Məhkəmə qərarları › İş №2-2(103)-792/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-792/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-792/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1961/2023 saylı qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh QSC arasında 23 sentyabr 2020-ci il tarixli, SD-412/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq malları alıcıya təhvil verməyi, alıcı isə malları təhvil alaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 54390,92 manat borcun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, müqavilənin 1.1-ci bəndinə uyğun olaraq satıcı İddiaçı MMC tərəfindən ƏDV daxil 172416,88 manat dəyərində olan mebel və mebel məhsulları alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir. Bununla bağlı olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir. Alıcı Cavabdeh QSC tərəfindən malların dəyərinin ƏDV daxil 118025,96 manat hissəsi ödənilmiş, lakin ƏDV daxil 54390,92 manat hissəsi hazıra kimi ödənilməmişdir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, təmir-tikinti işləri ilə məşğuldur və Dövlət Təhlükəsizlik Xidmətinin podratçı kimi işlərini görüb. İddiaçı malları onlara yox, üçüncü şəxsə (Dövlət Təhlükəsizlik Xidmətinə) hissə-hissə təhvil vermişdir. İddiaçı nəqliyyat vasitəsinə yükləndikdən sonra malların hara təhvil verməli olduğu barədə məlumatlandırılırdı. Buna görə də, iddiaçı malları təhvil verdikdən sonra onunla cavabdeh arasında geri tarixə rəsmiləşdirmə aparılırdı. Belə ki, əvvəlcə elektron qaimə təqdim olunur, daha sonra mal təhvil verilir, bundan sonra qiymət razılaşma protokolu elektron qaimələrə uyğun tərtib olunurdu. Cavabdeh müqavilə üzrə ödəniş etmək niyyətindədir, lakin tələb olunan məbləğdə ödəniş mümkün deyil. Belə ki, təqdim olunan malların müəyyən hissəsi geri qaytarılıb, bir hissəsi xarab olub və iddiaçı tərəfindən borc məbləği qeyri-obyektiv qiymətləndirilmişdir. Hesablanan borc məbləğinin obyektiv qiymətləndirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli, bunun əsasında qətnamə qəbul edilməlidir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1961/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Cavabdeh QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddiaya etirazla eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, şifahi razılaşmaya əsasən malların dəyəri 3 ay müddətində ödənilməli idi. Cavabdeh müqavilə üzrə ödəniş etmək niyyətindədir, lakin tələb olunan məbləğ ödəniş mümkün deyil. Belə ki, təqdim olunan qaimələrdə adları sadalanan mebel məhsulları iddiaçı tərəfindən cavabdehə göndərilən zaman qüsurlu olduğuna görə cavabdeh tərəfindən həmin məhsullar iddiaçıya geri qaytarılmışdır. Cavabdehin iddiaçıya qeyd olunan məbləğdə borcu yoxdur. Həmçinin, tərəfindən məhkəməyə ekspertizanın təyin edilməsinə dair vəsatət verilməyinə baxmayaraq məhkəmə tərəfindən vəsatətə baxılmamışdır. Bu səbəbdən də hesab edir ki, tələb edilən cəmi borc məbləği düzgün hesablanmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

10. Məkəmə iclasında iddiaçının nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

13. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

18. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

19. Eyni zamanda işdən görünür ki, cəmi dəyəri 172416,88 manat olan malların cavabdehə təhvil verilməsinin rəsmiləşdirilməsi üçün 118025,96 manat dəyərində xx.xx.2020-ci il tarixli EBAR 395707 seriya və nömrəli, 54390,92 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBA 657204 seriya və nömrəli elektron qaimələr təqdim edilmişdir.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan da görünür ki, EBAR 395707 seriya və nömrəli elektron qaimə “təsdiqlənmiş”, EBBA 657204 seriya və nömrəli elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır və hər iki qaimənin vəziyyəti normaldır.

21. Həmçinin "xxxx" ASC-də açılmış iddiaçıya məxsus bank hesabından və ƏDV sub-uçot hesabından çıxarışlardan görünür ki, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə ƏDV daxil olmaqla cavabdeh tərəfindən 118025,96 manat ödəniş edilmişdir.

22. Göründüyü kimi müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 172416,88 manat dəyərində mebel və mebel məhsullarının təhvil verilməsi və Cavabdeh QSC tərəfindən malların dəyərinin ƏDV daxil 118025,96 manat hissəsinin ödənilməsi də işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda cavabdeh də həmin faktları mübahisələndirmir.

23. Bununla yanaşı bildirir ki, o, həmin malların bir hissəsini iddiaçıya geri qaytarmış, malların bir hissəsi isə xarab olmuşdur.

24. Kollegiya qeyd edir ki, cavabdeh həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

25. Həmçinin cavabdeh bir tərəfdən malların bir hissəsinin xarab olduğunu qeyd etsə də, digər tərəfdən bildirmişdir ki, tərəflər arasında işgüzar münasibətlər mallar təhvil verdikdən sonra geri tarixə rəsmiləşdirmə aparılması formasında olmuşdur.

26. Kollegiya qeyd edir ki, əgər həqiqətən də işgüzar münasibətlər bu qaydada baş tutmuşdursa, cavabdeh əvvəlcədən təhvil aldığı malların xarab olduğunu müəyyən etmiş olsaydı, sonradan ona göndərilən elektron qaimələrə etiraz edər və ya ən azı bununla bağlı iddiaçıya qarşı pretenziya irəli sürərdi. Hazırda isə bununla bağlı hər hansı hərəkətlər edilməmiş və qaimələr təsdiqlənmişdir.

27. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 54390,92 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

28. Cavabdeh QSC-nin digər dəlilləri də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə 01 saylı Əlavədən (Qiymətlərin razılaşdırılması protokolu) görünür ki, 172416,88 manat dəyərində 25 adda malın Gəncə şəhəri, Atatürk prospektində yerləşən DTX-nin inzibati binasına təhvil verilməsi razılaşdırılmışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün zərurət yoxdur. Çünki borcun məbləğini sadə riyazi hesablama ilə müəyyən etmək mümkündür (172416,88 – 118025,96 = 54390,92). Digər dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1961/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar