Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-82/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2848/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 726418,12 (yeddi yüz iyirmi altı min dörd yüz on səkkiz manat, on iki qəpik) manat məbləğində borcun, müqavilələr üzrə hesablanmış 72641,81 (yetmiş iki min altı yüz qırx bir manat, səksən bir qəpik) manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 4000 (dörd min) manat xərcin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 (dörd yüz) manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 (altı yüz doxsan dörd manat əlli qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2848/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 761.794,48 manat məbləğində borc, müqavilələr üzrə hesablanmış 38.089,72 manat məbləğində cərimə, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 2.000 manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərc, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, e-2-2(113)-2848/2022 saylı qətnaməsini tamamilə ləğv edərək apellyasiya şikayətinin təmin olunmasına barədə yeni qərar qəbul edilərək iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəflər arasında bağlanmış barışıq sazişini və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə ərizəni xx.xx.2023-cü il tarixdə “AzeMis” elektron məhkəmə informasiya sisteminə yükləmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təyin edilmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2848/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2848/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2848/2022 2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Tərəflər təsdiq edir ki, bu sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya 152 S saylı, 21 may 2019-cu il tarixli alqı-satqı haqqında müqaviləyə və GD/19-016 saylı, 18 sentyabr 2019-cu il tarixli konsiqnasiya anbarında saxlama müqaviləsinə əsasən qalıq borcu 761.794,48 (yeddi yüz altmış bir min yeddi yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat təşkil edir.
2. Tərəflər belə razılığa gəlir ki, cavabdeh bu sazişin 2.1-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir: 10 fevral 2023-cu il tarixədək – 170.000 (bir yüz yetmiş min) manat (ƏDV daxil); 10 aprel 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); 10 iyul 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); 10 oktyabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); 31 dekabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil).
3. Cavabdeh bu Sazişin 2.2-ci bəndi ilə müəyyən olunmuş ödəniş öhdəliklərini lazımınca icra etməzsə (hər hansı ödənişi vaxtında ödəməzsə və ya qismən ödəyərsə), bu halda iddiaçı qalıq borcun tamamilə ödənilməsi, o cümlədən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun xeyrinə tutulması qət edilmiş 38.089,72 (otuz səkkiz min səksən doqquz manat, yetmiş iki qəpik) manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 2.000 (iki min) manatın, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 (dörd yüz) manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 (altı yüz doxsan dörd manat, əlli qəpik) manat dövlət rüsumunun əvəzinin Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir.
Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.