Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-806/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının qanuni nümayəndəsi X3, vəkili və nümayəndəsi Vəkil1, vəkili X1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, iddiaçı Türkiyə Respublikasının “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 05.03.2021-ci il tarixli e-2-2(113)-34/2021 nömrəli qətnaməsindən hər iki tərəfin verdiyi apelyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdehlər “X8 Abwassertechnık GMBH” şirkətinin Azərbaycan Respublikasındakı filialına və “R+R İNC” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək müqavilə üzrə ödənilməli olan 1.049,251 ABŞ dolları, həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq 289.305 ABŞ dolları, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 50.000 ABŞ dolları olmaqla, cəmi 1.388.556 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.10.2019-cu il tarixli qərardadları ilə İddiaçınin Azərbaycan Respublikasındakı filialı əsl iddiaçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti ilə, cavabdeh “R+R İNC” MMC isə əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu su təchizatı və kanalizasiya xəttinin çəkilməsi işlərinin aparılması məqsədilə Almaniya Respublikasının “X10 X9 Echnik GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalı ilə Türkiyə Respublikasının “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında Qəbələ Rayon Su Təchizatı və X5 Sistemi üzrə B/7460/LV/008/129 saylı 23.01.2015-ci il tarixli Subpodrat müqaviləsi bağlanmışdır. Göstərilən subpodrat müqaviləsinə əsasən Qəbələ rayonu su təchizat və kanalizasiya xəttinin çəkilməsi işləri Türkiyə Respublikasının “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına həvalə edilmişdir. Müqaviləyə əsasən görüləcək işlərin dəyəri 28.352.148 ABŞ dolları təşkil etmiş və həmin məbləğin faizi nəzərə alınaraq bütün subpodratçı işlərinin icrası və tamamlanması üçün müqavilə qiyməti 25.233.412 ABŞ dolları hesablanmışdır. 10.07.2015-ci il tarixdə İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə “R+R İNC” MMC arasında bağlanmış müqaviləyə əsasən baş podratçı “X10 X9 Echnik GMBH” şirkəti və subpodratçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasındakı qarşılıqlı razılığa əsasən MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikası filialı su çəkilişi və kanalizasiya tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquqlarını və öhdəliklərini “R+R İNC” MMC-yə əvəzi ödənilməklə güzəşt etmişdir. Qeyd edilən müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən həmin müqavilənin 1.1-ci bəndində göstərilən güzəştin dəyəri olaraq “R+R İNC” MMC 2.000.000 ABŞ dolları məbləğində pulu avans faizinə uyğun olaraq 12 ay müddətində bərabər bölünmə nisbətində nağd və ya bank köçürülməsi yolu ilə MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödəməli idi. Cavabdeh “R+R İNC” MMC tərəfindən müqavilənin şərtləri qismən icra olunaraq, sonuncu ödəniş tarixi 07.09.2019-cu il tarixi olmaqla hissə-hissə şəklində 950.749 ABŞ dolları MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilmiş, qalan 1.049.251 ABŞ məbləğində pul isə bu günə kimi ödənilməyərək müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. 10.07.2016-cı il tarixdən hesablanmaqla gecikdirilmiş günlərin sayı 04.07.2019-cu il tarixinə 1.089 gün təşkil edir. Belə olan təqdirdə AR Mərkəzi Bankının hazırkı gün üçün müəyyən etdiyi illik 8,5 %-lik uçot faiz dərəcəsi nəzərə alınmaqla müqavilə üzrə ödənilməli olan 1.049.251 ABŞ dolları məbləğində pul vəsaitinə görə hesablanacaq faizin ümumi məbləği (1.049.251 ABŞ $ X 8.5% uçot dərəcəsi : 365gün X 1089gün) 266.092 ABŞ dolları təşkil edir. Hesab edirlər ki, qanunverciyin yuxarıda sadalanan maddələrinin tələbinə əsasən cavabdeh “R+R İNC” MMC 10.07.2015-ci il tarixli müqavilə üzrə ödəməli olduğu 1.049.251 ABŞ dolları məbləğində puldan əlavə, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış 266.092 ABŞ dolları məbləğində pulu da iddiaçıya ödəməlidir. Bundan başqa hesab edirlər ki, cavabdeh üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyinə və nəticədə iddiaçının işgüzar nüfuzuna böyük ziyan vurulduğuna görə 50.000 ABŞ dolları məbləğində pul vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-2(113)-34/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 1.049.251 ABŞ dolları məbləğində borc, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pulun tutularaq iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti apelyasiya şikayətində qətnamənin qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini qismən təmin etməklə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin qətnamədə Cavabdeh MMC-nin 10.07.2015-ci il tarixli güzəşt müqaviləsi əsasında yaranmış öhdəliklərini tam icra etmədiyini, nəticədə onun iddiaçı “MGH İnşaat Taahhüt T icaret Limited” şirkətinə borcunun yarandığını və 1.049.251 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulması hissəsində iddianın əsaslı olduğundan təmin edilməli olduğunu hesab etməsi faktiki olaraq cavabdeh “RR İnşaat MMC-nin müqaviləsi əsasında yaranmış öhdəliklərini tam icra etməyərək 1.049.251 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz saxlamaq və ödənilməsini gecikdirməklə həmin pul vəsaitindən faydalandığının sübuta yetirilməsi deməkdir. Bu səbəbdən də qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə əsasən Cavabdeh MMCnin 10.07.2015-ci il tarixli güzəşt müqaviləsi üzrə ödənilməli olan 1.049,251 ABŞ dolları məbləğində borcu qanunsuz olaraq saxladığına görə bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış 289.305 ABŞ dolları məbləğində pulu da İddiaçı-nə ödəməlidir. Bundan başqa hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-34/2021 saylı 05.03.2021 -ci il tarixli qətnaməsinin qismən iddianın təmin olunan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə tərəfindən iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilməməsi və nümayəndənin səlahiyyətinin olmaması ilə bağlı iddianın baxılmamış saxlanmalı olduğu araşdırılmamış, iddia ərizəsinə etirazda göstərilən hallara düzgün hüquqi qiymət verilməmişdir. Mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmədə müəyyən edilmiş faktlatdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. İddiaçının qanuni nümayəndəsi X6, vəkili və nümayəndəsi Vəkil1, vəkili X4 məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-326/2021 nömrəli qətnaməsi qismən- əldən çıxmış faydaya görə faiz tələbinin rədd edildiyi hissədə ləğv edilməli, iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən iddiaçının xeyrinə illik 5%-lə 157387,65 ABŞ dolları pul tutulmalı, əldən çıxmış faydaya görə faiz tələbi qalan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC (sifarişçi) ilə “X8 Abwassertecnik GMBH” Şirkəti (podratçı) arasında Qəbələ rayonunda X2 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən podratçı sifarişçinin sifarişi əsasında Azərbaycan Respublikası, Qəbələ şəhərində X2 və kanalizasiya kollektorlarının tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. 23.01.2015-ci il tarixdə “X8 Abwassertecnik GmbH Şirkəti (podratçı) və iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı (subpodratçı) arasında subpodrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən subpodratçı DB/7460/LV/008/129 saylı müqavilə üzrə podratçıya həvalə edilmiş işləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. 10.07.2015-ci il tarixdə iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respubikasındakı Filialı “R+R İNC” MMC ilə (cavabdeh RR İnşaat” MMC-nin əvvəlki adı) müqavilə bağlayaraq su çəkilişi və kanalizasiyasının tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquq və öhdəliklərini “R+R İNc” MMC-yə əvəzi ödənilməklə güzəşt etmişdir. Subpodrat müqaviləsi üzrə hüquq və öhdəliklərinin güzəşti müqabilində “R+R İNC” MMC 2.000.000 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin məbləğdən 950.749 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Hazırkı iddia ərizəsi ilə iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti müqavilə üzrə ödənilməmiş 1.049.251 ABŞ dolları məbləğində pulun, eləcə də həmin məbləğə Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış faizlərin və işgüzar nüfuza dəymiş zərərin Cavabdeh MMC-dən tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr(əmək müqavilələri istisna olmaqla)və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər əsasında əmələ gəlir. Həmin Məcəllənin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Məhkəmə araşdırmaları zamanı cavabdehin iddiaçıya aralarında bağlanmış və mülki qanunvericiliyin tələblərinə zidd olmayan 10.07.2015-ci il tarixli müqavilə üzrə 1.049,251 ABŞ dolları olduğu təsdiq edildiyindən məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə 1.049.251 ABŞ dolları qalıq borcun cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır Cavabdeh iddiaya etirazında tərəflər arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olduğunu və belə olan halda həmin müqaviləyə əsasən cavabdehin pul öhdəliyinin yarandığını göstərmişdir. Mübahisəli müqavilənin əhəmiyyətsiz əqd olduğuna dair cavabdehin dəlili bundan ibarətdir ki, 23.01.2015-ci il tarixdə “X8 Abwassertecnik GmbH Şirkəti (podratçı) və iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Filialı (subpodratçı) arasında bağlanmış subpodrat müqaviləsinin 9.2-ci maddəsində tərəflərin digər tərəfin yazılı razılığı olmadan öz hüquq və azadlıqlarını digər tərəfə güzəşt etmək və ötürmək hüququ olmadığı halda iddiaçı cavabdehə bu barədə məlumat verməmış və cavabdehi aldatmışdır. Aldadılma nəticəsində bağlanmış əqdin etibarsız hesab edilməsi qaydalarını müəyyən edən Mülki Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Birinci instansiya məhkəməsi qeyd edilən normaya istinad edərək düzgün olaraq qeyd etmişdir ki, aldatma nəticəsində bağlanmış əqd əhəmiyyətsiz əqd deyil, mübahisələndirilən əqddir. Mübahisələndirilən əqd isə yalnız barəsində mübahisə edildikdə etibarsız hesab edilə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi iddiaçının 10.07.2015-ci il tarixli müqaviləni bağlamağa hüququ olmadığı barədə 2016-cı ildə məlumat əldə etdiklərini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış müqaviləni bir il ərzində mübahisələndirmədiyindən, həmin müqaviləni bəyənərək qismən ödəniş etdiyindən və nəticədə həmin əqdin mübahisələndirilməsi ilə bağlı MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət başa çatdığından bu hüququ itirilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, podratçı “X8 Abwassertecnik GmbH Şirkəti” güzəşt müqaviləsi bağlanarkən yazılı razılıq verməsə də, şirkətin həmin əqd bağlandıqdan əvvəlki (“R+R İNc” MMC -nin subpodratçı kimi cəlb edilməsinə razılıq alınması) və sonrakı (MGH) şirkəti ilə bağlanmış subpodrat müqaviləsinə xitam verilməsi və eyni layihə üzrə yeni subpodrat müqaviləsinin “R+R İNc” MMC ilə bağlanması) hərəkətləri “X8 Abwassertecnik GMBH” Şirkətinin 23.01.2015-ci il tarixli subpodrat müqaviləsi üzrə hüquq və vəzifələrin “R+R İNC” MMC-yə güzəşt edilməsinə dair razılıq verməsinə açıq-aşkar dəlalət edir. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 355.1-ci maddəsinə görə əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Həmin Məcəllənin 355.2-ci maddəsinə görə razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfüzuna zərər vurulduğu təsdiq edilmədiyindən məhkəmə kollegiyası 50.000 ABŞ dolları məbləğində pul tələbinin rədd edildiyi hissədə qətnaməni qanuni və əsaslı hesab edir. Borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq 289.305 ABŞ dolları məbləğində pulun tutulması tələbinin rədd edildiyi hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır. İddiaçı pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin Mülki Məcəllənin 449.1-ci maddəsində müəyyən edilmiş qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına istinad edərək düzgün olaraq qeyd etmişdir ki, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut yoxdur. Belə olan halda pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlər Mülki Məcəllənin 445.7-ci maddəsində müəyyənləşdirilmiş qaydada tutulmalıdır. Həmin normaya əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək mübahisələndirilən qətnamə faiz tələbinin rədd edildiyi hissədə ləğv edilməli, faiz tələbi qismən təmin edilərək cavabdehin iddiaçı qarşısında pul öhdəliyini tam icra etmək vəzifəsinin yarandığı 10.07.2016-cı il tarixdən iddiaçının iddia ərizəsində öhdəliyin icrasının gecikdirilməsinə görə faiz hesabladığı 07.10.2019-cu il tarixədək üç il üçün illik 5 faizlə cavabdehdən 157387,65 ABŞ dolları (1.049,251 ABŞ dolları pul tutulmalı, faiz tələbi qalan hissədə əsassız hesab edilərək rədd edilməlidir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə görə tərəflər müqavilə ilə bağlı yarana biləcək hər hansı mübahisələri tərəflər danışıqlar yolu ilə həll edilə bilmədikdə, bu zaman mübahisənin Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunacağı nəzərdə tutulmuşdur. Müqavilənin qeyd edilən şərtinə əsasən iddiaçı tərəfindən cavabdehin hüquqi ünvanına pretenziya məktubu göndərilmiş, iş materiallarının 1-ci cildinin 20-ci vərəqinə əlavə edilmiş qəbzə və 21-ci, 126-cı vərəqlərinə əlavə edilmiş sürətli poçt xidmətinin məktubuna əsasən cavabdeh həmin ünvanda fəaliyyət göstərmədiyi üçün məktub çatdırılmamışdır. Cavabdeh faktiki fəaliyyət göstərdiyi ünvanı barədə iddiaçıya məlumat vermədiyindən iddiaçı tərəfindən pretenziya qaydalarına riayət edilmədiyinə dair apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilir. O cümlədən iddia ərizəsini imzalamış nümayəndə Vəkil1 verilmiş iş materiallarının 1-ci cildinin 134, 135-ci, 187-ci vərəqlərinə əlavə edilmiş etibarnamələrdə onun həm filialın, həm də iddiaçı şirkətin adından iddia qaldırmaq, imza etmək səlahiyyətləri nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, nümayəndənin səlahiyyətli olmaması barədə cavabdehin dəlilləri əsassızdır və iddianın baxılmamış saxlanılması üçün qanuni əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-326/2021 nömrəli qətnaməsi qismən- əldən çıxmış faydaya görə faiz tələbinin rədd edildiyi hissədə ləğv edilməli, iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən iddiaçının xeyrinə illik 5%-lə 157387,65 ABŞ dolları pul tutulmalı, əldən çıxmış faydaya görə faiz tələbi qalan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. İddiaçı "MGH İnşaat Taahhüt Ticaret Limited Şirketi"nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 05.03.2021-ci il tarixli e-2-2(113)-34/2021 saylı qətnaməsi qismən- əldən çıxmış faydaya görə faiz tələbinin rədd edildiyi hissədə ləğv edilsin. İddiaçı "MGH İnşaat Taahhüt Ticaret Limited Şirketi"nin pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tələbi qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçı "MGH İnşaat Taahhüt Ticaret Limited Şirketi"nin xeyrinə illik 5 %-lə 157387,65 ABŞ dolları pul tutulsun. Əldən çıxmış faydaya görə faiz tələbi qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-806/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-806/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver