Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-825/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin “vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2022-ci il tarixli qərardaddan ərizəçi İdarənin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İdarə Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 47.904,05 manat məbləğində vergi borcun ödənilməsini təmin etmək üçün həmin MMC-lərin icra orqanının rəhbəri olan, iş üzrə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə ərizənin, ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs Qubadlı rayonun, Yusifbəyli kəndində qeydiyyatdadır. Maraqlı şəxs Qubadlı rayonundan məcburi köçkün olduğu üçün onun yaşayış yeri Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən edilə bilər. Lakin ərizəyə belə bir arayış əlavə edilməmişdir. Qubadlı rayonundan olan məcburi köçkünlər Sumqayıt şəhərində müvəqqəti qeydiyyatda olduqları üçün ərizə Bakı Kommersiya Məhkəməsinə deyil, Sumqayıt Kommersiya Məhkəməsinə verilməlidir. Ərizəçi İdarə həmin qərardaddan Bakı Kommersiya Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC-nin və "xxxx" MMC-nin qeydiyyatı zamanı təqdim edilmiş e-qeydiyyat ərizələri və onlarda qeyd olunmuş məlumatlar, eyni zamanda AVİS sistemindən çıxarış edilmiş "xxxx" görünür ki, həmin MMC-lərin rəhbəri olan M.İsmayilov ünvan 1 ünvanında yaşayır. Bakı Kommersiya Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. İş materiallarından müəyyən edilir ki, ərizəçi İdarə eyni məzmunlu ərizə ilə əvvəlcə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə baxmış Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad (2-2(119)-1031/2022) ilə ərizənin, ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə, ərizənin Sumqayıt Kommersiya Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə verilməli olması əsası ilə geri qaytarılmasını qərara almışdır. Sumqayıt Kommersiya Məhkəməsinin həmin qərardadı onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəhbəri olan M.İsmayilov ünvan 1 ünvanında yaşayır. Həmin qərardad qanuni qüvvəyə minmişdir. Hazırki mülki iş üzrə Maraqlı şəxs yaşadığı (olduğu) yer iş materialları ilə müəyyən edilmir. Belə ki, ərizəyə əlavə edilmiş vergi orqanı tərəfindən tərtib olunmuş “hüquqi şəxs haqqında məlumat adlı” sənəddə Maraqlı şəxs yaşadığı yer “Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ştq., Eldar Babayev, ev 3” kimi göstərilir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatdan görünür ki, Maraqlı şəxs qeydiyyatda olan ünvanı Qubadlı rayonu, Həmzəli Ərazi Dairəsi, Yusifbəyli kəndidir. Maraqlı şəxsin yaşadığı (olduğu) yerə dair Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin arayışı isə iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsi hazırki iş üzrə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış qərarında göstərilənləri nəzərə almadan, onları araşdırmadan ərizəni qaytarmaqda haqlı olmamış, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı mübahisəyə yol vermişdir. Bu isə MPM-nin 45.4-cü maddəsinin tələblərinə ziddir. Bu baxımdan Məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsi ərizəni yuxarıda qeyd edilən əsasla qaytarmaqda haqlı olmamışdır. Buna görə də, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin qərardadı ləğv edilməli və ərizənin icraata qəbulu məsələsinə, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış qərarında göstərilənləri araşdırmaqla, yenidən baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2022ci il tarixli qərardad ləğv edilsin və ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin “vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin (Maraqlı şəxs) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2-2(103)-825/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-825/2022
17.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver