Məhkəmə qərarları › İş №2-2(103)-81/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-81/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-81/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2821/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı QSC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 60804.09 məbləğində borcun və 46.800 manat məbləğində qanun üzrə dəbbə pulunun, həmçinin 400 manat məbləğində mediasiya prosesinə ödənilmiş rüsumun, cəmi 108004.09 manat məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Saqa Gəmi Təmiri şirkəti (bundan sonra Sifarişçi) arasında xx.xx.2016-cı il tarixində XG– 0986 saylı müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış XG-0986 saylı müqavilənin predmetini Sifarişçiyə məxsus olan "xxxx" gəmisinin tərsanə işlərinin görülməsi təşkil etmişdir. ASCO tərəfindən XG–0986 saylı müqavilənin şərtlərinə tam əməl olunmasına baxmayaraq, Saqa Gəmi Təmiri şirkətinin “İcraçı”ya 60804,09 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinin təmini ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, xx.xx.2020-ci il tarixdə rəsmi qaydada pretenziya verilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir. Saqa Gəmi Təmiri şirkəti tərəfindən hal-hazıra kimi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində ASCO maliyyə çətinlikləri ilə üzləşmiş və digər qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış XG–0986 saylı müqavilənin 8.1-ci bəndinin tələblərinə əsasən, 31 avqust 2016-cı il tarixdə Saqa Gəmi Təmiri şirkətinə məxsus olan “Amur-2528” gəmisinin tərsanə təmiri işlərinin görülməsi barədə tərəflər arasında 139 saylı akt imzalanmış və görülmüş işlər təsdiq olunmuşdur. XG – 0986 saylı müqavilənin 5.1-ci bəndinə əsasən, Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ümumi müqavilə qiyməti ƏDV-siz 67175,50 manat müəyyən edilmişdir. XG – 0986 saylı Müqavilənin 4.2 – ci bəndinə əsasən, Müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə yəni 28 iyul 2017-ci il tarixinədək qüvvədədir. Tərəflərdən hər biri bu müddətin başa çatmasınadək bu Müqavilə üzrə yaranmış olan və icra edilməmiş öhdəliklərini, bu müddətin başa çatmasından sonra icra etməyə borcludurlar və Müqavilə müddətinin başa çatması icra edilməmiş belə öhdəliklərə təsir etmir. XG – 0986 saylı müqavilənin 5.1-ci bəndinə əsasən Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ümumi müqavilə qiyməti aşağıda qeyd olunan vaxtlarda və həcmdə həyata keçirilməlidir: 1.1-ci ödəniş: ümumi müqavilə qiymətinin 50% - i həcmində (33 587,75 manat) bu müqavilənin tərəflərin hər ikisinin imzalamasından sonra 10 təqvim günü ərzində. 2.2-ci ödəniş: ümumi müqavilə qiymətinin yekun 50% - i həcmində 33 587,75 manat işlər icraçı tərəfindən tamamlandıqdan sonra tərəflər arasında işlərin tamamlanmış hissəsinə dair müvafiq təhvil-təslim aktının imzalanmasından 7 təqvim günü ərzində. XG – 0986 saylı müqavilənin 7.1-ci bəndinə əsasən, bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etməməyə habelə, tam və ya lazımınca icra etməməyə görə Azərbaycan Respublikasının qanunvericiliyinə görə məsuliyyət daşıyırlar və hər bir tərəf bir-birlərinə vurduqları ziyanın dəyərini qarşı tərəfə ödəməyə borcludur. XG – 0986 saylı müqavilənin 7.2-ci bəndinə əsasən əgər sifarişçi öz ödəniş öhdəliklərini bu Müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ödəməzsə, bu halda icraçının hüququ vardır ki, sifarişçidən ödənişin hər gecikdirilmiş gününə görə ümumi müqavilə qiymətinin 0,1 % (sıfır onda bir faiz) miqdarında peniya (cərimə) tələb etsin. XG – 0986 saylı müqavilənin 12.2-ci bəndinə əsasən, tərəflər arasında olan mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur. Əks təqdirdə Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır. “İcraçı” tərəfindən müqavilənin şərtlərinə əsasən, görülmüş işlər təhvil-təslim aktı əsasında “Sifarişçiyə” ya təhvil verilmiş və XG–0986 saylı müqavilənin şərtləri pozulmamışdır. “Sifarişçi” tərəfindən isə müqaviləyə əsasən götürdüyü öhdəliklər yerinə yetirilməmiş və öhdəliyin icrası gecikdirilmişdir. 31 avqust 2016-cı il tarixdə tərəflər arasında 139 saylı akt imzalanmış və aktı hər iki tərəfin səlahiyyətli nümayəndələri təsdiq etmişlər. Belə ki, akta əsasən icraçı tərəfindən müqavilə üzrə yerinə yetirilmiş işlər 100% həcmində görülməsi qəbul edilmişdir. 01 fevral 2018-ci il tarixdə Saqa Gəmi Təmiri Şirkəti tərəfindən ASCO – ya 07/2018 saylı məktub göndərilmiş, məktuba xx.xx.2018-ci il tarixə qarşılıqlı borcların üzləşdirilməsi aktı əlavə edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi aktı hər iki tərəfdən imzalanmış və qəbul edilmişdir. 25 fevral 2020-ci il tarixdə cavabdeh tərəfindən ASCO–ya ümumi borcdan 18 463 məbləğində vəsait ödənmişdir. Azərabaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. İş materiallarına əlavə edilmiş 01 fevral 2018 – ci il tarixdə Saqa Gəmi Təmiri Şirkəti tərəfindən ASCO – ya 07/2018 saylı məktubdan və 25 fevral 2020 – ci il tarixdə edilmiş ödəniş qəbzindən görünür ki, iddia müddətinin axımı 2 dəfə cavabdehin borcu etiraf etməsi hərəkətləri ilə kəsilmişdir. Belə ki, 25 fevral 2020 – ci il tarixdə borcun etirafı hərəkəti ilə iddia müddətinin axımı kəsilmişdir. 24 fevral 2023 – cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə cavabdehə müraciət olunmuşdur. Müraciət nəticəsində mediasiya prosesi başladılmış və 16 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/16-00739 saylı 05 may 2023 – cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. 16 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/16- 00739 saylı xx.xx.2023 – cü il tarixli arayış rəsmi şəkildə iddiaçıya xx.xx.2023 – cü il tarixdə təqdim edilmişdir. XG-0986 saylı xx.xx.2016-cı il tarixli müqavilənin 7.2-ci bəndinə əsasən cavabdeh tərəfindən ödəniş tarixindən (xx.xx.2020) bu günə kimi ümumi müqavilə qiymətinin 0.1 %-i məbləğində dəbbə puluda cavabdehdən tutulmalıdır, cavadbeh tərəfindən ümumi borc məbləğindən 16646.61 manat ödənilmişdir.

3. xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və iş materiallarından görünür ki, cavabdehin iddiaçıya ödəmiş olduğu sonuncu məbləğ xx.xx.2020-ci il tarixdir. Həmin tarixdən sonra hər hansı bir ödəniş həyata keçirilməmişdir. Bu isə onu bildirir ki, iddiaçı tərəfindən iddianın irəli sürülməsi 3 il müddətində olmaqla, xx.xx.2023-cü il tarixə kimi verilməli idi. Lakin iddia ərizəsindən bir başa görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət xx.xx.2023-cü il tarixdə olmuşdur. Bu həm iddia ərizəsinin özündə, həm də iddia ərizəsinin elektron qaydada olan müraciətindən görünür. Bunu iddiaçı özü anlayır, çünki verilmiş iddia ərizəsində müddətlə bağlı xeyli sayda hüquqi məsələlərə toxunulmuşdur. Digər tərəfdən, iddiaçı özünü iddia müddətini ötürməməsi barədə hüquqi əsaslandırmasını ilk öncə, xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciəti ilə bağlayır. Bununla belə, mediasiyaya necə müraciət etmişdirsə, bunu açıq şəkildə iddia tələbində göstərməmişdir. Sadəcə olaraq, mediasiya təklifini iddia ərizəsinə qoşma kimi əlavə etmiş və həmin təklif məktubunda da mediasiyaya müaraciətin məhz xx.xx.2023-cü il tarixdə olduğu görünür. Bundan başqa, iddia ərizəsinə əlavə kimi pretenziya məktubunda qoyulmuşdur ki, həmin məktubun tarixi də xx.xx.2023-cü il tarixədir. Lakin pretenziya məktubunun cavabdehə təqdim edilməsini təsdiq edəcək heç bir rəsmi sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Baxmayaraq ki, AR-nın MPM-nin 150-ci maddəsi bu tələblərə riayət olunmanı vacib sayır. Bu baxımdan, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətinin ötürülməsinin tətbiq olunması və nəticədə də verilmiş iddia tələblərinin rədd olunması barədə müvafiq qətnamə qəbul olunmalıdır.

4. İddiaçının nümayəndəsi tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiqinə dair ərizəsinə dair təqdim edilmiş mülahizəsində 24 fevral 2023-cü il tarixli mediasiya prosesinin tətbiqi ilə bağlı təklif İddiaçı QSC tərəfindən Saga Gəmi Təmiri şirkətinə xx.xx.2023-cü il tarixdə göndərildiyi və xx.xx.2023-cü il tarixdə qəbul edildiyi, bundan sonra xx.xx.2023-cü il tarixdə mediasiya üçün müraciət edildiyi və 16 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/16-00739 saylı xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə QSC-yə təqdim edildiyi, xx.xx.2023-cü il tarixdə AXDG QSC tərəfindən cavabdehin Vergilər Nazirliyində olan elektron vergi kabinetinə pretenziya göndərildiyi və bununla bağlı sənəd iddia ərizəsinə əlavə ediliyi, cavabdeh tərəfindən iddia ərizəsinin ötürülməsi ilə bağlı qeyd olunan dəlillərin əsassız olduğunu və tərəflərindən iddia müddəti ötürülməməklə məhkəməyə göndərildiyi qeyd olunmuşdur.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2821/2023 saylı, 14 sentyabr 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən xx.xx.2016-cı il tarixli, XG-0986 saylı müqaviləyə əsasən 60804.09 manat məbləğində əsas borc, 3040 manat məbləğində dəbbə pulu olmaqla cəmi 63844,09 (altmış üç min səkkiz yüz qırx dörd manat 09 qəpik) manat və mediasiya xərcinin əvəzi olaraq 282 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, e-2-2(113)- 2821/2023 nömrəli qətnaməsinin iddia tələblərinin təmin edilmiş hissəsində ləğv olunması və qətnamənin digər hissələrdə qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə də iddiaçı tərəfindən verilmiş iddia müddəti ötürülmüşdür. Hətta bu barədə birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli ərizə verərək, bu barədə məhkəməyə bildirilmiş və iddiaçının tələblərinin rədd olunması xahiş olunmuşdur. İddia müddətinin hazırki iş üzrə ötürülməsinin hüquqi əsasları ondan ibarətdir ki, iddia ərizəsində və iş materiallarından da görünür ki, cavabdehin iddiaçıya ödəmiş olduğu sonuncu məbləğ xx.xx.2020-ci il tarixdir. Həmin tarixdən sonra hər hansı bir ödəniş həyata keçirilməmişdir. Bu isə onu bildirir ki, iddiaçı tərəfindən iddianın irəli sürülməsi 3 il müddətində olmaqla, xx.xx.2023-cü il tarixə kimi verilməli idi. Lakin iddia ərizəsindən bir başa görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət xx.xx.2023-cü il tarixdə olmuşdur. Bu həm iddia ərizəsinin özündə, həm də iddia ərizəsinin elektron qaydada olan müraciətindən görünür. Bunu iddiaçı özü anlayır, çünki verilmiş iddia ərizəsində müddətlə bağlı xeyli sayda hüquqi məsələlərə toxunmuşdur. Digər tərəfdən, iddiaçı özünü iddia müddətini ötürməməsi barədə hüquqi əsaslandırmasını ilk öncə, 24 fevral 2023-cü il tarixdə mediasiyaya müraciəti ilə bağlayır. Bununla belə, mediasiyaya necə müraciət etmişdirsə, bunu açıq şəkildə iddia tələbində göstərməmişdir. Sadəcə olaraq, mediasiya təklifini iddia ərizəsinə qoşma kimi əlavə etmiş və həmin təklif məktubunda da mediasiyaya müaraciətin məhz xx.xx.2023-cü il tarixdə olduğu görünür. Bundan başqa, iddia ərizəsinə əlavə kimi pretenziya məktubu da qoyulmuşdur ki, həmin məktubun tarixi də xx.xx.2023-cü il tarixədir. Lakin pretenziya məktubunun cavabdehə təqdim edilməsini təsdiq edəcək heç bir rəsmi sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Baxmayaraq ki, AR-nın MPM-nin 150-ci maddəsi bu tələblərə riayət olunmanı vacib sayır. Bu baxımdan, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Bunun üçün də verilmiş ərizədə iddia müddətinin ötürülməsi səbəbindən, iddiannı rədd olunması barədə müvafiq qətnamənin çıxarılması istənilsə də, ancaq buna məhkəmə əhəmiyyət verməmidir. İşə baxmış birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq olunmamasının səbəbi kimi, tərəflər arasında mübahisənin başlanmasının ilkin tərəfi kimi, iddiaçının xx.xx.2023-cü il tarixdə müvafiq qaydada təkilif məktubunun göndərilməsini irəli sürür. İlk öncə, qeyd olunan təklif məktubunun rəsmi qaydada alınmasını təsdiq edən hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. İkincisi, təklifin göndərilməsini özündə əks etdirən poçt qəbzində göstərilir ki, guya həmin təklif məktubu 24 fevral 2023cü il tarixdən sonra alınmışdır (əldə edilmişdir). Əgər, həmin sənəd həqiqətən cavabdehin rəsmi, səlahiyyətli nümayəndəsi tərəfindən alınmış olarsa belə, burada da bəlli olur ki, iddia müddəti yenə ötürülmüşdür. Çünki, iddia tələbləri barədə cavabdeh hər bir halda 25 fevral 2023-cü il tarixdən sonra məlumatlı olmuşdur. Bu da onu göstərir ki, burada 3 il müddət keçəndən sonra iddiaçı bunu cavabdehə çatdırmışdır. Ancaq buna əhəmiyyət verməyən məhkəmə, “Mediasiya haqqında” AR-nın Qanunun bir çox normalarına istinad etməklə, iddia müddətinin tətbiqinin mediasiyaya müraciət olunması tarixdən saymışdır. Ancaq qeyd etdiyimiz kimi, mediasiyaya müraciətdən qabaq, tərəf qarşı tərəfə göndərdiyi hansısa təklifi əsas gətirməklə müddətin ötürülməməsi fikrinə gəlmişdir. Bundan başqa, işə baxmış məhkəmə “Mediasiya haqqında” AR-nın Qnuanun 35.1-ci maddəsinə istinad etməklə, iddia müddətinin axımına səbəb olan hallar barədə qeyd edir. Göstərilən norma mübahisəsizdir və bəllidir ki, mediasiyaya müracit etdikdə məhkəmədə olan mübahisə dayandırılır. Ancaq hazırki normanın bu mübahisəyə ümumi anlamda aidiyyəti olsa da, konkret olaraq, birbaşa aidiyyəti yoxdur. Çünki işin mübahisəli tərəfləri başa hallardır. Belə ki, məhkəmə qeyd edir ki, mediasiya barədə təklif cavabdeh tərəfindən göndərilmiş, həmin göndərilmə də 24 fevral 2023-cü il tarixdə olmuş və buna dair sübutlar iş materiallarına əlavə olunmuşdur (qətnamənin 74 və 75-ci yarımbaşılıqları tam şəkildə). Ancaq qeyd edilən təklif hər bir halda 25 fevral 2023-cü il tarixdən sonrakı dövrə düşmüşsə və cavabdehin də bundan məhz elə iddia müddətinin ötürüldüyü vaxtdan sonrakı günlərdə xəbəri olmuşsa, onda bu necə iddia müddətinin ötürülməsi sayılır ki? İkinci tərəfdən də məhkəmə proseslərində də daim bildirilmişdir ki, burada iddia müddətinin ötürülməsinin əsası kimi, ümumiyyətlə xx.xx.2023-cü il tarixdə mediasiya ilə bağlı müraciət olunmamışdır. Hətta, məhkəmə zamanı o da müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2023cü il tarixli pretenziya məktubunu da guya cavabdehə rəsmi qaydada göndərmişdir. Əgər rəsmi qaydada göndərmişdirsə bunu təsdiq edəcək sənəd qoyulmalı idi. Yaxud da, elektron qaydada göndərmişdirsə, onda bunu təsdiq edəcək sənədə iş materialarına əlavə olunmalı idi. Məhkəmə prosesləri zamanı “məktub” adlı bir səhifədən ibarəd olan məlumat iddiaçı tərəfindən orataya ataraq qeyd etmişir ki, məhz elə bu o sənəddir ki, həmin səbənədlə də pretenziya məktubu göndərmişdir. Bu mövqedən çıxış etmiş iddiaçı məhkəmə tərəfindən dəstəklənmiş və yekunda da iddiası qisminə təmin olunmuşdur. İlk olaarq, işə baxmış məhkəmə mediasiya ilə bağlı normalara istinad etməklə müddətin dayandırılmasını ortaya qoyur və bundan sonra da iddia müddətinin keçirilməməsi barədə yekun nəticəyə gəlmişdir. Mediasiya ilə bağlı müddətin dayandırılmasının birinci hüquqi əsası, AR-nın MM-nin 379.1.6-cı maddəsinin tələbləridir. Belə ki, həmin normada qeyd olunur ki, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayanıdırlır. Özü də norma imperativ olmaqla, məcburi qaydada dayandırılmadan danışır. Həmçinin, normanın mahiyyətindən o da müəyyən olunur ki, mediasiya prosesinin tətbiqi mütləq olmalıdır ki, burada müddətin axımı dayansın. Belə bir tətbiq yoxdursa, hansısa bir dayandırmadan da danışmaq olmaz. Ancaq işə baxan məhkəmə tərəfimizdən verilmiş iddia müddətinin axımının dayandırılması halını iddiaçı tərəfindən 24 fevral 2023-cü il tarixdə təklif məktubunu göndərilməsini rəhbər tutlmaqla və “Medisaiya haqqında” Qanunun 21.5 və 21.6-cı maddələrini əsas gətirməklə, medaisiya prosesində təklifin göndərilməsi anından “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin bağlandığını qeyd edir (qətnamənin 76-cı bəndi). Ancaq MM-nin 379.1.6-cı maddəsində hansısa mediasiya prosesinin tətbiqi barədə müqavilə və ya belə bir müqavilənin bağlanması anının iddia müddətinin axımının dayandırılması əsası kimi qeyd etmir. MM-nin istinad olunan norması konkret və imperativ olaraq bildirir ki, tərəflər arasında mübahisəyə mediasiya prosesinin tətbiq olduğu halda dayandırılma sayılır. Mediasiyanın tətbiqi isə “Mediasiya haqqında” Qanunda belə bir təklifin göndərilməsi əsas olaraq irəli sürülmür. Belə ki, həmin qanunun 21.1-ci madəsində mediasiya prosesinin başlanmasını hüquq norması iki əsasla müəyyən edir: Bunlardan birincisi, tərəflər arasında müqavilənin bağlanması, ikincisi isə, haqqında danışılan qanunun 28 və 29-cu maddələrində nəzərdə tutulmuş hallardır. Deməli, burada mediasiya ilə əlaqədar hər hansı bir təklifin göndərilməsi tərəflər arasında mediasiyanın tətbiqini yaratmır. Məhz bu səbəbdəndir ki, mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanması hətta məhkəmədə olan mübahisə üzrə prosesin dayandırılması üçün hüquqi əsasdır (“Mediasiya haqqında” AR-nın Qanunun 21.4-cü maddəsi). İddiaçı tərəfindən təklifin göndərilməsini təsdiq edən poçt qəbzi ilə eynilik daşıyan qəbzlərin düzgün olmaması, onların qanunverciliyə zidd olması həmin qəbzi göndərən poçt daşıma şirkəti tərəfindən təsdiq edilmişdir. Necə olur ki, təkliflə bağlı qəbzlə eynilik təşkil edən və ondan bir rəqəm əvvəl və sonrakı nömrələr qanunverciliyə və poçt daşıma qəbzlərinə zidd olur, ancaq mübahisə üzrə olan qəbz qanuni olmuşdur? Bu hallar elə poçt daşıma xidmətinin özünün təqdim etdiyi və hal-hazırda kommersiya işinin içərisində olan rəsmi cavab məktubu ilə təsdiq olunur. Bu hallara işə baxmış məhkəmə qiymət verməmiş və ümumiyyətlə bunu araşdırmamışdır. Beləliklə, işə baxmış məhkəmə maddi hüquq normalarını kobud pozduğu kimi, prosessual hüquq normalarına da əhəmiyyət verməmiş, özünün istəyinə və arzusuna uyğun olaraq işə baxmışdır. Bu da yekunda istinad edilən prosessual hüquq normalarının kobud pozuntusunu özündə əks etdirir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

12. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

13. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

18. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

19. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.

22. Hazırkı işdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2016-cı il tarixli müqaviləyə əsasən sifarişçi müqavilənin əlavəsində göstərilmiş təmir cədvəlinin kalkulyasiya hesabatının tələblərinə uyğun olaraq ona məxsus “Amur2528” gəmisinin tərsanə təmiri işlərini icraçıya tapşırır. İcraçı isə gəminin tərsanə təmiri üzrə işlərin yerinə yetirilməsini öz öhdəsinə götürür.

23. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi işlərin yerinə yetirilməsi üçün lazım olan ilkin məlumat və sənədərin icraçıya təqdim edilməsini öz öhdəsinə götürür. İşlərin göülməsi üçün müvafiq sənədlər sifarişçi tərəfindən təqdim edilmədikdə, bunun hər hansı nəticələrinə görə sifarişçi məsuliyyət daşıyır.

24. Müqavilənin 2.2-ci bəndinə əsasən gəmidə tərsanə təmiri işləri müqaviləyə əlavə 1-də göstərilmiş texniki tələblərə əsasən həyata keçiriləcəkdir.

25. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçı əlavə işləri həyata keçirməyə başlamazdan öncə, tərəflər arasında təmir işlərini və onların dəyərini əks etdirən razılaşma protokolu imzalanmalıdır.

26. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin qiyməti bu müqavilənin əlavə №1 sayılan Təmir Cədvəlinin Kalkulasiya Hesabatına uyğun olaraq ƏDV-siz 67175,50 manat məbləğində müəyyən ounur.

27. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində yəni 28 iyul 2017-ci il tarixinədək qüvvədədir. Tərəflərdən hər biri bu müddətin başa çatmasınadək bu müqavilə üzrə yaranmış olan və icra edilməmiş öhdəliklərini, bu müddətin başa çatmasından sonra icra etməyə borcludurlar və müqavilə müddətinin başa çatması icra edilməmiş belə öhdəliklərə təsir etmir.

28. Müqavilənin 4.3-cü bəndinə əsasən gəmidə işlərin yekunlaşdırılması tarixi tərəflərin hər ikisinin səlahiyyətli nümayəndələri tərəfindən işlərin təmirdən qəbul olunması haqqında müvafiq təhvil qəbul akının imzalanmasının tarixi hesab edilməlidir.

29. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ümumi müqavilə qiyməti aşağıda qeyd olunan vaxtlarda və həcmdə həyata keçirilməlidir. 1) birinci ödəniş: ümumi müqavilə qiymətinin 50%-i həcmində (33587,75 manat) bu müqaviləni tərəflərin hər ikisinin imzalamasından sonra 10 təqvim günü ərzində; 2) ikinci ödəniş: ümumi müqavilə qiymətinin yekun 50%-i həcmində (33587,75 manat). İşlər icraçı tərəfindən tamamlandıqdan sonra və tərəflər arasında tamamlanmış hissəsinə dair müvafiq təhvil-qəbul aktının imzalanmasından sonra 7 təqvim günü ərzində;

30. Müqavilənin 5.2-ci bəndinə əsasən bütün ödənişlər hər bir ayrı hal üçün tərtib edilmiş və icraçı tərəfindən sifarişçiyə təqdim edilmiş hesab-fakturaya əsasən 5.1-ci bənddə qeyd olunmuş müddətdə və həcmdə sifarişçi tərəfindən icraçının hesablaşma hesabına köçümə yolu ilə həyata keçirilir.

31. Müqavilənin 7.2-ci bəndinə əsasən əgər sifarişçi öz ödəniş öhdəliklərini bu müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ödəməzsə, bu halda icraçının hüququ vardır ki, sifarişçidən ödənişin hər gecikdirilmiş gününə görə ümumi müqavilə qiymətinin 0.1% miqdarında peniya (cərimə) tələb etsin.

32. Müqavilənin 8.1-ci bəndinə əsasən təhvil-qəbul sınaqlarının bitirilməsindən sonra icraçı və sifarişçinin nümayəndələri tərəfindən 3 nüsxə təhvil-qəbul aktı tərtib olunur.

33. Müqavilənin 8.2-ci bəndinə əsasən sifarişçi qəbul-təhvil aktını aldıqdan sonra. 10 gün ərzində icraçının ünvanına imzalanmış aktı və yaxud işlərin qəbulundan əsaslandırılmış imtina bildirişini göstərməlidir.

34. Müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçinin əsaslandırılmış imtina bildirişi olduğu halda zəruri əlavə işlərin siyahısı və onların yerinə yetirilməsi müddəti göstərilməklə, ikitərəfli akt tərtib olunur.

35. Əlavə 1 əsasən “Amur 2528” gəmisinin dok təmiri spesifikasiyası üzrə təmir qiyməti 67175,5 manat müəyyən edilmişdir.

36. xx.xx.2016-cı il tarixli akta əsasən İddiaçı QSC-nin Bibiheybət Gəmi Təmiri Zavodu ilə tərəfindən Amur-2528 gəmisi təmirə qəbul edildiyi və sifariş nömrəsinin 041527 olduğu qeyd olunmuşdur.

37. İddiaçı QSC-nin Bibiheybət Gəmi Təmiri Zavodu ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2016-cı il tarixli təhvil-təslim aktına əsasən 041527 saylı sifariş əsasında Amur-2528 gəmisinin tərsanə təmirinin başa çatdırıldığı təsdiq edilmişdir.

38. İddiaçı QSC-nin Bibiheybət Gəmi Təmiri Zavodu ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə tərtib olumuş 139 saylı akta əsasən “Amur-2528” gəmisinə tərsanə təmiri üzrə 67175,50 manat dəyərində təmir işləri yerinə yetirilməsi qəbul edilmişdir.

39. xx.xx.2016-cı il tarixli 607 90030151 saylı hesab/invoice əsasən İddiaçı QSC tərəfindən Cavabdehnə “Amur-2528” təmir işlərinə görə 67175 manat və 12091,59 manat ƏDV daxil olmaqla 79267.09 manat məlbəğində invoys verilmişdir.

40. 23.09.2016-cı il tarixli, 053529 saylı HM seriyalı elektron-qaiməyə əsasən İddiaçı QSC tərəfindən Cavabdehnə ƏDV daxil 79267,09 manat məbləğində xidmət göstərilmişdir.

41. Cavabdeh İddiaçı QSC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli, 07/2018 saylı məktubundan görünür ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2017-ci il tarixinə qarşılıqlı üzləşmə aktının təsdiqlənmiş nüsxəsi təqdim edilmişdir.

42. İddiaçı QSC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən xx.xx.2017-cı il tarixinə qarşılıqlı üzləşdirmə aparıldığı və xx.xx.2017-cı ilə borc qalığının 79267,10 manat olduğu təsdiq olunmuşdur.

43. "xxxx" ASC-nin hesabdan çıxarışına əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli XG-0986 saylı müqavilə üzrə 15646,61 manat əsas borcdan və həmin tarixli Vergilər Nazirliyinin hesabdan çıxarışına əsasən isə 2816,39 manat ƏDV ödənişi edilmişdir.

44. AR Fövqəladə Hallar Nazirliyinin cavabdehin vəkilinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, məktubda qeyd olunan hüquqi şəxslərin adına “Amur2528” gəmisi Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmamışdır.

45. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət dəniz və liman agentliyinin cavabdehin vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Amur2528” gəmisi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berboutçarter reyestrində qeydiyyata alınmadığından, məlumatların təqdim edilməsi mümkün olmamışdır.

46. Gəminin təmirə verilməsinə dair xx.xx.2016-cı il tarixli akt və gəminin təmirinin başa çatmasına dair hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli akt, təmir işlərin görülməsinə dair 139 saylı akt, qarşılıqlı borcların üzləşdirilməsi aktı və sair sənədlər müqavilə bağlanması və işlər görüldüyü zaman həmin gəminin mövcudluğunu təsdiq etmişdir.

47. İşdən göründüyü kimi iddiaçı xx.xx.2016-cı il tarixli, XG-0986 saylı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmiş, buna dair tərəflər arasında təhvil-təslim aktı tərtib edilmiş, o cümlədən görülmüş işlərə dair yaranmış borc məbləğinə dair qarşılıqlı borcların üzləşdirmə aktı tərtib edilmiş və aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

48. Bundan başqa, əgər gəmi mövcud olmamışdırsa və müqavilə sadəcə formal olaraq bağlanmışdırsa, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə müqavilədə nəzərdə tutulmuş təmir-xidməti haqqının bir hissəsinin ödənilməsi anlaşılan deyil.

49. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlmiş, cavabdeh öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə üzrə iddia tələbini irəli sürmək hüququ vermişdir.

50. Odur ki, 60804.09 manat əsas borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

51. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, XG-0986 saylı nömrəli müqavilənin 7.2-ci bəndində öz əksini tapmışdır.

52. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

53. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

54. Kollegiya həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq əsas borc məbləğinə münasibətdə 3040 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.

55. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur.

56. İddiaçı QSC tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-3/2- 884/2023 saylı pretenziya məktubunda QSC tərəfindən xx.xx.2016-cı il tarixli XG-0986 saylı müqavilə üzrə qalıq borc ƏDV daxil 60804,09 manat olduğu və 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.

57. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/16-00739 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir.

58. İşdə olan elektron poçt ünvanı çıxarşından görünür ki, Oğul Kərimov 16saylıElektron ünvan 1 üvanından Elektron ünvan 2 ünvanına xx.xx.2023-cü il tarixində bir ədəd pdf sənədi göndərilmişdir.

59. ünvan ünvanlanmış məktubda İddiaçı QSC-nin sədr müavininin imzası ilə xx.xx.2023-cü il tarixli mediasiya sessiyasının keçirilməsi üçün mediasiya müraciəti xx.xx.2023-cü il tarixdə Bakı 16 saylı Mediasiya təşkilatında qeydiyyata alındığı, mediator tərəfindən hər iki tərəfə ilkin mediasiya sessiyası barədə xx.xx.2023-cü il tarixdə yəni, həmin gün bildirişlər həm poçt, həm sms, həm də elektron kargüzarlıq vasitəsi ilə tərəflərə çatdırıldığı, “Saqa gəmiri təmiri” şirkətində "xxxx" sürətli poçt vasitəsi ilə göndərilən ilkin mediasiya sessiyasının keçirilmə günü saatı barədə bildirişi xx.xx.2023-cü il tarixdə “Göyüşov” soyadı olan şəxs aldığı və poçt qəbzinə imza atdığı, mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh sessiyada iştira etmədiyi, buna görə də mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edildiyi qeyd olunmuşdur.

60. ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı QSC Bakı 16 saylı Mediasiya Təşkilatına xx.xx.2023-cü il tarixli tərəflərindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış müraciətə əlavə olaraq qarşı tərəfə, yəni Cavabdehnə göndərdiyi xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifin surəti və poçt qəbzinin əlavə edildiyi bildirilmişdir.

61. "xxxx" MMC-nin "xxxx" X2 tərəfindən cavabdehin vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, müəssisədə TA005916375AZ, TA005916376AZ, TA005916378AZ və TA005916379AZ nömrəli yol qaimələrinin müşayiət etdiyi poçt göndərişləri ümumiyyətlə olmamışdır, çünki qeyd edilən bu nömrələr poçt göndərişlərini nömrələnmə standartına ziddir və belə nömrəli yol qaimələrinin olması mümkün deyildir. Amma TA005916377AZ nömrəli yol qaiməsi və onunla müşayiət olunan poçt göndərişi olmuşdur və məktuba qoşma kimi həmin qaimənin (İddiaçı QSC tərəfindən Cavabdehnə xx.xx.2023 tarixində göndərilən məktubun qaiməsi) kserosurəti göndərilmişdir.

62. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə sonuncu ödəniş xx.xx.2020-cı il tarixdə həyata keçirilmişdir.

63. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən ilkin olaraq cavabdeh tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu xx.xx.2023-cü il tarixdə göndərilmiş, həmin göndərilməyə dair sübutlar da işə əlavə edilmişdir.

64. Mülki Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

65. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

66. Həmin Qanununun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

67. Həmin Qanununun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.

68. İşdən də göründüyü kimi iddiaçı tərəfə xx.xx.2023-cü il tarixli, MŞB/16-00739 saylı arayış xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və buna dair elekrton poçt ünvanından çıxarış təqdim edilmişdir. İddiaçı tərəf də eyni tarixdə (xx.xx.2023) məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə tərəfindən sənədlər 10 may 2023-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

69. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2821/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar