Məhkəmə qərarları › İş №2-2(103)-826/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-826/2023

12.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-826/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3882/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 338131,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 311174,69 manat, faizlər üzrə 26956,32 manat) olmaqla, ümumilikdə 338131,01 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********563000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Maraqlı şəxs ərizəyə etiraz edir və bildirir ki, tanımadığı şəxslər onu aldatmış, hər ay ona 100 manat veriləcəyini vəd etmiş, vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Daha sonra heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamasına baxmayaraq, 1.000.000 manatdan çox vergi borcu hesablanmış, bir müddət əvvəl həmin borcdan silinmələr aparılmışdır. Baş verənlərlə bağlı istintaq orqanına məlumat verilmiş, həmin işlər üzrə şahid kimi dəfələrlə dindirilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3882/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquq mühafizə orqanları tərəfindən hazırda aparılan təhqiqat/istintaqla müəyyən edilmişdir ki, məhz Bakı Kommersiya Məhkəməsində “maraqlı şəxs” qismində keçən Maraqlı şəxs ərizəsi əsasında cinayət işi başlanılmış və davam etməkdədir. Cinayət işi üzrə müəyyən olunmuşdur ki, Maraqlı şəxs etibarından sui-istifadə edərək onun tanışları X2, X3 və Tural adlı şəxs Maraqlı şəxs aldadaraq (qanuni yolla pul qazanmaq barədə yalançı vədlər verməklə), sonuncuya öz adına rəsmi VÖEN və ASAN imza açdırmasına nail olmuşlar, bundan sonra dərhal bu VÖEN-i, ASAN imzanı Maraqlı şəxs alaraq özləri istifadə etməklə mülki dövriyyədə qanunsuz iştirak etməklə vergi cinayətləri törətmişlər. Yalnız vergi orqanının onun üzərinə yığılmış “vergi borclarının ödənilməsinə dair” etdiyi rəsmi xəbərdarlıqdan sonra sonuncu aldadıldığını başa düşmüş və ilk növbədə onun adına olan VÖEN-ni və ASAN imzasını dərhal bağlatmış və eyni zamanda həmin şəxslər barəsində, qeyd edildiyi kimi müvafiq ərizə ilə respublikanın hüquq mühafizə orqanlarına və digər dövlət instansiyalarına çoxsaylı ərizə vəşikayətlərlə müraciət edərək bu şəxslərə qarşı müvafiq tədbirlərin görülməsini, onların cəzalandırılmasını xahiş etmişdir. Araşdırmalar nəticəsində Maraqlı şəxs faktiki heç bir vergi cinayətinin törətməməsi təsdiq olunmuşdur. Vergi orqanı bunları nəzərə alaraq hətta Maraqlı şəxs üzərinə “yığılmış” vergi borclarının əhəmiyyətli hissəsini- 1.000.000 manatı silmişdir. Bununla belə, qətnamədən göründüyü kimi, bu hallara məhkəmə əhəmiyyət verməmiş, işin bütün faktiki hallarını araşdırmadan ərizəni təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdilər.

9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

13. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

15. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

16. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır.

19. Belə ki, ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi və vergi borcunun ödənilməsinə dair xx.xx.2023cü il tarixli **********563000 nömrəli bildirişlə təsdiq olunur.

20. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.

21. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi borcunun yaranma mənbəyi və bunun qanuni olub-olmaması xüsusi icraat qaydasında baxılan hazırki işin predmeti deyildir. Əgər maraqlı şəxsin bununla bağlı hər hansı pretenziyası varsa bunu ayrıca məhkəmə və ya digər icraatda mübahisələndirə bilər. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən də müəyyən edilir ki, maraqlı şəxsin şikayəti əsasında DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılır. Həmçinin, maraqlı şəxsin istinad etdiyi hallara görə vergi borcu digər şəxslərin törətdiyi cinayət əməlləri nəticəsində yaranmışdır. Lakin bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcüd deyil. Mülki Prosessual Məcəllənin 81-ci maddəsində isə təsbit edilmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya izah edir ki, vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə ödənilməmiş 338131,01 manat vergi borcu vardır.

22. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsaslı hesab edilə və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3882/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar