Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-829/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, sübutetmə, dəbbə pulunun azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2022-ci il tarixli müqavilə əsasında yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2259/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İ. İşin halları
1. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən İcraçı tərəfindən Sifarişçiyə iaşə (catering) xidmətləri göstərilmişdir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı tərəflər arasında qabaqcadan razılaşdırılmış və sifarişçinin işçilərinin çalışdığı sahələrəvə ya sifarişçi tərəfindən icraçıya əvvəlcədən yazılı şəkildə bildirilən başqa məntəqələrə malları çatdırmağı və xidmətləri göstərməyi öz öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə çatdırılan malların/göstərilən xidmətlərin müqabilində sifarişçi icraçıya bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada haqq (“Xidmət Haqqı”) ödəməyi öz öhdəsinə götürür. 3.1.3-cü bəndinə əsasən bu müqavilə üzrə təchiz edilən malların/xidmətlərin müqabilində müəyyən edilmiş xidmət haqqı almaq və bu məqsədlə hesab-fakturalar təqdim etmək icraçının hüququdur. 3.4.1-ci bəndinə əsasən bu müqavilədə və ona əlavələrdə nəzərdə tutulmuş miqdarda və qaydada icraçıya xidmət haqqı ödəmək sifarişçinin vəzifəsidir. 5.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan mallar/xidmətlər və bütün digər məsələlər üzrə və ya onlarla bağlı istənilən sifariş, bildiriş və ya digər ismarıc yazılı şəkildə olmalıdır və onu verən tərəfin adından imzalanmalıdır. 5.2-ci bəndinə əsasən bu müqavilənin 5.1-ci bəndində göstərilən istənilən sifariş, bildiriş və ya digər ismarıc şəxsən çatdırılma və ya əvvəlcədən ödənilmiş çatdırılma ilə və ya qeydə alınmış poçt və ya faks və ya elektron məktub vasitəsilə 5.4-cü bənddə göstərilən ünvana və şəxsə (və ya həmin tərəf tərəfindən 5.4-cü bnddə müəyyən edilən başqa şəkildə) göndərməklə verilir. 5.4-cü bəndinə əsasən bu müqavilənin məqsədləri üçün tərəflərin əlaqə məlumatları aşağıdakılardır: Sifarişçi: Cavabdeh MMC İcraçı: Ünvan: AZİ 108 Bakı ş.Neftcilər pr.127 Kimə ünvanlanır: X3 nömrəsi: +994 50 *** ** ** Emaİl ünvanı: mailto:t.zulfuqarli@freshcatering.azElektron ünvan 1 7.1-ci bəndinə əsasən təchiz edilmiş malların/xidmətlərin həcmi və xidmət haqqının məbləği hər növbəti ayın ilk 5 (beş) təqvim günü ərzində tərtib edilən və bu müqaviləyə əlavə edilən təhvil-təslim aktı (və ya aktları) ilə müəyyənləşdirilir. 7.2-ci bəndinə əsasən icraçı təhvil-təslim aktına (və ya aktlarına) uyğun olaraq təchiz edilmiş mallara/xidmətlərə görə sifarişçiyə hesab-faktura təqdim edir. Hesab-fakturalar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun qaydada tərtib edilir. 7.3-cü bəndinə əsasən sifarişçi icraçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda icraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəməlidir.
2. Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında xx.xx.2022 tarixli müqaviləyə 1 saylı Əlavədə icraçının sifarişçinin sifarişi təchiz edəcəyi məhsulların sayı, çeşidi və qiymətləri yer almışdır.
3. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə EBDN seriyalı 799977 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 37777,23 manat, EBDQ seriyalı 140742 nömrəli xx.xx.2023cü il tarixli dəyəri 32057,18 manat, EBDS seriyalı 931522 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 26796,15 manat, EBDX seriyalı 059668 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 31064,33 manat, EBEB seriyalı 587298 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 20954,09 manat, EBEB seriyalı 587479 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 20738,97 manat olan elektron qaimələr göndərilmişdir.
4. EBDQ seriyalı 140742 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə Cavabdeh MMC tərəfindən təsdiqlənmiş, EBDN seriyalı 799977 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə isə sistem tərəfindən təsdiqlənmişdir.
5. İddiaçı MMC-yə məxsus bank hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən EBCM seriyalı 707686 nömrəli və EBCL seriyalı 776637 nömrəli elektron qaimələr üzrə xx.xx.2023-cü il tarixdə 18315,60 manat, EBCO seriyalı 583006 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 11473,30 manat, EBCO seriyalı 583006 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 5000 manat, EBDB seriyalı 511745 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 5000 manat, EBDN seriyalı 799977 nömrəli elektron qaimə üzrə xx.xx.2024-cü il tarixdə 30000 manat, EBDN seriyalı 799977 nömrəli elektron qaimə üzrə xx.xx.2024-cü il tarixdə 20000 manat məbləğində ödəniş edilmişdir.
6. Elektron yazışmalar: xx.xx.2023-cü il, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli Elektron ünvan 2 ilə Elektron ünvan 3 elektron poçtu arasında olan yazışmalara əsasən 2023-cü ilin sentyabr ayı, 2024-cü ilin yanvar və fevral ayları üzrə iaşə (catering) xidmətlərinin cədvəli "xxxx" MMC-yə təqdim edilmişdir.
İİ. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində hesablanmış əsas borc olaraq ƏDV daxil 110387,95 manat məbləğin, öhdəliyin icrasının gecikdirilməsinə görə 32.096,79 manat məbləğinin, 433 manat məbləğdə dövlət rüsumunun, ümumilikdə 142917,74 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırlmışdır ki, İddiaçı MMC ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2010-cu il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Şirkətin əsas fəaliyyəti qida məhsullarının satışı və iaşə xidmətlərinin göstərilməsi üzərində qurulmuşdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən icraçı tərəfindən sifarişçiyə iaşə (catering) xidmətləri göstərilmişdir. “İcraçı” Müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, Sifarişçi tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmiş, göstərilmiş xidmətlərin dəyəri tam şəkildə ödənilməmiş və Sifarişçinin İcraçıya əsas borc olaraq 110.387,95 manat, bundan başqa öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar ******* manat məbləğində ödənilməmiş borcu qalmışdır. Son olaraq iddiaçı tərəfindən göstərilən xidmətə görə xx.xx.2023-cü il tarixində təqdim edilən EBDN 799977 seriyalı elektron qaimə-fakturada **********- Göstərilmiş catiring xidmətinə əsasən 5762,63 manat (ƏDV) və 32014,60 manat olmaqla, xx.xx.2023-cü il tarixində təqdim edilən EBDQ 140742 seriyalı elektron qaiməfakturada **********-Göstərilmiş catiring xidmətinə əsasən 4890,08 manat (ƏDV) və 32057,18 manat olmaqla, xx.xx.2023-cü il tarixində təqdim edilən EBDS 931522 seriyalı elektron qaimə-fakturada **********-Göstərilmiş catiring xidmətinə əsasən 4087,55 manat (ƏDV) və 26796,15 manat olmaqla, xx.xx.2024-cü il tarixində təqdim edilən EBDX 059668 seriyalı elektron qaimə-fakturada **********-Göstərilmiş catiring xidmətinə əsasən 4738,63 manat (ƏDV) və 31064,33 manat olmaqla, xx.xx.2024-cü il tarixində təqdim edilən EBEB 587298 seriyalı elektron qaimə-fakturada **********-Göstərilmiş catiring xidmətinə əsasən 3196,39 manat (ƏDV) və 20954,09 manat olmaqla, xx.xx.2024-cü il tarixində təqdim edilən EBEB 587479 seriyalı elektron qaimə-fakturada **********- Göstərilmiş catiring xidmətinə əsasən 3163,57 manat (ƏDV) və 20738,97 manat olmaqla, elektron qaiməfakturalar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən tam ödəniş aparılmamışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 7.3-cü bəndinə əsasən Sifarişçi İcraçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda İcraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəməlidir. Məhz iddiaçının tələbinə əsasən cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən mavafiq borclar yaranmışdır. İddiaçı tərəfindən göndərilmiş olan qaimə-fakturaya əsasən ödəniş tam həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, xx.xx.2023-cü il tarixli, EBDN 799977 seriyalı, xx.xx.2023-cü il tarixli EBDQ 140742 seriyalı, xx.xx.2023-cü il tarixli EBDS 931522 seriyalı, xx.xx.2024-cü il tarixli EBDX 059668 seriyalı, xx.xx.2024-cü il tarixi EBEB 587298 seriyalı, xx.xx.2024-cü il tarixili EBEB seriyalı - illər ərzində göndərilmiş olan elektron qaimə-fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 32096.79 manat təşkil etmiş və cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır.
9. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 442, 445, 462-ci və s. maddələri göstərilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2259/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixidə bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində hesablanmış əsas borc olaraq 110.387.95 manat, bundan başqa öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 5519, manat məbləğ, 433 manat məbləğində dövlət rüsumu – ümumilikdə 116.340,34 manat məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalı, mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. Məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi 110.387.95 (Bir yüz on min üç yüz səksən yeddi manat, doxsan beş qəpik) manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.xx.xx.2022-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 7.3-cü bəndinə əsasən Sifarişçi İcraçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda İcraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəməlidir. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyi halda, eyni zamanda xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun tələb edilməsinə rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, müqavilənin cərimə ilə bağlı şərtlərini və iddiaçının cərimə tələb etməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 5519,39 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 427.3, 442, 448.1, 448.1, 448.2, 448.3, 462.1, 467-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, işə apellyasiya instansiyasında yenidən baxılıb iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
İİİ. Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətində maddi hüquq normalarının pozulmasına əsas verən hallar kimi göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsi işə baxarkən, iddiaçının təqdim etdiyi sənədləri – o cümlədən elektron qaimə-fakturaları, aktları, müqavilə şərtlərini və bank çıxarışlarını araşdırmış, lakin cavabdeh tərəfin təqdim etdiyi ödəniş sənədlərini, real borc qalığının analitik hesablamasını və müqavilə öhdəliklərinin tam icra olunubolunmamasını obyektiv və hərtərəfli təhlil etməmişdir. Məhkəmə qərarında iddiaçının mövqeyini əsas götürərək belə qənaətə gəlmişdir ki, Cavabdeh MMC-nin müqavilə üzrə borcu və dəbbə pulu sübuta yetirilmişdir. Birincisi, Cavabdeh MMC tərəfindən ödənilmiş ümumi məbləğ – 227.842,40 manat – müqavilə üzrə öhdəliklərə tam və ya hətta artıq həcmdə ödənilmiş ola bilərdi. Lakin məhkəmə bu ödənişlərin hansı əsas borca, hansı dövrə və dəbbə puluna aid olduğunu analitik və obyektiv cədvəl əsasında yoxlamamış, real borc qalığını müəyyən etməmişdir. İkincisi, dəbbə pulu yalnız gecikmiş və ödənilməmiş əsas borca tətbiq edilməlidir. Məhkəmə isə dəbbə pulunu, təqdim olunan cədvəldə göstərilən əsas borcun bütün məbləğinə tətbiq etmiş, ödənilmiş hissələr üzrə də cərimə hesablamışdır ki, bu da Mülki Məcəllənin tələblərinin və Ali/Konstitusiya Məhkəməsinin presedent qərarlarının pozulmasıdır. Üçüncüsü, məhkəmə iddiaçının təqdim etdiyi aktlar və qaimə-fakturalar üzrə xidmətlərin faktiki göstərilib-göstərilmədiyini, aktların hər birinin həqiqətən qəbul olunub-olunmadığını, qarşılıqlı yazışmaları və öhdəliklərin real icrasını araşdırmamış, yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etmişdir. Dördüncüsü, tərəflərin əmlak vəziyyəti, öhdəliyin pozulmasının dərəcəsi və borcun ödənilməsi üçün edilmiş real səylər nəzərə alınmamış, çəkişmə və bərabərlik prinsipləri pozulmuş, cavabdeh tərəfin təqdim etdiyi sübutlar və izahatlar iş materiallarına tam şəkildə əlavə edilməmiş və qiymətləndirilməmişdir. Beləliklə, işin faktiki və hüquqi halları obyektiv, tam və hərtərəfli araşdırılmamış, nəticədə məhkəmə yalnız iddiaçının təqdim etdiyi ilkin sənədlərə əsaslanaraq qətnamə çıxarmış, tərəflərin bərabərliyi və ədalət prinsipləri təmin edilməmişdir. Əslində, Cavabdeh MMC tərəfindən edilən faktiki ödənişlər və təqdim olunan sənədlər əsasında borcun qalıq məbləğinin ya olmaması, ya da minimum olması ehtimalı yüksəkdir. Dəbbə pulunun isə tənasüb və qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq hesablanması və tətbiqi məhkəmə tərəfindən təmin edilməmişdir. Dəbbə pulu (cərimə, penya) institutunun əsas məqsədi müqavilə öhdəliyinin vaxtında və düzgün icrasına nail olmaq, borcludan müqavilə intizamını tələb etmək və kreditorun əmlak mənafelərini müdafiə etməkdir. Lakin bu institutun tətbiqi məhkəmə təcrübəsində sadəcə formal yanaşma ilə deyil, tənasüb və ədalət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir. Dəbbə pulunun ödənilməsi üçün kreditorun mütləq zərər çəkdiyini sübut etməsi tələb olunmur. Lakin dəbbə pulunun miqdarı və tətbiqi sərhədsiz və avtomatik ola bilməz. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin presedent qərarlarında açıq göstərilir ki, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə, yəni kreditorun real zərərinə və maraqlarına uyğun olmalıdır. Əgər dəbbə pulunun məbləği borclunun real öhdəlik pozuntusuna və kreditorun faktiki zərərinə nisbətdə açıq-aşkar artıq və tənasübsüzdürsə, bu zaman məhkəmə dəbbə pulunu azalda, hətta bəzi hallarda tam ləğv edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Konstitusiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarında xüsusi qeyd olunur ki, məhkəmə dəbbə pulunun müəyyən edilməsində aşağıdakıları nəzərə almalıdır: öhdəliyin borclu tərəfindən pozulması dərəcəsi; tərəflərin əmlak vəziyyəti; kreditorun əmlak və digər diqqətəlayiq maraqları; dəbbə pulunun real zərəri əhəmiyyətli dərəcədə üstələməsi və ya məqsədindən kənar cəzalandırıcı funksiya daşıması. Hazırkı işdə isə, birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini hesablayarkən yalnız iddiaçının təqdim etdiyi mexaniki cədvəlləri və müqavilə müddəalarını əsas götürmüş, cavabdeh tərəfin faktiki etdiyi ödənişləri, gecikmənin hansı hissəyə və dövrə aid olduğunu, borcun real qalığını, tərəflərin maliyyə vəziyyətini və iddiaçının gerçək zərər və maraqlarını obyektiv araşdırmamışdır. Dəbbə pulunun əsas borcun həm ödənilməmiş, həm də artıq ödənilmiş hissəsinə tətbiqi, bu məbləğin açıq-aşkar həddən artıq və tənasübsüz olmasıMülki Məcəllənin müddəalarının, eləcə də yuxarıda qeyd olunan presedent qərarların pozulmasıdır. Beynəlxalq səviyyədə də (Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri) cərimə və dəbbə pulunun yalnız real və əsaslandırılmış hallar üzrə, tənasüb və məntiqə uyğun şəkildə tətbiqi əsas prinsip sayılır. Hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında borcun məbləği, ödənişlərin hansı borca və dövrə aid edilməsi, dəbbə pulunun hesablanması ilə bağlı təqdim olunan sənədlərdə və cədvəllərdə mühüm ziddiyyətlər mövcuddur. Təqdim olunan bank çıxarışları, ödəniş tapşırıqları və müqavilə öhdəlikləri əsasında əsas borcun məbləği, dəbbə pulunun tətbiq edilməsi və hesablanması məsələləri maliyyə-iqtisadi və mühasibatlıq biliyi tələb edirdi. Lakin birinci instansiya məhkəməsi bu ziddiyyətləri, ixtisaslaşmış bilik və təhlil tələb edən məqamları ekspertizaya çıxarmadan, yalnız iddiaçının təqdim etdiyi cədvəl və hesablamalara əsaslanmaqla qətnamə çıxarmışdır. Beləliklə, apellyasiya instansiyası işin faktiki və hüquqi hallarını, dəbbə pulunun məbləğinin və tətbiqinin qanuniliyini və tənasübünü yenidən araşdırmalı, Mülki Məcəllənin tələbləri və müvafiq məhkəmə presedentləri əsasında, dəbbə pulunu azaldaraq və ya ləğv edərək ədalətli və əsaslandırılmış qərar qəbul etməlidir. Qətnamədə iş üzrə mövcud olan faktiki halların, təqdim olunan sübutların və tətbiq edilən hüquqi normaların əsaslandırılmış şəkildə təhlili və təsviri aparılmamışdır. Belə ki, məhkəmə yalnız ümumi şəkildə tərəflərin iddialarını və etirazlarını qeyd etməklə kifayətlənmiş, onların hər birinə ayrıca münasibət bildirməmiş və sübutların hər birinin iş üçün əhəmiyyətini əsaslandırmamışdır. Eyni zamanda, dəbbə pulunun məbləğinin necə hesablandığı, hansı dövrə və hansı əsas borc məbləğinə tətbiq olunduğu, ödənişlərin aidiyyəti və ardıcıllığı barədə əsaslandırılmış izah və analitik cədvəl qətnamədə öz əksini tapmamışdır. Nəticədə, qətnamənin motivasiya hissəsində faktiki hallarla hüquqi nəticələr arasında məntiqi əlaqənin qurulmadığımüşahidə olunur. Cavabdeh tərəfin əmlak maraqları, ödənişləri və müqavilə üzrə bərabər hüquqları cavabdehin hüquq və maraqlarının müdafiəsini təmin etməyib, obyektiv araşdırma aparılmayıb. Əsas borc tam icra edildikdən, yəni ödənildikdən sonra da dəbbə pulunun tutulmasına yol verilmişdir. Cərimə yalnız real öhdəlik pozuntusuna və gecikməyə görə tətbiq edilməli olduğu halda, faktiki gecikmə və pozuntu obyektiv araşdırılmadan cərimə tətbiq edilmişdir. Məhkəmə işin halları və tənasüb prinsipini araşdırmadan, dəbbə pulunun həddindən artıq və tənasübsüz olduğunu nəzərə almadan yüksək məbləğdə təsdiq etmişdir iyi sənədlərə əsaslanmışdır. (MM-in 6, 18, 386.1, 434.1, 462.1, 462.5, 465.2, 467)
15. Apellyasiya şikayətində prosessual hüquq normalarının pozulmasına əsas verən hallar kimi göstərilmişdir ki, işin faktiki və maliyyə halları hərtərəfli, tam və obyektiv araşdırılmayıb; yalnız bir tərəfin təqdim etdiyi materiallar əsas götürülüb. İddiaçının təqdim etdikləri sübutlar səthi araşdırılıb. İddiaçı tərəfindən iddia edilən borc və dəbbə pulu üzrə bütün hallar tam sübut edilməyib, lakin məhkəmə birtərəfli olaraq iddianı təmin edib. İddiaçı tərəfindən təqdim olunan yazılı sübutlar (akt, qaimə, çıxarış və s.) məhkəmə tərəfindən hərtərəfli və orijinal baxış bucağından yoxlanılmayıb, sübutların aidiyyəti və gerçəkliyi dərin təhlil edilməyib. Cavabdehin bütünsübutlarının və mövqeyinin məhkəmə baxışında tam təqdim edilib-edilmədiyi, iş materialları ilə tanışlıq və əlavə sübut təqdim etmək hüququ təmin edilməyib. Qətnamədə faktiki hallar, sübutlar və tətbiq olunan hüquqi normalar əsaslandırılmayıb, qərarın motivasiyası və hüquqi izahı verilməyib. Qətnamənin nəticə hissəsində əsas borc və dəbbə pulunun hansı əsasla, hansı dövrə, hansı real balans və faktiki ödənişlərə görə tutulduğu dəqiq, əsaslandırılmış və aydın göstərilməyib. Mövcud işdə, təqdim olunan sənədlərdə və tərəflər arasında olan fikir ayrılıqlarında, məhz maliyyə-iqtisadi və mühasibatlıq sahəsində xüsusi biliklər tələb olunduğu halda, birinci instansiya məhkəməsi nə tərəfin vəsatəti ilə, nə də öz təşəbbüsü ilə ekspertiza təyin etməmiş, bu barədə heç bir əsaslandırılmış qərardad çıxarmamışdır. (MPM 9.1, 4, 77.1, 89.1, 185, 217.3, 218.1, 97.1).
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh iclasda iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir. İddiaçının vəkili ərizə ilə müraciət edərək səhhəti ilə bağlı iclasda iştirak edə bilməyəcəyini bildirmiş və bu səbəbdən məhkəmə iclasının qısa müddətə təxirə salınmasını xahiş etmişdir.
18. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, apellyasiya şikayətində istinad edilən dəlilləri əsassız hesab etdiyindən, işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.
İV Tətbiq edilən hüquq:
19. Mülki Məcəllənin: -11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
20. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin iddianın təmin edilmiş hissədə rədd edilməsinə yönəldilmişdir. Odur ki, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
V Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə cavabdehə 2023-cü ilin iyul-2024-cü ilin fevral aylarında xidmət göstərdiyini, lakin həmin xidmətlərə görə muzdun cavabdeh tərəfindən tam ödənilmədiyini iddia edir və yuxarıda göstərilən 6 ay üçün göstərilmiş xidmətlərə görə ƏDV daxil 110387,95 manat pulun və həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə tərəfindən edilmiş ödənişlərin nəzərə alınmadığını iddia edir və tələbin rədd edilməsini xahiş edir.
27. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə iaşə xidmətlərinin göstərilməsini nəzərdə tutan xidmət müqaviləsidir. Lakin Mülki Məcəllədə xidmət müqavilələrini birbaşa tənzimləyən xüsusi normalar mövcud olmadığından, mübahisənin həllində analogiya qaydasında xidmət müqaviləsinə məzmun və mahiyyət etibarilə yaxın olan podrat müqavilələrini tənzimləyən normaların tətbiq edilməsi zəruridir. Bu baxımdan, iddianın göstərilmiş xidmətlərə görə haqqın tutulması hissəsinə Mülki Məcəllənin 752.1-ci maddəsi əsasında hüquqi qiymət verilməlidir.
28. İddiaçı ödənilməsini tələb etdiyi xidmətlərin təqdim edilməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün qaytarılmamış elektron qaimələri və mübahisəli dövrdə göstərilmiş xidmətlər barədə hesabatların cavabdehə göndərilməsinə dair e-mail yazışmaları ilə yanaşı mübahisəli xidmət müqaviləsi üzrə daha əvvəlki dövr üçün cavabdehə göndərilmiş elektron qaimələri və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən bank hesabından çıxarışları məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sübutlar ona dəlalət edir ki, tərəflər arasında göstərilmiş xidmətlərin həcmində email vasitəsilə hesabatlar və elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsi ilə bağlı işgüzar münasibət formalaşmışdır. Odur ki, yuxarıda qeyd edilən sübutların məcmusu ilə iddiaçı tərəfindən mübahisəli elektron qaimələr üzrə xidmətlərin faktı da öz təsdiqini tapır.
29. Göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən ödənilməli olan borcun məbləğə münasibətdə kollegiya qeyd edir ki, borc məbləğini adi riyazi hesablama vasitəsilə müəyyən etmək mümkün olmaqla sözügedən halın araşdırılması xüsusi bilik tələb etmir. Odur ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olması barədə cavabdehin dəlilləri də əsassızdır.
30. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi 6 ədəd elektron qaimələrin cəmi məbləği ƏDV xaric 143.549,1 manat (ƏDV daxil 169.387,95 manat) təşkil edir. Həmin qaimələrdən yalnız ikisi (EBDQ seriyalı 140742 nömrəli xx.xx.2023-cü il tarixli, EBDN seriyalı 799977 nömrəli xx.xx.2023-cü il tarixli) üzrə cəmi 50.000 manat (20000 manat+30000 manat) məbləğində qismən ödəniş edilmişdir. Odur ki, mübahisəli qaimələr üzrə borc məbləği ƏDV xaric 93.549,1 manat (143.549,1-50.000), ƏDV daxil isə 110.387,5 manat təşkil edir.
31. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi ödəniş tapşırıqlarına münasibətdə kollegiya qeyd edir ki, yuxarıda istinad edilən cəmi 50.000 manat məbləğində ödənişlər istisna olmaqla həmin ödəniş tapşırıqlarında ödənişin təyinatı kimi mübahisəli qaimələrə deyil, başqa nömrəli və tarixli elektron qaimələrə istinad edilmiş, yəni sözügedən ödənişlər mübahisəli elektron qaimələr üzrə aparılmamışdır. Odur ki, həmin ödənişlərin mübahisəli qaimələr üzrə borc məbləği müəyyən edilərkən nəzərə alınması üçün əsaslar yoxdur.
32. İddia ərizəsinin dəlillərindən görünür ki, iddiaçı əsas borcdan əlavə olaraq borcun ödənilməsinin gecikdirilməsinə görə müqavilə şərtlərinə əsaslanaraq dəbbə pulunun ödənilməsini də tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin tələbi qismən -5519,39 manat hissəsində təmin etmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi bu hissədə də verilmiş apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, iş yuxarıda göstərilən hallarından da göründüyü kimi cavabdehin müqavilə üzrə göstərilmiş xidmətləri ödəmək öhdəliyinin icrasını gecikdirmiş, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 7.3-cü bəndində isə iddiaçının həmin öhdəliyinin icrasının gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsinin müəyyən etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından onun Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsaslar yoxdur.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i :
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2259/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Tural Qocayev