Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-800/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Mikayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndə2, nümayəndəsi və vəkili X1, ilk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, X2, X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə ilk, Cavabdeh İddiaçınə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin 27.04.2021-ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) İddiaçı apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh İB tərəfindən artıq hesablanmış 303.000 manat borcun silinməsi, qazın dayandırılması nəticəsində İddiaçı MMC-yə dəymiş 418200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə ******* manatın, ümumilikdə ******* manat vəsaitin Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk İddiaçı MMCnin Cavabdeh İB-yə qarşı ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh İB-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış 262359,47 manat borcun və 30 manat məbəğində dövlət rüsumunun məcburi qaydada tutularaq Birliyin bank hesabına ödənilməsi barədə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.04.2021- ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə ilkin iddiasının rədd edilməsi, Cavabdeh İddiaçınə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddiasının təmin edilərək 262359,47 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İş üzrə ekspertiza keçirilmiş, ekspert tərəfindən məhkəmə tərəfindən qoyulmuş suala cavab olaraq bildirilmişdir ki, qaz tənzimləyicisinin qaz sayğacından sonra quraşdırılması layihələndirmə normaları və işçi layihəyə uyğun deyil. Məhkəmə rəyi ona görə nəzərə almamışdır ki, ekspert tərəfindən məhkəmənin “tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdə qazdan daha artıq təzyiqdə qazın daxil olmasına, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilməsi, səbəb olursa artıq hesablanmış sərfiyyatın nə qədər təşkil etməsi” soruşulsa da, ekspert bu suala qeyri-müəyyən cavab vermişdir. Əgər rəydə məhkəmə üçün hər hansı qeyri-müəyyənlik var idisə, o zaman iş üzrə təkrar ekspertiza keçirilməli, ekspertlər məhkəmə iclasında dindirilməli idi. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, dəymiş ziyan və əldən çıxmış fayda tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, iddianı təmin etmə tədbiri görülərək iddiaçının qaz təchizatının dayandırılması Cavabdeh İB-nə qadağan edilmiş, lakin buna baxmayaraq qaz təchizatı dayandırılmış, Cavabdeh İB İXMnin 528-1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə olunmuşdur. İstixanaya qazın verilişi dayandırıldığından iddiaçı alternativ isitmə vasitələrindən istifadə etmiş, əlavə xərclər çəkmiş, istixanada məhsuldarlıq aşağı düşmüş, pomidor ştilləri yanmışdır. Dəymiş ziyanın həcmi ilə bağlı mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edilən müətəxəssis rəyinə qətnamədə ümumiyyətlə qiymət verməmiş, qarşılıqlı iddia üzrə təqdim edilmiş sübutları səthi araşdırmışdır. İlk iddia üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndə2, nümayəndəsi və vəkili X3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, X4, X12 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 27.04.2021- ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsi qismənqarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, ilk iddia borcun silinməsi hissəsində qismən təmin edilərək 262359,47 manat qalıq borc silinməli, Cavabdeh İddiaçınə qarşı 262359,47 manat borcun tutulması barədə qarşılıqlı iddiası rədd edilməli, qətnamə ilk iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında 25 yanvar 2018-ci il tarixdə Akx- 2/559 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. İlk iddia üzrə iddia ərizəsinə əlavədə İddiaçı artıq hesablanmış 303.000 manat borcun silinməsi barədə tələb irəli sürsə də, abonent saldosundan görünür ki, cavabdehin iddiaçıya 05 iyun 2020-ci il tarixə olan qalıq borcu 262359,47 manat təşkil etmişdir. İlk iddia üzrə iddiaçı iddia edir ki, texniki şərtə əsasən qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılması nəzərdə tutulsa da Cavabdeh tərəfindən 2018-ci ilin noyabr ayında qaz tənzimləyinin yeri onların razılığı olmadan dəyişdirilərək sayğacdan sonra quraşdırılmış, 2020-ci ili yanvar ayında isə yenidən öz yerinə qaytarılmış, nəticədə həmin dövr üçün qaz sayğacı sərfiyyatı faktiki istehlak edildiyi həcmdən artıq qeyd etmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş Bakı Regional Qazın Satışı Departamentinin İddiaçı MMC-yə ünvanladığı 12.06.2018-ci il tarixli bildirişdən görünür ki, 15 gün müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tərəflərindən təmin olunması tələb edilmiş, əks təqdirdə müəssisənin qaz təchizatının dayandırılacağı qeyd olunmuşdur.(1-ci cild, 24-cü vərəq). Cavabdeh nümayəndələri məhkəmə iclaslarında İddiaçınə məxsus qaz sayğacının qaz tənzimləyicisinin yerinin 2018-ci ilin noyabr ayında dəyişdirildiyini qəbul etməmiş, bu barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyini, sərfiyyatdakı artımın bu faktı sübut etmədiyini, tələb edilən borcun qaz sayğacının göstəricisinə əsasən hesablanmış, yəni faktiki istehlak edilmiş qazın dəyəri olduğunu göstərmişlər. Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-2(113)-359/2020 saylı qərardadına əsasən iş üzrə məhkəmə mühəndis – texniki ekspertizası təyin edilmişdir. Məhkəmə mühəndis – texniki ekspertizasının 10 fevral 2021-ci il tarixli, 10/3359 saylı rəyində qeyd olunmuşdur ki, “Qaz təchizatı layihələndirmə normaları” 2.12-1 AzDTN- nin 7.14 bəndinin tələblərinə və Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus istixanaya qaz təchizatı üçün verilmiş texniki şərtə və işçi layihəsinin cizgilərinə əsasən, qaz tənzimləyicisi qaz sayğacından əvvəl quraşdırılmalıdır. Həmin qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması qeyd olunan layihələndirmə normalara və işçi layihəsinə uyğun deyildir. “İton, TZ/FLUXİ trubin qaz sayğacı. Quraşdırma və istismar təlimatı”nda göstərilən tələbləri nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacların sonradan artıq xətalarla işləməsi, yəni qazın sərfiyyatınln düzgün hesablanmamasına gətirə biləcəyi qeyd olunmuşdur. İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış “Kubuş” markalı qazanların maksimal saatlıq qaz sərfiyyatlarını və işləmə rejimini nəzərə aldıqda, həmin markalı 4 ədəd suqızdırıcı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatı 262500 kub.m. təşkil edir. İddiaçı MMC-nin abonentin saldosundan görünür ki, 2018-ci ilin yanvar ayı üçün qazın sərfi 357372 kub.m., (artıq hesablanmış sərfiyyat 65938 kub.m.), 2018-ci ilin noyabr ayı üçün qazın sərfi 367588 kub.m. (artıq hesablanmış sərfiyyat 105088 kub.m.), 2018-ci ilin dekabr ayı üçün qazın sərfi 577892 kub.m. (artıq hesablanmış sərfiyyat 315392 kub.m.), 2019-cu ilin yanvar ayı üçün qazın sərfi 577892 kub.m. (artıq hesablanmış sərfiyyat 134977 kub.m.), 2019-cu ilin fevral ayı üçün qazın sərfi 416391 kub.m. (artıq hesablanmış sərfiyyat 153891 kub.m.), 2019-cu ilin mart ayı üçün qazın sərfi 417784 kub.m. (artıq hesablanmış sərfiyyat 155284 kub.m.), 2019-cu ilin aprel ayı üçün qazın sərfi 322613 kub.m. (artıq hesablanmış sərfiyyat 60113 kub.m.), 2019-cu ilin noyabr ayı üçün qazın sərfi 519268 kub.m. (artıq hesablanmış sərfiyyat 256768 kub.m.), 2019-cu ilin dekabr ayı üçün qazın sərfi 351894 kub.m. (artıq hesablanmış sərfiyyat 89394 kub.m.), 2020-ci ilin yanvar ayı üçün qazın sərfi 363528 kub.m. (artıq hesablanmış sərfiyyat 101028 kub.m.), 2020-ci ilin fevral ayı üçün qazın sərfi 340748 kub.m. (artıq hesablanmış sərfiyyat 78248 kub.m.) hesablanmışdır. Göstərilən tarixlər üçün İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış 4 ədəd “Kubuş” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatından (262500 kub.m.) MMC-nin saldosundan 2018-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayına qədər qış mövsümlərinin soyuq ayları üçün göstərilmiş sərfiyyatlardan ******* kub.m. məbləğdə qaz sərfiyyatı artıq hesablanmışdır. Birinci instansiya məhkəməsi borcun silinməsi barədə qarşılıqlı iddianın rədd edildiyi hissədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ekspert tənzimləyisinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olmasına, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilməsi sualına qeyri – müəyyən cavab vermişdir. Bundan sonra ekspert tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olması nəticəsində artıq hesablanmış vəsaitin hesablanması istiqamətində araşdırma aparmamış, hesablamalarını su qızdırıcı qazanların aylıq maksimal qaz sərfiyyatı ilə əsaslandırmışdır. Halbuki, hazırkı mübahisənin mahiyyətini məhz qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması nəticəsində artıq hesablamanın aparılması təşkil edir. Bundan başqa, ekspert rəyinin təsviri hissəsində istilikxanada 7 ədəd su qızdırıcı qazanın olması göstərilsə də, hesablama 4 ədəd qazanın maksimal aylıq sərfiyyatı hesablanaraq artıq qaz sərfiyyatının olduğu qeyd olunmuşdur. Ekspert hesablamaların 7 deyil, 4 qazana görə aparılmasını “baxışda iştirak etmiş Natiq Zaxarzadənin deməsinə görə” fikri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş sualın cavabının aydın qeyd edilməməsini iddia edilən halın sübut edilməməsi kimi qiymətləndirmək və bu əsasla iddianı rədd etmək düzgün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Qeyd edilən normanın tələbinə əsasən ekspert rəyi ilə məhkəmə tərəfindən qoyulmuş suala verilən cavab tam aydın olmadıqda işə baxan hakim və ya məhkəmə iş üzrə əlavə ekspertiza təyin etməklə və yaxud rəy vermiş ekspertləri məhkəmə iclasına dəvət etməklə kifayət qədər aydın olmayan cavabın izah edilməsini təmin edə bilər. İşə apelyasiya qaydasında baxılarkən apelyasiya şikayətinin dəlillərinin araşdırılması üçün iş üzrə rəy vermiş ekspertlər məhkəmə iclasına dəvət edilmiş, ekspert X5 verdiyi rəylə bağlı izahat verərək bildirmişdir ki, “Qaz təchizatı. Layihələndirmə normaları”na əsasən, qaz tənzimləyici bütün avadanlıqlardan əvvəl quraşdırılmalıdır. Rəydə cavab ona görə “tənzimləyicinin yerinin dəyişdirilməsi qaz sərfiyyatın artımına təsir edə bilər” kimi qeyd edilmişdir ki, tənzimləyici sayğacdan sonra quraşdırıldığı hər bir halda deyil, yalnız qazın təzyiqinin çox olduğu, yəni sürətlə gəldiyi hallarda sayğacın göstəricisinin daha çox fırlanması nəticəsindən xətalar baş verməsi daha sərfiyyatın daha artıq qeyd edilməsinə səbəb olur. İddiaçı MMC-yə məxsus obyektdə mövcud olan qaz işlədicilərinin üzərində 1 saatda maksimal qaz sərfinin 437,5 kub metr qeyd edildiyindən 4 ədəd suqızdırıcı qazanın aylıq maksimal qaz sərfiyyatının 262500 kub metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçınə verilmiş texniki şərtdə də qazlaşdırılması nəzərdə tutulan obyektə hər birinin saatlıq qaz sərfi 437,5 kub metr olan 4 ədəd qazan quraşdırılması nəzərdə tutulmuşdur. Cavabdeh İB tərəfindən İddiaçınə məxsus obyektdə qazla işləyən qazanların sayının dörddən artıq olması barədə hər hansı sübut təqdim edilməmişdir. Ekspert rəyindən görünür ki, iddiaçıya məxsus obyektin sayğacı Cavabdeh İB-nin Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Zirə-3 saylı X6raşdırılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sayğacın yerləşdiyi stansiyaya giriş-çıxış imkanı məhdud olduğundan sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməli olduğuna dair Cavabdeh İB tərəfindən 12.06.2018-ci il tarixli bildiriş göndərildikdən sonra tənzimləyicinin yerinin dəyişdirildiyini iddiaçı yalnız dolayı sübutla, yəni qaz sərfiyyatında artımın baş verməsi ilə sübut edə bilərdi. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, dolayı sübutlar əsas faktlara, yaxud işin hallarına və ya hadisələrin gedişinə dair elə informasiyaları bildirir ki, onların əsasında əsas faktlar barəsində nəticə çıxarmaq mümkün olur (İlqar Məmmədov Azərbaycana qarşı, 142-ci bənd; Rəsul Cəfərov Azərbaycana qarşı, 158-ci bənd). İddiaçı abonent saldosundan görünür ki, mübahisələndirilən dövrlə əvvəlki ilin eyni ayları müqayisə edildikdə qaz sərfiyyatında artım müşahidə edilir. Belə ki, 2017-ci ilin noyabr ayı üzrə iddiaçının qaz sərfiyyatının məbləği 52330,40 manat, 2018-ci ilin noyabr ayında isə 73517,60 manat, 2017-ci ilin dekabr ayında 65687,60 manat, 2018-ci ilin dekabr ayında isə 115578,40 manat, 2018-ci ilin yanvar ayında 71474,40 manat, 2019-cu ilin yanvar ayında 79495,40 manat, 2018-ci ilin fevral ayında 40123 manat 2019-cu ilin fevral ayında isə 83278,20 manat, 2018-ci ilin mart ayında 52481,80 manat, 2019-cu ilin mart ayında 83556,80 manat, 2018-ci ilin aprel ayında 35876 manat, 2019-cu ilin aprel ayında isə 64522,60 manat, 2018-ci ilin oktyabr ayında 4008 manat, 2019-cu ilin oktyabr ayında 23063,20 manat olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş texniki şərtdə iddiaçıya məxsus obyektin qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılması nəzərdə tutulduğu halda texniki şərtdə dəyişiklik edilmədən istehlakçıdan qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tələb edilməsi, əks halda qaz təchizatının dayandırılacağına dair Cavabdeh İB tərəfindən göndərilmiş xəbərdarlıq, o cümlədən sərfiyyatda artım dolayısı ilə təsdiq edir ki, qaz tənzimləyicisinin yeri Cavabdeh İB dəyişdirilmişdir. Məhkəmə işin qeyd edilən hallarını, iş üzrə verilmiş ekspert rəyinə əsasən İddiaçı qaz işlədicilərinin aylıq maksimal sərfiyyatının 262500 kub metr olduğunu nəzərə alaraq müəyyən edir ki, mübahisəli dövr üzrə (2018-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək) ilk iddia üzrə iddiaçıya məxsus obyektdə sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməsi ilə əlaqədar qaz sayğacı faktiki istehlak edilmiş sərfiyyatdan daha artıq sərfiyyat qeydə aldığından hər ay 262500 kub metrdən artıq qeydə alınmış, cəmi ******* kub.metr qaz sərfi ilə əlaqədar hesablanmış 274.387 manat (1371935/1000x200 manat) əlavə borc silinməlidir. Məhkəmə mühəndis – texniki ekspertizasının 10 fevral 2021-ci il tarixli, 10/3359 saylı rəyində ekspert qaz tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar mübahisəli olmayan dövr- 2018-ci ilin yanvar ayı və 2020-ci ilin fevral ayı üçün də artıq sərfiyyat hesablayaraq İddiaçınə artıq hesablanmış sərfiyyatın ümumilikdə 1.516.121 kub metr olduğunu qeyd etdiyindən məhkəmə hesab edir ki, mübahisəli olmayan aylar üçün ekspert tərəfindən hesablanmış sərfiyyat (65938 m3+78248m3) nəzərə alınmamalıdır. İddiaçıya artıq hesablanmış sərfiyyatın məbləği məhkəmə tərəfindən 274387 manat müəyyən edilsə də, iddiaçının 05 iyun 2020-ci il tarixə olan qalıq borcunun məbləği cəmi 262359,47 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə qismən ləğv edilərək ilk iddia 262359,47 manat məbləğində borcun silinməsi hissəsində təmin edilməli, qalan hissədə borcun silinməsi tələbi rədd edilməli, o cümlədən qeyd edilən məbləğdə borcun İddiaçı Məhdud Məsuliyyətindən tutulması hissəsində qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə qazın dayandırılması nəticəsində dəymiş 418200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə ******* manat ziyanın tutulması barədə ilk iddia tələblərinin təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Dəymiş ziyan tələbi ilə bağlı İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd olunur ki, iddiaçıya məxsus istixana kompleksində 2020-ci ilin noyabr ayından etibarən qeyri-müntəzəm istilik göstəricisinin olması səbəbindən pomidor məhsuldarlığı əvvəlki illərlə müqayisədə azaldığından əldən çıxmış fayda 402993 manat, sahədə 82 ton məhsulun yetişdirilməsi nəzərdə tutulduğundan dəymiş ziyan 418.200 manat, ümumilikdə 821193 manat müəyyən edilir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. İddiaçı iddia ərizəsində qeyd edilənlərdən və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçıya məxsus istixanada yerləşən qızdırıcı qazanlardan üçü dizellə işləmiş, qaz təchizatının dayandırıldığı dövrdə alternativ yanacaq vasitəsi kimi daha bahalı olan dizel yanacağından istifadə edildiyi üçün hüquqi şəxsə 30.000 manat ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçınə məxsus istixananın borcla əlaqədar və ya hər hansı digər səbəbdən qaz təchizatı dayandırılmış olsa belə, istixana dizel yanacağından istifadə olunmaqla qızdırıldığından əkilmiş pomidor ştillərinin müəyyən hissəsinin sıradan çıxması və məhsuldarlığın azalması ilə qaz təchizatının dayandırılması arasında səbəbli əlaqə müəyyən olunmur. İş materiallarında istixananın qaz təchizatının dayandırıldığı günlərin dəqiq sayı və bununla əlaqədar iddiaçının 30.000 manat artıq dizel yanacağı sərf etməsi barədə mötəbər sübut olmadığından ilk iddianın qeyd edilən hissələrdə təmin edilməməsi qanuni və əsaslı hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 27.04.2021- ci il tarixli e-2-2(113)- 1685/2021 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, ilk iddia borcun silinməsi hissəsində qismən təmin edilərək 262359,47 manat qalıq borc silinməli, Cavabdeh İddiaçınə qarşı 262359,47 manat borcun tutulması barədə qarşılıqlı iddiası rədd edilməli, qətnamə ilk iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 27.04.2021- ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. İlk iddia borcun silinməsi hissəsində qismən təmin edilərək 262359,47 manat qalıq borc silinsin. Cavabdeh İddiaçınə qarşı 262359,47 manat borcun tutulması barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamə ilk iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Cavabdehndən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 200 manat ekspertiza xərci tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-800/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-800/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver