Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-797/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun verilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-485/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. “Sirena“ MMC ilə "xxxx" ASC arasında iddiaçının mülkiyyətində olan “Changan CS 15” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair xx.xx.2018-ci il tarixli kasko sığorta müqaviləsi bağlanmış, “Atasığorta “ ASCdən kasko (tam) sığorta şəhadətnaməsi alınmışdır. Sığorta şəhadətnaməsinə əsasən avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üzrə sığortalanmış, 1600,80 manat məbləğində sığorta haqqı ödənişi və 450 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. İddiaçı qeyd edilən avtomobili etibarnamə əsasında sürücüyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək idarə etməyi etibar etmiş, xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş vermiş, nəticədə nəqliyyat vasitəsinə ziyan dəymişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 1699 manat məbləğində pulun, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla 1600,64 manat dəbbə pulu, 60 manat məbləğində mediasiya xərci və 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, avtoqəza nəticəsində kasko sığortalı avtomobilə 1699 manat ziyan dəymişdir. Dəymiş ziyanın qısa müddətdə “Sirena“ MMC-nin bank hesabına ödənilməsi xahiş edilsə də, hazırkı vaxta qədər sığorta ödənişi edilməmişdir. Sürücü ayıq vəziyyətdə olmuş, avtomobili idarəetməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobilə əhəmiyyətli dərəcədə ziyan dəymişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı MMC-nin "xxxx" ASC-yə təqdim etdiyi sığorta tələbi barədə müraciətinə əsasən "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 454 manat məbləğində müəyyən edilmişdir. Əlavə olaraq tərəflər arasında bağlanmış sığorta müqaviləsindən də göründüyü kimi, hər sığorta hadisəsi üçün 450 manat azadolma məbləği nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək "xxxx" ASC-nin hüququdur. "xxxx" ASC tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə əmlaka dəymiş zərər müəyyən edilmişdir. Odur ki, qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı dəbbə pulu hesablana bilməz.
5. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 883.1, 888.1, 922.1, 926.1, 926.2, 926.3, 898.2-ci maddələrinə istinad edərək, hesab etmişdir ki, iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülərək, dəymiş zərər 1639 manat məbləğində müəyyən olunmalı, göstərilən hissədə iddia qismən təmin olunmalı, dəymiş ziyanın məbləği olan 1639 manatdan 450 manat azadolma məbləği çıxılmaqla, 1189 (min yüz manat səksən doqquz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə təmin olunmamalıdır.
6. Həmçinin cərimənin tutulması tələbinə münasibətdə Mülki Məcəllənin 934.2-ci maddəsinə istinad edərək, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək, məhkəmə hesab etmişdir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 70 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
7. Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli e-2-2(113)-485/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1189 (min yüz səksən doqquz) manat sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləği, 70 (yetmiş) manat dəbbə pulu, 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 1319 (min üç yüz on doqquz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 60 (altmış) manat hissəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 40 (qırx) manat hissəsinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim X2).
8. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
14. Həmin Məcəllənin 934.1-ci maddəsinə görə, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
15. Həmin Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
18. Belə ki, Mülki Məcəllənin 933.1 və 934.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır.
19. Çünki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada sığorta müqaviləsi bağlanılmış, müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə ilə müəyyən edilən sığorta hadisəsi baş vermiş və sığortalanmış əmlaka maddi zərər dəymişdir.
20. Sığorta ödənişinin məbləği isə aşağıdakı qadada müəyyən olunmalıdır.
21. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19 aprel 2022-ci il tarixli, 9/2534 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Changan Alsvin V3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bəpa xərci hadisə baş verən tarixə təxminən 1639 manat müəyyən olunur.
22. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta ödənişi avtomobilə dəymiş 1639 manat məbləğindən tərəflərin razılaşdığı 450 manat azadolma məbləği (franşiza) çıxılmaqla 1189 manat təşkil edir.
23. Dəbbə pulunun tutulmasına dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
24. İddiaçı da həmin maddəyə əsasən hesablanmış 1600,64 manat məbləğində dəbbə pulunun tutulması tələbini irəli sürmüşdür.
25. Bununla belə birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğ Mülki Məcəllənin 467-ci maddəsinə istinad edilməklə 70 manat məbləğinə qədər azaldılmış (halbuki Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına görə qanunla müəyyən edilmiş dəbbə pulu azaldıla bilməz), iddiaçı tərəfindən isə qətnamədən apellyasiya şikayəti verilməmişdir.
26. Ona görə də, dəbbə pulunu ödənilməsi barədə tələblərin təmin edilmədiyi hissə hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. Həmin tələblərin təmin edildiyi hissədə isə iddia əsaslıdır.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-485/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova