Məhkəmə qərarları › İş №2-2(103)-810/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-810/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-810/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2597/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə "xxxx" MMC arasında 03 oktyabr 2022-ci il tarixli, ASİS/AS/051/22 №-li alqı-satqı müqaviləsi və müqaviləyə 01 saylı Əlavə (qiymət razılaşdırma protokolu) imzalanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə görə “Satıcı” müqavilənin əlavəsində qeyd olunan göstərici və texniki xüsusiyyətlərə uyğun dəmir-beton məmulatlarını “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə məhsulu qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 3.4-cü bəndinə əsasən ödənişlər vaxtı-vaxtında ödənilmədiyi təqdirdə satıcı ödənilməmiş məbləğinin 10%-dən artıq olmamaq şərti ilə, hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin 0,1 % həcmində dəbbə pulunun ödənilməsini alıcıdan tələb etmək və alıcı tərəfdən borc tam şəkildə ödənilənə kimi məhsulun təchizatını dayandırmaq hüququnu əldə edir.

4. Həmin müqavilənin 7.1-ci bəndinə görə hazırkı müqavilə imzalanma günündən qüvvəyə minir və 03 oktyabr 2023-cü il tarixədək etibarlıdır. Müqavilənin bitməsinə 1 ay qalmış tərəflərin heç biri ona xitam verilməsinə dair digər tərəfə məlumat verməsə, müqavilə eyni 1 il müddətinə, eyni şərtlər ilə uzadılmış sayılır.

5. xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokoluna (01 saylı Əlavə) əsasən ölçüsü 390x90x188 olan beton hörgü bloklarının bir ədədinin qiyməti ƏDV-siz 0,86 manat, ƏDV daxil 1.01 manat, 390x190x188 olan beton hörgü bloklarının bir ədədinin qiyməti ƏDV-siz 0,95 manat, ƏDV daxil 1.12 manat razılaşdırılmışdır. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən iddia qiymətini təşkil edən qaimələr üzrə ƏDV daxil 17.914,58 manat əsas, ödənişin gecikməsinə görə 0.1% miqdarında, yəni 1.791,46 manat dəbbə pulu, iddiaçı tərəfindən ödənilmiş 210 manat mediasiya, poçt və digər xərclər nəzərə alınmaqla ümumilikdə 19.916,04 manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış 03 oktyabr 2022ci il tarixli, ASİS/AS/051/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-ci il tarixli EBCO seriyalı 007342 nömrəli, xx.xx.2023-ci il tarixli EBCB seriyalı 163230 nömrəli, xx.xx.2023-ci il tarixli EBDC seriyalı 779444 nömrəli, xx.xx.2023-ci il tarixli EBCE seriyalı 694817 nömrəli və xx.xx.2023-ci il tarixli EBDG seriyalı 007342 nömrəli elektron qaimələr əsasında ümumi dəyəri ƏDV daxil 20.199,42 manat dəyərində mallar təchiz edilmişdir. Yuxarıda göstərilən elektron qaimələr əsasında malların təhvil verilmə tarixindən altı aydan çox müddətin keçməsinə baxmayaraq, malların dəyəri İddiaçı MMC-nə tam olaraq ödənilməmişdir. Malların Alıcıya təhvil verilməsini təsdiq edən müvafiq aktlar tərtib edilmişdir. Hazırda həmin elektron qaimələr üzrə ƏDV daxil 17.914,58 manat borc qalmaqdadır.

8. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2597/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 17914,58 manat əsas borc, cərimə borc üzrə 900 manat olmaqla, cəmi 18814,58 manat məbləğində borcun, həmçinin 200 manat mediasiya xərcinin tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

10. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndini düzgün şərh etməmişdir. Belə ki, müqavilənin 3.3-cü bəndinin (alıcı sifariş etdiyi məhsulların dəyərinin 100 faizini öncədən ödəməlidir) tələbi nəzərə alınsa, bu halda cavabdeh sifariş verdiyi məhsulların dəyərini əvvəlcədən iddiaçıya ödəmişdir. Əks halda, iddiaçı cavabdehə malları təhvil verməzdi. Həmçinin, məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə ərizə verilsə də, məhkəmə iclası təxirə salınmamış, beləliklə məhkəmə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkmə iclasında iddiaçının nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinə etiraz etdi.

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

16. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

17. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 19.Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

20. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

23. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Belə ki, tərəflər arasında 03 oktyabr 2022-ci il tarixli, ASİS/AS/051/22 alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

27. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.

28. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.

29. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.

30. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolunda iddiaçı tərəfindən cavabdehə təqdim olunacaq malların adı, markası (çeşidi, növü), miqdarı, ölçü vahidi, qiyməti göstərilmiş və həmin razılaşma protokolu hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

31. 21.11.2022-ci il tarixli, 229212 saylı təhvil-təslim aktından görünür ki, 2 adda məhsul iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCK seriyalı, 383452 saylı, xx.xx.2022-ci il tarixli dəyəri 2.217,99 manat olan elektron qaimə göndərilmişdir.

32. 12.01.2023-cü il tarixli, 229258 saylı, xx.xx.2023-cü il tarixli, 229264 saylı, xx.xx.2023-cü il tarixli, 229267 nömrəli və xx.xx.2023-cü il tarixli, 229277 saylı təhviltəslim aktlarından görünür ki, 4.480 ədəd 90x188x390 ölçülü və 3.150 ədəd 190x188x390 beton blok iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCO seriyalı, 007342 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 8.077,45 manat olan elektron qaimə göndərilmişdir.

33. 07.04.2023-cü il tarixli, 229331 nömrəli və xx.xx.2023-cü il tarixli, 229339 nömrəli təhvil-təslim aktlarından görünür ki, 675 ədəd 190x188x390 ölçülü və 3.520 ədəd 90x188x390 ölçülü beton blok iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDE seriyalı, 694817 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 4.328,77 manat olan elektron qaimə göndərilmişdir.

34. 09.03.2023-cü il tarixli, 229321 nömrəli və xx.xx.2023-cü il tarixli, 229325 nömrəli təhvil-təslim aktlarından görünür ki, 1.575 ədəd 190x188x390 ölçülü və 2.240 ədəd 90x188x390 ölçülü beton blok iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDC seriyalı, 779444 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 4.038,73 manat olan elektron qaimə göndərilmişdir.

35. 25.02.2023-cü il tarixli, 229314 nömrəli təhvil-təslim aktından görünür ki, 1.575 ədəd 190x188x390 ölçülü beton blok iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDB seriyalı, 163230 saylı xx.xx.2023-cü il tarixli dəyəri 1.765,58 manat olan elektron qaimə göndərilmişdir.

36. 07.12.2022-ci il tarixli, 229232 nömrəli, xx.xx.2022-ci il tarixli, 229242 nömrəli və xx.xx.2023-cü il tarixli, 229257 nömrəli təhvil-təslim aktlarından görünür ki, 4.500 ədəd 190x188x390 ölçülü və 480 ədəd 90x188x39 ölçülü beton blok iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCM seriyalı, 477042 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 5.531,60 manat olan elektron qaimə göndərilmişdir.

37. 01.12.2022-ci il tarixli, 229229 nömrəli təhvil-təslim aktından görünür ki, 1.575 ədəd 190x188x390 ölçülü beton blok iddiaçı cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCM seriyalı, 677441 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 1.765,58 manat olan elektron qaimə göndərilmişdir.

38. 09.05.2023-cü il tarixli, 229344 nömrəli təhvil-təslim aktından görünür ki, 1.050 ədəd 190x188x390 ölçülü və 800 ədəd 90x188x390 ölçülü beton blok iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDG seriyalı, 977854 saylı xx.xx.2023-cü il tarixli dəyəri 1.988,89 manat olan elektron qaimə göndərilmişdir.

39. 27.10.2022-ci il tarixli, 118775 nömrəli təhvil-təslim aktından görünür ki, 1425 ədəd 190x188x390 ölçülü və 320 ədəd 90x188x390 ölçülü beton blok iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCİ seriyalı, 708392 saylı, xx.xx.2022-ci il tarixli dəyəri 1.922,16 manat olan elektron qaimə göndərilmişdir.

40. 10.10.2022-ci il tarixli, 118758 nömrəli və xx.xx.2022-ci il tarixli, 118765 nömrəli təhvil-təslim aktlarından görünür ki, 2.925 ədəd 190x188x390 ölçülü və 320 ədəd 90x188x390 ölçülü beton blok iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCH seriyalı, 497216 saylı xx.xx.2022-ci il tarixli dəyəri 3.603,66 manat olan elektron qaimə göndərilmişdir.

41. Qeyd edilən elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablama ilə cəmi 35.240,41 manat təşkil edir.

42. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 3.053,95 manat, xx.xx.2022-ci il tarixdə 549,71 manat, xx.xx.2022-ci il tarixdə 1.628,95 manat, həmin tarixdə 293,21 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, həmin tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, həmin tarixdə 900 manat olmaqla, cəmi 17.325,82 manat ödənişlər edilmişdir.

43. Cavabdeh tərəfindən həmin məbləğdən əlavə ödənişlərin edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir.

44. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı cavabdehə ƏDV daxil 35.240,41 manat məbləğində mal satmış, sonuncu borcun bir hissəsini ödəsə də, 17.914,58 manat əsas borcu qalmışdır (35.240,41-17.325,82=17.914,58).

45. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış mallara görə ödənilməyən ümumilikdə 17.914,58 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

46. Dəbbə pulunun tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

47. Tərəflər arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli, ASİS/AS/051/22 nömrəli müqavilənin 3.4-cü bəndinə görə ödənişlər vaxtı-vaxtında ödənilmədiyi təqdirdə satıcı ödənilməmiş məbləğinin 10%-dən artıq olmamaq şərti ilə, hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulunun ödənilməsini alıcıdan tələb etmək və alıcı tərəfdən borc tam şəkildə ödənilənə kimi məhsulun təchizatını dayandırmaq hüququnu əldə edir.

48. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 900 manat məbləğində cərimənin tutulmasını tələb etməkdə haqlıdır.

49. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraatdan məlumatlı olsa da, iddiaya etiraz etməmiş və təqdim edilmiş mallara görə öncədən ödəniş etdiyinə istinad etməmişdir. Apellyasiya şikayətində isə tərəflər arasında bağlanmış müqaviləyə istinad edərək, müqavilə üzrə mallara görə öncədən ödəniş etməsinə əsaslanmışdır. Kollegiya hesab edir ki, hazırda həmin faktlar nəzərə alına bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.

50. Bundan əlavə, kollegiya qeyd edir ki, cavabdehin həmin dəlilləri nəzərə alınsa belə, bu hər bir halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına təsir etmir. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmçinin bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yuxarıda istinad edilən təhvil-təslim aktlarından və onlar əsasında tərtib edilmiş elektron qaimələrdən görünür ki, iddiaçı cavabdehə malları bir dəfə təhvil verməmiş, cavabdehin bir neçə sifarişinə əsasən onları təqdim etmişdir. Cavabdeh həmin təhvil-təslim aktlarını və elektron-qaimələri mübahisələndirməmiş, malın bir dəfəyə təqdim edilməsini tələb etməmiş, eləcə də ödənişləri hissə-hissə etmişdir.

51. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndində dəbbə pulu “ödənişlər vaxtı-vaxtında ödənilmədiyi” halı ilə şərtləndirilmişdir. Yəni tərəflər malların əvvəlcədən ödənilmədiyi halda təhvil verilməsini də istisna etməmişlər.

52. Cavabdehin məhkəmə tərəfindən çəkişmə prinsipini pozulması ilə bağlı dəliləri də əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsi çəkişmə prinsipini təsbit edir. Bu prinsip Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təməl prinsipidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).

53. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli bildirişlə hazırlıq iclasını xx.xx.2024-cü il təyin edilməsi barədə tərəfləri məlumatlandırmışdır. Daha sonra yenidən xx.xx.2024-cü il tarixinə hazırlıq iclası təyin edilmiş və bu barədə tərəflərə xx.xx.2024-cü il tarixli bildirişlə məlumat verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi 2 dəfə hazırlıq iclası təyin etmiş və bu ümumilikdə 2 aylıq müddəti əhatə etmişdir. Bu baxımdan cavabdehin iş materialları ilə tanış olmağa, eləcə də işlə bağlı öz dəlillərini və etirazlarını təqdim etməyə kifayət qədər imkanı olmuşdur. Belə olduğu təqdirdə cavabdehin 2 ay müddətində iş materialları ilə tanış olmağa təşəbbüs göstərməməyi, məhz sonuncu hazırlıq iclasına 10 gün qalmış iclasın təxirə salınması barədə ərizəsi, cavabdehin çəkişmə prinsipinə istinad edərək prosessual hüquqlarından sui-stifadəsi kimi qiymətləndirilməlidir.

54. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı, §§ 26- 27).

55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2597/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar