Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-808/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 Əli oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 04.02.2021- ci il tarixli e-2-2(113)-356/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində 12.08.2018-ci il tarixli, BA seriyalı, 879021 nömrəli müqaviləyə əsasən dəymiş zərərin əvəzini təşkil edən 4000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonun Lahic qəsəbəsində 0,00368 kv.m iddiaçının mülkiyyətində olan mağaza binası qanunvericiliyin tələblərinə uyğun olaraq hər il icbari sığortalanmışdır. 2014-ci ildən son vaxta kimi daşınmaz əmlak olan mağaza binasını ərizə üzrə cavabdeh olan "xxxx" ASC-də sığorta olunmuşdur. Sığorta hadisəsi baş verməmişdən əvvəl iddiaçı ilə cavabdeh arasında 12 avqust 2018-ci il tarixli sığorta müqaviləsi bir il müddətinə, 11 avqust 2019-cı il tarixinə kimi bağlanmış, müqaviləyə əsasən əmlak sığorta edilərək iddiaçıya BA seriyalı, 879021 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi verilmişdir. Lahıc qəsəbəsi orada yerləşən bütün tikililəri ilə birlikdə “Lahıc” Dövlət Tarix-Mədəniyyət qrupuna aiddir və orada aparılan hər hansı tikinti və təmir işləri üçün müvafiq qaydada müraciət edilməlidir. 2019cü ilin may ayının 18-19-da Lahıc qəsəbəsində yağan güclü yağış nəticəsində iddiaçıya məxsus mağaza binası, tarixi abidə kimi Məşədi Mütəllimin mağazasına yağış suları ziyan vurmuşdur. Yağışdan sonra mağaza binasına baxan qoruğun vəzifəli şəxsləri qoruğun rəhbərliyinə ərizə yazmaq lazım olduğunu bildirmişlər. 22 may 2019-cu il tarixində baş vermiş hadisə ilə əlaqədar qoruğun rəhbərliyinə ərizə ilə müraciət etmişdir, qoruğun rəhbərliyi mağaza binasına baxış keçirmişlər. İddiaçı həmin vaxt xəstəxanada olduğu üçün mağaza binasının sığorta olduğunu heç kim bilməmiş və sığorta şirkətinə həmin vaxt müraciət edilməmişdir. Təkrarən 2019-cu ilin iyun ayında Lahıc qəsəbəsində yağan ardıcıl yağışlar nəticəsində mağaza binasına 4000 (dörd min) manat ziyan dəymişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdeh təşkilata müraciət etmişdir. "xxxx" ASC-nin əməkdaşları mağaza binasına baxış keçirmiş və bütün lazımı sənədləri toplayaraq yaxın günlərdə sığortanın ödəniləcəyini bildirmişlər. Amma cavabdeh sığorta ödənişi eləmək əvəzinə iddiaçıya sığorta şirkətinin İdarə Heyətinin sədri Namiq Namazovun imzası ilə 17.02.2020-ci il tarixli məktub göndərərək ödəniş etməkdən imtina etmişdir. İmtinada göstərir ki, qeyd olunan tikili əvvəlcədən qəzalı vəziyyətdə olmuş və divarların çökməsi ilə nəticələnmişdir. Qeyd olunduğu kimi, Lahıc qəsəbəsində yerləşən bütün tikililər tarixi abidələr kimi XX əsrdə tikilmiş binalardır və iddiaçının mülkiyyətində olan sığortalı mağaza-abidə də qədim binadır. Sığorta şirkəti iddiaçı ilə sığorta müqaviləsi bağlayanda cavabdehin əməkdaşları tərəfindən yerində müayinə aparmışlar. Əgər bina qəzalı idisə, o halda cavabdeh iddiaçı ilə əmlak sığorta müqaviləsi bağlamamalı idi, yəni sığorta edilmiş tarixi abidə, həmin vaxtlar tam yararlı idi. Daşınmaz əmlakın icbari sığorta müqaviləsi bağlanmış və müqavilə qüvvədə olan zaman ərzində iki dəfə yağan, 18-19 may 2019-cı il və 3-13 iyun 2019-cı il tarixlərdə yağan intensiv yağışlar zamanı binaya böyük miqdarda ziyan dəymişdir və BA seriyalı 879021 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası müqaviləsinə əsasən sığorta şirkəti binaya, əmlakına dəymiş ziyanı tam ödəməlidir. Bakı Kommersiya Məhkəməsinin 04.02.2021- ci il tarixli e-2-2(113)-356/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı qətnamədən şikayət verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul olunan qətnamə sübutların düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tövsif olunmaması ilə qəbul edilmişdir. Qarşı tərəfə sığorta ödənişi ilə bağlı müraciət edərkən ərizədə sığorta hadisəsinin 1-5 iyul tarixlərində yağan güclü yağış nəticəsində baş verdiyini göstərmişdir. Həmin ərəfədə Bakı şəhərində xəstəxanada olmuş, sonradan bilmişdir ki, əslində ziyan daha əvvəl dəymiş, 1-5 iyulda yağan yağış zamanı artmışdır. Binanın tarixi abidə olması və aşınmaya məruz qalması isə sığorta müqaviləsi bağlanarkən qarşı tərəfə məlum olduğundan qeyd edilən hal ödənişin həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. İşə apelyasiya qaydasında baxılması 27.08.2021-ci il tarixə təyin edilmiş, 22.09.2021-ci il tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də iddiaçı məhkəmə iclaslarına gəlməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 Əli oğlu məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 04.02.2021- ci il tarixli e-2-2(113)-356/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki BA seriyalı, 879021 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən mağaza 12.08.2018-ci il tarixdən 11.08.2019-cu il tarixədək dövr üzrə sığortalanmış, 10823 manat məbləğində sığorta məbləği ödənişi və 60 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. İddiaçı qeyd edilən müqavilə əsasında "xxxx" ASC-yə 30.10.2019- cu il tarixli ərizə ilə müraciət edərək 1-5 iyul 2019-cu il tarixlərdə Lahıc qəsəbəsində güclü leysan yağışları yağdığını və ildırım nəticəsində ona məxsus obyektə ziyan dəydiyini, hadisə nəticəsində mağazanın arxa və yan divarlarının uçduğunu bildirmiş, dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən sığorta hadisəsinin araşdırılması ilə əlaqədar 1-5 iyul 2019-cu il tarixləri ilə bağlı Milli Hidrometeorologiya Departamentinə verilən sorğuya daxil olan cavabda 01.07.2019-cu il tarixdə saat 20:35-dən 00:27-dək leysan yağış yağdığı, yağıntının miqdarının 33,8 mm olduğu, həmçinin şimşək çaxdığı bildirilmişdir. X1 –Mədəniyyət Qoruğu tərəfindən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə ünvanlanmış 24.05.2019-cu il tarixli 136 nömrəli məktubdan görünür ki, baxış nəticəsində İddiaçı mülkiyyətində olan İsmayıllı rayonun Lahic qəsəbəsində 0,00368 kv.m sahəsi olan abidənin arxa divarı aşınmaya məruz qalıb çətirlərinin çürüdüyü, divarın çökməsi nəticəsində abidənin dam örtüyünün bir hissəsi əsas divardan 80 sm məsafədə aralanmışdır. Abidənin sol tərəfindən yağan yağış suları abidənin döşəmə örtüyünün altında toplanır. Abidəyə bitişik olan V.Şıxıyevə məxsus yaşayış evinin də deformasiyaya uğrayaraq sol tərəfdən təsir etdiyi qeyd edilmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı 17.02.2020-ci il tarixli 0168 məktubda qeyd edilmişdir ki, araşdırma nəticəsində tikilinin əvvəlcədən qəzalı vəziyyətdə olduğu, uzun müddət ərzində aşınmaya məruz qaldığı, çətirlərinin çürüdüyü və divarların çökməsi ilə nəticələndiyi müəyyən edilmişdir. AR MM-nin 922.3, 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə sığorta hadisəsi hesab edilməməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində 18-19 may 2019-cı il və 3-13 iyun 2019-cu il tarixlərdə yağan intensiv yağışlar zamanı sığortalanmış obyektə ziyan dəydiyini qeyd etsə də cavabdehə ünvanladığı 30.10.2019-cu il tarixli ərizədə 1-5 iyul 2019-cu il tarixlərdə Lahıc qəsəbəsində güclü leysan yağışları yağması nəticəsində mağazanın arxa və yan divarlarının uçduğunu bildirmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Qanunun 36.3.5-ci maddəsinə əsasən əmlakın suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur. Baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün, obyektə dəymiş ziyanın məhz leysan yağış və ya ildırım nəticəsində baş verdiyi sübut olunmalı idi. İddiaçı apelyasiya şikayətində bir daha qeyd edir ki, onun obyektinə əsas ziyan 01.07.2019-cu il tarixdən əvvəl, may ayından başlayan yağışlar nəticəsində dəymişdir. 01.07.2019-cu il tarixdən əvvəl Lahıc qəsəbəsində leysan yağış yağması barədə işdə sübutlar olmadığından məhkəmə düzgün olaraq hesab etmişdir ki, sığorta hadisəsinin baş verdiyi təsdiq edilmədiyi üçün iddia təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 04.02.2021- ci il tarixli e-2-2(113)-356/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 04.02.2021- ci il tarixli e-2-2(113)-356/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-808/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-808/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver