Məhkəmə qərarları › İş №2-2(103)-795/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-795/2023

08.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-795/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ərizəçinin nümayəndəsi X1, Maraqlı şəxs və maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3454/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 4319,57 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 4319,57 manat məbləğində (o cümlədən, vergilər üzrə 2717,6 manat, faizlər üzrə 1601,97 manat) olmaqla, ümumilikdə 4319,57 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********408000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Maraqlı şəxs ərizəyə etiraz edir və bildirir ki, vergi orqanının hesabladığı verginin heç bir əsası yoxdur. Bununla bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Həmçinin, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsidir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə İqtisadiyyat Nazirliyi mərkəzi icra hakimiyyəti orqanıdır. Prezidentin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirliyin strukturuna daxil olan qurumdur. Yəni Xidmət dövlət orqanı deyil, onun qurumudur. Buna görə də, məhkəmədə tərəf Xidmət deyil, Nazirlikdir. Bununla belə, Xidmətin Prezident tərəfindən təsdiq edilmiş Əsasnaməsinin 3.0.16, 4.0.25-4.0.27 və 4.0.32-ci bəndlərinə əsasən Xidmət məhkəmədə iddia qaldıra və öz adından çıxış edə bilər. İqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarələrinin Əsasnaməsi”nin 1.3-cü bəndində də deyilir ki, İdarə “müstəqil qaydada məhkəmədə tərəf və digər şəxs qismində bilavasitə iştirak edir ”. Lakin bu sənəd Prezidentin Fərmanı ilə təsdiq edilmiş Əsasnamədən fərqli olaraq, normativ hüquqi akt deyil. Buna görə də, sırf Nazirliyin və Xidmətin daxili sənədi olaraq üçüncü şəxslərə münasibətdə tətbiq edilə bilməz. O cümlədən məhkəmədə İdarənin tərəf (subyekt) olduğuna dəlalət edə bilməz. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 20-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir. Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın qəbulu üçün əsas olmuş akt göstərilməli və həmin aktın icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir. Göründüyü kimi, İdarənin Əsasnaməsi qərarla deyil, əmrlə təsdiq olunmuşdur. Üstəlik orada onun qəbulu üçün əsas olmuş akt göstərilməyib və həmin aktın icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməyib. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.16, 40.0.4 və 78.1-ci maddələrinə uyğun olaraq normativ hüquqi akt X5 Reyestrinə daxil edilməlidir. İdarənin Əsasnaməsi isə həmin Reyestrə daxil edilməyib. Mülki Prosessual Məcəllənin 73-cü maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Ərizəçi etibarnamə təqdim etməyib. Qeyd edilənləri nəzərə alaraq, ərizənin geri qaytarılmasını (rədd edilməsini) xahiş edir.

4. Maraqlı şəxsin etirazına münasibətdə ərizəçi bildirir ki, Bakı İnzibati Məhkəməsində qaldırılmış iddia mümkün iddia olmadığından həmin iddia ərizəsi əsas götürülməklə ərizənin təmin edilməməsinə hər hansı maneə törədə bilməz. Bundan başqa, etirazda Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin tərəf ola bilməməsi barədə qeyd edilənlərlə bağlı bildirilir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.1-ci bəndinə əsasən nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Həmin Əsasnamənin 5.5.3-1-ci bəndinə əsasən iqtisadiyyat naziri nazirliyin yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini təsdiq edir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 5.1-ci bəndinə əsasən Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Həmin Əsasnamənin 5.5.5-ci bəndinə əsasən xidmətin rəisi xidmətin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq üçün Nazirliyə təqdim edir. Göründüyü kimi nazirlik və xidmət öz fəaliyyətini strukturunua daxil olan qurumlar vasitəsilə həyata keçirir və bu nöqteyi nəzərdən 3 saylı Ərazi Vergilər İdarəsi ona verilmiş səlahiyyət çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarələrinin Əsasnamə”sinə əsasən müstəqil qaydada tərəf kimi məhkəmədə iştirakı tam əsaslıdır.

5. Ərizəçinin etirazına münasibətdə maraqlı şəxs bildirir ki, əsassız hesablanmış vergi borcu məsələsinə, iddianın mümkünlüyünə və s. İnzibati mübahisənin predmetinə aiddir. Bundan əlavə, etirazda ərizəçi Prezidentin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.5.3-1-ci bəndinə istinad edir. Həmin bənddə nazirin səlahiyyəti qismində qeyd olunmuşdur ki, nazirlik yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini təsdiq edir. Göründüyü kimi, bu bənddə əsasnamələrin nazirin hansı aktı ilə təsdiq edilməsi qeyd olunmayıb. Həmin Əsasnamənin 5.5.3-cü bəndində isə deyilir ki, Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməyən məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir. Əsasnamənin 5.5.13-cü bəndinə görə isə nazir əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir. Yəni əmr qeyri-normativ sənəddir. Beləliklə, əsasnamə əmrlə deyil, normativ hüquqi akt olan qərarla təsdiq olunmalıdır. Bu olmayanadək ərizəçi məhkəmədə tərəf ola bilməz.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3454/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

7. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti ərizəyə etirazla eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz maraqlı şəxsin ərizəyə etirazına münasibətlə eyni qaydada əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Maraqlı şəxs və maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdilər, ərizəçinin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

12. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

14. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

15. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

16. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməlidir.

19. Belə ki, ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi və vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********1 saylı nömrəli bildirişlə təsdiq olunur.

20. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.

21. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi borcunun yaranma mənbəyi və bunun qanuni olub-olmaması hazırki mübahisənin predmeti deyildir və yalnız inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Eyni zamanda vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, maraqlı şəxsin dövlət büdcəsinə ödənilməmiş 4319,57 manat borcu vardır. Digər dəlillərə dair qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi haqqında Əsasnamənin” 5.5.3-1-ci bəndinə əsasən Nazirlik yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini Nazir təsdiq edir. Qeyd olunandan göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarələrinin Əsasnaməsinin nazir tərəfindən təsdiq edilməsi qanuni olmuşdur. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.9-cu maddəsinə əsasən nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Hazırkı iş üzrə ərizəçinin əsasnaməsinin hüquqi qüvvəsi, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə əsasən müəyyən edilir və həmin əsasnamə ilə idarənin əsasnamənin təsdiq edilməsi səlahiyyəti nazirə həvalə edilmişdir.

22. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3454/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar