Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-815/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun Cavabdeh MMC-yə qarşı avansın qaytarılması və zərərin ödənilməsinə dair ilk iddiası üzrə Açar söz: borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X1, nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun Cavabdeh MMC-yə qarşı müqavilə üzrə ödənilmiş avansın qaytarılmasına dair ilk iddiası və Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna qarşı podrat müqaviləsi üzrə borcun ödənilməsinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-203/2022 saylı, 20 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə üzrə icraçı Sifarişçi üçün “1C:Mühasibat Proqramı” proqram məhsulu bazasında Sifarişçinin əmək haqqı və işçi heyətinin idarə olunması sisteminin quraşdırmalı və təyin olunmuş əlavə opsiyaların işləməsinin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Görülməli olan işə görə ümumi ödənilməli olan məbləğ 16.000 manat təşkil etmiş və Cavabdeh MMC müqavilə üzrə nəzərdə tutulmuş 1C proqramının hazırlanması məqsədi ilə xx.xx.2017-ci il tarixdə 6.400 manat məbləğində pulu avans olaraq "xxxx" MMC-dən almışdır. Pulun qalan 4.800 manat olan hissəsi ilk əmək haqqı quraşdırılmış proqram vasitəsi ilə hesablanarkən, qalan 4.800 manat isə ikinci ay üzrə əmək haqqı quraşdırılmış proqram vasitəsi ilə hesablanarkən ödənilməli idi. 2.xx.xx.2020-ci il tarixdə tərəflər arasında qarşılıqlı üzləşmə aktı imzalanmış, Cavabdeh MMC "xxxx" MMC-yə 6400 manat məbləğində kreditor borcu olduğunu təsdiq etmişdir. 3.Cavabdeh MMC tərəfindən müqavilə üzrə hazırlanması nəzərdə tutulmuş 1C proqramının hazırlanaraq 2017-ci ildə qarşı tərəfə təhvil verildiyi iddia edilsə də, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodu hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək iddiaçıdan müqavilə üzrə qalıq borcun ödənişi tələb edilməmişdir. Birinci instansiya məhkəməsində icraat 4.Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodu Cavabdeh MMC-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6.400 manat əsas borcun, həmin borca görə hesablanmış 1280 manat məbləğində faiz borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 7.710 manat məbləğində pulun birdəfəlik tutularaq SOCAR Metanol Zavoduna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (İcraçı) və "xxxx" MMC (Sifarişçi) arasında 5 yanvar 2017-ci il tarixli, 2017-AMC saylı xidmət müqaviləsi (Müqavilə) imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən İcraçı Sifarişçi üçün “1C:Mühasibat Proqramı” proqram məhsulu bazasında Sifarişçinin əmək haqqı və işçi heyətinin idarə olunması sisteminin quraşdırmalı və onun işləməsini (Xidmət) təmin etməli idi. Həmin Müqavilənin 4.3.1-ci bəndinə əsasən, Sifarişçinin İcraçıya 6.400 manat məbləğində vəsaiti avans şəklində ödənilməsi öhdəliyi göstərilmişdir. Həmin avans ödənişinin sifarişçi tərəfindən 13 mart 2017-ci il tarixdə həyata keçirilməsinə baxmayaraq, İcraçı öz müqavilə öhdəliklərini yerinə yetirməmiş və beləliklə müqavilə şərtlərini pozmuşdur. SOCAR-ın 16 oktyabr 2018-ci il tarixli SOCAR**********00060020C0001 nömrəli əmrinə əsasən "xxxx" MMC hüquqi varis kimi yeni yaradılmış Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol zavoduna qoşulmaqla onun fəaliyyətinə xitam verilmişdir. MMC-nin 01 oktyabr 2018-ci il tarixə olan debitor və kreditor borcları, o cümlədən "xxxx" MMC-yə avans şəklində ödənilmiş 6.400 manat məbləği müvafiq təhvilqəbul aktına uyğun olaraq hüquqi varis kimi Metanol zavoduna ötürülmüşdür. 08 may 2020-ci il tarixində Metanol zavodu və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı ilə qarşılıqlı üzləşmə aparılmışdır və imzalanmış müvafiq qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 6400 manat məbləğində vəsait "xxxx" MMC-nin Metanol zavoduna borcu kimi qeyd edilmişdir. 6.Cavabdeh MMC Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodundan 9.600 manat ödənilməmiş borc, həmin borca görə hesablanmış 2.700 manat faiz borcunun, 1.000 maat hüquqi yardıma görə ödənilmiş məbləğin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 13.331 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (icraçı) və "xxxx" MMC (sifarişçi) arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 2017- AMC saylı xidmət müqaviləsinə əsasən, icraçı sifarişçi üçün “İC: Mühasibat Proqramı” proqram məhsulu bazasında sifarişçinin əmək haqqı və işçi heyətinin idarə olunması sistemini quraşdırmalı və onun işləməsini təmin etməli, sifarişçi isə bunun müqabilində müqavilənin 4.3-cü bəndinə əsasən, icraçının göstərdiyi xidmətlər müqabilində 6.400 manat müqavilə bağlandığı andan 10 iş günü müddətində, növbəti ödəniş 4800 manat 30 % ilk əmək haqqı quraşdırılmış proqram vasitəsilə hesablanarkən, son ödəniş 4800 manat ikinci ay üzrə əmək haqqı quraşdırılmış proqram vasitəsilə hesablanarkən ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İcraçı olaraq şirkətimiz müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyinə baxmayaraq, sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bu günədək ödənişi tam həyata keçirməmiş, cəmi 6.400 manat avans ödəmiş, avansdan sonra ödəməli olduğu 9.600 manat məbləği ödəməmişdir. Belə ki, şirkət tərəfindən 1C Proqram Təminatı bazasında əmək haqqının hesablanması üzrə modul quraşdırılmış və təlimlər keçirilmiş, yəni şərtləşdirilmiş öhdəlik tam icra olunmuş, nəticədə 2016-cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək "xxxx" MMC-də əmək haqqının hesablanması və ödənilməsi 1C Proqram Təminatı üzərindən qurulub aparılmışdır. 2016cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək "xxxx" MMC-də işləyən işçilərin əmək haqlarının 1C Proqram Təminatı üzərindən qurulub hesablanması və ödənilməsi "xxxx" MMC-yə məxsus 2016-cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək hesablanmış işçilərin əmək haqqı sənədləri və digər sənədlərlə öz təsdiqini tapır. Göründüyü kimi şirkətimiz tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər tam yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, müqavilə üzrə cəmi 16.000 manat məbləğində ödəniş etməli olduğu halda cəmi 6.400 manat ödəniş etmiş, bugünədək 9.600 manat məbləğində borcu qalsa da hələ də ödənişi tam həyata keçirməmişdir. 8.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-203/2022 saylı qətnaməsi ilə (hakim Kənan Hüseynov) ilk iddia qismən təmin edilərək əsas borc üzrə 6400 manat məbləğində, əsas borca illik 5 faiz hesablanmaqla 27,17 manat, cəmi 6.427,17 Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. 9.İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə tərəfindən iş üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Metanol Zavodunda olan “Dell” markalı “İnspiron N5110” modelli notebook tipli komputerin iş masasında 1C proqramına aid loqo müəyyən olunmuş; Həmin 1C proqram təminatına Metanol Zavodunun əməkdaşı olan Mirzakhan Mirzayev istifadəçi adı və **** şifrəsi ilə giriş edildikdə qeyd olunan proqram təminatında hər hansı əməliyyatın aparılması müəyyən olunmadı ; Cavabdeh MMC-nin nümayəndəsi olan Ülvi Xanbabayev tərəfindən 1C proqram təminatına adminstrator kimi giriş həyata keçirildi və bu zaman işçilərə dair ad, soyad, istifadəçi adı, zavodun adı və s. aşkar olundu.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin bir-birinə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 2017- AMC saylı müqavilədən irəli gəlir. 11.Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodu tərəfindən təqdim edilmiş və işə əlavə edilmiş diskə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, Metanol Zavodunun işçilərinin əmək haqqının hesablanması 2016-cı ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayına kimi Microsoft Excel proqramı vasitəsilə, 2019cu ilin noyabr ayından hal-hazırdakək isə SAP proqramı vasitəsi ilə həyata keçirilmişdir. 12.Tərəflər arasında elektron poçt vasitəsi ilə həyata keçirilmiş yazışmalara əsasən müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə müqavilə üzrə nəzərdə tutulmuş 1C proqramı Metanol Zavoduna təhvil verilməmiş və proqramın sınağının keçirilməsi zamanı qüsurlar olmuşdur.
13. Həmçinin ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Metanol Zavodunun əməkdaşı Mirzakhan Mirzayev istifadəçi adı və **** şifrəsi ilə giriş edildikdə qeyd olunan proqram təminatında hər hansı əməliyyatın aparılması müəyyən olunmamışdır.
14. Məhkəmə araşdırması zamanı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyin Cavabdeh MMC tərəfindən icra edildiyi, yəni müqavilə ilə hazırlanması nəzərdə tutulmuş işçilərin əmək haqqlarının hesablanması ilə bağlı olan 1C proqramı Metanol zavoduna təhvil verilməmiş və zavodda işçilərin əmək haqqlarının hesablanması 1 C proqramı vasitəsi ilə deyil, başqa proqramlar vasitəsi ilə hesablanmışdır. Həmçinin də Cavabdeh MMC tərəfindən onun müqavilə üzrə öhdəliyin icra edilməməsini dolayısı ilə də qəbul etmiş və 08 may 2020-ci il tarixində üzləşmə aktına imza etməklə 6.400 manat borcunun olduğunu qəbul etmişdir.
15. Məhkəmə pretenziya məktubunun Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə alındığını, ilkin iddianın isə məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olduğunu nəzərə alaraq öhdəliyin icrasının 31 gün gecikdirildiyini, ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğin 27,17 (6.400x5/100=320 (1 il üçün) 320/365=0,876 (1 gün üçün) 0,876*31=27,17) manat təşkil etdiyini müəyyən etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
16.Həmin qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir. 17.İddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2-2(113)-203/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini, qətnamənin əsas borca görə illik 5 faiz hesablanmaqla 27,17 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna ödənilməsi hissəsində ləğv edilərək, əsas borca faiz tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Qarşılıqlı iddia üzrə iddiaçı Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodundan Cavabdeh MMCnin xeyrinə 9.600 manat ödənilməmiş borc, həmin borca görə hesablanmış 2.700 manat faiz borcunun, 1.000 maat hüquqi yardıma görə ödənilmiş məbləğin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 13.331 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.İlk iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsas borca görə illik 5 faiz hesablanması hissəsində yalnışlığa yol vermişdir və gəldiyi nəticə üçün yetərincə əsaslandırmamışdır. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki,“pretenziya məktubunun Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə alındığını, ilkin iddianın isə məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olduğunu nəzərə alaraq 31 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 27,17 (6.400x5/100=320 (1 il üçün) 320/365=0,876 (1 gün üçün) 0,876*31=27,17) manat təşkil edir.” Əvvəla, iddiaçı tərəfindən pretenziya məktubu məhkəməyə müraciət edilməmişdən əvvəl göndərilmişdir və Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Əks təqdirdə iddia ərizəsi də məhkəmə icraatına qəbul edilməzdi. İkincisi isə, əsas borca görə faiz qanunvericiliyə əsasən gecikdirilmiş vaxt üçün tələb edilir. Yəni, pretenziyanın nə zaman göndərilməsinin də faiz hesablanması ilə bir əlaqəsi yoxdur. Odur ki, məhkəmənin nəyə əsasən əsas borcun ödənilməsini gecikdirmiş cavabdehdən beş illik müddətin ancaq bir ayını təmin etməsi aydın deyildir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 4.3.1-ci bəndinə əsasən, Sifarişçinin icraçıya 6400 manat məbləğində vəsaiti avans şəklində ödənilməsi öhdəliyi göstərilmişdir. Həmin avans ödənişinin iddiaçı tərəfindən 13 mart 2017-ci il tarixdə həyata keçirilməsinə baxmayaraq, cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmiş və beləliklə müqavilə şərtlərini pozmuşdur. Nəzərə alsaq ki, tələb edilən əsas borc olan 6400 manat cavabdehə 2017-ci ildə ödənilmişdir və o vaxtdan iddianın verilməsinə qədər 4 il müddət keçmişdir, iddiaçı haqlı olaraq əsas borca görə 1280 manat tələb etmişdir. Belə ki, 6.400x5/100=320, 1 il üçün borc faizi 320 manat edir. İddia verilən müddətə qədər, artıq 4 il vaxt keçmişdir ki, cavabdeh pul vəsaitini qanunsuz olaraq özündə saxlayırdı. Beləliklə, 320x4=1280 manat təşkil edir. Hətta bu günki günə olan faiz borcu ən azı 1600 manat hesablanmalıdır, çünki 320 x5= 1600 manat təşkil edir. Həmçinin qeyd edək ki, iddiaçı qanunla əsas borca görə tələb edilən ən aşağı faizi hesablamışdır. Belə ki, qanunvericiliyə əsasən faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bu halda bugünə olan bank uçot dərəcəsi 7,75 % (Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına əsasən) təşkil edir. 20.Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyinin nəticə hissəsində tərəflər arasında bağlanılmış müqavilə üzrə Cavabdeh MMC-nin öhdəliyini icra etməsinə dair faktlar vardır. Lakin məhkəmə tərəfindən ekspert rəyinin nəticə hissəsi yanlış təfsir edilmiş və düzgün hüquqi nəticəyə gəlinməmişdir. Həmçinin məhkəmə öz qərardadında işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə iş üzrə məhkəmə kompyuter-texniki ekspertizası keçirilməsinin zəruriliyini vurğulasa da, ekspert qarşısında qoyulmuş suallara cavab verilməmiş, məhkəmə isə çox məhdud verilmiş ekspert rəyi ilə kifayətlənmiş, əlavə ekspertiza keçirməmişdir. Mütəxəssis cəlb olunaraq əlavə ekspertiza keçirilməsi zəruri amil idi. Bununla yanaşı ekspert ekspertiza qarşısında qoyulan sualları cavablandırarkən həmçinin iş materiallarını da nəzərə almalıdır. Lakin ekspert rəy verərkən iş materiallarındakı sübutları nəzərə almamışdır. İş materiallarına nəzər salsaq, ekspertiza qarşısında qoyulan suallar üzrə həm, 1C Proqram təminatının quraşdırılması, həm də qeyd olunan dövrdə "xxxx" MMC-də əmək haqqının hesablanması və ödənilməsinin 1C Proqram Təminatı üzərindən qurulub aparılması barədə kifayət qədər sübutlar mövcuddur. İş materiallarına əlavə edilmiş tərəflər arasında aparılan elektron yazışmaların mətnindən kifayət qədər aydın şəkildə görünür ki, qeyd olunan dövr üzrə "xxxx" MMC-də əmək haqlarının hesablanması və ödənilməsi 1C Proqram Təminatı üzərindən qurulub aparılmışdır. Belə ki, "xxxx" MMC-nin əməkdaşı bunu təsdiq edərək, 16 yanvar 2018-ci il tarixdə Cavabdeh MMC-nə ünvanladığı elektron məktubda bildirmişdir ki, “Dekabr ayının əmək haqqı cədvəli 1C əmək haqqı modulunda hesablandı. Hesablamalarda problem yaranmamışdır. Lakin rəy verilərkən sözügedən sübut nəzərə alınamışdır. Qeyd olunan yazışmalar iş materiallarına əlavə edilmişdir. Məhkəmə əlavə ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti təmin etməmişdir. Lakin məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmayaq qarşı tərəfin iddiasını əsassız olaraq təmin etmişdir. Məhkəməyə təqdim olunmuş ödəniş cədvəllərindən görünür ki, Socar Methanol işçi qüvvəsinə U and R Consulting MMC-nin tərtib etdiyi 1C Programı vasitəsilə əmək haqqı hesablamış və ödənişləri həyata keçirmişdir. X3 bank çıxarışları ilə əks olunur. Lakin məhkəmə həmin ödəniş cədvəllərinə heç bir əhəmiyyət verməmiş və sübut qismində saymamışdır. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nə 6.400 manat pulun ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında imzalanmış üzləşdirmə aktı da göstərilən xidmətlərə görə ödənilmiş pul məbləğinin təsdiq aktıdır. Hansısa bir borcun etiraf aktı deyildir. Bu tip bir aktın mövcudluğu məhkəmə tərəfindən Cavabdeh MMC tərəfindən onun müqavilə üzrə öhdəliyin icra edilməməsini dolayısı ilə də qəbul edilməsi kimi qələmə verilməsi qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, müqavilə ilə nəzərdə tutulmuş öhdəlik Cavabdeh MMC tərəfindən icra edilməmişdir. Yəni müqavilə ilə hazırlanması nəzərdə tutulmuş işçilərin əmək haqlarının hesablanması ilə bağlı olan 1C proqramı Metanol Zavoduna təhvil verilməmiş və zavodda işçilərin əmək haqqlarının hesablanması 1 C proqramı vasitəsi ilə deyil, başqa proqramlar vasitəsi ilə hesablanmışdır. Məhkəmənin gəldiyi nəticə düzgün deyil, işinin faktiki hallarına uyğun gəlmədiyi kimi hüquqi əsası da yoxdur. Ekspert rəyində də, Cavabdeh MMC tərəfindən işlərin görülməsi öz əksini tapır. Belə ki, Cavabdeh MMC (İcraçı) və "xxxx" MMC (Sifarişçi) arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 2017- AMC saylı xidmət müqaviləsinə əsasən, icraçı Şifarişçi üçün “İC: Mühasibat Proqramı” proqram məhsulu bazasında Sifarişçinin əmək haqqı və işçi heyətinin idarə olunması sistemini quraşdırmalı və onun işləməsini təmin etməli, sifarişçi isə bunun müqabilində müqavilənin 4.3-cü bəndinə əsasən, icraçının göstərdiyi xidmətlər müqabilində 6.400 manat müqavilə bağlandığı andan 10 iş günü müddətində, növbəti ödəniş 4800 manat 30 % ilk əmək haqqı quraşdırılmış proqram vasitəsilə hesablanarkən, son ödəniş 4800 manat ikinci ay üzrə əmək haqqı quraşdırılmış proqram vasitəsilə hesablanarkən ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İcraçı olaraq şirkət müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyinə baxmayaraq, sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bu günədək ödənişi tam həyata keçirməmiş, cəmi 6.400 manat avans ödəmiş, avansdan sonra ödəməli olduğu 9.600 manat məbləği ödəməmişdir. Belə ki, şirkət tərəfindən 1C Proqram Təminatı bazasında əmək haqqının hesablanması üzrə modul quraşdırılmış və təlimlər keçirilmiş, yəni şərtləşdirilmiş öhdəlik tam icra olunmuş, nəticədə 2016-cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək "xxxx" MMC-də əmək haqqının hesablanması və ödənilməsi 1C Proqram Təminatı üzərindən qurulub aparılmışdır. 2016-cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək "xxxx" MMC-də işləyən işçilərin əmək haqlarının 1C Proqram Təminatı üzərindən qurulub hesablanması və ödənilməsi "xxxx" MMC-yə məxsus 2016-cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək hesablanmış işçilərin əmək haqqı sənədləri və digər sənədlərlə öz təsdiqini tapır. Göründüyü kimi şirkətimiz tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər tam yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, müqavilə üzrə cəmi 16.000 manat məbləğində ödəniş etməli olduğu halda cəmi 6.400 manat ödəniş etmiş, bu günədək 9.600 manat məbləğində borcu qalsa da hələ də ödənişi tam həyata keçirməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın tam rədd edilməsini xahiş etmişdir. Qarşı tərəfin apellyasiya şikayəti üzrə yazılı etiraz təqdim edilmişdir. 22.Qarşılıqlı iddia üzrə iddiaçının qanuni nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin verdiyi apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdirlər.
23. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 445.7-ci maddə-borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 24.Qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi 25.Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-203/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 26.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 27.Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun apelyasiya şikayəti ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamədə pretenziya məktubunun qarşı tərəfə xx.xx.2022-ci il tarixdə çatdırıldığını qeyd edilməsi texniki səhv olaraq qəbul edilir. Belə ki, elektron işdəki sənədlərdən görünür ki, pretenziya məktubu xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixdə ilk iddia qaldırılanadək öhdəliyin icrasının 31 gün gecikdirildiyini qeyd etməsi belə qənaətə gəlməyə əsas verir ki, məhkəmə pretenziyanın çatdırılma tarixini qətnamədə düzgün qeyd etməsə də, qarşı tərəfin tələb edilən pulu qaytarmaq öhdəliyinin icrasının gecikdirildiyi günləri düzgün müəyyən etmişdir. 28.MM-nin 445.7-ci maddəsində borcludan pul öhdəliyinin icrasının gecikdirilməsinə görə kreditora faiz ödəməli olduğu nəzərdə tutulmuşdur. Hazırkı halda podratçı Cavabdeh MMC-nin podrat müqaviləsi üzrə ödənilmiş avans pretenziya məktubu ilə geri tələb edilənədək ik iddia üzrə iddiaçı qarşısında pul öhdəliyi olmadığından pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin pretenziya məktubunun çatdırılma tarixindən hesablanması qanuni və əsaslı hesab edilir.
29. Cavabdeh MMC-nin apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında görülmüş işin nəticəsinin sifarişçiyə qüsursuz və işlək vəziyyətdə təhvil verilməsi barədə hər hansı sübut olmaması, xx.xx.2020-ci il tarixli üzləşmə aktını imzalamaqla Cavabdeh MMC "xxxx" MMC-yə 6400 manat məbləğində kreditor borcu olduğunu təsdiq etməsi, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək Cavabdeh MMC-nin müqavilə üzrə ödənilməli olan məbləğin qalıq hissəsini sifarişçidən tələb etməməsi belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edə bilməmişdir.
30. Cavabdeh MMC-nin apellyasiya instansiyası mərhələsində təqdim edilmiş proqram təminatının qüsursuz olduğunu müəyyənləşdirmək üçün təkrar kompyuter texniki ekspertizası təyin edilməsi barədə verdiyi vəsatət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində vəsatətdə qoyulmuş sualların cavablandırılması üçün “1C” mühasibat proqramının məlumat bazası üzrə ixtisaslaşmış mütəxəssis olmadığı, bu barədə iş üzrə verilmiş ekspert rəyində qeyd edildiyi üçün təmin edilməmişdir.
31. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında qarşı tərəfin əməkdaşları tərəfindən məlumatlar yanlış daxil edildiyi üçün hesablarda uyğunsuzluqlar olduğunu, əslində proqramın tam işlək vəziyyətdə təhvil verildiyi göstərsə də, belə olan halda avans məbləğinin kreditor borc olaraq göstərildiyi üzləşmə aktını hansı səbəbdən imzalamasının və işin qalıq dəyərinin tələb edilməməsinin səbəbini əsaslandıra bilməmişdir. Nümayəndə göstərmişdir ki, üzləşmə aktını ona görə imzalamışlar ki, bu qarşı tərəfə lazım idi. Qalıq borcun tələb edilməməsinin səbəbini isə belə izah etmişdir ki, tərəflər arasında yaxşı işgüzar münasibətlər olmuş, borcun ödəniləcəyini gözləmişlər. Halbuki, məhkəmənin sualına cavab olaraq nümayəndə göstərmişdir ki, bu müqavilədən əvvəl və sonra qarşı tərəflə hər hansı müqavilə münasibətində olmamışlar. Belə olan halda Cavabdeh MMC-nin 2017-ci ildə təhvil verildiyi iddia edilən işin qalıq dəyərinin ödənilməsi üçün işgüzar münasibətlərə güvəndiyinə dair izahatlar inandırıcı hesab edilmir. 32.Tərəflər arasında olan yazışmalardan (sonuncu dəfə ilk iddia üzrə iddiaçının əməkdaşı Xalid Zalov tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli email, 2-ci cild 27-ci vərəq) görünür ki, proqram təminatı faktiki olaraq təhvil verilsə də, çatışmamazlıqlar olduğu üçün sifarişçi tərəfindən hər dəfə həmin qüsurların aradan qaldırılması xahiş edilmiş edilmiş, qüsurlar tam aradan qaldırılmadığından sifarişçi MM-nin 765-ci maddəsinə əsasən müqavilədən imtina edərək avansın geri qaytarılmasını tələb etmişdir.
33. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbinin əsaslı olduğu iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq edilmir.
34. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-203/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-203/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən (qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən) onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.