Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-793/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-467/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3031 manat məbləğindən pul vəsaitinin tutulub İddiaçınə ödənilməsi barədə və digər işlərin icrasının ləngiməsi və hazırda mümkünsüz hala gətirilməsi ilə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 10000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.03.2021-ci il tarixli e-2-2(113)-467/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1339,60 manat əsas borc, 132 manat cərimə məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq ümumilikdə 1501,60 (min beş yüz biri manat altmış qəpik) manatın İddiaçı hesabına ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə uyğun olaraq təhvil verilmiş işlərin dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilmişdir. İddiaçının təqdim etdiyi hesab fakturalar üzrə göstərilən işlərin sifariş edilməsinə dair əlavələrin olması barədə yalnız mübahisəli məhkəmə qətnaməsində qeyd aparılmışdır. Belə ki, qətnamədə 15 oktyabr 2019-cu il tarixli müqaviləyə 1 və 2 saylı əlavələrin olmasına istinad olunsa da, nə məhkəmə prosesi zamanı iddiaçının bununla bağlı sənəd təqdim etməsinə şahid olmuşlar (təqdim edilsə idi, surətini də cavabdeh tərəfə təqdim edərdilər), nə də ki, buna dair sənədlər məhkəmə elektron portalında yerləşdirilmişdir. Halbuki, bu sənədlər məhkəmə tərəfindən yazılı sübut kimi qəbul edilmiş və qətnamədə buna istinad olunmuşdur. Hesab edirlər ki, həmin əlavələrin surətləri cavabdehə təqdim edilməli və həmin sənədlərlə bağlı araşdırma aparılmalı idi. Ümumiyyətlə qeyd edilən əlavələrin cavabdeh tərəfindən imzalanıb müvafiq qaydada təsdiq edildiyi, habelə həmin əlavələr üzrə sifarişin verilibverilmədiyi aydın deyildir. Həmin əlavələrin iş materiallarında olmasına dair məlumat cavabdeh tərəfə mübahisəli qətnaməyə baxış keçirən zaman məlum olmuşdur. Müqavilədə qeyd edilən şərtlər nəzərdə tutulsa da, məhkəmə prosesi zamanı iddiaçı həmin əlavələrin surətlərini, həmçinin onların əsasında görülən işlərə dair təhvil-təslim aktlarını təqdim etməmiş, yalnız elektron qaimələr və hesab fakturalar təqdim etməklə kifayətlənmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ekspeditor “X3” MMC ilə sifarişçi "xxxx" ASC arasında bağlanmış 15.10.2019-cu il tarixli 04-10/2019 nömrəli nəqliyyat-ekspedisiya müqaviləsi bağlanmış və müqaviləyə əsasən ekspeditor sifarişçinin sifarişinə əsasən malın daşınması xidməti yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyib və onun müqavilə üzrə 3031 manat borcu vardır. Cavabdeh iddiaya etiraz və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, yükdaşıma xidmətinə görə pulun tutulması tələblərinin qanuni əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunan yük daşınması müqaviləsinin bağlanması mübahisəsizdir. Eyni zamanda iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya daşıma xidmətləri həyata keçirmiş, lakin sonuncu həmin xidmətlərin ödənişini həyata keçirməmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 06.02.2010-cu il tarixli 022053 saylı qaiməyə əsasən 319,60 manat dəyərində, 24.02.2020-ci il tarixli 714406 saylı elektron qaiməyə əsasən 1020 manat dəyərində yük daşıma xidməti həyata keçirilmiş, bununla bağlı iddiaçı tərəfindən cavabdehə adıçəkilən elektron qaimələr göndərilmiş və həmin qaimələr sistem tərəfindən avtomatik təsdiqlənmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bundan başqa, 06.02.2020-ci il tarixli 32 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, 06.02.2010-cu il tarixli 022053 saylı qaimədə göstərilən digər məbləğlər (30804 manat və 10268 manat) cavabdeh tərəfindən ödənilmişdir. Qeyd olunan hallar isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, cavabdeh müqaviləyə uyğun olaraq təhvil verilmiş işlərin dəyərini tam olaraq ödədiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış 15.10.2019-cu il tarixli 04-10/2019 nömrəli nəqliyyatekspedisiya müqaviləsinə 1 və 2 saylı əlavələr iş materiallarına əlavə edilmişdir. Həmçinin yuxarıda da qeyd olunduğu kimi cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş qaimələrə heç bir etiraz etməmiş, əksinə qismən ödənişlər etmişdir. Bu hal da daşınan yüklərin cavabdehə təhvil verildiyini tam təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-467/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-793/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-793/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver