Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-827/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-984/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC tərəfindən Cavabdeh 94266,31 manat məbləğində malların təqdim edilməsi barədə EBCE 493085 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə göndərilmişdir.
2. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsi bağlamışdır.
3. Həmin müqavilənin 1.1-ci bəndinə görə sahibkar etiraf edir ki, onun Şirkətə 94267 manat borcu vardır.
4. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən sahibkar və şirkət təsdiq edirlər ki, borc Şirkət tərəfindən Sahibkara 2020-2022-ci illərdə müxtəlif toxumların, gübrələrin və digər kənd məhsullarının satışı zamanı yaranmışdır.
5. Həmin müqavilənin 1.3-cü bəndinə görə Sahibkar 94267 manat məbləğində olan borcu 24 dekabr 2022-ci ilədək Şirkətə qaytarmağı öhdəsinə götürür.
6. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sahibkar aşağıdakı müddətlərdə və qaydada borcu Şirkətə qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür: xx.xx.2022 – 35000 manat, xx.xx.2022 – 35000 manat, xx.xx.2022 – 94267 manat.
7. Həmin müqavilənin 3.2-ci bəndinə görə vaxtı keçmiş borc əmələ gəldikdə, Sahibakr Şirkətə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan hər gecikdirilmiş gün üçün vaxtı keçmiş borca 0,1%-lə hesablanan faizlər ödəməlidir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.666 manat əsas borcun və xx.xx.2024-cü il tarixə kimi hesablanmış 10.833 manat peniyanın alınaraq iddiaçıya verilməsi, bundan əlavə cavabdehdən sonrakı gecikdirməyə görə də, gecikdirmənin hər günü üçün qalıq borca 0,1% peniya hesablanıb alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
9. İddiaçı bildirir ki, cavabdeh müqavilə öhdəliyini pozaraq aldığı malların dəyərini ödəməmişdir.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqaviləyə imza etsə də, elə bir məhsul almamış, toxumun həmin həcmdə alınması onun fəaliyyətinə uyğun olmamış, gübrələr və mayalanma dərmanları alınmış, lakin hazırda iddiaçının iddia etdiyi məhsulları almamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-984/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 21.267 manat əsas borc və 1.063 manat dəbbə pulu, cəmi 22.330 manatın tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı tərəfindən aldadılmış, müqavilə iddiaçı tərəfindən tərtib edilərək, ona imza etdirilmiş müqavilənin məzmunu, xüsusi ilə də predmeti həqiqəti əks etdirməmişdir. Belə ki, müqavilə predmetini təşkil edən məhsulların növü və miqdarı cavabdehin fəaliyyətinin həcminə, eləcə də sahəsinə uyğun deyildir. Bu baxımdan cavabdeh hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllənin 337 və 339-cu maddəsinə əsasən etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi isə iddiaçının ona müqaviləni imzalatmasını, müqavilə və qaimənin məzmununa səhv məlumatları daxil etməsinə qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazla müraciət edərək, tərəflər arasında etibarlı müqavilə bağlandığını, iddiaçının cavabdehi aldatmamağını, cavabdehin özünün müqavilə tanış olub və imzalamasını qeyd etmişdir. Həmçinin etirazda iddiaçının müqaviləyə və qaimələrə yalan məlumatlar daxil etməsi ilə bağlı cavabdehin dəlilinin əsassız olduğu göstərilmişdir. Belə ki, iddiaçı və cavabdeh həmin müqaviləni birgə tərtib edib, imzalamışdırlar. Eyni zamanda qaimələrdəki məlumatlar cavabdeh tərəfindən imzalanmış və həmin məlumatlara etiraz edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
17. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
18. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin
19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Həmin Məcəllənin 881.5-ci maddəsinə görə əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.
21. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
22. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz
23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli borcun etirafı haqqında müqavilənin imzalanması işin mübahisəsiz halını təşkil edir.
27. Bununla belə cavabdeh həmin müqavilənin əsası olmuş alqı-satqı müqaviləsini mübahisələndirir. Belə ki, cavabdeh bildirir ki, müqavilə predmetini təşkil edən məhsulların növü və miqdarı cavabdehin fəaliyyətinin həcminə, eləcə də sahəsinə uyğun deyildir.
28. Həmçinin, cavabdeh aldadılmasına istinad edərək xx.xx.2022-ci il tarixli borcun etirafı haqqında müqaviləni mübahisələndirir.
29. Məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilə üzrə borcun tutulması barədə iddia əsaslı, cavabdehin dəlilləri isə əsassızdır.
30. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 882.1-ci maddəsi təşkil edir.
31. İş materiallarından da müəyyən edilir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-c il tarixində cəmi 94266,31 manat məbləğində mallar satılmış, e-qaimə göndərilmiş və borcun hissəhissə 2022-ci ilin sonuna kimi ödənilməsini nəzərdə tutan tərəflər arasında borcun etirafı müqaviləsi yazılı qaydada bağlanmışdır.
32. "xxxx" QSC-nin Nərimanov filialının xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh tərəfindən 493085 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 10.000 manat, xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən 12000 manat və xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən 51000 manat (cəmi 73000 manat) məbləğində ödənişlər edilmişdir.
33. Qeyd olunan halları və Mülki Məcəllənin 882.1-ci maddəsinin dispozisiya şərtlərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 21267 manat məbləğində əsas borcun tutulmasını tələb etməkdə haqlıdır (94267–73000= 21267).
34. Dəbbə pulunun tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
35. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 3.2-ci bəndində də nəzərdə tutulmuşdur ki, vaxtı keçmiş borc əmələ gəldikdə, sahibkar şirkətə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan hər gecikdirilmiş gün üçün vaxtı keçmiş borca 0,1%-lə hesablanan faizlər ödəməlidir.
36. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 1063 manat məbləğində cərimənin tutulmasını tələb etməkdə haqlıdır.
37. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 882.2-ci maddəsi həmin Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Belə ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da, tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır.
38. Eyni zamanda, Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır.
39. Müqavilənin etibarsızlığı ilə bağlı qeyd edilir ki, cavabdeh iddiaçının onun aldatması ilə bağlı heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
40. Bundan başqa, müqavilə imzalandıqdan sonra cavabdeh cəmi 73000 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi cavabdeh nəinki borcun etirafı haqqında müqaviləni imzalamış, hətta müqaviləyə uyğun olaraq öz öhdəliklərini hərəkətləri ilə təsdiq etmişdir. Hazırda isə həmin müqaviləni mübahisələndirir.
41. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-984/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov