Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-817/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-5197/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 21000 manat məbləğində pulun və ödənilmiş 153 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5197/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır.
3. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5197/2025 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş etibarnamədə istənilən məsələlər üzrə müraciət olunması və bununla bağlı müvafiq ərizələrin imzalanması səlahiyyəti verilmişdir. Məhkəmə MPM-in 74-cü maddəsinə istinad edərək xüsusi olaraq iddia ərizəsinin etibarnamədə qeyd olunmadığını vurğulayır. Maddənin tələbi imza atmaq səlahiyyətinin verilməsini özündə ehtivaedir və iddiaçı tərəfindən onun adından imza atmaq səlahiyyəti verilmişdir. Etibarnamədə müvafiq ərizənin imzalanması səlahiyyəti, iddia ərizəsinə aid edilməməsini məhkəmə necə sübut edə bilər. İmza atmaq səlahiyyəti iddiaçı tərəfindən məhkəməyə müvafiq ərizələrin imzalanması səlahiyyəti elə iddia ərizəsinin imzalanması nəzərdə tutulur. Bundan başqa, cavabdehə ilk pretenziya məktubu ilə xx.xx.2025-ci il tarixdə müraciət olunmuşdur . 2-ci müraciət xx.xx.2025 və 3-cü müraciət isə xx.xx.2025-ci il tarixlərdə olunmuşdur və müraciətlər cavabdehin vergi orqanında şəxsi kabinetinə göndərilmiş və həmçinin pretenziyaların göndərilməsi barədə elektron poçt vasitəsi ilə məlumat verilmişdir. Yaranmış mübahisə ilə əlaqədar pretenziyalar və elektron poçt vasitəsilə verilmiş məlumatlar iddia ərizəsinə əlavə olunmuşdur. Məhkəmənin istinad etdiyi xx.xx.2025-ci il tarixli pretenziya məktubu iddia ərizəsinin göndərilməsinə dair həm elektron məhkəmə sistemi vasitəsi ilə, həm də elektron poçt vasitəsi ilə məlumatın verilməsinə dair olmuşdur.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5197/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
6. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
7. Maddə 73. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir.
8. Maddə 149.1. İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
9. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
10. Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
11. Maddə 152.1.2. İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
12. Maddə 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
13. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
14. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Məhkəmənin mövqeyi
15. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
16. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 5197/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, iddia ərizəsini iddiaçının adından Nümayəndə imzalamışdır.
18. Lakin iddia ərizəsinə əlavə edilmiş həmin nümayəndənin adına verilmiş etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti xüsusi olaraq göstərilməmişdir.
19. Halbuki Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
20. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır.
21. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır.
22. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında imperativ qaydada müəyyən edilmişdir ki, kommersiya mübahisələrindən irəli gələn mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, o cümlədən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir.
23. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 12.2-ci bəndinə əsasən, hər iki tərəf bu müqavilə ilə bağlı yaranan mübahisələri və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək üçün səy göstərəcəklərini öhdələrinə götürürlər. Əgər tərəflər mübahisələrin həllində mübahisənin yarandığı gündən 30 (otuz) gün ərzində qarşılıqlı razılıq əldə edə bilməzlərsə, belə mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəməsində öz yekun həllini tapmalıdır.
24. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdehdən müqavilə üzrə borcun ödənilməsi tələb edilmişdir. Lakin pretenziyanın rədd edilməsi və ya qismən qəbul edilməsi halı olmadığından, 30 günlük müddət isə başa çatmadığından mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsi təsdiq olunmur.
25. Apellyator şikayətində digər məktublara istinad etsə də, həmin məktubların cavabdehə məxsus elektron poçt ünvanına göndərilməsi iş materialları ilə təsdiq olunmur. Nəzərə alınmalıdır ki, qanunverici məhz bu səbəbdən – pretenziya ilə bağlı mübahisələrin qarşısını almaq üçün çatdırılmanın xüsusi qaydasını nəzərdə tutmuşdur.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5197/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5197/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.