Məhkəmə qərarları › İş №2-2(103)-807/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-807/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-807/2025 05.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinin geri qaytarılması, dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Rauf qızının sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Gülcan Maşallah qızı Ələkbərovanın katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul və lizinq predmetinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1449/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 10 may 2023-cü il tarixdə KTA-KTT-23/11876 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyekti 2019-cu il buraxılışlı X4 Pro 185 markalı rotativ mala markalı Yemqırmadır. 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 6800 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 2567.58 manat təşkil edir. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün , bir il-360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% -i miqdarında cərimə hesablamaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 15.1. Maliyyə Lizinqinin müddəti bitdikdən sonra 30 təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cəimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə keçirməlidir. 15.2-ci maddəsinə görə müqavilənin 15.1-ci bəndində müəyyən edilmiş şərtləri yrinə yetirilmədikdə, lizinq verən lizinq obyektinin mülkiyyət hüqunun əldə edilməsi ilə bağlı lizinq alana yazılı xəbərdarlıq göndərir. Lizinq alan rəsmi xəbərdarlığı aldıqdan sonra da 30 gün ərzində 15.1-ci bənddə nəzərdə tutulmuş hərəkətləri həyata keçirmədikdə, lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 26 ay müddətində hər ay 95.75 manat olmaqla cəmi 2872.42 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyekti 2020-ci il buraxılışlı Solis 50RX markalı traktor. 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 34150 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 13440 manat təşkil edir. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün , bir il-360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% -i miqdarında cərimə hesablamaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 15.1. Maliyyə Lizinqinin müddəti bitdikdən sonra 30 təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cəimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə keçirməlidir. 15.2-ci maddəsinə görə müqavilənin 15.1-ci bəndində müəyyən edilmiş şərtləri yrinə yetirilmədikdə, lizinq verən lizinq obyektinin mülkiyyət hüqunun əldə edilməsi ilə bağlı lizinq alana yazılı xəbərdarlıq göndərir. Lizinq alan rəsmi xəbərdarlığı aldıqdan sonra da 30 gün ərzində 15.1-ci bənddə nəzərdə tutulmuş hərəkətləri həyata keçirmədikdə, lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 26 ay müddətində hər ay 227,67 manat olmaqla cəmi 13660 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.

5. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı müqavilə üzrə 1733,64 manat əsas, 201.71 manat cərimə; xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylı müqavilə üzrə isə 766 manat, 93.16 manat cərimə borcu yaranmışdır.

6. İddiaçı ASC tərəfindən Cavabdeh pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA- KTT21/2649 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə: xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı müqaviləyə əsasən 1733,64 manat gecikdirilmiş cari borc, 201,71 manat cərimə borc; xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylı müqaviləyə əsasən isə 766,00 AZN gecikdirilmiş cari borc, 93,16 manat cərimə borc; Ümumilikdə, 2.794,51 manat borc məbləğinin və 47,95 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 və xx.xx.2023- cü il tarixli KTA-KTT-23/11876 saylı müqavilələrə xitam verilməsi; 1 ədəd Solis 50RX markalı traktorun, 1 ədəd X4 Pro 185 markalı rotativ malanın (torpaq frezi)saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, avadanlıqlar lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 34150.00 manat təşkil etmişdir. Həmin məbləğin 13440,00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 7050 manat məbləğində ilkin ödəniş və 341.50 manat müqavilənin rəsmiləşdirmə komissiyası, xx.xx.2023-cü il tarixli KTA-KTT- 23/11876 saylı müqaviləyə əsasən isə lizinq obyektinin ümumi qiyməti 6800.00 manat təşkil etmiş və həmin məbləğin 2567.58 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 1360.00 manat məbləğində ilkin ödəniş və 68 manat müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətə ödənilmişdir. Lizinq müqavilələrinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə gecikdirilmiş borc yaranmışdır. Qeyd olunan müqavilələrin 11.3-cü bəndinə görə, lizinq verən cərimə hesablamaq hüququna malikdir.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 748-1.5, 748-1.2.4, 748- 2.3, 427.3, 445.2.1-ci maddələrini göstərmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1449/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə: xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı müqaviləyə əsasən 1733,64 manat əsas borc, 80 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli KTA- KTT23/11876 saylı müqaviləyə əsasən isə 766 manat əsas borc, 30 manat cərimə borcu və 45 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. 1 ədəd Solis 50RX markalı traktor, 1 ədəd X4 Pro 185 markalı rotativ malanın (torpaq frezi) saz və işlək vəziyyətdə Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə geri qaytarılması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2025- ci il tarixli məhkəmənin hazırlıq iclasında lizinq müqaviləsi əsasında 1 ədəd X4 Pro 185 markalı rotativ mala və 2020-ci il buraxılışlı Solis 50RXmarkalı traktoru təhvil aldığını, və iddia ərizəsində qeyd olunan məbləğdə borcu qaldığını etiraf etmişdir. Digər tərəfdən iş materiallarından görünmüşdür ki, mübahisəli lizinq müqavilələrinə xx.xx.2024-cü il tarixdə pretenziya məktubunun göndərilməsi ilə bağlı xitam verilməsinə baxmayaraq lizinq alan lizinq ödənişlərini ödəmək öhdəliklərini tam şəkildə icra etmədiyindən onun lizinq obyektini öz mülkiyyətinə keçirmək hüququ yaranmamışdır. Odur ki, İddiaçı ASC lizinq obyekti olan avadanlıqları saz və işlək vəziyyətdə geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 saylı lizinq müqaviləsi üzrə cəmi 80 manat məbləğində və xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11876 saylı müqavilə üzrə isə 30 manat məbləğində müəyyən edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386.1, 21.1-21.2, 442, 443.1, 448.1, 443.7, 747.1, 748-7.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə olunan traktor 34150 manat qiymətləndirilmiş və həmin məbləğin 13440 manat hissəsi subsidiya məbləğidir. Cavabdeh traktor ona lizinq müqaviləsi əsasında verilən günü ilkin olaraq 8500 manat pulu iddiaçı təşkilata ödəyib. Lizinq müqaviləsinin şərtlərinə əsasən cavabdeh lizinq məbləğini iddiaçı təşkilata tam ödədikdən sonra traktor onun xüsusi mülkiyyəti olacaqdı. Lizinq müqaviləsinə əsasən hər ay şərtləşdiyi qaydada lizinq məbləğinin iddiaçı təşkilata ödəyib. Ödədiyi məbləğ 17262 manat olmuşdur.Traktor qarantiya müddətində nasaz olmuş və bu barədə iddiaçı təşkilata məlumat versə də, trakrotun təmirinə iddiaçı təşkilat tərəfindən heç bir vəsait verilməmişdir. Traktora görə cavabdeh lizinq verənə cəmi 17.262 manat ödəmiş və 3448 manat borcu qalmışdır. Müqavilənin şərtlərini pozmayıb. Qarantiya müddətində traktor nasaz olmuş və bu səbəbdən də ödəniş etməyib. Qarantiyanın şərtlərinə əsasən qarantiya müddətində traktor nasaz olsa, traktoru iddiaçı təşkilat təmir etməli idi. Cavabdeh məcbur olub traktorun təmirinə əlavə ehtiyat hissələri alıb. Motoru təmir etdirib və motora və traktorun təmirinə cəmi 7000 manat xərc çəkib . Demək olar ki, traktorun dəyərinin böyük bir hissəsi yəni 17262 manat hissəsini cavabdeh, 14440 manat hissəsini isə dövlət ödəmişdir. ödənilməmiş məbləğ traktorun dəyərinin cüzi hissəsidir. Traktor cavabdehin gözlənilən mülkiyyətidir. Belə ki, qalıq borc tam ödəniləndən sonra traktorun mülkiyyətçisi cavabdeh olmalıdır. Hesab edir ki, iddiaçı təşkilat cavabdehdən ancaq lizinq müqaviləsində göstərilən qalıq borcu tələb edə bilər. Traktorun və aqreqatın qaytarılması, əvvəlki vəziyyətə gətirilməsi və əlavə pul ödəməyi ilə bağlı olan məhkəmə qətnaməsi tam qanunsuz və ağlabatan deyil. Ona görə də Bakı Kommersiya Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, yalnız cavabdehdən qalıq pul alınıb iddiaçı təşkilata verilməlidir. Cavabdeh lizinq müqaviləsinə əsasən qalıq borcu ödəyəcək. Tərəflər arasında yaranan hüquq münasibəti müqavilədən yaranan hüquq münasibətidir. Tərəflər arasında lizinq müqaviləsi bağlandığından əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə isə öhdəlik münasibətlərinə əsaslanaraq qətnamə çıxarmışdır. Aralarında yaranan müqaviləyə əsasən iddiaçı təşkilat qarantiya müqaviləsinin şərtlərini əməl etməmiş, qarantiyaya əsasən mübahisə predmeti qarantiya müddətində nasaz olduqda çəkilən xərci iddiaçı təşkilat çəkməlidir. Lizinq müqaviləsinin ləğv olunması üçün kifayət qədər əsas yoxdur. Belə ki, lizinq məbləğinin 17262 manatını və 2300 manat hissəsini ödənilib .Qalan borc cüzidir və qalıq borcu iddiaçı təşkilatın üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə ödəməyib və qalıq borcu ödəməyə etiraz etmir. Məhkəmə qətnamə çıxararkən cavabdehin maddi vəziyyətinin pisləşəcəyini nəzərə almamış və iddiaçı təşkilatın iddiasının təmin olunmasına cəhd etmişdir. Məhkəmə qətnamə çıxarakən MPM-nin 82.3- cü maddəsinin normalarına istinad etmişdir . Hazırkı tələb üzrə məhkəmə qətnaməsi mövcud deyil. Cavabdeh iddianı etiraf etdiyi halda məhkəmə yenə həmin məcəllənin 106.3-cü maddəsinə istinad etmişdir. Göründüyü kimi məhkəmə MPM-nin tələblərini pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə maddi və prosessual normanı pozmaqla qətnamə çıxarmış beləki, qarantiyanın müddəlarına əsaslanmamışdır. Bundan başqa məhkəmə öhdəlik münasibətlərinə deyil, lizinq müqaviləsinin müddəalarına istinad etməli idi Prossesual norma kimi 82.3 və 106.3cü maddəyə istina etməklə tələbləri pozmuşdur. Qeyd etdiyi kimi belə hallar mövcud deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuş, göstərilmişdir ki, apellyasiya şikayətində cavabdeh texnikanın qarantiya müddətində nasaz olduğunu və xərclərin Prior Leasing tərəfindən ödənilməli olduğunu bildirir. Halbuki Mülki Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq obyektinin faktiki qəbulundan sonra onun işlək vəziyyətdə saxlanması lizinq alanın vəzifəsidir. İstehsalçı ilə bağlı texniki qarantiyanın lizinq verənə aidiyyəti yoxdur. Digər tərəfdən cavabdeh Bakı Kommersiya Məhkəməsinin hazırlıq iclasında qarantiya qaydalarının iddiaçı tərəfindən pozulmasını bildirməmişdir. Ümumiyyətlə bununla bağlı heç bir mövqe bildirməmiş və qarantiyanın iddiaçı tərəfindən pozulmasını göstərməmiş, sübut təqdim edə bilməmişdir. Müqavilələrin müvafiq bəndləri və MM-in 748.1.12-ci maddəsi ödənişlərin gecikdirildiyi halda lizinq verənə müqaviləni birtərəfli qaydada xitam vermək və lizinq predmetini geri tələb etmək səlahiyyəti verir. Cavabdeh ümumi ödəniş etdiyini iddia etsə də, maliyyə arayışları göstərir ki, borc tam bağlanmayıb. Qalan borcun “cüzi” olması onun müqavilə öhdəliklərini pozması faktını aradan qaldırmır

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

17. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: -748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

19. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

20. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunduğunu, cavabdehin apellyasiya şikayətində qətnamənin tam şəkildə ləğv edilməsini xahiş etsə də, şikayətində qətnamənin əsaslılığını yalnız dəbbə pulu (əlavə pul) tələbinə dair iddianın təmin edilmiş hissəsində və lizinq obyektinin geri qaytarılması hissəsində mübahisələndirdiyini, iddiaçı tərəfindən isə apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı dəbbə pulu tələbinə dair iddianın təmin edilmiş hissəsində və lizinq obyektinin geri qaytarılması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 nömrəli və 10 may 2023-cü il tarixli KTA-KTT-23/11876 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 60 ay müddətinə 1 ədəd Solid 50RX markalı traktor və 30 ay müddətinə 1 ədəd X4 Pro 185 markalı rotativ mala lizinqə verilmişdir. Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı bildiriş göndərməklə lizinq müqavilələrinə vaxtından əvvəl xitam verilməsi barədə iradəsini cavabdehə çatdırmışdır. Hazırda iddiaçı lizinq müqavilələri üzrə əsas borcun və dəbbə pulunun tutulması və lizinq obyektlərinin geri qaytarılmasını xahiş edir. Cavabdeh lizinq müqavilələri üzrə iddia tələbində göstərilən məbləğdə borclarının olması faktını inkar etmir, həmin ödənişləri həyata keçirəcəyini bildirir, lakin lizinq ödənişlərinin əhəmiyyətli hissəsinin tərəfindən ödənildiyi əsas göstərərək lizinq obyektinin geri qaytarılması hissəsində iddianın rədd edilməsini xahiş edir.

24. Kollegiya ilk növbədə iddianın lizinq obyektinin geri qaytarılması tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2021-ci il tarixli KTA-KTT-21/2649 nömrəli müqavilə üzrə lizinqə verilmə müddəti xx.xx.2026-cı il tarixdə və 10 may 2023-cü il tarixli KTA-KTT-23/11876 nömrəli müqavilə üzrə lizinqə verilmə müddəti xx.xx.2025-ci il tarixdə başa çatdığı halda iddiaçı xx.xx.2024-cü il tarixdə müqaviləyə xitam verilməsi barədə bildiriş göndərməklə müqaviləyə Mülki Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən vaxtından əvvəl xitam vermişdir. Odur ki, mübahisəli lizinq müqavilələrinə vaxtından əvvəl xitam verildiyindən Mülki Məcəllənin 748-1.12-ci maddəsinə əsasən iddiaçı lizinq obyektlərinin geri qaytarılmasını tələb etmək hüququna malikdir.

25. İddianın dəbbə pulu tələbinə dair hissəsinə münasibətdə kollegiya cavabdehin lizinq müqavilələri üzrə lizinq ödənişlərinin müqavilədə nəzərdə tutulan qaydada və müddətdə həyata keçirilməsinə dair öhdəliklərini lazımi qaydada icra etmədiyini, müqavilələrdə sözügedən öhdəliyin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulunun hesablanmasının nəzərdə tutulduğunu, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi dəbbə pulunun tənasübsüz surətdə yüksək olmadığını (80 və 30 manat) nəzərə alaraq hesab edir ki, həmin hissədə qətnamə qanuni və əsaslıdır.

26. İddianın lizinq müqavilələri üzrə əsas borcun tutulması hissəsi apellyasiya baxışının predmetinə daxil olmadığından məhkəmə kollegiyası həmin hissədə məhkəmənin gəldiyi nəticənin əsaslılığına münasibət bildirilməsini mümkün hesab etmir.

27. Qarantiya müddətində traktorda nasazlıq yaranması, bu səbəbdən ödəniş edə bilməməsi, qarantiyanın şərtlərinə əsasən qarantiya müddəti ərzində traktorun iddiaçı tərəfindən təmir edilməli olması, lakin iddiaçı həmin öhdəliyi icra etmədiyindən traktorun təmirinə cəmi 7000 manat xərc çəkməsi barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, cavabdeh istinad etdiyi halları, o cümlədən traktorun nasaz vəziyyətdə olmasını, onun təmiri üçün xərc çəkməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

28. Digər tərəfdən mübahisəli lizinq müqaviləsində qarantiya müddəti ərzində lizinq obyektində yaranmış qüsurlara görə lizinq verənin məsuliyyət daşıması barədə müddəalar yer almamış, əksinə mübahisəli lizinq müqaviləsinin 6.3-cü maddəsinə əsasən satıcı lizinq alan tərəfindən müəyyən edildiyi üçün, alqı-satqı müqaviləsinin lizinq verən tərəfindən imzalandığı andan satıcı tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi və lazımınca icra edilməməsi ilə əlaqədar bütün riskləri, habelə lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə satıcıya irəli sürülən iddialara olan hüquqları lizinq alan öz üzərinə götürmüşdür. Odur ki, cavabdehin istinad etdiyi dəlillər əsassızdır.

29. Məhkəmənin MPM-in 106.3-cü və 82.3-cü maddələrinə istinad etməklə prosessual hüquq normasının pozuntusuna yol verməsi barədə cavabdehin dəlilinə münsibətdə kollegiya qeyd edir ki, birincisi, cavabdeh işə birinci instansiya məhkəməsində verdiyi izahatda iddia ərizəsində göstərilən məbləğdə borcunun olması faktını təsdiq etdiyindən birinci instansiya məhkəməsi MPM-in 106.3-cü maddəsinə istinad etməklə həmin izahatı faktın etirafı kimi qiymətlndirməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin istinad etdiyi prosessual normaların arasında MPM-in 82.3-cü maddəsinin qeyd edilməsi isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmadığından MPM-in 387.1-ci maddəsinin tələbləri baxımından qətnamənin ləğv edilməsi üçün əsas vermir.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1449/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar