Məhkəmə qərarları › İş №2-2(103)-822/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-822/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-822/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-829/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə yaranmış 31.003,31 manat qalıq borc məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi və hüquqi xidmətlərə görə 530 manat, cəmi 31.563,31 manat məbləğdə pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 23.01.2020-ci il tarixli QSZA 016/0120 nömrəli müqavilə üzrə cavabdehdən 23.069,26 (ƏDV daxil olmaqla) manat qalıq borcun, hüquqi xidmətlərə görə 530 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pul vəsaitinin tutularaq idddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə icraatı gedən müddətdə iddiaçı ilə barışıq sazışı bağlanmış və bu müddət ərzində iddiaçıya müəyyən ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbi üzrə kommersiya mübahisəsinə baxarkən, kifayət qədər araşdırma aparmamışdır. Belə ki, məhkəmə borcun məbləğini ümumiyyətlə araşdırmamış, yalnız iddiaçının ərizəsində göstərdiyi borcun cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən bu istiqamətdə müvafiq araşdırma aparılmış olsaydı, cavabdehin iddiaçıya 23.069,31 manat borcunun olması təkzib olunardı. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilmişdir, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə iddia təmin olunan hissədə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işin mübahisəsiz hallarına görə, tərəflər arasında bağlanmış 23.01.2020-ci il tarixli QSZA 016/0120 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) həmin müqavilənin əlavəsi ilə müəyyən edilmiş malları alıcıya (cavabdehə) satmağı, alıcı isə qeyd edilən əlavədə razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüş, Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəyə uyğun olaraq müqavilə üzrə ödənilməli olan məbləğin 70 faizi avans olaraq, yerdə qalan 30 faiz məbləğ isə malların təhvil-təslimi həyata keçirildikdən sonra satıcının bank hesabına köçürülməlidir, Müqavilənin 4.3-cü bəndinə görə mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar və alıcıya təhvil verildiyi andan mala mülkiyyət hüququ alıcıya keçir. 103.704,59 manat dəyərində 5 adda razılaşdırılmış mal iddiaçı tərəfindən cavabdehə 17.03.2020-ci il tarixli təhvil-təslim aktı ilə təhvil verilmiş, 103.704,59 manat dəyərində 5 adda mala dair EBAJ 829910 nömrəli 19.05.2020-ci il tarixli Elektron qaimə verilmiş, tərəflər arasında bağlanmış borcun hissəhissə ödənilməsi barədə 29.12.2020-ci il tarixli sazişlə cavabdehin Müqavilə üzrə qalıq borcunun 31.003,38 manat (ƏDV daxil) təşkil etdiyi, 2021-ci ilin yanvar-may aylarında cavabdehin iddiaçıya hər ay 6.200 manat (ƏDV daxil) ödəməli olduğu razılaşdırılmış, cavabdeh iddiaçıya 25.02.2020-ci il tarixdə 61.611,20 manat, 09.03.2021-ci il tarixdə 2.000 manat, 02.05.2021-ci il tarixdə 5.274,05 manat və 03.09.2021-ci il tarixdə 360 manat ödəmişdir. Cavabdehin iddiaçıya borcu 23.399,26 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli borcun yaranması və məbləği 23.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi, 17.03.2020-ci il tarixli təhvil-təslim aktı, 19.05.2020-ci il tarixli elektron qaimə, borcun hissə-hissə ödənilməsi barədə 29.12.2020-ci il tarixli sazişlə təsdiqini tapır. Cavabdehin 14.04.2021-ci il tarixdə 3.000 manat və 11.06.2021-ci il tarixdə 2.000 manat məbləğdə ödənişləri birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunan 19.03.2021-ci il tarixdən sonra həyata keçirildiyi üçün, hazırkı iş üzrə çıxarılmış yekun məhkəmə aktı ilə qət edilmiş borc məbləği əsaslıdır və hər bir halda qətnamənin icrası qaydasında yaxud mübahisənin tərəflərin öz aralarında razılaşmaları ilə həlli zamanı nəzərə alınacaqdır. Məhkəmə kollegiyası iddiaçının borcun hissə-hissə ödənilməsi barədə sazişin bağlandığı 29.12.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə münasibətdə isə bildirir ki, Sazişin 2.1-ci bəndinə əsasən, “Borclu öhdəlik götürür ki, bu sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə Kreditora ödəyəcəkdir:1) 20 yanvar 2021-ci il tarixədək - 6.200 manat (ƏDV daxil); 2) 20 fevral 2021-ci il tarixədək - 6.200 manat (ƏDV daxil); 3) 20 mart 2021-ci il tarixədək - 6.200 manat (ƏDV daxil); 4) 20 aprel 2021-ci il tarixədək - 6.200 manat (ƏDV daxil); 5) 20 may 2021-ci il tarixədək - 6.203,38 manat (ƏDV daxil).” Sazişin 2.3-cü bəndinə görə, “Borclu tərəfindən sazişin 2.1-ci bəndində müəyyən edilən müddətlərdə və məbləğdə ödənişlərin 1 iş günündən gec olmayaraq gecikdirilməsi bu sazişin pozulması hesab edilir və borclu tərəfindən məhkəməyə təkrarən müraciət etmək üçün əsasdır.” Lakin işdən müəyyən edilir ki, iddia ərizəsi verildikdən sonra, iş məhkəmənin icratında olduğu müddətdə cavabdeh 2020-ci ilin yanvar (6.200 manat) və fevral (6.200 manat) ayları üzrə ödəməli olduğu məbləğləri ödəməmiş, bununla da artıq 22.01.2021-ci il tarixdə Sazişin şərtlərini pozmuş olaraq, iddiaçının mübahisəli borc məbləği ilə bağlı iddia qaldırmasının əsaslı olduğunu təsdiq etmiş olmuşdur. MPM-in 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Birinci instansiya məhkəməsinin hüquqi xidmətlərə görə 530 manat tutması da qanuni olmuşdur. Belə ki, bu nəticə 15.12.2020-ci il tarixli 204 nömrəli ödəniş tapşırığı ilə təsdiqini tapır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-829/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar