Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-815/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)-694/2021 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən pambıq jmıxının alqı-satqısına dair müqavilələrə əsasən yaranmış 136970,97 manat əsas borcun, hesablanmış 962905,91 manat cərimənin və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1099906,88 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış, cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 218471,25 manat məbləğində müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə 856,75 ton pambıq jmıxı göndərilmişdir. Lakin, cavabdehə göndərilmiş malın müqabilində iddiaçıya cəmi ƏDV daxil olmaqla 87599,74 manat məbləğində vəsait ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya 17.11.2017-ci il tarixli D 102/17 saylı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı ƏDV daxil olmaqla 130871,51 manat məbləğində borcu yaranmışdır. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30.11.2017-ci il tarixli D 107/17 saylı müqaviləyə əsasən, cavabdehə ƏDV daxil olmaqla 34403,60 manat məbləğində 134,9 ton pambıq jımıxı göndərilmişdir. Cavabdehə göndərilmiş malın müqabilində iddiaçıya cəmi ƏDV daxil olmaqla 28304,14 manat məbləğində vəsait köçürülmüşdür. Nəticədə cavabdehin iddiaçıya 30.11.2017-ci il tarixli D 107/17 saylı müqavilə üzrə ƏDV daxil olmaqla 6099,46 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçıya hər iki müqavilələr üzrə ümumilikdə 136970,97 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, mövcud müqavilənin 7ci bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliyin hər günü üçün 1 % həcmində cərimə ödəməlidirlər. Cavabdehin müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı iddiaçıya 136970,97 manat məbləğində borcu yaranmışdır ki, dəbbə pulunun hesablanmış məbləği (136970,97 x 1% x 703 gün) 962905,91 manat təşkil edir Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)-694/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən əsas borca görə 136970,97 manat, cərimə borcuna görə 6000 manatın tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 3,90 manat məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, qalan 26,1 manat məbləğin İddiaçınə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlanmışdır. Lakin iddiaçı həmin müqavilə əsasında iddia qaldırsa da iddia tələbi ilə bağlı kifayət qədər sübutlar təqdim edə bilməmişdir. Məhkəmətə təqdim edilən qaimədə malların konkret olaraq kimə təqdim edildiyi göstərilməmişdir. Eyni zamanda yükləri daşıyan yük avtomobilləri ilə bağlı da anlaşılmazlıqlar var. Məhkəmə işin faktiki hallarını tam araşdırmamışdır. İşə apelyasiya qaydasında baxılması 27.08.2021-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə (elektron kabinetlərinə məhkəmə bildirişləri yerləşdirilməklə) baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)-694/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətində cavabdeh qətnamənin tam ləğvini xahiş etsə də İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, mübahisələndirilən hissədə məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir. 17.11.2017-ci il tarixli D 102/17 saylı müqavilədən görünür ki, iddiaçı cavabdehə pambıq jımıxı satmağı, cavabdeh isə malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 30.11.2017-ci il tarixli D 107/17 saylı müqavilədən görünür ki, iddiaçı cavabdehə linterlənmiş texniki çiyidi satmağı, cavabdeh isə malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Noyabr 2017-fevral 2018-ci il tarixləri əhatə edən 42 ədəd qaimə fakturadan görünür ki, iddiaçı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 252874,85 manat məbləğində cavabdehə mal təhvil verilmiş və cavabdeh tərəfindən mallar təhvil alınmışdır. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 18 sentyabr 2020-c il tarixli **********539500 saylı məktubundan və ona əlavə olunmuş məlumatdan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 252874,85 manat dəyərində malın satılmasına dair 42 ədəd elektron qaimə faktura təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən hər iki müqavilə üzrə cəmi 115.903,88 manat pul ödənilmiş, 136.970,97 manat borcu qalmışdır. İddianın əsaslı olduğu işdəki sübutlarla təsdiq olunduğundan birinci instansiya məhkəməsi MM-nin 385.1, 386.1. 442, 443, 448, 567, 600, 467-ci maddələrinə istinad edərək iddianı əsas borc hissəsində tam, cərimə hissəsində qismən təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində malların cavabdehə təhvil verilməsi barədə işdə mötəbər sübutlar olmadığını qeyd etsə də, təhvil alınmamış mallara görə satıcı tərəfindən göndərilmiş elektron qaimələrin təsdiq edilməsinin və iddiaçıya qismən ödəniş edilməsinin səbəbini əsaslandırmadığından məhkəmə iddianın rədd edilməli olduğuna dair apelyasiya şikayətini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)-694/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)-694/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-815/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-815/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver