Məhkəmə qərarları › İş №2-2(103)-818/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-818/2022

16.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-818/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadından ərizəçinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2383,93 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 368,82 manat, İşsizlikdən sığorta fonduna olan 4,02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin (birinci instansiya məhkəməsi) 05 iyul 2022-ci il tarixli qərardadı ilə ərizənin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericilik ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizələrə fiziki şəxslərin yaşadığı yer üzrə verilməsini nəzərdə tutmuşdur; yaşadığı yer dedikdə şəxsin qeydiyyatda olduğu yer nəzərdə tutulduğundan ərizəyə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində baxılmalıdır. Həmin qərardaddan ərizəçinin nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizənin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə görə isə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi qanunverici, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizənin fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yerə görə verilməsinin mümkünlüyünü nəzərdə tutmuş və ümumi qaydadan istisna olan bu imkanı hər hansı məhdudiyyətlə şərtləndirməmişdir. Bu səbəblə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “yaşadığı yer dedikdə şəxsin qeydiyyatda olduğu yer nəzərdə tutulur” əsaslandırması ilə ərizəni geri qaytarmaqda haqlı olmamış, MPM-nin 355-5.2-ci maddəsini düzgün təfsir etməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3852/2022 saylı iş üzrə 05 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin və ərizənin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar