Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-79/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMM-yə qarşı borcun tutulması tələbinə dair ilk iddiası və iddiaçı "xxxx" MMM-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı güzəştin tətbiq edilməsi və müqavilə üzrə hesablanmış məbləğin silinməsi tələbinə dair qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-624/2022 saylı qətnaməsindən Cavabdeh MMM tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 1.867.840 manat olan damcılı suvarma sistemi üçün avadanlıqları (quraşdırılması ilə birlikdə) dəyərini ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinq alana lizinqə vermişdir.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 12- LA/13 nömrəli müqavilə üzrə 633148 manat gecikdirilmiş borcun və hesablanmış 392813,22 manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 manat, 400 manat mediasiyaya dair xərcin cəmi: 1026711,22 manat pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Eyni zamanda, Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddia qaldıraraq, qanunvericiliklə müəyyən edilmiş güzəştin tətbiq edilməklə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12-LA/13 lizinq müqaviləsi üzrə ödəməli olduğu məbləğdən 747136 manat məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli müqavilə üzrə 633148 manat gecikdirilmiş borcu və hesablanmış 392813,22 manat cərimə borcu yaranmışdır.
6. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, Cavabdeh MMM tərəfindən müqavilədə göstərilən 170.000 manat məbləğ lizinq verənə ödənildikdən sonra həmin müqavilənin 2 nömrəli əlavəsində göstərilən qrafik üzrə mütəmadi ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 nömrəli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların surətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını rəhbər tutaraq "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli Qərarı ilə bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt tətbiq edilməsi qərara alınmışdır, (həmin qərar xx.xx.2014-cü il tarixində dərc edilmişdir və 5 il müddətinə qüvvədə olmuşdur.) "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının 2-ci bəndinə əsasən Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı xüsusi komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Cavabdeh МММ tərəfindən müqavilə öhdəliklərinə əməl olunmuş, 2015-ci ilin 2-ci rübü daxil olmaqla 419.284 manat lizinq verənə ödənilmişdir. Sözügedən qərar qəbul ediləndən sonra da Cavabdeh МММ tərəfindən müqavilə üzrə ödənişlər mütəmadi olaraq ödənilmiş, 2013-cü ildə 186784 manat, 2014-cü ildə 139500 manat, 2015-ci ildə 186000 manat, 2016-cı ildə 184000 manat, 2017-ci ildə isə 183200 manat vəsait Cavabdeh МММ tərəfindən ödənilmişdir. Cavabdeh МММ tərəfindən dəfələrlə güzəştin tətbiq edilməsi ilə bağlı müvafiq orqanlara müraciətlər edilsə də, bunlar nəticə verməmiş, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin 19 oktyabr 2018-ci il tarixli məktubu ilə normativ hüquqi aktın tələbləri təhrif edilmiş, qarşılıqlı iddiaçının ziyanına yönəlmiş tərzdə şərh verilmişdir. "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının 2.5-ci bəndinə əsasən bu qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə xüsusi komissiya tərəfindən qərar qəbul edilir. Həmin bənddən də göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli Qərarının qüvvədə olduğu 2015-ci ilin 2-ci rübünə Cavabdeh MMM tərəfindən avadanlığın ilkin dəyərinin 20%-dən artığı, yəni 419284 manat lizinq verənə ödənilmişdir. Cavabdeh MMM tərəfindən avadanlığın ilkin dəyərinin 20%-dən artığının, yəni 419284 manatın lizinq verənə ödənilməsini nəzərə alaraq, xüsusi komissiya cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq etməli və yeni lizinq müqaviləsi bağlamalı idi. Qeyd edilən normativ hüquqi aktın tələblərini təhrif edən və özlərinə sərf edəcək şəkildə şərh edən iddiaçı, borc məbləğindən 747136 manat məbləği silməli və yeni lizinq müqaviləsi bağlamalı olduğu halda bunu etməmiş, artıq hesablanmış borc məbləğini və açıq-aşkar şişirdilmiş cərimə faizlərinin qarşılıqlı iddia üzrə iddiaçıdan tutulması üçün məhkəməyə müraciət etmişdir.
7. İddiaçı qarşılıqlı iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın 2.7-1-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına uyğun olaraq, 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə Xüsusi Komissiya müvafiq qərar qəbul edir və həmin qərar bu qaydaların 2.7-ci bəndinə əsasən protokollaşdırılır. Qaydalar üzrə yeni 2.7-1-ci bənd "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2015-ci il tarixli Qərarı ilə əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarına nəzər yetirdikdə sözügedən Qərarın 2-ci bəndində məhz həmin Qərarın qüvvəyə mindiyi tarixədək, Qərarın 3-cü bəndində bu qərar qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, həmin Qərarın 3-1-ci bəndində isə məhz 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən lizinqə götürülən və lizinq yolu ilə satılan suvarma sistemləri dəstinin və avadanlığının dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi nəzərdə turulmuşdur. Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli Qərarının yuxarıda qeyd olunan 2-ci, 3-cü və 3-1-ci bəndlərini müqayisəli təhlil etdikdə, aşkar surətdə görünür ki, qanunverici orqan suvarma sistemləri dəstinə və avadanlığına münasibətdə güzəşt tətbiqinə dair fərqli qayda müəyyən etmişdir. Belə ki, Qaydaların 2-ci və 3cü bəndlərində lizinqə götürülmüş və götürüləcək texnikaya (kənd təsərrüfatı texnikalarına) münasibətdə 40 faizlik güzəştin tətbiqinə hər hansı tarix (ay, il, gün) məhdudiyyəti nəzərdə tutulmamışdır. Lakin suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiqini nəzərdə tutan Qaydaların 3-1-ci bəndində isə bu güzəştin yalnız 2015-ci il may ayının 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinə və avadanlığına münasibətdə tətbiqi nəzərdə tutulmuşdur. Beləliklə, həm Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli Qərarından, həm də həmin Qərar ilə təsdiqlənmiş Qaydalardan göründüyü kimi, qanunverici “texnika” və “suvarma sistemləri dəsti və avadanlığı”nı bir-birindən fərqli lizinq obyektləri kimi ayırmaqla yanaşı, texnika (kənd təsərrüftaı texnikası) üzrə, suvarma sistemləri dəsti və avadanlığı üzrə güzəştlərin tətbiq olunma tarixi (lizinqə verilmə tarixi) baxımından da fərqli qaydalar müəyyən etmişdir. "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın hazırlanmasına əsas olmuş "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2451 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Cavabdeh MMM tərəfindən qarşılıqlı iddia ərizəsində göstərildiyi kimi 2015-ci ilin 2-ci rübünə avadanlığın ilkin dəyərinin 20 %-dən artığı, yəni 419284 manat ödəniş aparılmamışdır. Belə ki, 2013-cü ildən 2015-ci ilin son rübü də daxil olmaqla cavabdeh tərəfindən cəmi 323300 manat ödəniş aparılmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-624/2022 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh "xxxx" MMM-dən xx.xx.2013-cü il tarixli, 12-LA/13 saylı müqavilə üzrə 633.148 (altmış yüz otuz üç min yüz qırx səkkiz) manat məbləğində gecikdirilmiş əsas borc, 30.000 (otuz min) manat məbləğində dəbbə pulu, cəmi 663.148 (altı yüz altmış üç min yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 200 (iki yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin tutularaq ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, ilk iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 600 (altı yüz) manat hissəsinin ilk iddia üzrə cavabdeh "xxxx" MMM-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMM-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı güzəştin tətbiq edilməsi və müqavilə üzrə hesablanmış məbləğin silinməsinə dair qarşılıqlı iddiasının rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMM-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ilk iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz etdi.
13. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
15. Mülki Məcəllənin 5.2-ci madəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir.
16. Həmin Məcəllənin 7.1-ci madəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
17. Həmin Məcəllənin 7.2-ci madəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.
18. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
19. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və ilk iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın qismən təmin olunmuş hissəsində və qarşılıqlı iddianın rədd olunması hissəsində yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Kollegiya qeyd edir ki, ilk iddiada irəli sürülmüş lizinq ödənişləri üzrə borcun tutulması tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.
23. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir.
24. Çünki Mülki Məcəllənin 747.1-ci maddəsinin dispozisiya şərtlərinə görə muzd ödəmək öhdəliyi lizinq alan cavabdehə aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.
25. Həmçinin iddiaçı tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli maliyyə arayışı və cərimələrin hesablanması qrafiki (həmin sənədlərdə cavabdehin ödənişləri, gecikdirilən məbləğlər və gecikmə günlərinin sayı əks olunmuşdur) ilə təsdiq olunur ki, xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği 633.148 manat təşkil edir.
26. Eyni zamanda lizinq müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 9/2891 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən "xxxx" MMM-nin hal-hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə "xxxx" MMM-nin "xxxx" ASC-yə olan borcu 633.148 manat müəyyən olunur.
27. Bu baxımdan kollegiya hesab edir ki, ilk iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam təmin edilməlidir.
28. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
29. İşin hallarını, yəni ödənilmiş cəmi məbləği, əsas borcun məbləğini, gecikdirilmiş günlərin sayını, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi və dəbbə pulu ilə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı yuxarıda qeyd olunan lizinq müqaviləsinə müvafiq olaraq 30.000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
30. Qarşılıqlı iddia isə əsassızdır.
31. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 nömrəli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.
32. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarına əsasən həmin qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt tətbiq edilməsi, qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi qərara alınmışdır. Qərarda həmin qərarın 5 il müddətində qüvvədə olması qeyd edilmişdir.
33. Həmin qərara Nazirlər Kabinetinin 4 avqust 2015-ci il tarixli 273 saylı qərarı ilə əlavə edilmiş 3-1-ci bəndə əsasən 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi nəzərdə tutulmuşdur.
34. Həmin qərarla təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarına əsasən kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya (bundan sonra - Xüsusi Komissiya) yaradılır. Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, Cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Bu Qaydaların qüvvəyə mindiyi tarixdən sonra istifadəçilər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına həmin texnikanın ilkin dəyərinin 40 faizi həcmində güzəştin tətbiq edilməsi barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 avqust 2015-ci il tarixli qərarı ilə həmin qaydalara əlavə edilmiş 2.7-1-ci bəndə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına uyğun olaraq, 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə xüsusi komissiya müvafiq qərar qəbul edir və həmin qərar bu Qaydaların 2.7-ci bəndinə əsasən protokollaşdırılır.
36. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarının məzmunundan da göründüyü kimi qərarda göstərilən özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına güzəştlərin həmin texnikanın lizinqə götürülməsi tarixindən asılı olmayaraq tətbiq edilməsi nəzərdə tutulduğu halda suvarma sistemləri dəstinin və avadanlığına münasibətdə güzəştlərin tətbiq edilməsi ilkin olaraq ümumiyyətlə nəzərdə tutulmamış, 04 avqust 2015-ci il tarixdə sözügedən qərara, eləcə də həmin qərarla təsdiq edilmiş Qaydalara güzəştlərin 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlıqlarına şamil edilməsi barədə müvafiq bəndlər əlavə edilmişdir.
37. Hazırkı işdən də görünür ki, tərəflər arasında bağlanmış damcılı suvarma sistemi üçün avadanlıqların lizinqə verilməsinə dair lizinq müqaviləsi xx.xx.2013-cü il tarixdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən tətbiq edilməsi nəzərdə tutulan güzəştlərin şamil edildiyi tarixdən əvvəl bağlanmışdır.
38. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların və Mülki Məcəllənin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsinin şamil edilməsi ilə bağlı Cavabdeh MMMin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, hazırkı halda Nazirlər Kabinetinin yuxarıda istinad edilən qərarında lizinqə götürülmüş suvarma dəsti və avadanlıqları üçün güzəştin hansı tarixdən bağlanmış lizinq müqavilələrinə şamil edilməsi konkret olaraq göstərilmişdir. Göründüyü kimi hazırkı halda normativ hüquqi aktda müvafiq müddəanın geriyə tətbiq edildiyi zaman aralığı konkret müəyyən edilmiş, göstərilən hal isə sözügedən müddəanın qüvvəsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiq edilməsini istisna edir.
39. Bununla yanaşı, Cavabdeh MMM tələblərinin əsaslılığını təsdiq etmək üçün həmçinin ona istinad edir ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “26” aprel tarixli “Q-08-19” nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda suvarma sistemləri dəsti və suvarma avadanlığı (o cümlədən damcılı və yağış yağdırma tipli suvarma sistemini) kənd təsərrüfatı texnikasına aid edilmiş və belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarında kənd təsərrüfatı texnikası üçün nəzərdə tutulmuş güzəştlər suvarma sistemləri dəsti və suvarma avadanlığına da şamil edilməlidir.
40. Qeyd olunan dəlillərlə bağlı kollegiya qeyd edir ki, həmin siyahı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına əsasən güzəşt tətbiq ediləcək kənd təsərrüfatı texnikaların dairəsini müəyyən edir. Sözügedən Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” qaydası isə müvəkkil kredit təşkilatları tərəfindən kənd təsərrüfatı istehsal vasitələrinin lizinqə verilməsi zamanı tətbiq edilən güzəştlərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdirilməsinin qaydalarını müəyyən edir. Subyekt, predmet və zaman baxımından fərqli münasibətləri tənzimlədiyindən sözügedən qaydalar üçün nəzərdə tutulmuş siyahının (və həmin siyahıda istifadə edilmiş klassifikasiya meyarlarının) 2013-cü ildə lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan "xxxx" MMM arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn mübahisəli hüquq münasibətlərinə şamil edilməsi üçün əsaslar mövcud deyildir.
41. Bundan əlavə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad edilən xx.xx.2014cü il tarixli 273 nömrəli qərarında güzəştlərin iki növ əsas vəsaitə - özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına və suvarma sistemləri dəsti və avadanlığına şamil edilməsi nəzərdə tutulmuşdur.
42. Suvarma dəsti və avadanlığının kənd təsərrüfatı texnikasının növlərindən birinin olması ehtimal edilsə belə, həmin avadanlığın özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikası olmaması açıq-aşkardır.
43. Habelə, suvarma sistemləri dəstinin və avadanlığının qərarda güzəştlərin tətbiq edildiyi əmlakların ayrıca növü kimi göstərilməsi, həmin dəst və avadanlıqlar üçün güzəşt tətbiq edilməsinin fərqli qaydasının müəyyən edilməsi həmin qərar tətbiq edilərkən suvarma sistemləri dəstinin və avadanlığının kənd təsərrüfatı texnikasına aid edilməsini istisna edir.
44. Bundan başqa, həmin qərarla təsdiq edilmiş Qaydalarda qərarın qəbul edildiyi tarixədək lizinqə götürülmüş kənd təsərrüfatı texnikasına və qərar qəbul edildiyi tarixdən lizinqə götürüləcək kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsinin fərqli qaydaları müəyyən edilmişdir. Belə ki, güzəştlər tətbiq edilərkən artıq bağlanmış lizinq müqavilələri üzrə istifadəçilərin ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətlərini xüsusi komissiyaya təqdim etməsi, xüsusi komissiyanın sənədləri araşdırması, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə Cavabdeh MMM-in Nazirlər Kabinetinin sözügedən qərarının qüvvədə olduğu müddət ərzində xüsusi komissiyaya müraciət etməsi, komissiya tərəfindən yeni müqavilənin bağlanılması barədə qərar qəbul edilməsi və belə bir müqavilənin bağlanılması iş materiallarından görünmür.
45. Bu baxımdan kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbləri rədd edilməlidir.
46. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" MMM tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-624/2022 saylı qətnaməsi ilk iddianın qismən təmin olunmuş hissəsində və qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn