Məhkəmə qərarları › İş №2-2(103)-820/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-820/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-820/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “müqavilə üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2500/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında yükdaşıma xidmətlərinin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli AT-YD 90/20 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı sifaişçinin sifarişi əsasında ona məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri, texnika və avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia tələbini təmin edib, yükdaşıma xidmətlərinə görə yaranmış 14220 manat məbləğində əsas borcun, əsas borcu gecikdirdiyinə görə hesablanmış 1422 manat dəbbə pulunun və dövlət rüsumu kimi ödənilmiş 200 manat məbləğində pulun Cavabdeh QSC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, müqaviləyə əsasən cavabdehin verdiyi sifarişlər tərəflərindən tam icra olunaraq ona kompleks yükdaşıma və evakuasiya xidmətləri göstərilmişdir. Həmçinin, göstərilən xidmətlər cavabdeh tərəfindən tam qəbul edilmiş və vaxtaşırı olaraq yeni sifarişlər vermişdir. Bununla bağlı, icra olunmuş xidmətlərin tam qəbul edilməsi barədə cavabdehlə aralarında üzləşmə aktları tərtib edilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin, müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərin haqqı cavabdeh tərəfindən müxtəlif bəhanələrlə yubadılaraq vaxtında odənilməmiş və buna görə də cavabdehin hal-hazırda 14220 manat dəyərində əsas borcu yaranmışdır. Bununla bağlı, tərəflərindən dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, eləcə də qəbul etdiyi xitmətlərin haqqını vaxtında və könüllü ödəməmişdir. Bundan əlavə, cavabdeh həmin borc məbləğini ödəməkdən yayındığına görə müqavilənin şərtlərinə uyğun olaraq gecikdirilmiş əsas borc məbləğinin üzərinə hər gün üçün 1% olmaqla, 1422 manat dəbbə pulu (penya) hesablanmışdır.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən göndərilmiş qaimə üzrə borc məbləği 10623 manat təşkil edir. Lakin, iddiaçı tərəfindən cavabdehə məxsus olan 2700 manat dəyərində armaturlar oğurlanmışdır. Ona görə də, borc məbləği 7923 manat təşkil edir. Bundan başqa sifariş olunan mal-materiallar iddiaçı tərəfindən düzgün və yararlı formada çatdırılmayıb. Bu səbəbdən cavabdeh müəssisənin işlərində bir sıra problemlər yaranmışdır. Həmçinin, iddiaçı tərəfindən “üzləşmə aktı” tərtib edilsə də, onun alt sənədləri mövcud deyildir.

5. Həmçinin cavabdehin nümayəndəsi bildirmişdir ki, müqaviləyə əsasən cəmi 69826 manat məbləğdən 59203 manat cavabdeh tərəfindən ödənilmişdir. Bundan əlavə, daşıma zamanı cavabdeh şirkətə zərər dəymişdir. Mallar Göygölə aparılarkən oğurluq hadisəsi baş verib, cavabdeh şirkətin armaturlarının yolda itməsinə dair tərtib olunmuş akt vardır, eyni zamanda iddiaçı da öz təqsirli olduğunu boynuna almışdır. Tərəflər arasında endirim məsələsi də olmuşdur. Ödənilməmiş cəmi 7923 manat borc qalmalıdır. Hər iki tərəfin arasında imzalanmış akt mövcuddur ki, 3000 manat məbləğ güzəşt edilmişdir. Qüsur aktını, maliyyə sənədlərini, oğurluq hadisəsinin baş verməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edəcəyini bildirmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2500/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh QSC-dən 14220 (on dörd min iki yüz iyirmi) manat əsas borc məbləği, 711 (yeddi yüz on bir) manat məbləğində dəbbə pulu olmaqla cəmi 14931 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

7. Cavabdeh QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb edilən borc məbləği düzgün hesablanmayıb. Belə ki, iddiaçı ilə arasında güzəşt olunan 3000 manat məbləğ məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iş üzrə məhkəmə ekspertizası təyin etmədən yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və işin faktiki hallarına uyğun olmayan formal qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

12. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

13. Mülki Məcəllənin 850.1-ci maddəsinin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

18. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 850.1-ci maddəsinə uyğun olaraq yük daşınması müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

19. Eyni zamanda iş materiallarında olan yükdaşıma xidmətinin qiymətlər cədvəlindən görünür ki, daşıma, manipulyator xidməti və fəhlə xidmətinin dəyəri razılaşdırılmış və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir (i/v 44-47).

20. İddiaçı MMC ilə Cavabdeh QSC arasında təsdiq edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 0754/04/1 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 4495 manat, 0754/04/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 4600 manat, 0699/04/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 1275 manat, 0754/04/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 8815 manat, 0754/06/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 5345 manat, 0754/07/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 4220 manat, 0754/08/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 2870 manat, 0754/09/3 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 1250 manat, 0754/10/2 nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən 2290 manat, 0754/08/1 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən 1790 manat, 0754/04/3 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən 2940 manat, 0754/06/1 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən 12475 manat, 0754/07/1 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən 1015 manat dəyərində xidmətlər göstərilmişdir.

21. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli EBBX seriyalı 575673 saylı elektron qaiməyə (əsas hesab № H0754/04/3) əsasən 2505 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 454532 saylı elektron qaiməyə (əsas hesab № H-0754/106/1) əsasən 8878 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 091266 saylı elektron qaiməyə (əsas hesab № H0754/07/1) əsasən 1015 manat dəyərində və xx.xx.2022-ci il tarixli EBCE seriyalı 454585 saylı elektron qaiməyə (əsas hesab № H-0754/08/1) əsasən 1790 manat dəyərində Cavabdeh QSC-yə xidmət göstərilmişdir.

22. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, Ref №000İCZ122332055F saylı ödəniş tapşırığına əsasən 2000 manat (xx.xx.2022-ci il tarixli, EBBX seriyalı 575673 saylı elektron qaiməyə əsasən hesablanmış) və xx.xx.2022-ci il tarixli, Ref №000İCZ********** saylı ödəniş tapşırığına əsasən 2000 manat (xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı 454532 saylı elektron qaiməyə əsasən hesablanmış) məbləğində Cavabdeh QSC təəfindən "xxxx" MMC-yə ödənişlər edilmişdir.

23. Göründüyü kimi tərəflər arasında bağlanmış yük daşınması müqaviləsi üzrə iddiaçının cavabdehə ümumilikdə 18220 manat dəyərində daşıma xidmətləri göstərməsi hər iki tərəf tərəfindən təsdiq edilən təhvil-təslim aktları (aktlarda göstərilən daşıma xidmətlərinin cəmi dəyəri 53380 manat təşkil edir) və cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunur.

24. Eyni zamanda yuxarıda qeyd olunan ödəniş sənədlərindən görünür ki, Cavabdeh QSC tərəfindən elektron qaimələr üzrə iddiaçıya ümumilikdə 4000 manat ödəniş edilmişdir.

25. Beləliklə, müəyyən olunur ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya daşıma xidmətləri həyata keçirmiş, lakin sonuncu həmin xidmətlərin ödənişini tam olaraq həyata keçirməmiş və 14220 manat borcu yaranmışdır (18220 – 4000 = 14220).

26. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə yükdaşıma xidmətlərini qüsurlu həyata keçirsəydi, cavabdeh təhvil-təslim aktlarını imzalamaz və iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

27. İddiaçı tərəfindən cavabdehə məxsus olan 2700 manat dəyərində armaturların oğurlanması ilə bağlı sonuncunun dəlillərinə dair kollegiya qeyd edir ki, istinad edilən həmin hallar cinayət xarakterli hallardır və yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq oluna bilər.

28. Lakin hazırda cavabdehin istinad etdiyi hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir.

29. Mülki Prosessual Məcəllənin 81-ci maddəsində isə təsbit olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Həmçinin cavabdeh iddiaçının ona 3000 manat məbləğində güzəşt etdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

31. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən cavabdehdən ödənilməyən 14220 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

32. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

33. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

34. Tərəflər arasında bağlanmış müqavilənin 4.6-cı bəndində də müəyyən edilmişdir ki, xidmət haqqının ödənilməsi razılaşdırılmış vaxt ərzində həyata keçirilməzsə icraçı gecikdirilmiş hər günə görə sifarişçidən aylıq xidmət haqqının 0,2 % məbləğində peniya tələb etmək hüququna malikdir.

35. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilənin 4.6-cı bəndində öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, əsas borcun 14220 manat, həmin məbləğin 5%-nin isə 711 manat təşkil etdiyini və bu tələblər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq, kollegiya hesab edir ki, cərimə borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh iddiaçının ona 3000 manat məbləğində güzəşt etdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə ekspertizasının təyin edilməsinə isə zərurət yoxdur. Çünki müqavilə üzrə borcun məbləğini sadə riyazi hesablama ilə müəyyən etmək mümkündür.

37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2500/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar