Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-812/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2306/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 31.05.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 mart 2018-ci il tarixli, 0034 nömrəli “Turizm sahəsində korporativ xidmətə və kompleks xidmətlər göstərilməsinə dair” müqavilə əsasında turizm sahəsində korporativ xidmətə və kompleks xidmətlərinə görə 18299 AZN məbləğində əsas borc, 14127 məbləğində cərimə, ümumilikdə 32426 AZN məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək, işin icraatı yekunlaşana qədər iddianı təmin etmək üçün tədbir kimi Cavabdeh MMC-nin “xxxx” ASCnin Mərkəz filialında olan AZ61NABZ******************** saylı müxbir hesab, AZ17RBTA******************** saylı hesablaşma hesabının və cavabdehin adına olan digər bank hesablarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 31.05.2021-ci il tarixli e-2-2(113)-2306/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh MMCnin “xxxx” ASC-nin Mərkəz filialında olan AZ61NABZ******************** saylı müxbir hesab, AZ17RBTA******************** saylı hesablaşma hesabı və cavabdehin adına olan digər bank hesablarında 18299 (on səkkiz min iki yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan həbs qoyulmuşdur. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 şikayəti müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Bu mənada, kollegiya qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir. Eyni zamanda iddiaçının bildirdiyi məlumatlar və təqdim etdiyi sübutlar iddianın əsaslığına ilkin əminlik yaratmalıdır. Lakin hazırki işdə iddiaçı yalnız tərəflər arasında bağlanmış müqaviləni və özü tərəfindən birtərəfli qaydada tərtib olunmuş digər bir neçə sənədi məhkəməyə təqdim etmişdir. Eyni zamanda cavabdeh iddiaya etiraz edir və borcunun olmadığını, habelə iddia məbləğinin böyük məbləğ olmadığını, cavabdeh MMC-nin fəaliyyətdə olduğunu və iddia təmin olunacağı təqdirdə qətnamənin icrasında hər hansı problemin yaranmayacağını bildirir. Kollegiya qeyd edir ki, fəaliyyətdə olan hüquqi şəxsin bank hesabı üzərinə həbsin qoyulması bilavasitə onun iqtisadi fəaliyyətinə mənfi təsir edən və maliyyə vəsaitlərindən bilavasitə istehsalatda istifadəsini qeyri-mümkün edən tədbirdir. Ona görə də, bu tədbirin seçilməsi zamanı bütün amillər və mütənasiblik nəzərə alınmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, hazırki halda iddianın təmin tədbirinin seçilməsi üçün əsaslar mövcud deyil. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli və ərizə təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2306/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 31.05.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC tərəfindən verilmiş Cavabdeh MMC-nin “xxxx” ASC-nin Mərkəz filialında olan hesablaşma hesabının və cavabdehin adına olan digər bank hesablarının üzərinə həbs qoyulması barədə ərizə təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-812/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-812/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver