1 -ci və 102.2.7-ci maddələrini rəhbər tutaraq, iddiaçıya icarəyə verilmiş avtomobil ehtiyat hissələri satış mağazasına dəymiş zərərin həcminin müəyyən edilməsindən sonra 7 iş günü müddətdə faydalanan şəxsə sığorta ödənişinin verilməsi, bu barədə məlumatın həmin müddətdə Mərkəzi Banka və vətəndaşa təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödəniºi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz; 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir; 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir; İşdən müəyyən edilir ki, sığorta müqaviləsi bağlanmışdır, sığorta müqaviləsində müəyyən edilən sığorta hadisəsi baş vermişdir, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı ekspert rəyi ilə təsdiq olunur və həmin rəyin mötəbər olmamasına dair işdə hər hansı dəlil mövcud deyil (MPM-in 103.1 və 88-ci maddələri), iddiaçının tələb etməsinə baxmayaraq, sığorta ödənişi cavabdeh tərəfindən həyata keçirilməmişdir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı ekspert rəyi ilə 169.414 manat məbləğdə təsdiq olunduğu, sığorta məbləği 150.153,15 manat, şərtsiz azadolma məbləği 1% (1.501,53 manat) müəyyən edildiyi, iddiaçının sığorta tələbi barədə müraciətindən cavabdehin imtinası 22.04.2020-ci il tarixli məktubla bildirildiyi və bu səbəbdən gecikdirilmiş günlərin sayı daha çox olduğu halda, iddiaçı bu tarixi Mərkəzi Bankın məktubunun 06.07.2020-ci il tarixindən 81 gün hesabladığı nəzərə alındıqda məlum olur ki, iddiaçıya ödənilməli sığorta ödənişi 150.153,15 - 1.501,53 = 148.651,62 manat, yuvarlaq rəqəmlə, 148.652 manat, dəbbə pulu isə 148.652 x 0,1% x 81 = 12.040,81 manat təşkil edir (iddiaçı dəbbə pulunu 12.040 manat həddə tələb edir). MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə, baxmayaraq ki, həmin məhkəmə qüvvədə olmayan qanuna və icbari sığorta qanunvericiliyinə də istinad etmişdir, faktiki cəhətdən əsaslı, mübahisənin qanuni əsasını təşkil edən digər maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməli (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-348/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh sığorta şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-785/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-785/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver