Məhkəmə qərarları › İş №2-2(103)-786/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-786/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-786/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən "xxxx" MMC-nin xeyrinə 22.800 (iyirmi iki min səkkiz yüz) manat məbləğində sığorta ödənişinin və 158.4 (bir yüz əlli səkkiz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2470/2024 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasının əsası kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" ASC-nin fəaliyyətinin təşkili haqqında “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tariuxli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə “Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 31 yanvar tarixli 2459 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsinin qərara alınmasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 fevral 2024-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta kommersiya Şirkətinin ləğv edilməsi prosesinin aparılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaradılmasına, hal hazırda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ləğv prosesində olmasına istinad etmişdir. Cavabdeh sığorta şirkətinin İdarə heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 11 noyabr 2022-ci il tarixli, 08/01-301 nömrəli “sığorta ödənişinin verilməsindən imtina olunması barədə” bildirişdən mübahisəsiz qaydada görünür ki, hazırda məhkəmə qaydasında mübahisələndirilən sığorta ödənişinin verilməsindən cavabdeh sığorta şirkəti tərəfindən könüllü ləğvetmə prosesinə başlanılmamışdan əvvəl imtina olunmuşdur (11 noyabr 2022-ci il tarixində). Odur ki, İddiaçı MMC bu şirkətdə ləğvetmə prosesi başlandıqdan sonra kreditor tələbi irəli sürmək imkanına malik olmamışdır. Bu səbəbdən də mövcud iddia ilə bilavasitə ləğvetmədə olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ilə aidiyyatı məhkəməyə müraciət olumuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 yanvar tarixli 2459 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsi qərara alınmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2024-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsi prosesinin aparılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaradılmışdır. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ləğv prosesindədir. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı MMC hazırkı iddianı xx.xx.2024cü il tarixdə, yəni cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsi prosesinə başlanıldıqdan sonra qaldırsa da, ilkin olaraq kreditor tələbinin qeydiyyata alınması ilə bağlı ləğvetmə komissiyasına müraciət etməmişdir. Halbuki, Mülki Məcəllənin 61.1-ci maddəsinə görə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. Həmin Məcəllənin 61.4-cü maddəsində isə təsbit edilmişdir ki, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi ləğvetmə prosesində olan hüquqi şəxsə qarşı kreditor tələb ilkin olaraq ləğvetmə komissiyasına irəli sürülməlidir. Yalnız ləğvetmə komissiyası kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı sığorta ödənişinin verilməsindən cavabdeh sığorta şirkəti tərəfindən 11 noyabr 2022-ci il tarixində, yəni könüllü ləğvetmə prosesinə başlanılmamışdan əvvəl imtina olunmasına əsaslansa da, hazırki iddianı xx.xx.2024-cü il tarixdə, yəni cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsi prosesinə başlanıldıqdan sonra qaldırmışdır. Belə olan halda isə Mülki Məcllənin 61.1 və 61.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Həmçinin, Mülki Məcəllənin 60.3-cü maddəsində müəyən edilmişdir ki, hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Göründüyü kimi hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul edildikdən sonra onun fəaliyyəti yalnız ləğvetmə prosesi çərçivəsində həyata keçirilir. Ona görə də, ləğvetmə prosesində olan hüquqi şəxsin kreditorlarının tələbləri Mülki Məcəllənin 61.1 və 61.4-cü maddələrinə uyğun həll edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Ziya Şirinov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar