Məhkəmə qərarları › İş №2-2(103)-79/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-79/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-79/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1566/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında xx.xx.2022-ci il tarixində podrat müqaviləsi bağlanmışdır.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli PO-73 saylı (purchase order) alış sifarişindən görünür ki, Xaçmaz rayonunda görüləcək işlərinin dəyəri ƏDV daxil 70.800 manat təşkil edir.

3. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli PO-159 saylı (purchase order) alış sifarişindən görünür ki, Xaçmaz rayonunda görüləcək işlərinin dəyəri ƏDV daxil 53.100 manat təşkil edir.

4. Sifarişlər cavabdehin əməkdaşı olan Mahmudov Vüqar tərəfindən verilmişdir.

5. ABC-2010” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, sonuncu GPON-a dair tikinti və quraşdırma işlərini görməyi, İddiaçı MMC isə işlərin yerinə yetirilməsi müqabilində müqaviləyə 1 saylı qoşmada müəyyən edilən qiymətlərinə əsasən xidmət və işləri qəbul etməyi öhdəsinə götürmüşdür.

6. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, sonuncu GPON-a dair tikinti və quraşdırma işlərini görməyi, İddiaçı MMC isə işlərin yerinə yetirilməsi müqabilində müqaviləyə 1 saylı qoşmada müəyyən edilən qiymətlərinə əsasən xidmət və işləri qəbul etməyi öhdəsinə götürmüşdür.

7. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli dəyəri 8.750 manat olan EBDF 695274 saylı və dəyəri 3.020,5 manat olan EBDF 545375 saylı elektron qaimələr göndərilmişdir.

8. 20.04.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, göndərilmiş elektron qaimələr üzrə iddiaçı tərəfindən "xxxx" MMC-yə müvafiq olaraq 8.750 və 3.020,5 manat məbləğində pul ödənilmişdir.

9. 20.04.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, göndərilmiş elektron qaimələr üzrə iddiaçı tərəfindən X5 müvafiq olaraq 9.000 və 8.785,32 manat məbləğində pul ödənilmişdir.

10. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə dirəklərin quraşdırıması ilə bağlı işlərin icrasına dair xx.xx.2023-cü il tarixli EBDG 319257 saylı dəyəri 11.993,52 manat olan elektron qaimə göndərilmişdir.

11. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, elektron qaimədə qeyd edilmiş məbləğ öncədən müvafiq olaraq 5.000 manat və 5.164,22 manat olmaqla ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC dən müqavilə və alış sifarişləri üzrə ƏDV daxil 325.940,66 manat borcun və 16.297,03 manat gecikdirilmiş vaxt üçün faiz ümumilikdə, 342.237,69 manat pulun cavabdehdən alınaraq İddiaçı MMC yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .

13. Məhkəmə tərəfindən iş üzrə doğru nəticəyə gəlmək üçün, yəni İddiaçı MMC tərəfindən görülmüş olan işlərin həcmini müəyyən etmək üçün "xxxx" MMC, X8, "xxxx" MMC və "xxxx" MMC müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi işə cəlb edilmişdir.

14. . Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən İİİ şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 Xaçmaz layihəsinin "xxxx" MMC tərəfindən icra edildiyini, iddiaçı tərəfindən ancaq X5 ödənilmiş olan 9.000 manat və 8.785,32 manat dəyərində işlərin görüldüyünü, bu görülmüş işlərin də, yararsız olduğunu və sökülərək yenidən görüldüyü bildirmişdir.

15. İş materiallarına əlavə edilmiş iddiaçının əməkdaşı olmuş Elvin Pənahlı tərəfindən xx.xx.2023-cü il tarixdə elektron poçt üzərindən Kənan Hacıyevə (KananH@azerconnect.az), Vüqar Mahmudova (Elektron ünvan 1), İsmayıl Əfəndiyevə (Elektron ünvan 2) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə xəritədə qeyd edilmiş ərazinin boruların basdırılmasın bitməsi cavabdehə bildirilmişdir.

16. Bundan başqa iş materiallarına əlavə edilmiş, Elvin Pənahlı tərəfindən xx.xx.2023-cü il tarixdə elektron poçt üzərindən Kənan Hacıyevə (KananH@azerconnect.az), Vüqar Mahmudova (Elektron ünvan 1), İsmayıl Əfəndiyevə (Elektron ünvan 2) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə sadalanmış malların xx.xx.2023-cü il tarixinədək verilməsi xahiş olunmuşdur.

17. Bundan başqa iş materiallarına əlavə edilmiş Kənan Hacıyev (KananH@azerconnect.az) tərəfindən iddiaçının əməkdaşı olmuş Elvin Pənahlıya (e.penahlı@abccompany.az), Vüqar Mahmudova (Elektron ünvan 1), İsmayıl Əfəndiyevə (Elektron ünvan 2) ünvanlamış olduğu məktubdan görünür ki, İddiaçı MMC –nin işlərin sürətli aparılması məqsədi ilə davamlı mal-material tələbi irəli sürməsi təqdir edilmiş və hesabatların doldurulub göndərilməsi xahiş olunmuşdur.

18. İş materiallarına əlavə edilmiş, Elvin Pənahlı (iddiaçının əməkdaşı) tərəfindən xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə elektron poçt üzərindən Kənan Hacıyevə (KananH@azerconnect.az), Vüqar Mahmudova (Elektron ünvan 1), İsmayıl Əfəndiyevə (Elektron ünvan 2) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, görülmüş işlərə dair həfləlik hesabatlar cavabdehə təqdim edilmişdir.

19. Bundan başqa xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında müzakirə edilmiş, elektron sistemə xx.xx.2024-cü il tarixdə əlavə edilmiş elektron poçt üzərindən aparılan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il yazışmalardan görünür ki, Abbas Murtuzayev (Elektron ünvan 3) və Elvin Pənahlı (e.penahlı@abccompany.az) tərəfindən Kənan Hacıyevə (KananH@azerconnect.az), Vüqar Mahmudova (Elektron ünvan 1) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən Xaçmaz layihəsi ilə bağlı mal-material istəyi olmuşdur.

20. Həmçinin işə əlavə edilmiş, Kənan Hacıyevə (KananH@azerconnect.az) ünvanlanmış poçt üzərindən aparılan xx.xx.2023-cü il tarixli yazışmadan görünür ki, Xaçmaz layihəsi üzrə əlavə 80 k (80.000) manat məbləğində PO açılmasına dəstək verilməsi xahiş olunmuşdur.

21. Qeyd edilmiş hala da, cavabdeh tərəfindən etiraz bildirilməmişdir/

22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1566/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 308.909 (üç yüz səkkiz min doqquz yüz doqquz) manat, 22 (iyirmi iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi,əsas borca illik 5% hesablanmaqla 5.410 (beş min dörd yüz on) manat, 11 (on bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

23. Cavabdehnə qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2-2(113)-1566/2024 saylı qətnaməsinin qismən, iddianın Xaçmaz layihəsinə görə 123.900 manat pul və həmin pula hesablanmış 5 faizin tutulmasının təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barəsində qətnamə qəbul edlməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Yeni Ramana və Savalan layihəsi ilə bağlı hissədə iddianı təmin edərkən tərəflər arasında imzalanmış təhvil-təslim aktına istinad etmiş, lakin Xaçmaz layihəsi ilə bağlı hissədə iddianı təmin edərkən tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli PO-73 saylı alış sifarişinə və xx.xx.2023-cü il tarixli PO-159 saylı alış sifarişlərinə və iddiaçının subpodratçılar iilə imzaladığı müqavilələrə və sub-podratçılar "Construction City” MMC, X8 və "xxxx" MMC-yə ödəniş edilməsi barədə ödəniş tapşırıqlarına istinad etmişdir. Halbuki, yuxarıda göstərilən alış sifarişləri işlərin görülüb qurtarmasını təsdiq edən sübut deyildir. Alış sifarişi işlərə başlamamışdan qabaq imzalanan və ilkin malmaterialların alışını təsdiq edən sənəddir. Hazırki iş üzrə isə alış sifarişləri imzalansa da, iddiaçı tərəfindən işlər yerinə yetirmədiyi üçün təhvil-təslim aktı da imzalanmamışdır. İddiaçı ilə sub-podratçılar arasında imzalanmış sub-podrat müqavilələri, elektron qaimələr və sub-podratçılara ödənilən pul vəsaitləri ilə bağlı bildirmək istəyirik ki, həmin sub-podrat müqavilələrinin imzalanması və ödənişlərin edilməsinin məhz Xaçmaz layihəsi ilə bağlı həyata keçirilməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim etməmişdir. Məhkəmə də, ehtimal əsasında qeyd edilən ödənişlərin Xaçmaz layihəsi ilə bağlı olması qənaətinə gəlmişdir. Nə subpodratçılar tərəfindən verilmiş elektron qaimələrdə, nə də ödəniş tapşırıqlarında Xaçmaz layihəsi ilə bağlı heç bir qeyd yoxdur. Yəni həmin ödənişlərin Xaçmaz layihəsi ilə bağlı olması yalnız ehtimaldır. Bundan əlavə, subpodratçılara ödənilən pul vəsaitlərinin Xaçmaz layihəsi ilə bağlı həyata keçirildiyi sübut olunsa belə, həmin məbləğlər Xaçmaz layihəsi ilə bağlı iddia olunan və təmin olunan məbləğdən xeyli azdır. Belə ki, sub-podratçı "xxxx" MMC-yə müvafiq olaraq 8.750 və 3.020,5 manat məbləğində, X5 müvafiq olaraq 9.000 və 8.785,32 manat məbləğində, "xxxx" MMCyə isə 5.000 manat və 5.164,22 manat pullar ödənilmişdir ki, cəmi məbləğ 39.720,04 manat edir ki, bu Xaçmaz layihəsi üzrə iddia olunan və məhkəmə tərəfindən təmin edilən məbləğdən xeyli azdır. Həmin pul vəsaitlərinin məhz Xaçmaz layihəsi üzrə ödənilib-ödənilmədiyini sub-podratçılar məhkəmədə təsdiq etməmişlər və məhkəmə də onların məhkəməyə gəlməsini təmin etməmişdir. ərəfimizdən məhkəməyə X3 və Bünyad Abbasovun tərtib etdikləri akt və aktdan irəli gələn 21 iyul 2023-cü il tarixli pretenziya məktubu təqdim edilmişdir. Həmin aktdan görünür ki, iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə heç bir iş görülməmiş və mal-materiallar səliqəsiz şəkildə yerə atılmışdır. Pretenziya məktubunda da aktda göstərilən qüsurlar, yəni işlərin görülməməsi və mal-materialın səliqəsiz şəkildə yerə atılması, bundan sonra işlərin "xxxx" MMC tərəfindən görüləcəyi göstərilmişdir. Məhkəmə prosesində həmin məktubun çatması barədə qəbz də təqdim edilsə də, iddiaçının nümayəndəsi məktubun onlar trəəfindən alınmadığını bildirmiş, məhkəmə də iddiaçının bu mövqeyi ilə razılaşmışdır. Halbuki, həm iddiaçının nümayəndəsi, həm də məhkəmə onu nəzərə almamışlar ki, həmin məktub cavabdehdən qabaq, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən əlavə edilərək məhkəməyə təqdim edilmişdir. məhkəmə təqdim edilmiş elektron poçt vasitəsi ilə yazışmaları da iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə işlərin tam görülməsini təsdiq edən sübut kimi qəbul etmişdir. Halbuki, həmin yazışmalarda da Xaçmaz layihəsi üzrə işlərin görülməsi barədə, bunun cavabdeh tərəfindən etiraf olunması barədə heç bir qeyd yoxdur. Cavabdehin əməkdaşı olmayan Kənan Hacıyevin elektron məktubunda da "xxxx" MMC –nin işlərin sürətli aparılması məqsədi ilə davamlı mal-material tələbi irəli sürməsi təqdir edilmiş və hesabatların doldurulub göndərilməsi xahiş olunmuşdur. Yəni burada işlərin həqiqətən də görülməsi və görülmüş işlərin təhvil verilməsi ilə bağlı heç nə qeyd edilməmişdir. Cavabdehin məqsədi ümumiyyətlə borcu ödəməkdən yayınmaqdırsa, həmin hissədə də borcu etiraf etməz, hər-hansı bir əsasla işlərin görülmədiyini qeyd edib məhkəmə prosesini uzadardı. Lakin cavabdeh həmin hissədə xoş niyyət göstərmiş, hətta məhkəmə prosesi zamanı barışıq sazişi ilə bağlı təklif də göndərmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmış 28 aprel 2023-cü il tarixli xidmət müqaviləsi, təhvil-təslim aktı və ödəniş tapşırığı məhkəməyə təqdim edilsə də, məhkəmə bu sübutlara ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, müqavilə və aktdan görünür ki, işlər məhz Xaçmaz layihəsi ilə bağlıdır. Hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC -nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmədə iştirak edərək Xaçmaz layihəsi üzrə işlərin həmin şirkət tərəfindən görüldüyünü bildirsə də, məhkəmə heç bir əsas olmadan üçüncü şəxsin nümayəndəsinin dediyi halları da aydınlaşdırmamışdır. X3 və Bünyad Abbasovun tərtib etdikləri aktda göstərilən hallar araşdırılmamışdır. hesab ediirk ki, həmin aktı tərtib etmiş şəxslər məhkəməyə şahid qismində çağırılmalı və aktın hansı zərurətdən tərtib edilməsi, aktda göstərilən halların, yəni iddiaçı şirkət tərəfindən işlərin görülüb-görülmədiyi araşdırılmalı idi. Buna görə də, hesab edirik ki, işə apellyasiya məhkəməsində baxılan zaman həmin şəxslər məhkəməyə şahid qismində dəvət edilərək ifadə verməlidirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir..

27. Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

29. Həmin məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

30. Həmin məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

31. Həmin məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

32. Həmin məcəllənin 770-ci maddəsinə əsasən,əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

33. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin (mübahisələndirilən hissədə) yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

39. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən Yeni Ramana layihəsi tam olaraq icra edilmiş, bu barədə tərəflər arasında təhvil təslim aktı imzalanmış və möhürlə təsdiq edilmişdir. Qeyd edilmiş təhvil-təslim aktından görünür ki, Yeni Ramana qəsəbəsinin FO paylayıcı şəbəsinin çəkilməsi üçün iddiaçı tərəfindən 65.669,77 manat dəyərində işlər görülmüşür və bu barədə iddiaçı tərəfindən cavabdehə dəyəri 65.669,77 manat olan xx.xx.2023-cü il tarixli EBDQ 940851 saylı elektron qaimə göndərilmişdir. İddiaçı MMC tərəfindən Savalan layihəsi tam olaraq icra edilmiş, bu barədə tərəflər arasında təhvil təslim-aktı imzalanmış və möhürlə təsdiq edilmişdir. Qeyd edilmiş təhvil-təslim aktından görünür ki, Savalan qəsəbəsinin FO paylayıcı şəbəsinin çəkilməsi üçün iddiaçı tərəfindən 119.309,45 manat dəyərində işlər görülmüşür və bu barədə iddiaçı tərəfindən cavabdehə dəyəri 119.309,45 manat olan xx.xx.2023-cü il tarixli EBDQ 941283 saylı elektron qaimə göndərilmişdir.

40. Hazırda cavabdeh Xaçmaz layihəsinin İddiaçı MMC tərəfindən icra olunmadığını mübahisələndirir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)- 1030/2024 saylı qərardadı ilə vəsatətlər təmin edilmiş və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertin müvafiq rəyi alınana qədər iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/298 nömrəli ekspert rəyi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.Rəyə əsasən Xaçmaz layihəsi üzrə basdırılmış dirəklərin və çəkilmiş kabellərin ərazisi geniş olduğu üçün tam şəkildə təqdim edilmədi. Bu səbəbdən də basdırılmış dirəklərin sayını və çəkilmiş kabellərin neçə metr olduğunu və eləcə də xx.xx.2023-cü il tarixli PO-73 və xx.xx.2023-cü il tarixli PO-159 əsasında üzərində möhür və imzalar olan iş materiallanndakı sənədlərdə nəzərdə tutulmuş hansı işlər görülübgörülməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.

42. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(103)-79/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə ekspertizasının aparılması Əmlak Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertin müvafiq rəyi alınana qədər iş üzrə icraat dayandırılmışdır.

43. Əmlak Ekspertizası Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, PO-73 üzrə icra edilən işlərin faktiki həcmi və dəyəri ekspertiza tərəfindən sənədlərlə təsdiq olunmadığına görə müəyyən edilə bilmir, PO-159 üzrə mal-material təhvili həyata keçirilmədiyi və işlərin icrasını təsdiq edən heç bir sənəd təqdim olunmadığı üçün görülmüş iş yoxdur, təqdim edilmiş qüsur aktları isə görülmüş işlərdə keyfiyyətsizlik olduğunu təsdiq edir, lakin qüsurların aradan qaldırılması ilə bağlı məlumat mövcud deyil. Bu səbəblə təqdim olunmuş materiallar əsasında 140 973,24 manatlıq işlərin faktiki yerinə yetirilib-yetirilməməsi və real dəyərinin hesablanması mümkün olmamışdır. Layihə üzrə "xxxx" MMC tərəfindən aşağıdakı miqdarda dirəklərin quraşdırılması nəzərdə tutulmuşdur: 3660 ədəd - 6 metrlik dirək,10 ədəd - 8 metrlik dirək, 1290 ədəd - meydançalı dirək, 2380 ədəd - aralıq dirək, Toplam layihə üzrə quraşdırılmalı olan dirəklərin sayı: 7340 ədəd dirək quraşdırılması layihə üzrə nəzərdə tutulsada, icraçı tərəfindən faktiki quraşdırılmış dirəklərin sayını müəyyən etməyə imkan verən hər hansı sənəd təqdim edilmədiyindən, ekspertiza dirəklərin faktiki quraşdırılma sayını müəyyən edə bilmir. Layihə üzrə “ABC 2010" MMC tərəfindən aşağıdakı miqdarda kabel və optik xətt avadanlıqlarının quraşdırılması nəzərdə tutulmuşdur: 194 ədəd - Patchcord SC/APC-SC/APC (1 metr),194 ədəd - Splitter 1:8 SC/APC (1-ci səviyyə)1096 ədəd - Splitter 1:8 SC/APC (2-ci səviyyə)98 ədəd - Splitter 1:16 SC/APC (2-ci səviyyə)1 ədəd - FO-24 qolçağı, 80 ədəd - dəmir boru,135620,0 metr - FO-8 tipli optik kabel,6495,0 metr - FO-12 tipli optik kabel,2435,0 metr - FO-24 tipli optik kabel,4500,0 metr - FO-48 tipli optik kabel, 3365,0 metr - FO-96 tipli optik kabel kabel çəkilişini nəzərdə tutulan həcmi dəqiq göstərilsə də, “ABC 2010" MMC tərəfindən faktiki olaraq neçə metr kabel çəkildiyini müəyyən etməyə imkan verən əsaslandırım sənədlər mövcud olmadığından, ekspertiza çəkilmiş kabelin faktiki həcmini və uzunluğunu müəyyən edə bilmir. Təqdim edilmiş təhvil-təslim aktlarına uyğun olaraq, Cavabdeh MMC tərəfindən “ABC 2010“ MMC- yə Xaçmaz layihəsi çərçivəsində:2 941 ədəd dirək,75467,0 metr kabel təhvil verilmişdir. Təqdim olunmuş sənədlər əsasında müəyyən edilir ki, qeyd olunan iki PO üzrə “ABC 2010" MMC- yə müxtəlif növ borular, splitterlər, optik paylayıcı qutular, sement və digər tikinti-materialları olmaqla nəzərə çarpacaq həcmdə material təhvil verilmişdir. Təchizatın ümumi çəkisi və sayı təqdim edilmiş aktlara uyğun olaraq müəyyən edilmiş, lakin siyahıdakı materialların dəyəri aktlarda göstərilmədiyindən ümumi məbləğ üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Təqdim edilmiş təhvil-təslim aktlarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, 2023-cü ilin may ayından sonra "xxxx" MMC tərəfindən “İsos Group" MMC-yə Cəmi dirək: 600 ədəd (300 ədəd fiber qutu üçün dirək + 300 ədəd aralıq dirək) Cəmi kabel: 137002,0 metr Təhvil verilmişdir. "xxxx" MMC tərəfindən faktiki görülmüş işlərin ümumi dəyəri 445 932,34 (dörd yüz qırx beş min doqquz yüz otuz iki manat otuz dörd qəpik) təşkil edir. Təqdim edilmiş aktlara və üçüncü şəxslərin göstərdiklərinə əsasən "xxxx" MMC tərəfindən cəmi 2329 ədəd dirək quraşdırılmışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “ABC 2010“ MMC tərəfindən Rəşad Kərimovdan (üçüncü şəxs) 26412,0 metr FO-8 markalı fıber-optik kabelin quraşdırılması barədə işlər təhvil alınmışdır. Başqa üçüncü şəxslər və ya əlavə aktlar təqdim olunmadığı üçün kabel quraşdırılmasının ümumi həcmi barədə dəqiq yekun göstərici müəyyən etmək mümkün deyildir. Beləliklə, üçüncü şəxslərin göstərdiklərinə əsasən və təqdim edilmiş sənədlərlə təsdiq olunan həcmdə 26412,0 metr kabelin quraşdırılması müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iş materillarına əlavə olunan mail yazışmalarında adı qeyd olunan Kənan Hacıyevin Cavabdeh MMC-nin əməkdaşı olmadığını bildirsədə, kollegiya tərəfindən mail üzərindən yazışmalara baxış keçirilən zaman K.Hacıyeva Ramana layihəsinin bitirildiyi, Xaçmaz lahiyəsi üzrə 50.000 AZN mələğində PO açıldığı və demək olarki bu məbləğdə işlərin görüldüyü, daha 50.000 AZN PO açılması üçün sifariş verilməsi xahiş olunduğu müəyyən olunur. Cavabdeh MMC-nin Ramana və Salyan layihəsinin icra olunduğu qəbul etdiyi işin mübahisəsiz halı olduğundan qeyd olunan yazışmalarda lahiyələr üzrə məlumatı Kənan Hacıyeva verildiyindən buradan aydın olur ki, Kənan Hacıyev Cavabdeh MMC-nin əməkdaşıdır.

45. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış lakin, məhkəmə iclasında İddiaçı MMC tərəfindən alınmadığı qeyd edilən, işə cavabdeh tərəfindən əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, cavabdeh tərəf iddiaçının Xaçmaz layihəsi üzrə hər hansı bir işi görməsi halına istinad etməmişdir, qeyd edilmiş məktubda mal-materialların Xaçmaz rayonuna aparılsa da, icraçı tərəfindən tikinti və quraşdırma işlərinin tam icra edilməməsinə istinad olunmuşdur.

46. Həmçinin birinci intansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən İİİ şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 Xaçmaz layihəsinin "xxxx" MMC tərəfindən icra edildiyini, iddiaçı tərəfindən ancaq X5 ödənilmiş olan 9.000 manat və 8.785,32 manat dəyərində işlərin görüldüyünü, bu görülmüş işlərin də, yararsız olduğunu və sökülərək yenidən görüldüyü bildirmişdir.

47. Bundan başqa işə cəlb edilmiş müstəqil tələb irəli sürməyən İİİ şəxs-sub podratçılar R.Kərimov, A.Musayev və F.Axundov ifadələrində işlərin müəyyən hissəsinin (dirəklərin basdırılması) İddiaçı MMC ilə bağladıqları müqavilə əsasında onlar tərəfindən icra edildiyini və bunun müqabilində İddiaçı MMC tərəfindən ödənişlərin edildiyini, lakin lahiyə yarımçıq qaldığına görə davam etmədiklərini bildirmişlər.

48. İş materiallarına əlavə edilmiş subpodratçılar tərəfindən göndərilmiş 2023-cü ilin may ayına aid təhvil-təslim aktları və e-qaimələrin tarixləri ilə müəyyən edilir ki, İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyə əməl etməklə işləri icra etmişdir.

49. Kollegiya qeyd edir ki, Cavabdeh MMC-nin özü tərəfindən ünvanlanmış məktuba, tərəflər arasında olan mail yazışmalarına, cavabdehin nümayəndəsi vəkili Nümayəndə1 məhkəmə iclasındakı “PO lar üzrə işlər görülməmişdir, ola bilsin dirəklərin bir hissəsi quraşdırılmışdır” kimi zidiyyətli ifadələri, üçüncü şəxsin izahatından aydın olur ki, İddiaçı MMC tərəfindən Xaçmaz layihəsi üzrə işlər görülmüşdür. Cavabdeh MMC-nin işlərin görülməsi və ya tam görülməsinin başa çatdılrıması ilə bğalı İddiaçı MMC-yə hər hansı müraciəti (tələbi) olmamış, yalnız 21 iyul 2023-cü il tarixli məktubla icraçı tərəfindən Müqavilə üzrə öz öhdəliklərini pozduğunu nəzərə alaraq, Sifarişiçinin, yəni Cavabdeh MMC-nin faktiki olaraq Müqavilədən imtina ediyini və başqa bir podratçı - "xxxx" MMC şirkəti ilə müqavilə bağladıqlarını, həmin müqaviləyə əsasən işlərin yerinə yetirməsi "xxxx" MMC-yə həvalə edildiyini və müvafiq mal-materialların tərəflərindən bu şirkətə təhvil verildiyi bildirilmişdir.

50. Kollegiya qeyd edir ki, Cavabdeh MMC iddiaçı tərəfindən Xaçmaz layihəsinin icra edilməməsinə dair hər hansı sübut, (akt, fotoşəkillər, şahid və.s) təqdim olunmamışdır. Əksinə iddiaçıdan tərəflərindən verilmiş mal-materiallar əsasında işlərin görülməsini tələb etməmiş və yeni şirkətlə müqavilə bağlamışdır. Cavabdeh tərəfindən iddiaçıya malmaterilaın(dirəklər, optik kabellər, kabel üçün boruları, qaynaq ləvazimatları və.s) verilməsi işin mübahisəsiz halı olduğundan, o əgər layihə icra olunmadığı halda həmin materialların qaytarılmasını tələb etmək imkanı olduğu halda bunu etməmişdir. Cavabdehin yeni müqavilə bağladığı şirkətin ("xxxx" Group MMC) nümayəndəsi Xaçmaz layihəsində işlərin görüldüyünü, lakin onlar tərərfindən sökülərək yenidən icra olunduğunu bildirərək iddiaçı tərərfindən layihənin icra olunduğunu etiraf etmişdir.

51. Həmçinin eskpert rəyini təqdiq etdikdə görünür ki, Xaçmaz lahiyəsi üzrə PO- 73 üzrə icra edilən işlərin faktiki həcmi və dəyəri ekspertiza tərəfindən sənədlərlə təsdiq olunmadığına görə müəyyən edilə bilmir, PO-159 üzrə mal-material təhvili həyata keçirilmədiyi və işlərin icrasını təsdiq edən heç bir sənəd təqdim olunmadığı üçün görülmüş iş yoxdur, təqdim edilmiş qüsur aktları isə görülmüş işlərdə keyfiyyətsizlik olduğunu təsdiq edir, lakin qüsurların aradan qaldırılması ilə bağlı məlumat mövcud deyil. Bu səbəblə təqdim olunmuş materiallar əsasında 140 973,24 manatlıq işlərin faktiki yerinə yetirilib-yetirilməməsi və real dəyərinin hesablanması mümkün olmamışdır. “ABC 2010" MMC tərəfindən 3-cü şəxslərin göstərdiklərinə əsasən cəmi 2329 ədəd dirək, 26412,0 metr kabelin quraşdırılması müəyyən edilsədə, lakin işlərin dəyəri müəyyənləşdirilməmişdir.

52. Göründüyü kimi ekspert əraziyə baxış keçirmədən, yalnız təqdim olunmuş sənədlərə istinad etməklə yuxarıda qeyd edilən qənaətə gəlmiş, görülən işlərin həcmi və dəyəri ilə bağlı dəqiq məlumatlar rəydə əks olunmamışdır.

53. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə Nərmin M. (Elektron ünvan 4) ünvanından Gaukhar Kuzinaya (GaukharK@azerconnect.az), Rizvan Səfərova (RizvanS@ultel.az) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, PO 73 və PO 159 üzrə 2329 ədəd dayağın basdırıldığı, 26.412 metr kabel çəkildiyi, kabel və dayaqların quraşdırılmasının cavabdehin nümayəndəsi olan Ramal İsgəndərovun təhvil aldığı, 3 sahə üzrə görülən işlərin dəyərinin 350 K (350.000) manat olduğu qeyd edilmişdir.

54. 05.05.2023-cü il tarixli yazışmadan görünür ki, cavabdehin özü görülmüş işlərin dəyərinin PO məbləğini keçməsi halı etiraf edilmişdir. Avqust ayında olan yazışmalardan isə görünür ki, ümumi 3 layihə üzrə işin 350.000 olması halı cavabdehin nəzərinə çatdırılmış ancaq cavabdeh tərəfindən buna hər hansı bir etiraz bildirilməmişdir.

55. Kollegiya vurğulamaq istəyir ki, ümumiyyətlə cavabdeh tərəf iddiaçıya işin icrası ilə bağlı elektron poçt üzərindən hər hansı bir irad bildirməmişdir. Hansı ki, mail yazışmalarında mübahisəsiz hal olan materialların verilməsi, onların cavabdehdən tələb olunması və cavabdeh tərəfindən iddiaçının materiallarla təmin olunması təşkil edilmişdir.

56. İşin hallarından aydın olur ki, “ABC 2010" MMC-nin podrat mqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasına maraqlı olmuş, "xxxx" MMC, X8, Construction City” MMC arasında tikinti və quraşdırma işlərini görülməsi ilə bağlı müqavilələr imzalanmış, qyed edilən subpodratçılar tərərfindən işlər görülmüş və iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə subpodratçılara ödənişlər həyata keçirilmişdir. Bundan əlavə iş materiallarında olan sifariş sənədlərindən və tərəflərin izahatlarından müəyyən olunur ki, lahiyədəki işlər təkcə dirəklərin basdırılması və kabellərin çəkilməsindən ibarət olmamış, kabel quyularının hazırlanması, kabel qoruyucu borularının quraşdırlaması, optik qutuların quraşdırılması və.s olmuşdur.

57. Cavabdehin Xaçmaz lahiyəsinin İddiaçı tərəfindən tam icra edilməməsi, qismən edilmişsə belə qüsurlu icra edilməsinə görə "xxxx" MMC-lə yeni müqavilə bağlayıb, işlərin sıfırdan başlayaraq başa çatdırması dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş “Ultel MMC ilə "xxxx" MMC arasında Xaçmaz lahiyəsinə görə bağlanmış “Xidmət” müqaviləsindən görünür ki, müqavilə tarixi 28 aprel 2023-cü ildir. Bu tarixdən sonra sözügedən işlərin "xxxx" MMC tərəfindən icra edilməsi əlavə edilmiş sənədlərlə, e-mail yazışmalar və iddiaçı ilə bağlanmış yeni müqavilə tarixləri ilə təkzib edilir. Belə ki, 28 aprel 2023-cü tarixdə digər şirkətlə müqavilə bağlanmasına baxmayaraq, lahiyə üzrə işlər “ABC 2010" MMC tərəfindən icra edilməklə 2023-cü ilin iyul ayının ortalarına qədər davam etdirilmiş və işlərin yekunlaşdırılması barədə cavabdeh tərəfə email yazışmalarda məlumat verilmiş, hətta “Ultel MMC 01 may 2023-cü il tarixdə “ABC 2010" MMC ilə “Xidmət” müqaviləsinə 1 saylı “Dəyişiklik” adlı yeni müqavilə bağlayaraq 01 iyun 2023-cü il tarixə əsas müqavilənin müddətini uzatmış, müqavilə müddətinin bitməsinə 30 gün qalmış ona xitam vermək və ya dəyişdirmək haqqında tərəflərdən birinin təşəbbüsü olmadıqda, müqavilənin avtomatik olaraq hər dəfə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilməsi barədə razılaşmışlar. Cavabdehə "xxxx" MMC ilə bağladığı müqavilə olduğu halda iddiaçı ilə 01 may 2023-cü il tarixli yeni müqavilə bağlanmasının hansı zərurətdən irəli gəldiyi barədə sual verilsədə, sualı cavablandıra bilməmişdir.

58. Həmçinin iddiaçının işlərin yekunlaşması barədə cavabdehə PO tərtib edilməsinə dair e-mail yazısına cavab verilməmiş, buna cavab olaraq isə cavabdeh birinci instansiya məhkəməsində 21 iyul 2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya iddiaçı tərəfin iştirakı olmadan əraziyə baxış keçirilməklə müqavilədə nəzərdə tutulmuş işlərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsi, buna görə akt tərtib edilməsi barədə xəbərdarlıq məktubu göndərdiyini bildirmişdir. Lakin həmin məktubun və aktın çadırılmasına dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı isə son olaraq 18 avqust 2023-cü il tarixdə işlərin yekunlaşması və ümumi lahiyələrin dəyərinin 350000 manat olması ilə bağlı məlumatı cavabdehə göndərmiş, cavabdeh isə bu mail-ə hər hansı münasibət bildirməmişdir. Göründüyü kimi cavabdehin iddiaçı tərəfindən görüləcək işlərin digər şirkət tərəfindən yenidən başlayaraq icra etməsinə dair dəlilləri də əsassızdır.

59. Bundan əlavə cavabdehin iddiaçı tərəfindən işlərin qismən icra edilsə belə qüsurlu icra eddilməsi dəlilinə münasibətdə kollegiya hesab edir ki, bu dəlil də əsassızdır. Belə ki, işlərin qüsurlu icra edilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı pretenziya göndərilməmiş, görülmüş qüsurlu işlərlə bağlı tərəflərin iştirakı ilə baxış keçirilməmiş, qüsurların nədən ibarət olması, aradan qaldırılmalı olub-olmamasına dair hər hansı qüsur aktı tərtib edilməmişdir.

60. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

61. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

62. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1566/2024 nömrəli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar