Məhkəmə qərarları › İş №2-2(103)-791/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-791/2023

18.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-791/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs dövlət büdcəsinə olan 17825,37 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs həmin qərardaddan da şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadı ilə maraqlı şəxs tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Maraqlı şəxs həmin qərardaddan da şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarından isə müəyyən olunur ki, şikayəti elektron qaydada vəkil kimi göstərilmiş Vəkil imzalamış, lakin şikayətə maraqlı şəxsin adından həmin şəxsin adına verilmiş etibarnamə əlavə edilməmişdir. Belə olan halda isə şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Maraqlı şəxs isə şikayətdə tələb kimi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması qeyd etmişdir. Halbuki, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmış və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3265/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq şikayətin geri qaytarılması nəticəsinə gəlmişdir. Hazırda baxılan şikayətə sonradan verilmiş (xx.xx.2023-cü il tarixdə) etibarnamənin əlavə olunması isə qəbul edilən vaxt qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar