Məhkəmə qərarları › İş №2-2(103)-81/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-81/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-81/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2233/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC və cavabdeh “Holcim (Azərbaycan)” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı “Holcim (Azərbaycan)” ASC ilə alıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, O000662149 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilə üzrə satıcı alıcıya malları təqdim etmiş, alıcı isə öz növbəsində həmin malları qəbul edərək dəyərini ödəmişdir. Müqavilənin 8.2-ci bəndinə əsasən təqdim edilən mallar taxta altlıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı geri qaytarmaq, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 (beş) gün ərzində satıcıya ödəməyi alıcı öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə satıcı alıcıya malları verən zaman taxta altlıqlarla təchiz etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" MMC cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1781 ədəd taxta altlıqların dəyəri olan 49512 manat pul, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi üzrə 2020-ci il il üzrə "xxxx" MMC-nin “Holcim (Azərbaycan)” ASC-də 1781 ədəd artıq taxta altlığı qalmışdır. Lakin iddiaçı və cavabdeh arasında olan müqavilə müddəti 01 dekabr 2020-ci il tarixdə başa çatmış və onun müddəti uzadılmamışdır. Nəticədə həmin artıq paletlər "xxxx" ASC-də saxlanılmışdır. "xxxx" ASC ilə aparılmış yazışmalarda onun distribyuterlərə hələ müqavilə müddəti qüvvədə olduğu zaman ünvanladığı 08 sentyabr 2020-ci il tarixli məktubda göstərmişdir ki, bu ilin sonu (dekabr 2020-yanvar 2021) 2019-cu ilin son rübündən şirkətdə qalan (və yaxud artıq qaytarılmış) altlıqlar sayılacaq və onlar üçün kompensasiya olunacaq və yaxud çatışmayan miqdarların geri qaytarılması tələb olunacaqdır. Çatışmayan altlıqlar geri qaytarılmasa, müştəriyə onlar üçün qaimə təqdim olunacaqdır. Tərəflər arasında taxta altlıqların uçotu aparılmış və 1781 ədəd taxta altlıqların müqavilə bitdikdən sonra cavabdeh cəmiyyətdə qalması müəyyən edilmişdir. Buna səbəb isə cavabdeh cəmiyyət tərəfindən müqavilə müddətinin uzadılmaması olmuşdur. Hər bir taxta altlığın dəyəri 27,80 manat məbləğində müəyyən edilmişdir

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqavilənin 8.2-ci bəndinə əsasən iddiaçı altlıqları cavabdehə qaytarmalı ya da müəyyən olunmuş dəyərini ödəməli idi. Lakin iddiaçıya təhvil verilən taxta altlıqlar cavabdehə qaytarılmamışdır. Altlıqların qaytarıldığını və ya cavabdehdə saxlanıldığını təsdiq edən hər hansı sübutu iddiaçı məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş cədvəllər tək-tərəfli qaydada onun tərəfindən tərtib edilmiş, cavabdeh tərəfdən imza və möhürlə təsdiq olunmamış, buna görə də həmin cədvəllər sübut hesab edilə bilməz. Həmçinin iddiaçının təqdim etdiyi e-mail yazışması yazılı sənəd hesab edilərək sübut kimi qəbul oluna bilməz. Belə ki, təqdim olunan e-mail yazışması sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmamış və təkmil sertifikatlı gücləndirilmiş imza ilə imzalanmamışdır. Qanunvericilik normalarının tələblərindən aydın olur ki, iddiaçı tərəfindən taxta altlıqların cavabdehə verilməsi əmtəə nəqliyyat qaiməsi ilə təsdiq oluna bilər, e-mail yazışması ilə və ya iddiaçının tək-tərəfli qaydada tərtib etdiyi cədvəllərlə təsdiq oluna bilməz. Təqdim olunan e-mail yazışmasının mahiyyəti isə ondan ibarətdir ki, həmin yazışmada 1781 ədəd artıq taxta altlığın iddiaçı tərəfindən cavabdehə qaytarıldığına və cavabdehdə saxlanıldığına dair heç bir qeyd və öhdəlik yoxdur və e-mail yazışmasında müştərilərə çatdırılmış taxta altlıqların onlar tərəfindən cavabdehə qaytarılacağı təqdirdə taxta altlıqların qeydiyyatının aparılacağı qeyd olunur. İddiaçı tərəfindən isə taxta altlıqlar cavabdehə qaytarılmamışdır və buna görə də qeydiyyat aparılmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2233/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətindən 31680 (otuz bir min altı yüz səksən) manat məbləğində əsas borc, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 (iyirmi doqquz) manat olmaqla, cəmi 31909 (otuz bir min doqquz yüz doqquz) manat məbləğində pulun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın rədd edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh “Holcim (Azərbaycan)” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddianı qalan hissədə təmin etməmişdir.

9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə yüknəqliyyat qaimələrinin kserosurətlərini təqdim etmiş, məhkəmə həmin kserosurətləri sübut kimi qəbul etmiş, iddiaçıdan qaimələrin haradan və hansı qaydada əldə edildiyinə dair sübut tələb etməmiş və qaimələrin kserosurətlərini sübut qismində qəbul etdiyini əsaslandırmamışdır. Məhkəmə həmin qaimələri sübut kimi qəbul etməklə MPM-in 89.3-cü maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, iddiaçı elektron məhkəmə portalına cəmi 674 ədəd yük-nəqliyyat qaiməsi yerləşdirmiş, həmin qaimələrdən 15 ədədini hazırlıq iclaslarının yekunlaşdığı xx.xx.2022-ci il tarixinədək, qalan 659 ədəd qaiməni isə hazırlıq mərhələsi yekunlaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə elektron kabinetdə yerləşdirmişdir. İddiaçı qaimələrin işin məhkəmədə baxışı ərəfəsində yerləşdirmə səbəbini əsaslandırmamış, o cümlədən, bu barədə hazırlıq mərhələsində vəsatət verməmişdir. Məhkəmə həmin qaimələri sübut kimi qəbul etməklə MPM-ni 78.1-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçının təqdim etdiyi cəmi 674 ədəd yük-nəqliyyat qaimədən 110 ədəd qaimələrin surətləri təkrar çıxarılaraq yüklənmişdir. Bununla da, iddiaçı qaimələrdəki altlıqların sayını çox göstərməklə məhkəməni yanıltmaq məqsədi güdmüşdür. İddiaçının məhkəməyə təqdim etdiyi heç bir qaimədə taxta altlıqların geri qaytarılması barədə cavabdehin möhürü və imzası yoxdur. Yük nəqliyyat qaimələri cavabdehdən çıxdıqdan sonra onların daşıyıcılar və alıcılar arasında imzalanıb möhürlənməsinə cavabdeh nəzarət etmir. Qaimələrdəki imzaların kimə məxsus olduğu məlum deyildir, qaimələri imzalayan şəxslərin adları və vəzifələri göstərilməyib, qaimələr alıcılar və daşıyıcılar tərəfindən möhürlənməyib. Məhkəmə həmin qaimələri sübut kimi qəbul etdiyi halda, həmin qaimələrdə qeyd olunmuş çıxan və qaytarılan altlıqların sayını hesablayaraq müəyyən etməli və buna dair qətnamədə münasibət bildirməli idi. İddiaçının təqdim etdiyi 674 ədəd qaimələrdə çıxan və qaytarılan altlıqların sayını hesabladıqda cavabdehdən çıxan altlıq sayının qaytarılan altlıq sayından daha çox olduğu görünür. Belə ki, həmin qaimələrdə cavabdehdən göndərilən altlıq sayı 9557 ədəd təşkil edir, qaytarılan altlıq sayı 8009 təşkil edir. Bu hesablamadan aydın olur ki, iddiaçı cavabdehə 1548 ədəd altlığı qaytarmayıb, əksinə iddiaçının cavavdehə altlıq borcu var. Bundan əlavə, iddiaçı məhkəməyə excel formatında 2 cədvəl təqdim etmişdir. Məhkəmə e-mail yazışmasını və excel formatında cədvəlləri sübut qismində qəbul etdiyini əsaslandırmamışdır. Eyni zamanda, excel cədvəllərdə iddiaçı tərəfindən cavabdehə artıq palletlərin qaytarılması ilə bağlı heç bir qeyd yoxdur. Məhkəmə excel cədvəllərdə iddiaçının cavabdehə artıq pallet qaytarılmasına haradan gəldiyini əsaslandırmır və müəyyən etməmişdir ki, iddiaçı nə qədər sayda, hansı tarixlərdə və hansı qaydada cavabdehə artıq taxta altlıq qaytarmışdır. Məhkəmə excel cədvəllərinin nə məqsədlə və hansı şəraitdə hazırlandığını, o cümlədən həmin cədvəllərdəki “pallet out” və “boll in” qrafaların və həmin qrafalara daxil edilən məlumatların nə məna ifadə etdiyini aydınlaşdırmamışdır. Məhkəmə taxta altlıqların qaytarılmasına dair mötəbər bir sübut əldə edə bilmədikdə excel cədvəllərinin ingilis dilində qeyd olunan “pallet out” və “boll in” qrafalarındakı rəqəmləri hesablayaraq fərqi müəyyən etmiş, həmin fərq sayında artıq altlıqların qaytarıldığını ehtimal etmiş və onların dəyərinin ödənilməsini qət etmişdir. Cədvəllərin “date” qrafasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək və xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək “pallet out” qrafasında göstərilən sayın “boll in” qrafalarında göstərilən saydan az olması o demək deyildir ki, iddiaçı yaranmış həmin fərq sayında palletləri cavabdehə qaytarmışdır. “pallet out” qrafasında qeyd olunan sayda palletlər cavabdehə qaytarılmamışdır, iddiaçı həmin palletləri cavabdehə qaytardığına dair heç bir sübut təqdim etməmişdir. Yalnız həmin palletlər qaytarıldıqdan sonra artıq qaytarılmış palletlərin sayını hesablamaq mümkün ola bilərdi. Nəticədə, təqdim olunan excel cədvəlləri cavabdehə artıq palletlərin qaytarılmasını sübut etmir. Məhkəmə düzgün qənaətə gəlməyərək “pallet out” və “boll in” qrafalarındakı fərqi artıq qaytarılmış palletlər kimi qiymətləndirmiş və həmin fərqin dəyərinin ödənilməsini qət etmişdir. Həmçinin, email yazışması xx.xx.2020-ci il tarixdə iddiaçı ilə bərabər digər alıcılara da göndərilmiş və taxta altlıqların qaytarılması və qeydiyyatının aparılması ilə bağlı ümumi qaydanı müəyyən edir. Yazışmada cavabdeh alıcılara məlumat verir ki, müştərilərdə qaytarılmayan altlıqlar mövcuddur və onların qaytarılması barədə alıcılara xəbərdarlıq olunur. Cavabdeh məlumat verir ki, alıcılar altlıqları qaytardıqdan sonra onlar sayılacaq, qeydiyyatı aparılacaq və əgər artıq qaytarılmış taxta altlıqlar varsa kompensasiya olunacaq. Email yazışmasının göndərildiyi xx.xx.2020-ci il tarixdən sonra isə iddiaçı tərəfindən cavabdehə taxta altlıqlar qaytarılmamış, buna görə qeydiyyat da aparılmamışdır. E-mail yazışmasında iddiaçı tərəfindən taxta altlıqların cavabdehə qaytarıldığına və cavabdehdə saxlanıldığına dair birbaşa heç bir qeyd və öhdəlik olmamasına baxmayaraq, məhkəmə həmin yazışmanı 1320 ədəd artıq taxta altlığın qaytarılmasına dair sübut kimi qəbul edərək onların dəyərinin ödənilməsini qət etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh “Holcim (Azərbaycan)” ASC tərəfindən iddiaçının apellyasiya şikayətinə qarşı etiraz və ona əlavə daxil olmuşdır. Etiraz apellyasiya şikayətinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, müqavilənin 8.2-ci bəndi alıcının, yəni hazırkı vəziyyətdə iddiaçının hüquq və vəzifələrini müəyyən edir. Taxta altlıqların qaytarılması ilə bağlı şərtlər 8.2-ci bənddə alıcının öhdəlikləri sıyahısına daxil edilmiş və həmin bənddə qeyd olunur ki, mal taxta altlıqlarla təchiz olunarsa Alıcı, yəni iddiaçı aldığı hər bir taxta altlığı geri qaytarmalıdır, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində Satıcıya ödəməlidir. Satıcının satdığı sement məhsulları taxta altlıqlarla təchiz olunur, həmin taxta altlıqlar satıcının mülkiyyətidir və alıcının ödədiyi qiymətə taxta altlıqların dəyəri daxil deyildir. Müqavilənin 8.2-ci bəndinə əsasən taxta altlıqları satıcıya qaytarmaq və ya onun dəyərini ödəmək (qaytarmadığı halda) alıcının öhdəliyidir. Bu bənddə satıcının taxta altlıqların dəyərini kompensasiya etməsinə dair heç bir öhdəliyi yoxdur. Buna görə də, iddiaçının 8.2-ci bəndə istinad etməsi və kompensasiya tələb etməsi əsassızdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

13. Həmin Məcəllənin 1091-ci maddəsinin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

18. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir.

19. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

20. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).

21. Hazırkı işdə isə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur.

22. Belə ki, iddiaçı ona verilən taxta altlıqların sayından artıq sayda altlıqları cavabdehə qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

23. İddiaçının təqdim etdiyi qaimələrin kserosurətləri isə həmin halları təsdiq edən sübut qismində qismətləndirilə bilməz. Belə ki, cavabdeh həmin qaimələri mübahisələndirdiyi üçün bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və o, artıq sayda taxta altlığın cavabdehə verilməsinin məhz qaimələrlə təsdiq edildiyinə istinad etdiyi üçün həmin qaimələrin əsllərini təqdim etməli idi.

24. Lakin o, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq həmin qaimələrin əslini təqdim etməmişdir.

25. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş qaimələrin kserosurətləri artıq sayda taxta altlığın cavabdehə verilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin sənədlər Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermir.

26. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən excel formatlı 2 ədəd cədvəl də həmin halı təsdiq edən sübut kimi qəbul edilə bilməz.

27. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, sement məhsullarının satılması zamanı istifadə olunan taxta altlıqlar iddiaçıya deyil, cavabdehə məxsus olan altlıqlar olmuşdur. Müqavilədən də görünür ki, iddiaçı həmin altlıqları cavabdehə qaytarmaq öhdəliyini daşımışdır. Belə olan halda isə cavabdehə artıq taxta altlıqların qaytarılması ağlabatan görünmür.

28. İddiaçının nümayəndəsi də bu halı ağlabatan şəkildə izah etməmiş və bildirmişdir ki, iddiaçı digər şirkətlərdən də sement məhsullarını əldə etmişdir.

29. Lakin, iddiaçı bununla bağlı sübutları təqdim etməmişdir.

30. Bundan başqa, həmin cədvəllər tərəflərin müqavilə münasibətlərində olan bütün dövrə deyil, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrə aiddir. Belə olan halda isə tərəflərin müqavilə münasibətlərində olan bütün dövrün nəticəsində cavabdehə artıq taxta altlıqların verilməsi sübut olunmuş hesab edilə bilməz.

31. Həmçinin həmin cədvəllərdə “pallet out” qrafasında göstərilən sayın “boll in” qrafasında göstərilən saydan az olması o anlama gəlmir ki, iddiaçı yaranmış həmin fərq sayında palletləri cavabdehə qaytarmışdır.

32. Çünki həmin cədvəllərdən görünür ki, bəzi ünvanlara taxta altlıqların verilməsi qeyd edilsə də, həmin ünvanlardan taxta altlıqların qaytarılması qeyd edilməmiş, bəzi ünvanlar üzrə isə əksinə taxta altlıqların verilməsi qeyd olunmadığı halda, həmin ünvanlardan geri qaytarılmış altlıqların sayı qeyd edilmişdir.

33. Bundan əlavə həmin cədvəllərdə iddiaçı tərəfindən cavabdehə artıq palletlərin qaytarılması ilə bağlı heç bir qeyd yoxdur.

34. Eyni zamanda cavabdehin iddiaçıya e-mail vasitəsilə göndərdiyi “Taxta altlıqların qeydiyyatı barədə” adlı yazışma da həmin halı təsdiq edən sübut kimi qəbul edilə bilməz.

35. Belə ki, həmin yazışmanın 1-ci bəndində qeyd olunur ki, keçən illərdən fərqli olaraq 2020-ci ildən başlayaraq palletlər Holcim Azərbaycan şirkəti tərəfindən distrubutor şirkətlərə satılmır. Məhsullarla birlikdə müştərilərə çatdırılmış və müştəri tərəfindən zavoda qaytarılmış altlıqların qeydiyyatı aparılır. Yazışmanın 5-ci bəndində də qeyd olunur ki, bu ilin sonu (dekabr 2020-yanvar 2021) 2019-cu ilin son rübündən şirkətlərdə qalan (və yaxud artıq qaytarılmış) altlıqlar sayılacaq və onlar üçün kompensasiya olunacaq və yaxud çatışmayan miqdarların geri qaytarılması tələb olunacaq. Çatışmayan altlıqlar geri qaytarılmasa müştəriyə onun üçün qaimə təqdim olunacaq.

36. Göründüyü kimi e-mail yazışmasında da iddiaçı tərəfindən cavabdehə artıq palletlərin qaytarılması ilə bağlı heç bir qeyd yoxdur.

37. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və iş üzrə heç bir mötəbər sübut olmadığı təqdirdə iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.

38. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh “Holcim (Azərbaycan)” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2233/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın qismən təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar