Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-812/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1294/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında 15 oktyabr 2019-cu il tarixdə 19/101 saylı alqı-satqısı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı alıcıya hesab fakturada göstərilən mal-material dəyərlilərini satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və 20 iş günü müddətində malın haqqını ödəməyi öhdələrinə götürmüşdür. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.710,58 manat əsas borcun, 2.107,90 ƏDV borcunun, ümumi borc 13.818,48 manat məbləğində, əldən çıxmış faydaya görə 2.303 manat məbləğində, mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərcinin, cəmi 16.321,48 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı bildirir ki, cavabdeh uzun müddət aralarında mal-materialların alınıbsatılmasına və ödənişlərin edilməsinə baxmayaraq sonuncu aldığı malların ödənişlərini hələ də etməmişdır. Belə ki, cavabdeh 13.818,48 manat borcu artıq 2019-cu ilin oktyabr ayından ödəmir. Dəfələrlə şirkət rəhbərlərinin danışıqlarına baxmayaraq hələ də borcu ödəməmişdir. Alqı-satqısı müqaviləsinin 2.2.2-ci bəndinə görə alınmış malların dəyəri 20 iş günü müddətində ödənilməli idi. xx.xx.2019-cu il tarixdə cavabdehə elektron vergi hesab fakturalar göndərilmiş, lakin ödəniş edilməmişdir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmiş və iddiaya dair öz münasibətini bildirməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1294/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə tələb olunan məbləğdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi elektron qaimələrin göndərilməsinə dair çıxarış malların cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Əgər tərəflər malın təhvil verilməsini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirməli olsa idilər, mallarla birlikdə təhvil-təslim sənədlərinin (qaimə-faktura) verilməli olması barədə 2.1.2-ci bəndin müqavilənin məzmununa daxil edilməsinə zərurət olmazdı. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, ki, elektron qaimələrin göndərilməsinə dair çıxarışda cavabdehə göndərilmiş elektron qaimələrin kim tərəfindən göndərilməsi, hansı əsasla göndərilməsi, təqdim olunan malların nədən ibarət olması müəyyən olunmur. Habelə, həmin sənəddə göstərilən elektron qaimələr də iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.
7. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi EAAH 400963 sayılı qaimə üzrə cavabdeh tərəfindən 2500,53 manat (ƏDV daxil) ödəniş edilmişdir. Digər iki qaimə üzrə ödəniş edilməmişdir. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar elektron qaimələrin göndərilməsinə dair çıxarışdır. Həmçinin birinci qaimə üzrə mallar təhvil verilmiş və EVHF üzrə ödəniş edilmişdir. Deməli, ikinci və üçüncü əməliyyatlar üzrə də yanaşma eyni olmalıdır. Lakin məhkəmə bu faktlara yanlış qiymət vermiş və nəticədə ədalətsiz qətnamə çıxarılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə etdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
13. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
14. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
15. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
17. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 18.Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
23. Belə ki, iddiaçı 15 oktyabr 2019-cu il tarixdə 19/101 saylı alqı-satqısı müqaviləsinə istinad edərək, hazırki iddianı qaldırmış və iddianın əsasını təsdiq edən sübut qismində elektron qaimə göndərilməsinə dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytından çıxarışı məhkəməyə təqdim etmişdir.
24. Həmin çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə (VÖEN **********) hazırda mübahisələndirilən ümumi dəyəri olan 13.818,48 manat 2 ədəd elektron qaimə və əlavə olaraq da dəyəri 2500,53 manat (ƏDV daxil) olan 1 ədəd elektron qaimə göndərilmişdir.
25. Cavabdeh məhkəmə iclaslarından kifayət qədər məlumatlı olsa da, birinci instansiya məhkəməsində iştirak etməmiş və iddiaya öz münasibətini bildirməmişdir.
26. İddiaçı tərəfindən cavabdehə hazırki mübahisə predmetinə aid olmayan, lakin hazırki elektron qaimələrlə eyni tarixdə göndərilmiş daha 1 ədəd elektron qaiməyə əsasən cavabdeh tərəfindən iddiaçıya 2500,53 manat (ƏDV daxil) ödəniş həyata keçirilmişdir (i/v 43).
27. Həmin elektron qaimə üzrə isə heç bir təhvil-təslim aktı və ya üzləşmə tərtib edilməmişdir.
28. Çünki bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və ümumiyyətlə yuxarıda da qeyd edildiyi kimi cavabdeh məhkəmə iclaslarından kifayət qədər məlumatlı olsa da, nə birinci instansiya məhkəməsində, nə hazırki apellyasiya baxışında iştirak etməmiş və iddiaya öz münasibətini bildirməmişdir.
29. Göründüyü kimi tərəflər arasında işgüzar münasibətlər, yəni malların təhvil verilməsi məhz elektron qaimənin cavabdehə verilməsi ilə formalaşmışdır (əks halda cavabdeh həmin ödənişi etməzdi).
30. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
31. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndində mallarla birlikdə verilməli olan təhvil-təslim sənədləri kimi məhz qaimə-faktura müəyyən edilmişdir.
32. Qeyd olunanlara əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli EAAİ 197745 seriya nömrəli elektron qaimə əsasında ƏDV daxil 2559,77 manat, xx.xx.2019-cu il tarixli EAAO 207752 seriya nömrəli elektron qaimə əsasında ƏDV daxil 11258,71 manat, ümumilikdə 13.818,48 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
33. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunur.
34. Bununla bağlı kollegiya qeyd edir ki, əgər həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.
35. Bu mənada kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
36. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə ƏDV daxil 13.818,48 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
37. Həmçinin kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə tələblər də qismən əsaslıdır.
38. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
39. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən alınmış malların dəyəri 20 iş gün müddətində ödənilməlidir.
40. Hazırda da cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli elektron qaimələrə əsasən əsas borc məbləğinin ödənilməsi üçün nəzərdə tutulan 20 iş gününün son günü 13 noyabr 2019-cu ildir.
41. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 14 noyabr 2019-cu ildən hazırki iddianın qaldırıldığı xx.xx.2023-cü il tarixədək olan 3 il 3 ay üçün 13.818,48 manat əsas borcun gecikdirilməsinə görə illik 5 %-lə hesablanan faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
42. Həmin məbləğ isə 2245,2 manat (1 il üçün - 13.818,48 x 5% = 690,9; 1 ay üçün - 690,9 : 12 = 57,5; 3 il 3 ay üçün - 690,9 x 3 + 57,5 x 3 = 2245,2) təşkil edir.
43. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2245,2 manat pulun tutulmasını tələb etməkdə haqlıdır.
44. Birinci instansiya məhkəməsi isə heç bir əsas, o cümlədən cavabdehin mövqeyi və iddiaya etirazı olmadan, iddiaya şübhəli yanaşmış və malların cavabdehə təhvil verilmədiyi nəticəsinə gəlmişdir.
45. Halbuki, həmin yanaşma mülki prosesin mühüm prinsipləri olan formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.
46. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
47. Bundan əlavə məhkəmənin iddiaçı tərəfindən təqdim edilən sübuta şübhə ilə yanaşmasına da hər hansı əsas olmamışdır.
48. Belə ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında işgüzar münasibətlər, yəni malların təhvil verilməsi məhz elektron qaimənin cavabdehə verilməsi ilə formalaşmışdır.
49. Həmçinin cavabdehə göndərilmiş elektron qaimələrin kim tərəfindən göndərilməsinin müəyyən olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin dəlilləri də əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi hazırki iş üzrə elektron qaimələrlə eyni tarixdə və eyni qaydada cavabdehə daha 1 ədəd elektron qaimə göndərilmiş və sonuncuya əsasən də cavabdeh tərəfindən iddiaçıya 2500,53 manat (ƏDV daxil) ödəniş həyata keçirilmişdir. Bu isə elektron qaimələrin məhz iddiaçı tərəfindən göndərildiyini təsdiq edir.
50. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1294/2023 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13.818,48 manat məbləğində əsas borc və əldən çıxmış faydaya görə 2245,2 manat məbləğində, mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərci və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 69 manat dövlət rüsumu, cəmi 16332,68 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn