Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-814/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 oölunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1181/2022 saylı, 27 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.Elektron iş materiallarına əlavə edilmiş 01 noyabr 2016-cı il tarixli, 01 nömrəli müqavilədən görünür ki, iddiaçı müqavilənin 1 saylı əlavəsində göstərilən malları alıcıya satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2 Müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair Təhvil-Qəbul aktının və ya X1 imzalanmasından sonra həyata keçirilir. 3.Müqavilənin 2-ci bəndində qeyd edilmişdir ki, malın miqdarı, çeşidi, vahidin qiyməti və spesifikasiyası bu müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilir. 4 İşin sübutlarla (hesabdan çıxarış, tərəflərin izahatları) təsdiq edilmiş mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən iddiaçıdan müxtəlif mallar (dəftərxana ləvazimatları) alınmış və ümumilikdə 23340,29 manat məbləğində ödəniş edilmiş, sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. 5.İddiaçı iddia edir ki, cavabdehə 37015,68 manat dəyərində mal təhvil verilmiş, satılmış 13675,39 manat dəyərində malın pulu ödənilməmişdir. 6.İddiaçı tərəfindən məhkəməyə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələr və qaimə-fakturalardan görünür ki, mallar cavabdehə 2017ci ilin yanvar- may aylarında təhvil verilmişdir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddia ərizəsində qeyd edilmiş borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Məhdud Məhdud Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13675,39 manat məbləğində əsas borc, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1367,53 manat pul və ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "X5 A" MMC arasında 01 noyabr 2016-cı il tarixli, 01 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcının bu müqavilənin 1 saylı əlavəsində göstərilən malları alıcıya satması, alıcının isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləği ödəməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 5-ci bəndinə görə alıcı bu müqaviləyə uyğun müddətdə və qaydada ödənişi həyata keçirməlidir. Həmin müqavilənin 6-cı bəndinə görə alıcı malları qaimə ilə təhvil verildiyi gündən 30 bank günü ərzində malın dəyərini ödəyir. Həmin müqavilənin 9-cu bəndinə görə müqavilə müddətsiz bağlanmışdır. Lakin bir ay qabaqcadan qarşılıqlı rəsmi məlumatla pozulana qədər, həmçininn bu müqavilə üzrə bütün öhdəliklərin tam və müvafiq qaydada icrasına qədər qüvvədədir. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh hazırkı müqavilə üzrə yalnız 23340,29 manat məbləğində ödəniş etmiş, qalıq 13675,39 manat məbləğində pulu hal-hazıradək ödəməmişdir. MM-nin 445.7-ci maddəsini rəhbər tutaraq hesab edirlər ki, 13675,39 manat üçün illik 5 %, yəni 1367,53 manat (13675,39 x 5 % x 3 il) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. 10.Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 11.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1181/2022 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 10975,13 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1367,53 manat və 200 manat mediasiya xərci olmaqla, cəmi 12542,66 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
12. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.
13. Məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 10975,13 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında 34315,42 manat məbləğində dövriyyənin olduğunu və borcun tam olaraq ödənildiyini bildirmişdir. İddiaçı tərəf həmin rəqəmin 37015,68 manat olduğunu bildirərək, həmin məbləğdən 23340,29 manat məbləğində ödəniş edildiyi, qalıq məbləğin 13675,39 manat təşkil etdiyini bildirmiş, bununla bağlı məhkəməyə elektron qaimələr, qaimə-fakturalar, elektron vergi hesab-faktura və s. təqdim etmişdir. Həmin sənədlərin bəziləri iddiaçı tərəfindən birtərəfli qaydada imzalanmışdır. Dövriyyənin tam olaraq 37015,68 manat təşkil etməsi ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutların təqdim olunmamasını, cavabdehin nümayəndəsinin 34315,42 manat məbləğində dövriyyənin olduğunu bildirməsini, lakin həmin məbləğin tam olaraq ödənilməsi barədə sübut təqdim etməməsini, eyni zamanda 23340,29 manat məbləğində ödənişin edildiyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdehndən 10975,13 manat (34315,42- 23340,29=10975,13) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.
14. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 1367,53 manat məbləğin cavabdehdən tutulması ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh icranı gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və gecikdirilmiş vaxt nəzərə alınaraq, həmin hissədə iddia təmin olunmalı və cavabdehdən 1367,53 manat (min üç yüz altmış yeddi manat əlli üç qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
15. İddia müddətinin ötürülmədiyinə dair mövqeyini məhkəmə belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə 01 noyabr 2016-cı il tarixdə bağlansa da, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 1382 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmiş, bu hal cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilmiş, iddia müddətinin axımının kəsildiyi müəyyən edilmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinine-2-2(113)-1181/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 3-cü bəndində malın qəbulu qaydası qeyd edilmişdir. Həmin bəndə əsasən tərəflər arasında malın kəmiyyətcə qəbulujna dair Təhvil-təslim aktı və ya X2 imzalanmalıdır. İddiaçı tərəfindən isə məhkəməyə qaimələrdə əks olunmuş malların Cavabdeh MMC–yə verilməsini, onların təhvil-təslimini təsdiqləyən, malların anbardan çıxmasını təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Təqdim edilmiş qaimə fakturalardan Cavabdeh MMC-yə ünvanlanmış 03 fevral 2017-ci il tarixli, 313969 nömrəli qaimə-faktura sistemə əlavə edilmiş qaimə fakturalar arasında görülməməkdədir. İddiaçı tərəfindən təqdim edilmiş elektron-qaimələrin Əliyev Habil və Əliyev İsmayıl tərəfindən qəbul edildiyi qeyd edilsə də, cavabdeh tərəf olaraq tələb edilməsinə baxmayaraq malların həmin şəxslər tərəfindən qəbul edilməsinə dair təhvil-təslim aktları təqdim edilməmişdir. Halbuki müqavilənin bəndlərində birbaşa nəzərdə tutulmuşdur ki, malların məhz kəmiyyətcə qəbuluna dair X6 və ya X3malıdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıdan mal alınmamışdır, malların alınmasını təsdiq edən sənəd yoxdur. Məhkəmə bunu nəzərə almamışdır. Bundan başqa iddia müddətinin tətbiqi barədə ərizə verilsə də təmin edilməmişdir. Hesab edirik ki, məhkəmə tərəfindən qanunvericilik düzgün tətbiq edilməmişdir. Cavabdeh tərəfindən ödənilmiş bütün ödənişlər 2017-ci ilin fevral-mart aylarında təqdim edilmiş və hər iki tərəf tərəfindən təsdiqlənmiş qaimə-fakturalar əsasında olmuşdur. Bu baxımdan 2019-cu ildə edilmiş ödəniş də 2017-ci ilin fevral ayına aid olan qaimə faktura (cavabdehdə ancaq qaimə fakturalar məlumdur) üzrə edildiyindən hesab edirik ki, iddia müddəti təqdim edilmiş digər elektron qaimələrə münasibətdə ötürülmüşdür. Vergi ödəyicisi malları təhtəl-hesab şəxs vasitəsilə aldıqda, təhtəl-hesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəl-hesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına rəsmiləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı mal göndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəl hesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura tərtib edilməklə həyata keçirilir. Topdan-satış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Məhkəmə proseslərində alıcının sifarış məktubları təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 432.3-cü maddəsinə əsasən əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Mediasiya haqqında” qanun 35.1-ci maddə- mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 20.Cavabdeh maddi və prosessual hüquq pozuntularına yol verildiyi üçün qətnamənin tam ləğv edilməsini xahiş etsə də, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1181/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 12542,66 manat pulun tutulması hissəsində rədd edilməlidir.
22. Cavabdehin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi üçün iki əsas qeyd olunur: alqı-satqı müqaviləsi üzrə dəyəri tələb edilən malların cavabdehə təhvil verilməsinin sübut edilməməsi və iddia müddətinin keçməsinin məhkəmə tərəfindən nəzərə alınmaması.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçıya təhvil alınmış mallar üzrə 34.000 manatdan artıq ödəniş etdiyini bildirməklə həmin dəyərdə malların cavabdehə təhvil verilməsi faktını dolayısı ilə etiraf etdiyindən, iddiaçı tərəfindən təhvil verilmiş mallarla bağlı məhkəməyə sübut qismində təqdim edilmiş elektron qaimələrə və qaimə fakturalara cavabdeh tərəfindən etiraz bildirilmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasibətlər araşdırılarkən dəyəri ödənilmiş mallarla bağlı Təhvil-təslim aktı və ya X2 tərtib edildiyi müəyyən edilmədiyindən malların cavabdehə təhvil verildiyinin mötəbər sübutlarla təsdiq edilmədiyinə dair cavabdehin mülahizələri əsassız hesab edilir.
24. Lakin məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı halda iddiaçının məhkəməyə təqdim etdiyi 01 noyabr 2016-cı il tarixli, 01 saylı yazılı müqavilə formasında tərtib edilmiş sənəddə alqı-satqı müqaviləsinin mühüm şərtləri-satılacaq məhsulların nədən ibarət olması, qiyməti, ödəniş qaydası nəzərdə tutulmadığından MMnin 405-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin sənəd yazılıalqı satqı müqaviləsi deyil, müqavilənin mühüm şərtlərinin öz əksini tapmadığı ilkin müqavilə hesab edilə bilər.
25. Qeyd edilən ilkin müqavilənin 2-ci bəndində malın miqdarı, çeşidi, vahidin qiyməti və spesifikasiyasının bu müqavilənin 1 saylı əlavəsi ilə müəyyənləşdiriləcəyi nəzərdə tutulsa da tərəflərin nümayəndələrinin izahatlarından görünür ki, belə bir əlavə tərtib edilməmişdir. 26.İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında bildirmişdir ki, mallar cavabdeh tərəfindən şifahi olaraq sifariş verilmiş, bütün şərtlər şifahi olaraq razılaşdırılmış, malların qiyməti elektron qaimələrdə qeyd edilmişdir.
27. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, hazırkı halda tərəflər arasında alqı-satqı müqaviləsinin mühüm şərtlərinin (məhsulun növü, miqdarı, qiyməti) şifahi olaraq hər bir sifariş üzrə ayrıca razılaşdırıldığı müəyyən edildiyindən iddia müddətinin axımı hər bir qaimə üzrə ayrı-ayrılıqda hesablanmalıdır.
28. Tərəflər arasında bağlanmış ilkin müqavilənin 6-cı bəndində tərəflər arasında bağlanacaq alqı-satqı müqavilələri üzrə öhdəliklərin icra müddəti razılaşdırılmış və qeyd edilmişdir ki, malların dəyəri qaimə ilə təhvil verildiyi vaxtdan 30 bank günü ərzində ödənilməlidir. Belə olan halda cavabdehə göndərilmiş elektron qaimələr üzrə malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehin öhdəliyi qaimənin alındığı vaxtdan 30 bank günü ərzində icra edilməli olduğundan iddia müddətinin axımı da bu müddət bitdikdən sonra başlamışdır.
29. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyindən müəyyən olunur ki, MM-nin 432.3-cü maddəsinin tələbi nəzərə alınaraq iddiaçı tərəfindən ödənilmiş vəsait öhdəliyin yaranma ardıcıllığı üzrə (malların təhvil verilməsi ilə bağlı qaimələrin göndərilmə ardıcıllığı üzrə) borclara silinmiş, sonuncu qaimələr üzrə (əsasən 2017-ci ilin may ayında göndərilmiş) borc ödənilməmişdir. İddia müddətinin axımı hər bir elektron qaimə üzrə ayrıca hesablanmalı olduğu halda birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 377-ci maddəsinin tələbini nəzərə almayaraq hesab etmişdir ki, üç illik iddia müddətinin axımı 01 noyabr 2016-cı il tarixli müqavilə bağlandığı tarixdən başlamış, xx.xx.2019-cu il tarixdə kəsilmişdir.
30. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, cavabdehə sonuncu elektron qaimələrin xx.xx.2017-ci il tarixdə göndərildiyi nəzərə alınarsa iddiaçının təqdim etdiyi bütün qaimələr üzrə üç illik iddia müddəti xx.xx.2020-ci ilədək bitmişdir. İddiaçı hazırkı mübahisə ilə bağlı 2022-ci ilin yanvar ayında mediasiya təşkilatına, fevral ayında isə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Əsas tələb üzrə iddia müddəti keçdiyindən əlavə tələblər üzrə də iddia müddətinin keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyü üçün iddiaçının tələbi tam rədd edilməlidir.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1181/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 12542,66 manat pulun tutulması hissəsində rədd edilməlidir.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1181/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddia Cavabdeh MMC-dən İddiaçı MMCnin xeyrinə 12542,66 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.