Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-816/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1427/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qərardadlarından İddiaçı Firması və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli e-2-2(113)-1427/2021 nömrəli qətnaməsi ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-yə qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçı Firması və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli e-2-2(113)-1427/2021 saylı qərardadları ilə hər iki apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Firması və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB həmin qərardadlardan şikayətlər vermişlər, Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il və 17.06.2021-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər hər gün “e-mehkeme” portalındakı kabinetlərini yoxlamalı deyillər və buna görə də, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq elektron kabinetinə yeni sənəd yerləşdirilən tərəfə bu barədə barədə sms bildiriş və ya elektron ünvan vardırsa, ora bildiriş getməlidir. Cavabdehin şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi 30.04.2021-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilsə də, poçt vasitəsilə “Azneft” İB-yə göndərilmiş və Birlik tərəfindən 07.05.2021-ci il tarixdə alınmışdır. Ərizəyə əlavə edilmiş Hüquqi yardımın göstərilməsi haqqında 07.06.2021-ci il tarixli 158 nömrəli müqavilədən görünür ki, SOCAR “Azneft”İB ilə hüquqi xidmət göstərilməsinə dair müqavilə bağlanmış, apelyasiya şikayətinin hazırlanması və məhkəmədə təmsiletmə ilə bağlı tapşırıq verilmişdir. Yalnız bundan sonra tərəfindən apelyasiya şikayəti hazırlanaraq elektron kabinetə yerləşdirilmişdir. Başqa sözlə, həmin müqavilə bağlanmamışdan əvvəl o, “Azneft” İB-nin vəkili kimi təmsil oluna bilməyəcəyindən, həmin vaxtdan əvvəl onun tərəfindən apelyasiya şikayətinin verilməsi qeyri-mümkün idi. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin şikayətini müdafiə etdilər və əks tərəfin şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməlidir. Belə ki, işin 151-ci vərəqəsində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli e-2-2(113)-1427/2021 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 30.04.2021-ci il tarixdə saat 16:25-də həm iddiaçının nümayəndəsi və vəkili Vəkil1, həm də cavabdehin nümayəndəsi Vəkil2 məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir. Lakin iddiaçı və cavabdeh tərəfindən verilmiş və həmin nümayəndə və vəkillər tərəfindən imzalanmış apellyasiya şikayətləri 07.06.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətlərinin verilməsi müddəti hər iki tərəfə münasibətdə 31.05.2021-ci il tarixdə (30.05.2021-ci il qeyri-iş gününə düşdüyünə görə) tarixdə bitdiyi halda, iddiaçı və cavabdehin apellyasiya şikayətləri qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 07.06.2021-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İddiaçının şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında hazırki apelyasiya baxışı zamanı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)–1427/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsinin elektron kabinetə yerləşdirilməsi ilə bağlı məlumatın iddiaçının vəkili Vəkil1 elektron qaydada (elektron poçt, sms və s. vasitəsilə) çatdırılıb-çatdırılmadığı, çatdırılmışdırsa, hansı tarixdə çatdırıldığı barədə məlumat verilməsi üçün Ədliyyə Nazirliyinin İnformasiya- Kommunikasiya Texnologiyaları İdarəsinə sorğu verilmiş və sorğuya cavab olaraq sonuncu tərəfindən bildirilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemində Vəkil1 “Elektron ünvan ” elektron poçt ünvanı qeydiyyata alınmışdır və məhkəmə sənədləri onun elektron kabinetdə yerləşdirilərkən bununla bağlı məlumat avtomatlaşdırılmış rejimdə dərhal həmin poçt ünvanına ötürülür. Müraciətdə göstərilən qətnamə 30.04.2021-ci il tarixdə adıçəkilən şəxsin elektron kabinetində yerləşdirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 01 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında” Əsasnamənin 9.2.3-cü bəndinə əsasən sahib tərəfindən İnformasiya sisteminə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək İnformasiya sistemi iştirakçılarının vəzifəsidir. Cavabdehin şikayətinin dəlilləri də əsassızdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli e-2-2(113)-1427/2021 nömrəli qətnaməsi sonradan kağız daşıyıcıda cavabdehin ünvanına göndərilməsinin və hansı tarixdə cavabdehin nümayəndəsi tərəfindən qəbul edilməsinin prosessual müddət baxımından heç bir əhəmiyyəti yoxdur. Çünki yuxarıda da qeyd olunduğu kimi həmin qətnamə ilk növbədə 30.04.2021-ci il tarixdə saat 16:25-də cavabdehin nümayəndəsi Vəkil2 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərindən də göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadları əsaslı şəkildə qəbul edilmiş, şikayətlərdə göstərilən dəlillər isə onların ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayətlər təmin edilməməli və qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Firması və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1427/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Fuad Talışinski Fuad Babayev
Məhkəmə qərarları › İş №2-2(103)-816/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-816/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver