Məhkəmə qərarları › İş №2-2(103)-809/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-809/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-809/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştrakı ilə zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-52/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi ziyana görə 32.790,31 manat və 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 13.215,53 manat məbləğdə pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı ləğv edilib, iddianın tam təmin edilməsini, cavabdeh ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən məhkəmə iclasına gətirilməsi çətin olan sübutların tədqiq edilməsi məqsədilə yerində müayinə keçirilmiş və müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus ərazidə saxlanılan 13 taxta altlığa qoyulmuş, hər altlıqda 64 paket, hər paketdə 4 ədəd olmaqla cəmi 832 paket - 3.328 ədəd keramoqranit plitəsi yanğın hadisəsi zamanı yanmamış və qablaşdırılmış vəziyyətdə cavabdehə məxsus obyektdə saxlanılır. Beləliklə, yarımqoşquya 5.146 ədəd keramoqranit plitəsinin yükləndiyi nəzərə alınsa aydın olur ki, 1.818 ədəd keramoqranit plitəsi yanğın zamanı yanaraq yararsız vəziyyətə düşmüşdür. Hakim dövlət tərəfindən lisenziya ilə fəaliyyətinə icazə verilmiş şirkətin mütəxəssis rəyinə hansı əsaslarla şübhə ilə yanaşdığını göstərmədən, təkrar ekspertizanı təyin etmədikdən, ekspert və mütəxəssis missiyasını üzərinə götürərək özü tərəfindən ekspertizanın keçirilməsini məqsədəuyğun hesab etmişdir. Bununla da məhkəmə icraatında olan mülki işin müddətini keçirmiş və süründürməçiliyə yol vermişdir. Sonda da iddiaçının iştirakını təmin etmədən tələm-tələsik qətnamə qəbul etmişdir. Yanğın zamanı FHN-in yanğınsöndürmə komandası cəlb olunarkən yüksək təzyiqlə su ilə yanğın söndürülmüşdür. Yanğının söndürülməsi zamanı malların qablaşdırılmış hissəsi korlanmış və istilik malların keyfiyyətinə təsir göstərmişdir. Məhkəmə mallara yerində baxış keçirən zaman sözügedən mallar qablaşdırmadan açılmamış və keyfiyyətini müəyyən etmək mümkün olmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnamə qəbul edərkən maddi zərərin hesablanması zamanı keramoqranit malların bazar qiymətini əsas götürmüşdür. Malların dəyəri məlumdur və qaimə fakturalarda da öz əksini tapmışdır. Maddi zərərin hesablanması zamanı qaimə fakturalarda göstərilən qiymət əsas götürülməli idi. Nəyə görə vurulmuş maddi zərər hesablanarkən keramoqranit malların qaimə fakturalarda müəyyən edilmiş qiyməti deyil, bazar qiyməti əsas götürülmüşdür? İşə apellyasiya qaydasında baxılarkən tərəflər öz apellyasiya şikayətlərini müdafiə edib, ona uyğun izahat verərək, qarşı apellyasiya şikayətini qəbul etməmişlər. İddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək, iddianın 14.925,17 manat həddə təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə, tərəflər - cavabdeh (icraçı) ilə iddiaçı (sifarişçi) arasında 20 iyun 2017-ci il tarixli 040 AZLOG-STİNG 2017 nömrəli yük daşıma müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh iddiaçıya məxsus yükü - 1.852,60 kv.m. keramoqranit malları daşınma üçün qəbul etmiş, 06 avqust 2019-cu il tarixdə yükün daşındığı yarımqoşquda baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçıya məxsus keramoqranit mallar zədələnmişdir. İddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859-cu maddəsi təşkil edir. Həmin normaya görə, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır (859.1). Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır (859.2). İşin mübahisəli halları zədələnmiş malların dəyəri ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, 5.146 ədəd (1.852,56 kv.m) keramoqranitdən 1.818 ədədi yanğın zamanı tam yararsız vəziyyətə düşdükdən sonra cavabdehdə qalan 13 palet material 09.06.2021-ci il tarixdə iddiaçıya gətirilmiş və 15.07.2021-ci il tarixli aktla sökülərək çeşidlənmişdir. Müəyyən edilmişdir ki, 13 palet - 3328 ədəd keramoqranitdən 527 ədədi də yararsızdır. Beləliklə də, yanğınla yararsız vəziyyətə düşən cəmi materialın 2.345 ədəd, hər keramoqranitin 60 sm x 60 sm ölçüdə, 08.05.2019-cu il tarixli EAAU 188058 saylı elektron qaiməyə əsasən 1 kv.m. keramoqranitin dəyərinin ƏDV-siz 15 manat, ƏDV ilə birlikdə 17,7 manat olduğu nəzərə alınarsa, vurulmuş ümumi zərərin 2.345 ədəd x 0,36 kv.m. x 17,7 manat = 14.942,34 manat olduğu aşkar edilir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı deyil. Belə ki, rəsmi sənədlərə əsasən 1 kv.m. keramoqranitin ƏDV ilə birlikdə dəyəri 17,7 manatdır. Cavabdehin istinad etdiyi 13.07.2019-cu il tarixli ******* nömrəli qaimə fakturada da 1 kv.m. keramoqranitin dəyəri ƏDV-siz 15 manat göstərilmişdir. İddiaçı sonradan təqdim etdiyi ərizə ilə tələbini 14.925,17 manat həddə müəyyən etdiyindən, onun şikayətinin dəlilləri də həmin hissədə əsaslıdır. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddia 14.942,34 manat hissədə əsaslı olduğu, iddiaçı hazırda 14.925,17 manat hissə ilə razılaşdığı üçün, tələb 14.925,17 manat məbləğdə təmin olunmalı, qalan hissədə isə rədd olunmalı idi. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, “Beləliklə, yarımqoşquya 5.146 ədəd keramoqranit plitəsinin yükləndiyini nəzərə alsaq aydın olur ki, 1.818 ədəd keramoqranit plitəsi yanğın zamanı yanaraq yararsız vəziyyətə düşmüşdür. Yerində müayinə zamanı yanmamış plitələrin bir hissəsinin qıraqlarında bir neçə mm ölçüdə qopmalar müşahidə olunmuşdur. Məhkəmə baxış keçirilmiş keramoqranit plitələrin hər 10-15 ədədinin birində qopmaların olduğunu nəzərə alaraq təxmini 256 ədəd keramoqranitlərin (yanmamış keramoqranitlərin 1/13 hissəsinin) üzərində əmələ gəlmiş qopmalar nəticəsində tam yararlı vəziyyətdə olmaması barədə qənaətə gəlir.” Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməni təxminlər, ehtimallar üzərində qəbul etmiş, bundan da hər iki tərəf narazı qalmışdır. Halbuki, MPM-in 217-ci maddəsi tələb edir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı (217.1), qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.4). MPM-in 387.1-ci madəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müzakirə edilən qaydada qismən təmin edilməli (MPM-in 385.1.1 və 384.0.2-ci maddələri), apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-52/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 14.925,17 manat (on dörd min doqquz yüz iyirmi beş manat on yeddi qəpik) məbləğdə pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar