Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-787/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh və tərcüməçi X1 qızının iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1429/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 7000 manat məbləğində əsas borc, 440,85 manat məbləğində faiz, 100 manat məbləğində hüquqi xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli e-2-2(113)-1429/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron qaimə və elektron vergi hesab-fakturası malın alıcıya təhvil verilməsindən sonra birtərəfli qaydada satıcı tərəfindən tərtib edilərək alıcıya göndərilən ciddi hesabat sənədləridir. Əgər alıcı hər hansı bir malı almamışdırsa qanunverici 5 gün ərzində alıcıya həmin elektron qaimənin qəbul edilməsindən imtina etmək hüququ verir. Elektron qaiməni qəbul etməkdən imtina etmədikdə və ya onu təsdiqləmədikdə alıcı onu qəbul etdiyini, bəyəndiyini və malları aldığını qəbul etmiş hesab edilir və sistem avtomatik olaraq həmin elektron qaiməni özü təsdiq edir. Hazırkı halda elektron qaiməni qəbul etməkdən imtina etməməklə cavabdeh onu qəbul etdiyini, bəyəndiyini və malları aldığını qəbul etmişdir. Əgər cavabdeh elektron qaiməni 5 gün ərzində görməmişdisə o sonradan da həmin elektron qaimə ilə bağlı öz etirazını iddiaçıya təqdim edə bilərdi. Lakin göründüyü kimi cavabdeh satılmış mallarla bağlı ona təqdim edilmiş elektron qaimə və elektron vergi hesab-fakturası ilə bağlı nə əvvəllər, nə də sonradan heç bir etiraz etməmiş, hətta pretenziya təqdim edildikdən sonra pretenziyaya da etiraz etməmişdir. Bu isə bir daha onu sübut edir ki, satın aldığı mallara görə ona təqdim edilmiş elektron qaimə və elektron vergi hesab-fakturası cavabdeh tərəfindən tanınmış, bəyənilmiş və cavabdeh aldığı malların dəyərini ödəməyi qəbul etmişdir. Həmçinin, məhkəmə qətnamədə “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 № li qərarının 4.5-ci bəndinə istinad etmişdir. Həmin bənddə malların alıcıya təqdim edilməsini təsdiq edən bir neçə sənədin adını qeyd etsə də, məhkəmə məhz onlardan biri olan təhvil-təslim aktının olmamasına istinad edərək iddianı təmin etməmişdir. Halbuki həmin bənddə qaimənin də malların alıcıya təqdim edilməsini təsdiq edən sənədlərdən biri olması qeyd edilmişdir. Lakin məhkəmə bu faktı da nəzərə almamışdır. Həmçinin məhkəmə cavabdehin öz borcunu etiraf etməsi haqqında təqdim edilən sübuta da qiymət verməmiş və qətnamədə həmin sübuta heç bir münasibət bildirməmişdir. Halbuki cavabdeh məhkəmə araşdırması zamanı borcun etirafı barədə həmin sübutda olan imzanın ona məxsus olmasını təsdiq etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, tərəflər hər zaman qarşılıqlı inam əsasında fəaliyyət göstərdiyindən bu günə qədər heç bir vaxt satılmış mallar təhvil-təslim aktı əsasında satıcıya təhvil verilməmişdir. Cavabdeh isə hər zaman aldığı malların pulunu ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında 18 aprel 2019-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalara və dövri şəkildə verilən sifarişlərə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermiş, satılmış mallara görə müvafiq elektron qaimə və elektron vergi hesab-fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin 2019-cu ildə cavabdehə satılmış mallara görə təqdim edilmiş bəzi elektron vergi hesabfakturalarının təqdim edilməsindən 1 ildən də artıq vaxt keçməsinə baxmayaraq satılmış malların pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 7000 manat məbləğində mallar ona təhvil verilməmişdir. Ona məxsus olan mağaza kiçik olduğuna görə həmin məbləğdə malların orada saxlanması da mümkün deyildir. O, malların pulunu İddiaçı MMC-yə nağd formada ödəsə də, ona pulun ödənilməsi ilə bağlı heç bir sənəd təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarında olan 24 sentyabr 2019-cu il tarixli, EBAA 259612 №-li elektron qaiməyə əsasən 1062,75 manat, 31 oktyabr 2019-cu il tarixli, EBAB 910023 №-li elektron qaiməyə əsasən 390,17 manat, 29 noyabr 2019-cu il tarixli, EBAD 182410 №-li elektron qaiməyə əsasən 968,85 manat, 29 noyabr 2019-cu il tarixli, EBAD 181414 №-li elektron qaiməyə əsasən 992,34 manat, 02 dekabr 2019-cu il tarixli, EBAD 266590 №-li elektron qaiməyə əsasən 6638,18 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Həmin elektron qaimələr və elektron vergi hesab-fakturaları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh həmin elektron qaimələrə etirazını bildirməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı kollegiya qeyd edir ki, əgər birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bundan başqa iddiaçı cavabdehin borcunun mövcud olmasına dair qeydlər kitabçasını məhkəməyə təqdim etmişdir. İddiaçının dəlilləri nəzərə alınaraq, hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 01 dekabr 2021-ci il tarixli 4/1557 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, qeyd dəftərinin 6-cı vərəqinin üz tərəfində “Багирова Ирина ***-***-**-**” yazıları, “ödəniş” qrafasındakı “20м” yazısı, “qalıq” qrafasındakı “7080” rəqəmləri və “imza” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur Göründüyü kimi Cavabdeh iddiaçıya 7080 manat məbləğində borclu olması və cavabdehin həmin pul vəsaitini qaytarmaq öhdəliyinin yaranması yazılı şəkildə tərtib olunaraq imzalanmış qəbzlə təsdiq olunur. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən 7000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam əsaslıdır. Bununla yanaşı kollegiya hesab edir ki, 440,85 manat məbləğində faiz borcunun tutulması hissəsində iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin hazırki işdə cavabdehin alınmış malların ödənilməsi öhdəliyinin məhz hansı tarixdən yaranmasını müəyyən etmək mümkün olmur. Çünki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində bununla bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Ona görə də kollegiya hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. Həmçinin iş materiallarında olan "xxxx" ASC-nin 10.02.2021-ci il tarixli əməliyyat təfərrüfatından çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən hüquqi xidmətə görə 9 saylı Vəkil Bürosunun hesabına 100 manat ödənilmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələblərinin əsas hissəsinin təmin olunduğunu və mövcud məhkəmə təcrübəsinə əsasən vəkilin göstərdiyi yardıma görə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1429/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 7000 manat məbləğində pul vəsaiti, 100 manat məbləğində hüquqi xidmət haqqı və cəmi 45 manat məbləğində dövlət rüsumları tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza xərci olan 126 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-787/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-787/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver