Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-8/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə3, Nümayəndə2 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-168/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 şirkətinə qarşı iddia qaldıraraq, cavabdehlərdən 1042068,15 (bir milyon qırx iki min altmış səkkiz manat on beş qəpik) manat maddi zərərin və 300000 (üç yüz min) manat işgüzar nüfuzuna vurulan zərərin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2-2(82)- 168/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən “Holiday İnn" otelinin 13 (5-17-ci) mərtəbəsinin havalandırma (soyutma-isitmə) sisteminin qüsurlu olması səbəbindən tam yenilənməsi ilə əlaqədar aparılan təmir-bərpa işlərinə çəkilən xərclərin dəyəri kimi 502839,44 manat, təmir-bərpa işləri müddətində əldən çıxmış gəlir olaraq 54000 manat və iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 15000 manat, cəmi 571839,44 manatın və 15 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il tarixli 19 noyabr tarixli 2-2(103)-797/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2-2(82)-168/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.08.2020-ci il tarixli 2-2(102)-132/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2019cu il tarixli 2-2(103)-797/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (sifarişçi) ilə “X11 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti (podratçı) arasında 07 iyun 2011-ci il tarixində İddiaçı MMC-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik və mexaniki sistemlərin quraşdırılmasına dair iki podrat müqaviləsi imzalanmışdır. Hər iki müqavilədə görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. Birinci müqavilə 07.06.2011-ci il tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair” podrat müqaviləsidir. Həmin müqaviləyə əsasən "Şirkət" Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda MMC-yə təhvil verməlidir (m. 2). Müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci bəndinə görə, 2-ci bəndə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir. Tərəflər arasında həmin podrat müqaviləsinə 09 yanvar 2014-cü il tarixli 1 saylı əlavə razılaşma bağlanmış və həmin razılaşmada qeyd olunmuşdur ki, Sifarişçinin (MMC-nin) Podratçıya (Şirkətə) əvvəl görülmüş işlərə görə 45.000 ABŞ dolları, razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcu vardır. Sifarişçi podratçıya 10.01.2014-cü il tarixdə 23.000 ABŞ dolları ödəniş etməlidir. Sifarişçi və podratçı hər ayın 30-cu günündə görülən işləri yoxlayacaq (sayacaq) və görülən işlərin dəyərinin 50%-ni sifarişçi podratçıya 3 gün ərzində ödəyəcəkdir. Podratçı əlavədəki elektrik sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra 30.000 ABŞ dolları sifarişçi podratçıya ödəniş həyata keçirməlidir. Sifarişçi otelin soft-opening etdikdən sonra podratçıya qalan 30.0000 ABŞ dollarını və otelə ilk müştəri qəbul edilən gündən 1 ay sonra 30.000 ABŞ dolları ödəniş həyata keçirməlidir. Podratçı əlavə 1-dəki işləri də bitirib sifarişçiyə təhvil verməlidir. İkinci müqavilə 07.06.2011-ci il tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" podrat müqaviləsidir. Həmin müqaviləyə əsasən Podratçı Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda Sifarişçiyə təhvil verməlidir (m. 2). Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci bəndinə görə, 2-ci bənddə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 2.150.000 manat və ya 2.738.854 ABŞ dolları təşkil edir. Tərəflər arasında həmin podrat müqaviləsinə 11 iyul 2013-cü il tarixli 1 saylı əlavə razılaşma bağlanmış və həmin razılaşmada qeyd olunmuşdur ki, sifarişçi adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və buna müvafiq olaraq müqavilə üzrə Podratçıya ödənilməli olan məbləğin də 2.750.000 manat olmasını təsdiq və qəbul etmişdir. Podratçı da adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və 11 iyul 2013-cü il tarixə 2.750.000 manat olmasını qəbul etmiş və bu məbləğin ödənilməsi şərti ilə müqavilə üzrə işlərin davam etdirilməsini öhdəsinə götürmüşdür. 1 saylı Əlavə Razılaşmanın 1-ci bəndi ilə "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinin 5-ci maddəsində "2.150.000 manat" sözləri "2.750.000 manat" sözləri, "2.738.854 (USD)" sözləri "3.503.185 ABŞ dolları" sözləri ilə əvəz edilmişdir; Tərəflər arasında həmin podrat müqaviləsinə 25 noyabr 2013-cü il tarixli 2 saylı əlavə razılaşma bağlanmış və həmin razılaşmada qeyd olunmuşdur ki, Sifarişçinin Podratçıya qalan borcu 565.450 manatdır. 25.11.2013-cü il tarixdə 50.000 manat, 10.12.2013-cü il tarixdə 50.000 manat, 25.12.2013-cü il tarixdə 50.000 manat, 05.01.2014-cü il tarixdə 50.000 manat Sifarişçi Podratçıya pul ödəməlidir. (Podratçı ilk ödənişdən sonra 7 iş günü ərzində lazımi miqdarda işçi sayını artıracaqdır). 05.01.2014-cü il tarixinə qədər Podratçı bütün material sifarişlərini etməlidir. Podratçı təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra Sifarişçi Podratçıya 115.450 manat pul ödəməlidir. Sifarişçi otelin soft-opening etdikdən sonra Podratçıya qalan 200.000 manat pulu, otelə ilk müştəri qəbul edilən gün 25.000 manat pulu, həmin gündən 1 ay sonra isə daha 25.000 manat pulu ödəməlidir. Podratçı aşağıdakı işləri də bitirib Sifarişçiyə təhvil verəcəkdir: dayanacaq havalandırma işləri, santral kanallarının fasadla əlaqələndirilməsi, A və C blokların yanğın nərdivanlarında təzyiq sistemlərinin quraşdırılması, mətbəxlərin ventilyasiya və su xətlərinin quraşdırılması, qazanxana, chillerlər və nasos otağının alüminium ilə qapadılma edilməsi, 3-cü mərtəbə slot qutularının yerinə quraşdırılması, su yumuşatma sisteminin quraşdırılması, A Blok Chiller elektron kartının quraşdırılması, C Blok chiller qazının əlavə edilməsi, ventilyasiya üçün lazımi sacin gətirilməsi, ezgost fanlarının gətirilməsi, vitrifıyelərin quraşdırılması, mətbəx sprinker xətlərinin quraşdırılıması, ümumi məkanların sprinklerlərinin quraşdırılması, müqavilədə qalan digər əksik işlərin quraşdırılması. İddiaçı “X11 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manatın və 93.840 ABŞ dollarının, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi və cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh “X11 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı qarşılıqlı iddia qaldıraraq, 55.729 manat və 494.661 ABŞ dollarının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli 2-2(81)-8/2017 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, cavabdehdən 249.550 manat və 138.000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı “X11 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti və cavabdeh İddiaçı MMC həmin qətnamədən ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 2-2(103)-218/2017 saylı qətnaməsi ilə iddiaçı apellyasiya şikayətləri təmin edilməmiş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “X11 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti və cavabdeh İddiaçı MMC həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli 2-2(102)-381/17 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2017-ci il tarixli 2-2(103)-218/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı MMC Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli 2-2(102)-381/17 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli qərarına əsasən “X11 Gida Tarım Sanayi və Ticaret Limited” Şirkətinin İddiaçınə qarşı görülmüş işlərin dəyərinin ödənilməsi, inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılmasına məcbur edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 oktyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qərarı və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 2-2(103)- 218/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2-2(103)-91/2019 saylı qətnaməsi ilə iddiaçı «X11 Gıda Tarım Sanayi ve Tijaret Limited» Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-8/17 saylı, 05 yanvar 2017-ci il tarixli qətnaməsi qismən - cavabdehdən iddiaçının xeyrinə 249550 manat və 93000 ABŞ dollarının tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və cavabdeh həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.11.2019-cu il tarixli 2-2(102)-367/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli 2-2(103)-91/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-137/2020 saylı 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı 05 yanvar 2017ci il tarixli qətnaməsinin ilk iddiaya aid hissədə ləğv edilməsi, iddiaçı “X11 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkətinin cavabdeh İddiaçı MMC-yə qarşı cavabdehdən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manatın və 93.840 ABŞ dollarının, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi, cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılması barədə ilk iddianın təmin edilməməsi və qətnamənin qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı tərəfindən kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-166/2021 saylı 02.06.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-137/2020 saylı 27 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-899/2021 saylı 15.09.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “X11 Gida Tarım Sanayi ve Ticaret Limited” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin “ilk iddianın təmin edildiyi” hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-40/2022 saylı 31.01.2022-ci il tarixli qərarı ilə “X11 Gida Tarım Sanayi və Ticaret Limited” Şirkətinin kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 sentyabr tarixli e-2-2(103)-899/2021 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı bildirir ki, həmin müqavilələr əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyev küçəsinin kəsişməsində 679-cu məhəllədə çoxmərtəbəli otel və biznes mərkəzində (“X12” otelində) mexaniki və elektrik sistemlərinin quraşdırılmasını həyata keçirmişdir. “X12” otelinin müştərilərinin (sakinlərinin) “Booking.com”, “TripAdvisor”, “Expedia”, “İHG” və digər internet portallarında yazdıqları şikayətləri, narazılıqları havalandırma sisteminin otaqlara hava təminatının keyfiyyətsiz olması və otelin havalandırma sisteminin yoxlanılması üçün komissiya yaradılmışdır. Komissiyanın 16.08.2017-ci il tarixli aktına əsasən Şirkətin işlərin keyfiyyətli görməməsi müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı MMC yeni avadanlıqlarının və tikinti materiallarının alınması, işlərin görülməsi üçün yeni podratçı ilə podrat müqaviləsi bağlamış və “Holiday İnn" otelinin 13 (5-17-ci) mərtəbəsinin havalandırma (soyutmaisitmə) sisteminin qüsurlu olması səbəbindən tam yenilənməsi ilə əlaqədar çəkiləcək xərclərin, bununla yanaşı (təmir-bərpa işlərinin) və işlərin tam yerinə yetirilməsinə görə meydana çıxan xərclərin dəyəri 502.839,44 manat təşkil etmişdir. Bundan əlavə İddiaçı MMC-nin “Holiday İnn" otelinin məcburiyyət qarşısında mərtəbələrinin təmirə bağlanması müddətində əldən çıxmış gəliri 539.528,71 manat təşkil etmişdir. Şirkətin “Marine Plaza" MMC-yə vurduğu zərər ümumilikdə 1.042.068,15 manat təşkil etmişdir. Bundan əlavə, İddiaçı MMC-yə məxsus X12 oteli İHG beynəlxalq otellər şəbəkəsi brendi altında fəaliyyət göstərir. Otel 2015-ci ildə açıldığı vaxtdan İngiltərənin bu nüfuzlu təşkilatının ticarət markasını istifadə etməkdədir. Hər il məhz bu məşhur markaya görə Booking.com, TripAdvisor, Expedia, İHG və digər internet portallarında müxtəlif ölkələrdən qruplar, şirkətlər, ayr-ayrı şəxslər onlayn rezervasiyalar edərək otelə qonaq gəlirlər. Lakin Şirkətin binada havalandırma, isitmə-soyutma sisteminin keyfiyyətsiz quraşdırması səbəbindən bu üç il ərzində qonaqlardan otaqların havalandırma sistemi ilə bağlı yüzlərlə şikayətlər gəlmişdir. Bu şikayətlər təkcə otelin rəhbərliyinə deyil, Booking.com, TripAdvisor, Expedia, İHG və digər internet portallarında da öz əksini tapmış və İHG beynəlxalq ticarət markasının və "xxxx" MMCnin işgüzar nüfuzuna böyük xələl gətirmişdir. Şirkətin və onun Azərbaycan Respublikasindaki Filialinın "xxxx" MMC-nin işgüzar nüfuzuna vurduqları zərər 300.000 manat təşkil etmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, podrat müqaviləsi 07.06.2011-ci il tarixdə bağlanmış və həmin müqavilə üzrə yerinə yetirilmiş işlər də daxil olmaqla otel istifadəyə verilmiş, səlahiyyətli dövlət orqanları tərəfindən qəbul olunaraq, istismarına icazə verilmişdir. Belə olan halda, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsinin heç bir əsası yoxdur. "xxxx" MMC-nin iddiası əsassız olmaqla yanaşı, onun iddia etdiyi tələb üzrə 1 illik iddia müddəti də ötürülmüşdür. Bundan əlavə, müqaviləyə əsasən görülən bütün işlər yararlı vəziyyətdə yerinə yetirilmişdir. İddiaçı həmin vaxtdan Şirkətə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız qiymətləri mübahisələndirməyə cəhd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında podrat müqaviləsinin bağlanması və podrat müqaviləsindən irəli gələn münasibətlərin olması mübahisəsizdir. Eyni zamanda iddiaçının istinad etdiyi hallar podratın qüsurları ilə bağlıdır və bu məsələlər Mülki Məcəllənin 762, 464-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. (762.1). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3). Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər (764.1). Lakin hazırki işdən müəyyən olunur ki, podratçı işləri qüsurlu görmüşdür. Belə ki, Mülki Məcəllənin podratla bağlı məsələləri tənzimləyən 752, 770, 772, 773, 776-cı maddələrinin birgə təfsirindən müəyyən edilir ki, podratçı gördüyü işləri sifarişçiyə təhvil vermək, sonuncu isə həmin işləri qəbul etmək öhdəliyini daşıyır. Lakin tərəflər arasında görülmüş işlərin təhvil-təslimi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 şirkəti öz öhdəliklərini tam olaraq icra etməmiş və işləri İddiaçı MMC-yə tam təhvil verməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi podrat işlərini qüsursuz icra etmək öhdəliyi və ona görə də, bu halı sübut etmək vəzifəsi məhz podratçının üzərinə düşür. Lakin podratçı Cavabdeh1 şirkəti nə hazırki işdə, nə də yuxarıda qeyd olunan digər işdə işləri qüsursuz yerinə yetirməsinə dair sübutları (təhvil-təslim aktlarını) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə sifarişçi "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən 16 avqust 2017-ci il tarixli aktda göstərilmişdir ki, Şirkət ilə "xxxx" MMC arasında 07.06.2011-ci il tarixdə Podrat müqaviləsi bağlanmış və 2014-cü ilədək həmin müqaviləyə olan əlavə razılaşmalar əsasında Şirkət "xxxx" MMC-nin sifarişinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyev küçəsinin kəsişməsində 679-cu məhəllədə çoxmərtəbəli otel və biznes mərkəzində ("X12" otelində) mexaniki və elektrik sistemlərinin quraşdırılmasını həyata keçirmiş işlərə baxış keçirmiş, havalandırma sisteminin otaqlara hava təminatının keyfiyyəti yoxlanılmış, avadanlıqların gücü müəyyən edilmiş, şikayətçilərin, "X12" otelinin müştərilərinin (sakinlərinin) "Booking.com", "TripAdvisor", "Expedia", "İHG" və digər internet portallarında yazdıqları şikayətləri, narazılıqları, tələb və məsləhətləri araşdırılmışdır. Araşdırılma zamanı müəyyən edilmişdir ki, podratçı Şirkətin işlərin keyfiyyətli görməməsi, avadanlıqların tələbata uyğun seçilməməsi, otel otaqlarına fankoylların soyutma və isitmə güclərinin az olması, hər mərtəbədə isti və soyuq suyun açmaqapama ventillərinin olmaması, ümumi sistemin səhv montajı, havalandırmaya aid fleks boruların daş yunu ilə tıxanması, vertikal qidanlandırma borularının düzgün montaj olunmaması kimi qüsurlu işlər görülmüşdür. Buna görə də aşkar olunan qüsurları aradan qaldırmaq üçün oteli mərtəbələr üzrə bağlayaraq qurulmuş tavanın sökülməsinə, fankoillərin dəyişdirilməsinə, təsisatın yenilənməsinə, boruların genişlənməsinə və bütün bu işlərlə əlaqədar qarşıya çıxan digər mexaniki işlərin görülməsinə zərurət yaranmışdır. Akt "xxxx" MMC-nin direktorunun 11 avqust 2017-ci il tarixli 001-17 nömrəli əmri ilə yaradılmış Komissiyanın sədri, "xxxx" MMC-də baş mühəndisin müavini Nümayəndə3, Komissiyanın üzvü "xxxx" MMC-də mexanika üzrə nəzarətçi X4 və Komissiyanın üzvü "xxxx" MMC-də Satış və marketing üzrə müdir müavini X1 tərəfindən tərtib edilmiş və imzalanmışdır. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı MMC (sifarişçi) fiziki şəxs X2 (icraçı) (VÖEN: **********) arasında 1105/05 saylı 11 may 2018-ci il tarixli xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi ilə F.Səfərəliyeva küçəsi 5 ünvanında yerləşən obyektində isitmə borularının və fancoilların quraşdırılması işlərinin həyata keçirilməsi, sifarişçi isə həmin xidmətlər məqbul yerinə yetirildikdə onları qəbul etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Əmlak Ekspert Mərkəzinin ƏEM/S 49-849/18 saylı 17 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli “Holiday İnn” otelinin 13 (5-17-ci) mərtəbəsinin havalandırma (soyutma-isitmə) sisteminin qüsurlu olması səbəbindən tam yenilənməsi ilə əlaqədar çəkilən xərclərin bununla yanaşı (təmir bərpa işlərinin) və işlərin tam yerinə yetirilməsinə görə meydana çıxan əlavə xərclərin dəyəri 502.839,44 manat təşkil etmişdir. Göründüyü kimi İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilən sübutlara əsasən podratçı Cavabdeh1 şirkəti tərəfindən təqdim edilən işlərin qüsurlu olması və İddiaçı MMC-nin həmin qüsurları öz vəsaiti hesabına yenidən xərc çəkərək, digər bir şəxslə bağlanmış müqavilə nəticəsində aradan qaldırması sübut olunur. Eyni zamanda işdən görünür ki, sifarişçi tərəfindən podratçı şirkətə Mülki Məcəllənin 764.1-ci maddəsində nəzərdə tutulan əlavə icra üçün müddət verilməsinə imkan olmamışdır. Belə ki, işin hallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış podrat müqavilələri tam icra olunmadan podratçının iddia ərizəsi əsasında tərəflər arasında yuxarıda qeyd olunan kommersiya mübahisəsi yaranmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən hazırki məhkəmə üçün göstərişləri məcburi olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.08.2020-ci il tarixli 2-2(102)-132/2020 saylı qərarında da qeyd olunmuşdur ki, hazırkı mübahisədən əvvəl eyni tərəflər arasında eyni müqavilə və razılaşmalardan irəli gələn öhdəliklərin icra olunmamasına dair başqa mübahisə yaranmışdır və həmin mübahisə hazırda davam etməkdədir. İşin materialları ilə həmin mübahisənin başa çatması müəyyən olunmur. Bundan başqa, hazırkı iş üzrə cavabdeh tərəfin vəkilinin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, KMP-nin 2018-ci il 11 iyun tarixli Qərarından sonra əvvəlki mübahisəyə apellyasiya instansiyası məhkəməsində baxılaraq müvafiq qətnamə qəbul edilmiş, sonradan həmin qətnamə kassasiya instansiyası məhkəməsinin müvafiq qərarı ilə ləğv olunaraq iş baxılmaq üçün qətnaməni qəbul etmiş apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, bundan sonra həmin mübahisənin mahiyyəti üzrə başqa məhkəmə qərarı olmamışdır. Göründüyü kimi, tərəflərin podrat razılaşmasından irəli gələn öhdəliklərini tam icra edib-etməməsi məsələləri hazırda mübahisəli vəziyyətdədir. Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki mübahisə üzrə iddia tələblərinə məhkəmə qaydasında aydınlıq gətirilmədən hazırkı mübahisənin ədalətli və əsaslı həlli qeyrimümkündür. Belə ki, hazırkı mübahisə üzrə iddiaçının tələblərini cavabdeh tərəfindən işlərin qüsurlu yerinə yetirilməsi nəticəsində ona müvafiq məbləğdə dəymiş zərərin (ümumilikdə 1.342.068,15 manat) Şirkətdən tutulması təşkil edir. İşlərin qüsurlu yerinə yetirilməsi (əgər belə hallar həqiqətən olmuşdursa) məhz podrat müqaviləsinin və ona dair əlavə razılaşmaların tələblərinin, onlardan irəli gələn öhdəliklərin podratçı tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Həmçinin MMC-yə zərər vurulması faktı həqiqətən mövcuddursa, bunun podratçı tərəfindən işlərin natamam yerinə yetirilməsi nəticəsində baş verməsini əvvəlcədən istisna etmək olmaz. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyasının mövqeyi belədir ki, hazırkı mübahisənin ədalətli və əsaslı həlli məqsədilə ilk mübahisəyə dair yekun məhkəmə qərarının çıxarılmasının gözlənilməsinə zərurət yaranmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia müddətinin ötürülməsi dəlilinə dair bildirir ki, yuxarıda qeyd olunduğu kimi, hazırkı mübahisədən əvvəl eyni tərəflər arasında bu mübahisə ilə sıx bağlı olan başqa mübahisə yaranmışdır və həmin mübahisə hazırda məhkəmə müstəvisində davam etməkdədir. İlk mübahisəyə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə aydınlıq gətirilmədən hazırkı mübahisənin ədalətli və əsaslı həlli qeyri-mümkündür. Bundan başqa, ilk mübahisə üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2017ci il 5 yanvar tarixli 2-2(81)-8/2017 saylı qətnaməsindən görünür ki (işin materialları, İİ cild, səh. 119), ilk mübahisə ilə əlaqədar da Şirkət tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Yəni həmin məsələ ilkin mübahisə zamanı məhkəmə baxışının predmeti olmuşdur. Ona görə də bu məsələyə ilk mübahisənin yekunlarına uyğun olaraq aydınlıq gətirilə bilər. Həmçinin kollegiya hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Həmin Məcəllənin 776.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi, podrat müqaviləsi üzrə qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Lakin görülmüş işlərin qəbulu ilə bağlı hər hansı formada sübut (təhvil-təslim aktı) təqdim edilməmiş və məhkəmə araşdırması zamanı bu hal müəyyən edilməmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.08.2020-ci il tarixli 2- 2(102)-132/2020 saylı qərarında da qeyd olunmuşdur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin iddia müddətinin ötürülməsi dəlilinə dair bildirir ki, yuxarıda qeyd olunduğu kimi, hazırkı mübahisədən əvvəl eyni tərəflər arasında bu mübahisə ilə sıx bağlı olan başqa mübahisə yaranmışdır və həmin mübahisə hazırda məhkəmə müstəvisində davam etməkdədir. İlk mübahisəyə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə aydınlıq gətirilmədən hazırkı mübahisənin ədalətli və əsaslı həlli qeyri-mümkündür. Bundan başqa, ilk mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017ci il 5 yanvar tarixli 2- 2(81)-8/2017 saylı qətnaməsindən görünür ki, ilk mübahisə ilə əlaqədar da Şirkət tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Yəni həmin məsələ ilkin mübahisə zamanı məhkəmə baxışının predmeti olmuşdur. Ona görə də bu məsələyə ilk mübahisənin yekunlarına uyğun olaraq aydınlıq gətirilə bilər. Cavabdehin iş üzrə icraata xitam verilməsi ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.08.2020-ci il tarixli 2-2(102)-132/2020 saylı qərarında qeyd olunmuşdur ki, kassasiya şikayətində hazırkı tələblərin əsasları ilə eyni olan iddiaya hazırda məhkəmədə baxıldığı əsas gətirilərək MPM-nin 261.0.1-ci maddəsinə uyğun olaraq icraata xitam verilməli olduğu göstərilir. Məhkəmə kollegiyası bu istinadı düzgün hesab etmir. Belə ki, KMP-nin 21 iyun 2010-cu il tarixli Qərarında müəyyən edildiyi kimi, MPM-nin 261.0.1-ci maddəsinin tətbiqi mübahisəli hüquq münasibətinin hələ yaranmaması və ya mübahisəli hüquq münasibətinə məhkəmədən kənar baxılmalı olması halları mövcud olduqda mümkündür. Belə hallar hazırkı mübahisədə yoxdur. Əgər şikayətçinin qeyd etdiyi kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə digər məhkəmə mübahisəsi mövcud olsaydı, MPM-nin 261.0.2-ci maddəsinə uyğun olaraq hazırkı iş üzrə iş üzrə icraata xitam verilməli idi, bir şərtlə ki, ilkin mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Lakin ilkin mübahisə üzrə hazırda yekun məhkəmə qərarı yoxdur. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, həm hazırkı, həm də əvvəlki mübahisə əsasən eyni müqavilə və razılaşmalardan irəli gələn öhdəliklərin icra olunmamasına dair yaransa da, onlar arasında müəyyən bağlılıq olsa da, bu mübahisələrdən irəli gələn tələblər eyni deyildirlər. Bununla əlaqədar hazırkı mübahisə üzrə MPM-nin 261-ci maddəsi tətbiq edilərək icraata xitam verilməsi üçün əsas yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən tam təsdiq olunur ki, cavabdeh tərəfindən işlər qüsurlu olaraq görülmüş, sifarişçi də başqa şəxslə podrat müqaviləsi bağlamış və qüsurları öz hesabına aradan qaldırmışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı işlərin qüsurlu olması səbəbindən tam yenilənməsi görə meydana çıxan xərclərin dəyəri olan 502.839,44 manatın cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması hissəsində iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin hazırkı işdə bu şərtlərin mövcud olması təsdiq olunmur. Belə ki, tərəflərin izahatından və işdə olan sənədlərdən müəyyən olunur ki, təmir işləri 5-17-ci mərtəbələrdə aparılmış və təmir zamanı otelin bütün mərtəbələri deyil, növbəliliklə yalnız 2 mərtəbəsi təmirə bağlanılmışdır. Digər tərəfdən, iddiaçı tərəfin təqdim etdiyi 30 may 2019-cu il tarixli arayışda 2017-ci ildə və 7 ay ərzində aparılan təmirlə bağlı 2018-ci ildə otaq satışının müqayisəli cədvəlində 771816 manat fərqin (ziyanın) məhz təmirlə birbaşa əlaqəsi görünmür və bu əsasla əldən çıxmış fayda kimi cavabdehdən 539.528,71 manat tələb edilməsi əsassızdır. Bundan əlavə "xxxx" MMC qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni qonaqların oteldən otaq bron etdiyini, lakin təmirlə əlaqədar sifarişin təsdiqlənməsinin mümkün olmadığını və məhz bu səbəbdən qonaqların bronu ləğv etdiyini, otaq satışının mümkün olmadığı və s. halları təsdiq edən sübutları da təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, işgüzar nüfuza vurulan zərərin əvəzinin ödənilməsi barədə tələblər də təmin edilə bilməz. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı cavabdehin öz öhdəliyini pozması nəticəsində onun işgüzar nüfuzuna nə kimi zərər vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əldən çıxmış fayda və işgüzar nüfuza vurulmuş zərərə görə pulun tutulması hissəsində ləğv edilməli, yuxarıda qeyd olunan əsaslara görə həmin hissədə iddia təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-168/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 avqust 2019-cu il tarixli qətnaməsi qismən, yəni əldən çıxmış gəlir olaraq 54000 manat və işgüzar nüfuza vurulmuş zərərə 15000 manat pulun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-8/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-8/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver