Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-799/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3911/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. “Yunus-Emre" MMC-nin xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə 77,78 manat, Dövlət Sosial Müdafiə Fonduna 607,92 manat, İcbari Tibbi Sığorta Fonduna 146,73 manat, İşsizlikdən Sığorta Fonduna 0,1 qəpik olmaqla, cəmi 832,53 manat borcu qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “Yunus-Emre" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 27.051,43 manat, Dövlət Sosial Müdafiə Fonduna 2.836,6 manat, İşsizlikdən sığorta fonduna 104,24 manat, İcbari Tibbi Sığorta Fonduna 504,91 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün qanuni təmsilçisi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2.836,6 manat, dövlət büdcəsinə 27051,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 25053,86 manat, faizlər üzrə 1997,57 manat), İşsizlikdən Sığorta Fonduna 104,24 manat, İcbari Tibbi Sığorta Fonduna 504,91 manat olmaqla, ümumilikdə 30.493,24 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********797000, xx.xx.2024-cü il tarixli **********541100, xx.xx.2024-cü il tarixli **********796300, xx.xx.2024-cü il tarixli **********798700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3911/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) ərizə rədd edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, ölkədən getmək məhdudiyyətinin tətbiqi üçün maraqlı şəxsin vergi borcunu ödəməkdən yayınma məqsədilə ölkədən getmək ehtimalı olmalıdır.
6. Məhkəmə kollegiyası son olaraq qeyd etmişdir ki, maraqlı şəxs dövlət büdcəsinə və müvafiq fondlara olan borcun böyük hissəsini yəni 29.660,71 manatı ödəmiş, cəmi 832,53 manat borcu qalmışdır. Qeyd edilmiş 832,53 manat borcun isə 77,78 manat hissəsini vergi üzrə faiz üzrə qalıq məbləği, Dövlət Sosial Müdafiə Fonduna penya üzrə qalıq məbləği 607,92 manat, İcbari Tibbi Sığorta Fonduna olan 146,73 manat faiz üzrə qalıq məbləği təşkil edir. Bu xüsusda məhkəmə qeyd etmişdir ki, borc məbləğinin 29.660,71 manat hissəsini ödəmiş şəxsin və cəmi 832,53 manat borca görə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması, onun hüquqlarının əsassız məhdudlaşmasına səbəb olacağından ərizə təmin edilə bilməz
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
7. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3911/2024 nömrəli qətnaməsinin ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, ərizəçinin dəlillərinə münasibət bildirilməmişdir. Maraqlı şəxs tərəfində borcların tam şəkildə ödənilməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. İş üzrə maraqlı şəxsin şəxsi hesab vərəqəsinə əsasən onun borclarının olması barədə dəlillər məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə yalnız mütənasiblik prinsipinə istinad edərək və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq iş üzrə yanlış qərar vermişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər saldıqda görünür ki, ərizə üzrə ümumilikdə tələb olunan borc tam şəkildə ödənilməmiş qalmaqdadır. Məhkəmə isə öz qətnaməsini tərəflərin təqdim etdiyi və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalı olduğu halda ərizəçinin dəlillərinə düzgün hüquqi qiymət verməyərək iş üzrə məhkəmə baxışının prinsiplərinin pozuntusuna yol vermişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, borcun ödənilməsinin təmin edilməsi üçün tətbiq edilən tədbirlə tələb edilən borc arasında mütənasiblik olmadığına görə borc məbləğinin 29.660,71 manat hissəsini ödəmiş və cəmi 832,53 manat borca görə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması, onun hüquqlarının əsassız məhdudlaşdırılmasıdır. Lakin şikayətə əlavə edilmiş şəxsi hesab vərəqəsindən də göründüyü kimi, vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə, icbari tibbi sığorta fonduna və Dövlət Sosial Müdafiə Fonduna borc tam şəkildə ödənilməmiş, məhkəməyə müraciət edilmiş ərizə üzrə ödənilməmiş borcu qalmaqdadır. Məhkəmə qərar qəbul edərkən qeyd edilən halları nəzərə almamış, subyektiv yanaşma sərgiləmiş, işin obyektiv araşdırılması üçün üzərinə düşən vəzifəni yerinə yetirməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Maraqlı şəxs məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
10. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
11. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
12. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
13. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3911/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. İş materiallarından görünür ki, vergi orqanı hazırkı ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdikdən sonra “Yunus-Emre" MMC-nin vergi borcu üzrə xx.xx.2024-cü il tarixdə 31379 manat ödəniş edilmiş, yalnız 77,78 manat faiz borcu qalmışdır. Eyni zamanda şəxsi vərəqədən görünür ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna ərizə verilərkən 504,91 manat borcundan 410 manatı, Dövlət Sosial Müdafiə Fonduna olan 2.836,6 manat borcdan 2531 manatı xx.xx.2024-cü il tarixdə ödənilmişdir.
15. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, maraqlı şəxsin dövlət büdcəsinə və müvafiq fondlara olan əsas borclar ödənildiyindən qalıq faiz borclarına görə hüquqi şəxsin qanuni təmsilçisinin sərbəst hərəkət hüququnun məhdudlaşdırılması hüquqa müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi meyarına və mütənasiblik prinspinə ziddir.
16. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
17. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3911/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3911/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.