Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-82/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “nəqliyyat ekspedisiyası müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3147/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən 2517,63 ABŞ dolları məbləğində xidmət haqqı, 184,97 ABŞ dolları məbləğində əldən çıxmış fayda, hər gecikdirilmiş günə görə hesablanmış 6722,07 ABŞ dolları cərimə olmaqla ümumilikdə 9424,67 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaitinin və ödənilmiş 1000 manat hüquqi yardım xərci, 60 manat ilkin mediasiya xərci, 98,20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, iddiaçı cavabdehin hesabına müqavilə ilə nəzərdə tutulmuş xidmətləri yerinə yetirməyi, cavabdeh isə bu xidmətləri qəbul etməyi və onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında Koreya Respublikasının Busan adlı limanından “Kormax Corporation” adlı yük göndərəndən yükün qəbulunun başlanğıc tarixi 13 dekabr 2021-ci il olmaqla bir ədəd konteynerin gəmi və avtomobil nəqliyyat növləri ilə Koreya – Bəndər Abbas – Bakı daşınma marşrutu əsasında 55-60 gün müddətində 8400 ABŞ dolları xidmət dəyəri müəyyən edilməklə daşınması nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış 03 fevral 2022-ci il tarixli 01 nömrəli xidmətlərin göstərilməsi haqqında aktla təsdiq edilmişdir ki, ekspeditor olaraq iddiaçı müvafiq müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (tam həcmdə və razılaşdırılmış müddətlərdə) yerinə yetirmiş, göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab vermiş və bununla bağlı cavabdehin iddiaçıya heç bir etirazı olmamışdır. Ödəniş məbləğinin müqavilədə göstərilmiş rekvizitlər üzrə adıçəkilən aktın cavabdeh tərəfindən imzalandığı tarixdən (03 fevral 2022-ci il) 3 iş günü ərzində iddiaçının hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, tərəflər arasında müəyyən edilmiş və razılaşdırılmış xidmət haqqından 2517,63 ABŞ dolları məbləğində olan hissə bu günə kimi iddiaçının hesabına köçürülməmişdir. Dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara, keçirilmiş görüşlərə və 1 ildən çox vaxt keçməsinə baxmayaraq, hal-hazıradək qeyd edilən borc məbləğinin ödənişi cavabdeh tərəfindən təmin edilməmiş və bununla da tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. İddiaçı tərəfindən cavabdehin faktiki ünvanına borc məbləğinin ödənilməsinə dair 08 fevral 2023-cü il tarixli 008 nömrəli pretenziya məktubu göndərilmiş, borc vəsaitinin 5 gün müddətində ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə müvafiq borcun, hesablanmış cərimə sanksiyalarının, əldən çıxmış fayda məbləğinin və məhkəmə xərclərinin məcburi qaydada tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin müvafiq pretenziya məktubunu alan cavabdeh qeyd edilən tələbin təmin edilməsi istiqamətində heç bir addım atmamışdır. Eyni zamanda cavabdehin səlahiyyətli nümayəndəsi ilkin mediasiya prosesində iştirak etməmişdir. Xidmət haqqının ödənilməsinin cavabdeh tərəfindən gecikdirilən günlərinin sayı 25 iyul 2023-cü il üçün 534 gün olduğundan və hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5% həcmində cərimə məbləği müvafiq müqavilə ilə (5.14-cü bənd) nəzərdə tutulduğundan hesablanmış 6722,07 ABŞ dolları məbləğində cərimə və tələb edilən xidmət haqqına münasibətdə 184,97 əldən çıxmış fayda da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3147/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 2517 (iki min beş yüz on yeddi) ABŞ dolları 63 (altmış üç) sent xidmət haqqı, 80 (səksən) ABŞ dolları cərimə, xidmət haqqına illik 5% hesablanmaqla 103 (yüz üç) ABŞ dolları 48 (qırx səkkiz) sent pul olmaqla ümumilikdə 2701 (iki min yeddi yüz bir) ABŞ dolları 11 (on bir) sent məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 18 (on səkkiz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 (iyirmi üç) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 (min) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli,e-2-2(113)-3147/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin və iddiaçının iddia tələbinin əsasını tərəflər arasında imzalandığı iddia edilən xx.xx.2021-ci il tarixli, FB29/21 saylı “Nəqliyyat ekspedisiyası müqaviləsi” təşkil edir. Qeyd edilən müqavilənin müştəri qrafasındakı imzanın Qanuni nümayəndə adından imzalandığı qeyd edilsə də, açıq-aşkar görünür ki, qeyd edilən imza ona məxsus deyildir. Bu isə müqavilənin bağlandığı andan etibarsız olmasına dəlalət edir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, tərəflər müqavilənin bütün mühüm şərtləri barədə razılaşdıqdan sonra müqavilə bağlanmış sayılır. Hazırki iddia tələbinin əsasını təşkil edən xx.xx.2021-ci il tarixli müqavilə isə müqavilədə adı qeyd edilən Qanuni nümayəndə tərəfindən imzalanmamışdır. Hazırda iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli müqavilə cavabdehin direktoru və müqavilədə adı qeyd edilən Qanuni nümayəndə tərəfindən imzalanmadığından qeyd edilən müqavilə bağlandığı andan etibarsızdır və bu səbəblə iddia tələbi təmin edilə bilməz. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki qanunvericiliklə müqavilənin iki formada, yazılı və şifahi bağlanması nəzərdə tutulmuşdur. Hazırda iddiaçı aralarında yazılı formada bağlanmış müqavilə üzrə pulun tutulmasına istinad edir. Lakin, müqavilə cavabdehin nümayəndəsi Qanuni nümayəndə tərəfindən imzalanmamışdır və bu səbəbdən etibarsızdır. Mülki qanunvericilikdə açıq aydın görünür ki, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hazırki iddia tələbinin əsasını təşkil edən müqavilənin Qanuni nümayəndə tərəfindən imzalanması qeyd edilsə də, müqaviləyə vizual baxış keçirdikdə belə, onun Nicat tərəfindən imzalanmadığı açıq-aydın görünür. Belə olan halda isə həmin müqavilə etibarsızdır və etibarasız müqaviləyə istinad etməklə məhkəmənin iddia tələbini təmin etməsi və bu halı araşdırmaması kobud maddi hüquq pozuntusudur. Müqaviləni imzaladığı qeyd edilən Qanuni nümayəndə qəti olaraq imzanın ona məxsus olmadığını və saxtalaşdırıldığını bildirir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halı araşdırmadan tərəfimizdən verilmiş ekspertizanın təyin edilməsi barədə vəsatəti rədd etmiş, müqavilə üzrə pulun tutulması tələbinə dair mülki işə baxarkən birbaşa müqavilənin etibarlı olub-olmamasına qiymət verməli olduğu halda imzanın həqiqiliyini və müqavilənin etibarlılığını yoxlamadan qətnamə qəbul etmiş, bununla da cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Məhkəmə ekjspertizanın təyin edilməməsi barədə qərardadını işə baxılmasının uzadılması barədə vəsatət olmasına qiymət verməklə kifayətlənmişdir ki, bu da hesab edir ki, kobud prosessual hüquq pozuntusudur. Məhkəmə qətnamə qəbul edərkən hansı halların müəyyən edildiyini, onların iş üzrə hansı əhəmmiyyətinin olmasını tam olaraq sübutlarla birlikdə qiymətləndirməlidir. Lakin bildirmək istəyir ki, birinci instansiya məhkəməsi ekspertizanın təyin edilməsindən imtina etməklə cavabdeh təşkilatın müqaviləyə aidiyyatını müəyyən etməmişdir. Bildirir ki, ekspertizanın təyin edilməməsi barədə qərardadında məhkəmə qeyd edir ki, müqavilədi möhür cavabdeh təşkilatın möhürünə oxşayır. Lakin bu halı da tam araşdırmamış, imzanın və möhürün cavabdeh təşkilata məxsus olmasının müəyyən edilməsi üçün addımlar atmamışdır. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi işə baxarkən lazımi qaydada araşdırma aparmamışdır. Belə ki, cavabdeh olaraq iddia ərizəsinə əlavə edilmiş və iddia tələbinin əsasını təşkil edən xx.xx.2021-ci il tarixli müqavilənin müqavilədə adı qeyd edilən Qanuni nümayəndə tərəfindən imzalanmadığını dəfələrlə bildirməyimizə, ekspertizanın təyin edilməsi barədə vəsatət verməyimizə baxmayaraq, birinci instansiya məhkəməsi qeyd edilən halı araşdırmamış, bu sahədə mütəxəssis olmadığı halda birinci instansiya məhkəməsinin hakimi müqavilənin etibarlı olması qənaətinə gəlmişdir. Lakin mülki prosessual qanunvericiliyin əsas tələblərindən biri xüsusi biliyə ehtiyac olan məsələlərin araşdırılması zamanı ekspertizanın təyin edilməsinin zəruriliyidir. Cavabdeh olaraq hesab edir ki, müqavilə orada adı qeyd edilən şəxs tərəfindən imzalanmadığından etibarsızdır. Belə ki, hüquqi şəxs adından müqaviləni hüquqi şəxsin direktoru və ya buna səlahiyyəti olan şəxs imzalamalıdır. Hazırda müqaviləni imzaladığı qeyd edilən şəxs, yəni Qanuni nümayəndə qeyd edilən müqaviləni imzalamadığını, müqavilədəki imzanın ona məxsus olmadığını bildirir. Birinci instansiya məhkəməsinin qeyd edilən halın hansı məqsədlə araşdırılmasından imtina etməsi, ekspertizanın təyin edilməsindən imtina etməsi barədə qərardad qəbul etdiyi gün tələsərək qətnamə qəbul etməsi məlum deyildir. Mülki qanunvericiliyin əqd-müqavilə ilə bağlı əsas tələblərindən biri onun etibarlı olması, müqavilə üzrə işlərə baxılarkən işə baxan məhkəmənin müqavilənin etibarlılığına qiymət verməsi ilə bağlıdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi qeyd edilən halı araşdırmadan qətnamə qəbuletməklə qəti olaraq cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istədiyi əsas məqamlardan biri hazırki iş üzrə mediasiyanın keçirilməsi ilə bağlıdır. Belə ki, göründüyü kimi iddia tələbi 10000 (on min) manatdan yuxarı olduğu və 200 manat mediasiya xərci ödənilməli olduğu halda iddiaçı təşkilat mediasiyaya müraciət etdiyi məbləğdən sonra əlavə borcun tutulmasını tələb etmiş, bu hissədə mediasiya keçirməmişdir. Birinci instansiya məhkəməsi ilə bu hala diqqət yetirməyərək işə baxmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mediasiya təşkilatına 60 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bu isə hazırki iş üzrə keçirilmiş mediasiya prosesinin qanunun pozulması nəticəsində keçirilməsinə gətirib çıxarır və qeyd edilən arayış iddianın verilməsi üçün yetərli olmadığından məhkəmə işi baxılmamış saxlamalı idi. Eyni zamanda bildirmək istəyir ki, iddia tələbi üzrə cavabdehə göndərilən pretenziya məktubunda da 2517.63 ABŞ dolları borcun olması bildirilmiş, lakin iddia tələbi ilə məhkəməyə müraciət edilərkən qeyd edilən hədd aşılmışdır. İddiaçının vəzifəsidir ki, məhkəməyə müraciət edəcəyi tələblə bağlı cavabdehə pretenziya göndərsin. Lakin hazırki iddia tələbi üzrə iddiaçı bu tələbi də pozmuşdur. Bu səbəblə də məhkəmə iddia ərizəsini geri qaytarmalı, icraat qəbul etmişsə belə baxılmamış saxlamalı idi
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında yazılı müqavilə münasibətləri mövcud olmamışdır. Şifahi müqaviləyə əsasən tərəf üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmiş və ödənişi nağd qaydada etmişdir. Lakin ödənişlərə dair hər hansı sübut saxlamamışlar. 10.000 manata dair sübutu qarşı tərəf təqdim etmişdir. Həmçinin, iş materialları birinci instansiya məhkəməsinin icraatında olarkən tərəflərindən məhkəmə xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət verilmişdir, lakin məhkəmə təmin etməmişdir. Bundan əlavə, apellyasiya şikayətinin dəlili kimi də qeyd etmişlər ki, müqavilə orada adı qeyd edilən şəxs tərəfindən imzalanmadığından etibarsızdır. Tərəflər arasında münasibətlərin olmasını qəbul edirlər, lakin yazılı müqavilə olmamışdır. Ödənişləri tam şəkildə etmişlər, sübut saxlamamışlar.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında 01 dekabr 2021-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmışdır. Həmin müqavilə iddiaçı tərəfin səlahiyyətli nümayəndələrinin bilavasitə iştirakı ilə cavabdeh tərəfin ofisində cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə ilə bağlanılmışdır. İş materialları birinci instansiya məhkəməsinin icraatında olarkən cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə whatsapp yazışmaları və səs yazılarından müəyyən olundu ki, cavabdeh tərəfin onlara 3563 ABŞ dolları məbləğində borcu var, lakin onlar yenə də iddia tələbinin həcmini artırmadılar. Hazırda cavabdeh tərəfin 2517,63 ABŞ dolları borcunun olduğunu bildirir və xidmət haqqının ödənilməsini tələb edirlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
12. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmçinin 852.2-ci maddədə göstərilmişdir ki, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.
14. Həmin Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu)və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.
15. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
17. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
18. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
19. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
24. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
25. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
26. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində əsaslıdır.
29. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinin (ekspeditor qismində iddiaçı, müştəri qismində cavabdeh) 2-ci hissəsinə əsasən, ekspeditor müştərinin hesabına aşağıda göstərilən xidmətlərin yerinə yetirməyi və ya icrasını təşkil etməyi, müştəri isə bu xidmətlərin qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür: bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yollar ilə yükdaşımaların təşkili; bu müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması; sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili; əgər bu sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkili; bu müqavilə və onun müvafiq Əlavələri ilə nəzərdə tutulmuş digər xidmətlər (2.1). Ekspeditor bu müqavilə üzrə xidmətləri bilavasitə özü və ya müvafiq qaydada müqavilə bağlamaqla üçüncü şəxslər vasitəsilə icra edə bilər. Bu zaman üçüncü şəxslər tərəfindən xidmətin bu müqavilə şərtlərinə uyğun, lazımınca yerinə yetirilməməsinə görə - ekspeditor şəxsən özü məsuliyyət daşıyır (2.2).
30. Müqavilənin 4-cü bəndinə əsasən, hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu Müqavilənin ayrılmaz hissəsi hesab edilən sifariş orderi ilə müəyyən edilir. Daşınma zamanı yaranan əlavə xərclər, zərərlər və cərimələr sifariş orderində qeyd edilən xidmət dəyərinə daxil deyil (4.1). Müqavilə üzrə yükün təhvil alınması və Müştəriyə və ya onun səlahiyyətləndirdiyi şəxsə (malın alınması zamanı təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş və Tərəflərin səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanmış Qaimə ilə rəsmiləşdirilir. Qaimənin növü olan X1 tərəfindən tərtib edilərək imzalanması üçün Müştərinin müqavilədə qeyd etdiyi ünvanına göndərilir. Təhvil-təslim Aktını qəbul edən Müştəri 5 (beş) gün ərzində Akt ilə bağlı öz düzəlişlərini təqdim edə bilər. Qeyd edilən müddət ərzində Müştəri tərəfindən Təhvil-Təslim Aktı geri qaytarılmazsa Akt imzalanmış, xidmət isə qəbul edilmiş sayılır (4.2).
31. 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əlavə 01 nömrəli sifariş orderindən görünür ki, yük göndərən qismində “Kormax Corporation”, yükün qəbulu yeri Busan (Koreya), yükün qəbulunun başlanğıc tarixi xx.xx.2021-ci il, daşımanın həyata keçirildiyi nəqliyyat növləri gəmi və avtomobil, daşımanın marşrutu Koreya – Bəndər Abbas – Bakı, daşımanın təxmini müddəti 55-60 gün, xidmətin dəyəri 8400 ABŞ dolları razılaşdırılmışdır.
32. 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əlavə xidmətlərin göstərilməsi haqqında 03 fevral 2022-ci il tarixli 01 nömrəli aktdan görünür ki, müvafiq müqavilənin 1-ci maddəsinə uyğun olaraq, ekspeditor yükün daşınması və ekspedisiyası üzrə öhdəlikləri öz üzərinə, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərinin ödənişi üzrə öhdəlikləri öz üzərinə götürdü (1-ci bənd). Bu aktın imzalanması ilə tərəflər razılaşır ki, ekspeditor öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (tam həcmdə və razılaşdırılmış müddətlərdə) yerinə yetirdi. Ekspeditor tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora qarşı etirazı yoxdur (2-ci bənd). Müştəri ekspeditor tərəfindən göstərilmiş xidmətlərin dəyərini müvafiq müqavilənin 4-cü maddəsinə uyğun olaraq ödəyir. Ödənişin məbləği 8400,00 USD təşkil edir. Bu məbləğ müvafiq müqavilədə göstərilmiş rekvizitlər üzrə bu aktın müştəri tərəfindən imzalandığı tarixdən 3 (üç) iş günü ərzində ekspeditorun hesabına köçürülür (3-cü bənd). Müştəri aktın məzmunu ilə razılaşdıqda, onu aldığı gündən 1 (bir) iş günü ərzində imzalamalıdır. Akt hər iki tərəfin imzalandığı və möhürləndiyi andan hüquqi gücə malikdir. Onun faksimile surəti əsli kimi qəbul edilir (4-cü bənd).
33. 03 aprel 2023-cü il tarixli 814791 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən 10 000 manat məbləğində pulun yükün daşınması üçün iddiaçıya ödənilməsi təsdiq edilmişdir.
34. Məhkəmə kollegiyası kollegiyası hesab edir ki, tərəflər arasında daşıma münasibətləri şifahi qaydada deyil, 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi ilə rəsmiləşdirilmişdir.
35. Belə ki, işdən göründüyü kimi, cavabdehin qanuni təmsilçisinin möhür vurub imza etdiyi 03 fevral 2022-ci il tarixli 01 nömrəli aktda həmin aktın 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əlavə olduğu qeyd edilmiş, sözügedən müqavilənin 1-ci və 4-cü bəndlərinə istinadlar edilmişdir. Cavabdehin nümayəndəsi isə aktda göstərilən etiraz hüququndan istifadə etməmiş, bağlandığını inkar etdiyi müqavilənin şərtlərinə və adına istinad olunan aktı imza edərək möhürləmişdir.
36. Eyni zamanda, məhkəməyə təqdim edilmiş vatsap danışıqlardan görünür ki, iddiaçının nümayəndəsi cavabdehin nümayəndəsinə gəmi xəttindən yer alındığını bildirir, konteynerdəki yüklər barədə məlumatlar verir, yükün yeri barədə cavabdehin nümayəndəsinin suallarını cavablandırır, cavabdehin nümayəndəsi ödəniş qəbzlərinin şəklini iddiaçının nümayəndəsinə göndərir və s.
37. Cavabdehin təqdim etdiyi vatsap danışıqlarında 21 iyun 2022-ci il tarixə 3695 dollar borc məbləği təsdiqlənmişdir.
38. Cavabdeh bütün borcları ödədiyini qeyd etsə də, müqavilənin dəyərini tam ödədiyini hər hansı mötəbər sübutla təsdiq edə bilməmişdir.
39. İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin qanuni təmsilçisi bir neçə sənədi möhürlədiyini qeyd etmiş, lakin yalnız 3 fevral 2022-ci il tarixli 01 nömrəli akta möhür vurduğunu xatırlamışdır. Halbuki nə iş materiallarında, nə də cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi və 1 nömrəli sifariş orderi istisna olmaqla cavabdehin möhürü vardır. Bu isə nə qədər ki möhür vurulduğu bildirilən digər sənədlər təqdim edilməyib, müvafiq müqavilə və sifariş orderinə də cavabdehin qanuni təmsilçisi tərəfindən möhür vurulduğunu göstərir.
40. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsindən irəli gələn daşıma münasibətləri yaranmış, iddiaçı bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yollar ilə yükdaşımaların təşkili, öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması, sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili, əgər sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkili, müqavilə və onun müvafiq əlavələri ilə nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini, cavabdeh isə bu xidmətləri qəbul etməyi və onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq müvafiq sifariş orderi əsasında iddiaçı şərtləşdirilmiş yükü Busan (Koreya) limanından xx.xx.2021-ci il tarixdə təhvil alaraq 55-60 gün müddətində Koreya – Bəndər Abbas – Bakı marşrut xətti ilə təyinat yerinə daşımağı öhdəsinə götürmüş, 03 fevral 2022-ci il tarixli aktla cavabdeh və iddiaçının möhürü ilə sonuncunun öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (tam həcmdə və razılaşdırılmış müddətlərdə) yerinə yetirdiyi təsdiqlənmiş, xidmətin dəyəri olan 8400 ABŞ dollarının sözügedən aktın cavabdeh tərəfindən imzalandığı tarixdən 3 iş günü ərzində iddiaçının hesabına köçürülməsi şərtləşdirilmişdir.
41. Bundan başqa, işdən görünür ki, tərəflər arasında münasibətlərin olmasını və əsas borc məbləğini qəbul etmişdir.
42. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
43. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.
44. Hazırkı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xidmətlərin göstərildiyi cavabdehin isə öz öhdəliyini lazımi qaydada icra etməyərək sırf müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsası ilə 2517,63 ABŞ dolları pulu ödəməməsi vicdanlılıq prinsipinin tələblərinə cavab verən davranış kimi qəbul edilə bilməz.
45. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatlarla apellyasiya şikayətində irəli sürdüyü dəlillər ziddiyyət təşkil edir.
46. Məhkəmə kollegiyası hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 2517,63 ABŞ dolları borcu İddiaçı MMC-yə ödənilməlidir.
47. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci bəndində öz əksini tapmışdır.
48. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
49. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
50. Kollegiya həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq əsas borc məbləğinə münasibətdə 80 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
51. İddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanmaqla cavabdehdən illik 5 faizlə hesablanmaqla 184,97 ABŞ dolları pulun tutulması tələbinə münasibətdə kollegiya qeyd edir ki, 532 gün üçün ümumilikdə 103,48 ABŞ dolları (03 fevral 2022-ci il tarixli 01 nömrəli aktdan üç iş günü sonra xx.xx.2022-ci ildən maliyyə arayışının verildiyi xx.xx.2023cü ilədək 532 gün üçün 2517,63 ABŞ dolları*5%/100%/365 gün*532 gün-80 ABŞ dolları cərimə) məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
52. Bundan əlavə, hazırda ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir.
53. 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsindəki imza CavabdehMMC-nin səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə imzası olmasa belə, həmin müqavilə Cavabdeh MMC-nin möhürü ilə təsdiq edildiyinə görə sözügedən müqavilə mötəbər sübut kimi qəbul edilməlidir.
54. Pretenziya məktubunda 2517.63 ABŞ dolları borcun olmasının bildirilməsi, lakin iddia tələbi ilə məhkəməyə müraciət edilərkən qeyd edilən hədd aşılması ilə bağlı kollegiya qeyd edir ki, daha sonra iddiaçı dəqiqləşmə verərək, əsas borc məbləğini 2517.63 ABŞ dolları həcmində tələb etmişdir.
55. Eyni zamanda, tələb edilmədiyi halda dövlət rüsumunun ondan tutulması ilə bağlı qeyd edilməlidir ki, MPM-in 119.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
57. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
58. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
59. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3147/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov