Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-787/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” şirkətinin Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin nümayəndəsi (qanuni təmsilçisi) X4 iştirakı ilə “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinin Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkəti (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 21 fevral 2023-cü il tarixdə **********5 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə görə, satıcı adı, çeşidi, miqdarı, məbləği ve digər xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən əlavələrdə göstərilən tərkibdə və həcmdə malları satmağı, alıcı isə müəyyən edilmiş şərtlərlə çatdırılan malı qəbul etməyi və bu müqavilə ilə müəyyənləşdirilmiş şərtlər əsasında satıcıya malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə satın alınan malların dəyəri bu müqaviləyə edilmiş əlavələrdə öz əksini tapacaqdır; 2.2.1-ci bəndinə görə, mallara görə razılaşdırılmış məbləğin 50%-i əvvəlcədən, 50%-i isə mallar təhvil verildikdən sonra hesab fakturaya əsasən ödənilir; 2.3-cü bəndinə əsasən, malların dəyərinin ödənilməsi, alıcının bank hesabından ödənilən vəsaitin çıxdığı gün hesab olunur.
4. Müqaviləin 3.1-ci bəndinə görə, malın miqdarı, növü və qiyməti müqavilədə və müqaviləyə edilmiş əlavələrdə göstəriləcəkdir; həmin bəndin 2-ci yarımbəndinə əsasən, mal, bu müqavilə imzalandıqdan sonra müqavilənin əlavələrində göstərilmiş müddətdə təhvil verilməlidir; 3-cü yarımbəndinə görə, malın çatdırılma yeri, alıcının nümayəndələrinin malı təhvil aldığı yer hesab olunur; müqavilənin 3.4-cü bəndinə əsasən, alıcının nümayəndələri mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər; 3.5-ci bəndinə görə, mal alıcı tərəfindən tərəflərin imzaladığı sənədlər (təhvil-təslim aktı, qaimə və s.) əsasında qəbul edilir.
5. Müqavilənin 9.1-ci bəndinə əsasən, müqaviləyə və müqavilədən irəli gələn münasibətlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur; həmin bəndin 3cü yarımbəndinə görə, mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Azərbaycan Respublikasının məhkəmələrində həll olunur.
6. “21 fevral 2023-cü il tarixli **********5 nömrəli alqı-satqı müqaviləsi çərçivəsində malların, işlərin və xidmətlərin təqdim edilməsi haqqında” 27 fevral 2023-cü il tarixli 11 saylı akta əsasən – 17 700 manat, 05 may 2023-cü il tarixli 10 saylı akta əsasən – 14 750 manat, 05 may 2023-cü il tarixli 01 saylı akta əsasən – 920,40 manat, 11 may 2023-cü il tarixli 02 saylı akta əsasən - 17 464 manat, 19 iyun 2023-cü il tarixli 08 saylı akta əsasən – 21 558,60 manat, 07 iyul 2023-cü il tarixli 03 saylı akta əsasən 89,02 manat, 11 iyul 2023-cü il tarixli 04 saylı akta əsasən – 214,76 manat, 27 iyul 2023-cü il tarixli 05 saylı akta əsasən – 12,27 manat, 27 iyul 2023-cü il tarixli 06 saylı akta əsasən – 247,15 manat, 27 iyul 2023-cü il tarixli 07 saylı akta əsasən – 56,26 manat, 24 avqust 2023-cü il tarixli 08 saylı akta əsasən – 13 387,10 manat, 24 avqust 2023-cü il tarixli 09 saylı akta əsasən 7764,79 manat dəyərində mallar satıcı tərəfindən alıcıya təqdim edilmiş, aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
7. Malların təqdim edilməsinə dair satıcı tərəfindən 27 fevral 2023-cü il tarixindən 24 avqust 2023-cü il tarixinə kimi e-qaimələr tərtib edilərək alıcı şirkətə göndərilmişdir (“Elektron məhkəmə” İnformasiya Sistemi, sıra 25).
8. “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkəti tərəfindən Cavabdeh MMC-nin nümayəndəsi ilə “Whatsapp” tətbiqi vasitəsilə yazışmalar təqdim edilmişdir (“Elektron məhkəmə” İnformasiya Sistemi, sıra 27).
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkəti (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 30 769,96 manat əsas borc, 2307,75 manat gecikdirmə faizi, 320 manat hüquqi yardım üçün xidmət haqqı, 190 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 fevral 2023-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən, iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında cavabdehə ümumilikdə 115 404,35 manat dəyərində mal təqdim edilmiş, əvəzində isə 84 634,49 manat ödənilmişdir. Beləliklə, cavabdehin iddiaçıya 30 769,96 manat borcu indiyə qədər ödənilməmişdir. Borcun ödənilməsi üçün cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilsə də, pulun alınması mümkün olmamışdır. Cavabdehə sonuncu mal partiyası 24 avqust 2023-cü il tarixdə təhvil verilmiş, eyni tarixdə də e-qaimə təqdim olunmuşdur. Həmin tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər ötən dövr (18 ay) üçün qanuna görə hesablanmalı olan gecikdirməyə görə cərimə 2307,75 (30 769,96 * 7.5%) manat təşkil edir.
11. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “İddia əsaslandırılmamış və iş üzrə əhəmiyyət kəsb edən materiallar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən müqavilə və ona edilən əlavələr (qiymət razılaşdırma protokolu) məhkəməyə təqdim olunmamışdır. Habelə, təqdim edilmiş aktlar üzrə uyğunsuzluqlar aşkar edilmişdir. Cavabdeh tərəfindən iddiaçının vaxtında və düzgün formada təqdim etdiyi təhvil-təslim aktları üzrə isə bütün ödənişlər icra edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmçinin 2307,75 manat məbləğində cərimə (dəbbə pulu) tələb olunmuşdur. Cərimələr yalnız tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda tətbiq oluna bilər. İddiaçı tərəfindən müqavilə təqdim olunmadığı halda, borc kimi vəsaitin və cərimənin tələb olunması qanuni deyildir və prosessual qanunvericiliyə ziddir. Bütün bunlara baxmayaraq, iddiaçı tərəfindən tələb olunan borcun məbləği də təsdiq ounmamışdır və bununla bağlı xüsusi biliyə malik şəxslər tərəfindən təsdiqə ehtiyac duyulur. İddia ərizəsində qeyd olunan 320 manat dəyərində hüquqi xidmət haqqı ilə bağlı müqavilə və ödənişlə bağlı təsdiqedici sənəd təqdim edilməmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir”.
12. Cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə vəsatət təqdim edərək, borc məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertizanın təyin olunmasını xahiş etmiş, məhkəmənin 24 aprel 2025-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin olunmamışdır.
13. Birinci instansiya məhkəməsinin 05 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh MMC-dən 30 769,96 manat əsas borcun, borcun ödənişinin gecikdirilməsinə görə 1538 manat faiz borcunun, vəkil xərcinin əvəzi olaraq 320 manatın və dövlət rüsumunun əvəzi olaraq 190 manatın tutularaq “X2 İthalat İhracat Sanayi İç ve Dış Ticaret Limited” Şirkətinə ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən alınmış mallara dair ödənilməmiş borc məbləği qalmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi aktlar üzrə təqdim edilmiş mallara görə ödənişlər tam edilməsini bildirsə də, ödənişlərə dair hər-hansı sübutu təqdim edə bilməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı, e-qaimə, tərəflər arasında olan Whatsapp yazışmaları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 30 769,96 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
16. Məhkəmə, iddia tələbinin digər hissəsi olan - əsas borcun gecikdilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 2307,75 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də qismən əsaslı hesab etmiş, vurğulamışdır ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin müxtəlif aylarında təhvil-təslim aktları əsasında mallar verilsə də, həmin malların bir qisminin ödənişləri bugünə kimi tamamlanmadığı üçün, borcun (30 769,96 manat) ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 1538 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 443.1-ci, 568.1-ci, 579.1-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.
18. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmaqla, məhkəmənin işin faktiki hallarını aydınlaşdırmadığını, borcun mövcudluğunu təsdiq edən sübutun olmadığını, eləcə də müqavilədə cərimə tətbiqi ilə bağlı müddəanın razılaşdırılmadığını nəzərə almadığını, borcun müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etməməklə əsassız nəticəyə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
20. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
21. İşin halları, cavabdehin (apellyatorun) nümayəndəsinin üzrlü halla bağlı gələ bilmədiyinə dair hər hansı sübut təqdim etmədiyi, eləcə də onun şikayətinə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
29. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
31. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
32. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
41. Maddə 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
42. Maddə 450.2. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
43. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
44. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
45. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
46. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
47. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya baxışının həddi
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
50. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
51. Mübahisənin mahiyyətinə qiymət verməmişdən əvvəl, məhkəmə kollegiyası öz xidməti vəzifəsindən irəli gələrək (“ex officio”) hazırkı mübahisə üzrə beynəlxalq səlahiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
52. Mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə qeydiyyata alınmış hüquqi şəxsdir) məhkəmə tərəfindən ilk növbədə özünün həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
53. Kollegiya tərəflər arasında bağlanmış müqavilənin 9.3-cü bəndinə istinadən hesab edir ki, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmağa səlahiyyətlidir; belə ki, tərəflər müqavilə aidiyyəti üzrə mübahisənin Azərbaycan Respublikasının məhkəmələrində baxılmasını seçmişlər.
54. Beynəlxalq səlahiyyət məsələsini həll edən kollegiya, tətbiq edilməli hüquq barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
55. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndinə əsasən, hazırkı mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir; həmin bənddə tərəflər, aralarında yaranacaq mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməsinə razılaşmışlar.
56. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
57. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı il bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
58. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
59. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin mübahisələndirilməyən halıdır.
60. Cavabdeh iddiaçının borcun məbləği ilə bağlı mötəbər sübut təqdim etmədiyini və borcun məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilməsinin zəruri olduğunu bildirsə də, iş materiallarında olan təhvil-təslim aktları, elektron qaimələr və “Whatsapp” yazışmaları iddiaçının cavabdehə malları təhvil verilməsini təsdiq edir və cavabdeh də həmin sənədləri, həmçinin yazışmaları mübahisələndirməmişdir.
61. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 22). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 20 sentyabr 2004cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
62. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi aktların və mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
63. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
64. Göstərilənlərdən çıxış edərək kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə ekspertizanın təyin olunmasına hər hansı zərurət mövcud deyildir.
65. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişdir.
66. Apellyatorun “müqavilədə cərimə tətbiqi ilə bağlı müddəanın razılaşdırılmadığı” arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdehdən 1538 manat cərimə qismində deyil, borcun ödənişinin gecikdirilməsinə görə faiz borcu qismində tutulmuşdur və bunun üçün əsas vardır.
67. Belə ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (§ 28).
68. Qeyd olunan müddəanən dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.
69. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
70. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2881/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 may 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva