Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-800/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “X3 ve X1 Sanayi Ticarət LTD ŞTİ”- nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1493/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı “X3 ve X1 Sanayi Ticarət LTD ŞTİ” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X3 ve X2 Sanayi Ticarət LTD ŞTİ” ilə Cavabdeh MMC arasında 19 iyun 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsində qeyd olunan öhdəliklə bağlı iddiaçı tərəfindən cavabdehə satılmış malın dəyəri olaraq 31820 ABŞ dolları məbləğində pulun və həmin məbləğin vaxtında ödənilməməsi ilə bağlı illik 5% gecikməyə görə 1591 ABŞ dolları olmaqla cəmi 33411 ABŞ dolları, o cümlədən mediasiya üçün ödənilmiş 50 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu 260,40 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1493/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 21180 ABŞ dolları əsas borcun, illik 5%-lə hesablanmış 1059 ABŞ dolları faiz borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 50 manat mediasiya xərcinin və 173,05 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “X3 ve X1 Sanayi Ticarət LTD ŞTİ”-yə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-1493/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faiz məbləğində müəyyən edilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi məbləğ 33.411 ABŞ dolları (56.798,70 manat) olduğundan apellyasiya şikayəti verilərkən iddia ərizəsi verilərkən ödənilməli olan 260 manat 40 qəpik dövlət rüsumunun 50 faizi, yəni 130 manat 20 qəpik məbləğində dövlət rüsumu ödənilməli idi. İşdən görünür ki, cavabdeh apellyasiya şikayəti verərkən cəmi 99 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1493/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1493/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-800/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-800/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver