Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-788/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kommersiya işi Açar söz: subroqasiya, maddi ziyan Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1331/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2020-ci il tarixli ƏN-İ827313 saylı etibarnaməyə əsasən Cavabdeh2 mülkiyyətində olan “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh1 MMC-yə etibar etmişdir.
2. xx.xx.2021-ci il tarixli “İcbari sığorta müqaviləsi”nə əsasən “Kia Optima” markalı, 99- ZU-074 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də 5000 manat dəyərində sığortalanmışdır.
3. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 MMC tərəfindən X7 icarəsinə verilmişdir.
4. xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobillə hadisə baş verən zaman sürücüsü Cavabdeh3 olduğu, onun sürücülük vəsiqəsi olmadığı, nəqliyyat vasitəsinin idarə edilməsi hüquqi olmadığı və nəqliyyat vasitəsi idarə edilən zaman sərxoş olduğu, o cümlədən X8 məxsus VAZ2101 markalı **-BB-*** DQN nəqliyyat vasitəsinə zərər vurduğu, eyni zamanda nəqliyyat vasitəsini idarə edən hadisə vaxtı sürücü olan X1 zərər yetirdiyi qeyd olunmuşdur.
5. Zərərin hesablanması aktına əsasən VAZ2101 markalı **-BB-*** DQN nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində 2200 manat zərər dəydiyi müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(008)- 154/2023 saylı hökmü ilə Cavabdeh3 Eyfəl oğlu Azərbaycan Respublikası CM 177.2.1-ci, 177.2.3-cü və 263-1.1.-ci maddələr ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmişdir.
6. xx.xx.2023-cü il tarixli PBA138023 saylı sığorta aktına əsasən X1 dəymiş ziyan 1500 manat və xx.xx.2023-cü il tarixli PBA952 23 saylı sığorta aktına əsasən isə əmlakın dəymiş ziyan 1500 manat müəyyən edilmişdir.
7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, AZ0016436 saylı ödəniş tapşırığına əsasən X8 xx.xx.2023-cü il tarixli sığorta aktı üzrə 1500 manat və xx.xx.2023-cü il tarixli AZ0016479 saylı ödəniş tapşırığına əsasən isə xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən isə 1500 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və X5 müştərək qaydada 3000 manat məbləğində sığorta ödənişi və 170 manat məbləğində mediasiya xərcinin, cəmi 3170 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh1 MMC-yə verilmiş və Cavabdeh1 MMC ilə bağlanmış icarə müqaviləsi əsasında X7 istifadəsinə verilmiş, "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh3 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və X4 idarə etdiyi “VAZ 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinmiş və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)- 154/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 263-1.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X1 dəymiş zərərə görə 1500 manat, “VAZ 2101” kalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün isə sığortaçının zərər məbləğindəki payına mütənasib qaydada 1500 manat olmaqla, cəmi 3000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, PBA ********** saylı “icbari sığorta” müqaviləsinin surətindən müəyyən olunur ki, “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-154/2023 saylı hökmündən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh3 idarə etdiyi “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil və X4 idarə etdiyi “VAZ 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinmiş və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-154/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 263-1.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. AR Səhiyyə Nazirliyi MTE və PA Birliyinin ekspert rəyindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 az ağır zərər vurulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Sabunçu RPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təffərüatları barədə” arayışından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən zaman “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh2 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş ƏN-İ № 827313 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh1 MMC-nin sahibliyinə və istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil həmin müqaviləyə əsasən X2 və istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Optima” markalı, 99- ZU-074 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 2200 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASCnin sığorta aktları və ödəniş tapşırıqlarından müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 dəymiş zərərə görə 1500 manat, “VAZ 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün isə sığortaçının zərər məbləğindəki payına mütənasib qaydada 1500 manat olmaqla, cəmi 3000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1474 saylı və xx.xx.2023-cü il tarixli, BS-S-23/2219 saylı geriyə tələb məktublarından və həmin məktubların çatdırılmasına dair xəbərnamələrdən müəyyən olunur ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün cavabdehlərə geriyə tələb məktubları göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş “onlayn kargüzarlıq” sistemindən çıxarışdan müəyyən olunur ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün “onlayn kargüzarlıq” sistemi vasitəsilə müraciət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri, 6 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/6-0146 saylı və xx.xx.2023-cü il tarixli, MŞB/6-0927 saylı arayışlarından müəyyən edilir ki, cavabdehlərlə mübahisənin mediasiya qaydasında nizama salınması mümkün olmamış və iddiaçı tərəfindən cəmi 170 manat mediasiya xərci ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş poçt xəbərnaməsinin surətindən müəyyən olunur ki, iddia ərizəsinin surəti cavabdehlərə təqdim edilmişdir (iddia ərizəzi, həmçinin, ”elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir) Həmçinin, cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli, BSS-23/2219 saylı geriyə tələb məktubu və iddia ərizəsinin surəti “elektron məhkəmə” informasiya sistemində elektron portalda yerləşdirilmişdir. iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödənilmiş 3000 manat məbləğində sığorta ödənişini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olmuşdur..Bununla yanaşı tərəfimizdən ödənilmiş 170 manat məbləğində mediasiya xərci də cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə tutulmalıdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1331/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia qismən təmin edilmiş, Cavabdeh3 3000 (üç min) manat sığorta ödənişi və mediasiya xərcinin əvəzi olaraq 50 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığorta hadisəsinə görə "xxxx" ASC-də sığortalanmış “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə VAZ2101 markalı **-BB-*** DQN nəqliyyat vasitəsinə, həm də onun sürücüsün sağlamlığına dəymiş ziyanın cəmi məbləği 3000 manat müəyyən edilməklə iddiaçı tərəfindən zərər dəymiş şəxsə ödəniş edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə iddia tələbi digər cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid hissədə təmin edilməməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, işdə olan məhkəmə hökmündən və xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sığorta hadisəsi baş verən zaman sürücü qismində Cavabdeh3 tanınmış və zərərin də onun tərəfindən vurulması müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş sığorta Cavabdeh3 tələb edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1331/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissədə ləğv edilərək həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ƏN-İ827313 saylı etibarnaməyə əsasən Cavabdeh2 “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobili "xxxx" MMC-nin sahibliyi və istifadəsinə vermişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə və Cavabdeh1 MMC tərəfindən X9 verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən “Kia Optima” markalı, 99- ZU-074 dövlət nömrənişanlı avtomobil Cavabdeh1 MMC tərəfindən X7 icarəsinə verilmişdir. Eyni zamanda işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-154/2023 saylı hökmündən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt avtomobili Cavabdeh3 sürücülük hüququ olmadan idarə etmişdir. Cavabdeh3 avtomobili idarə etmək hüququ olmadığı halda delikt törətmiş, digər cavabdehlər isə avtomobili idarəetmə hüququ olmayan şəxsin istifadəsinə vermişlər. Buna görə də digər cavabdehlər də deliktin törədilməsinə görə Mülki Məcəllənin 1108.1–ci maddəsinin tələbləri baxımından sürücü ilə birgə məsuliyyət daşımalıdırlar. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş və işin halları üzrə səhv nəticəyə gəlmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər göndərilmiş, cavabdehlərdən Cavabdeh4 və Cavabdeh1 MMC-nin məhkəmə iclasının vaxtə barədə məlumatları olda da iclasda iştirak etməmiş, Cavabdeh3 qeydiyyatda olduğu ünvanda yaşamadığından və telefonu bağlı olduğundan məhkəmə iclasının vaxtı barədə məlumatın çatdırılması mümkün olmamışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddə- subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddə- faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddə- sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddə-mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddə-delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddə- Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddə-qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddə- ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddə-yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.1.1-ci maddə- maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə iddiaçı tərəfindən qismən – iddianın rədd edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1331/2024 nömrəli qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilərək iddia Cavabdeh4 qarşı hissədə də təmin edilərək 3.000 manat sığorta ödənişi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
19. İşin hallarından görünür ki, iddiaçı sığorta şirkəti MM-nin 936.1-ci maddəsində nəzərdə tutulmuş subroqasiya hüququndan istifadə edərək xx.xx.2021-ci il tarixli “İcbari sığorta müqaviləsi”nə əsasən mülki məsuliyyəti sığortalanmış “Kia Optima” markalı, 99- ZU-074 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində vurduğu maddi ziyana görə ödədiyi 3000 manat pulun həm nəqliyyat vasitəsinin mülkiyyətçisindən, həm qanuni sahibdən, həm də hadisə baş verərkən nəqliyyat vasitəsini qanuni əsas olmadan idarə etmiş sürücüdən tələb etmişdir. Cavabdehlərin iddiaçı qarşısında öhdəliyi deliktdən (mülki hüquq pozuntusu) irəli gəlir.
20. Məhkəmə iddianı yalnız Cavabdeh3 (yüksək təhlükə mənbəyinə hadisə baş verərkən faktiki və qanunsuz sahiblik edən şəxs) qarşı hissədə təmin etmiş, digər cavabdehlərə qarşı iddianın hansı əsasla rədd edildiyi maddi hüquq normalarına istinad etməklə əsaslandırılmamışdır.
21. MM-nin 1108.1-ci maddəsinin məzmunundan göründüyü kimi, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət o zaman istisna olunur ki, zərər qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş olsun. Eyni zamanda qanunun tələbinə görə ziyan vurularkən yüksək təhlükə mənbəyinə qanuni və faktiki sahibliyin kimdə olmasının müəyyənləşdirilməsi əhəmiyyətlidir. Əgər mülkiyyətçi yüksək təhlükə mənbəyini qanuni əsaslarla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) başqa fiziki və ya hüquqi şəxslərin sahibliyinə verilmişsə yüksək təhlükə mənbəyinin fəaliyyətinə nəzarət etmək imkanını itirdiyindən bu fəaliyyət nəticəsində dəymiş zərərə görə məsuliyyəti istisna olunur. İşdəki xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyətçi tərəfindən etibarnamə ilə Cavabdeh1 MMC-nin sahibliyinə və istifadəsinə, həmin hüquqi şəxs tərəfindən isə X7 icarəsinə verilmiş və hadisə baş verərkən Cavabdeh4 qanuni sahibliyində olmuşdur. Buna görə də həmin cavabdehlərə qarşı hissədə iddianın rədd edilməli olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.
22. MM-nin 1108.2-ci maddəsinin tələbinə əsasən yüksək təhlükə mənbəyinin qanuni sahibi onun fəaliyyəti nəticəsində vurulmuş ziyana görə o zaman məsuliyyətdən azad oluna bilərdi ki, mənbənin onun sahibliyindən çıxmasında təqsirli olmadığını sübuta yetirmiş olsun. Cavabdehlər X7 birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatdan və Cavabdeh3 iş materiallarına əlavə edilmiş hökmdə öz əksini tapmış ifadəsindən görünür ki, X7 icarəsində olan yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsindən onun razılığı ilə iş yoldaşı Qurbanov Samir adlı şəxs istifadə etmiş və həmin şəxsin razılığı əsasında da Cavabdeh3 hadisə baş verən gün nəqliyyat vasitəsini idarə etmək üçün müvəqqəti götürmüşdür. Nəqliyyat vasitəsi üzərində sahiblik X7 razılığı ilə başqa şəxsə (Samir Qurbanova) verildiyindən mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğu (ehtiyatsızlıq etdiyi) müəyyən olunur. Buna görə də yüksək təhlükə mənbəyinə vurulmuş ziyana görə MM-nin 1108.2-ci maddəsinə əsasən cavabdeh X3 Tərlan Seyfəl oğlu ilə birgə məsuliyyət daşımalı, 3000 manat ziyan iddiaçının xeyrinə hər iki cavabdehdən tutulmalıdır.
23. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən MM-nin 1108.2-ci maddəsini ümumiyyətlə tətbiq etməmiş, nəticədə iddianın X10 qarşı hissədə əsassız olduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1331/2024 nömrəli qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilərək iddia Cavabdeh4 qarşı hissədə də təmin edilərək 3.000 manat sığorta ödənişi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1331/2024 nömrəli qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilsin. İddia Cavabdeh4 qarşı hissədə də təmin edilərək 3.000 manat sığorta ödənişi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.