Məhkəmə qərarları › İş №2-2(103)-811/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-811/2022

09.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-811/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin qaytarılmasına dair Bakı Kommersiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2-2(113)-3846/2022 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi “Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2-2(113)-3846/2022 saylı qərardadı ilə (hakim Fərrux Qasımov) ərizənin icraata qəbul edilmədən qaytarılması qərara alınmışdır (ərizənin ərazi aidiyyəti üzrə düzgün verilməməsi əsası üzrə). Qərardaddan narazı olan ərizəçi ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticə yanlışdır. Belə ki, maraqlı şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanında yaşayır. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi, ərizəni qaytararkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, Maraqlı şəxs rəsmi qeydiyyatda olduğu ünvan - Naxçıvan MR, Şərur rayonu, Qarxun kəndidir. Bu səbəbdən də ərizə ərazi aidiyyəti üzrə düzgun verilməmişdir. Halbuki, MPM-in 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Ərizəyə əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş arayışdan görünür ki, Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Göründüyü kimi ərizə vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı yer üzrə məhkəməyə verilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. Göstərilən daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, ərazi aidiyyəti məsələsi iddia ərizəsinin icraata qəbul olunmasından sonra da yoxlanıla bilər. Bu səbəbdən də əgər məhkəmə baxışı zamanı mötəbər sübutlarla iddia ərizəsinin səhvən icraata qəbul olunması müəyyən olunarsa, müvafiq qərar qəbul olunması istisna edilmir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin qaytarılmasına dair Bakı Kommersiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2-2(113)-3846/2022 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, e-2-2(113)- 3846/2022 saylı qərardadı ləğv edilsin və ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar