Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-83/2020 06.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlundan və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «vurulmuş maddi zərərin tutulması tələbinə dair» kommersiya işi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1091/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı ASC cavabdeh “X4” MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “X4” MMC-dən İddiaçı ASC-nin xeyrinə 9.168,77 manat məbləğində vurulmuş maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.2015-ci il tarixdə cavabdeh “X4” MMC ilə İddiaçı ASC arasında bağlanmış ********* saylı proqram və avadanlıq satışı müqaviləsinin 1-ci bəndinə əsasən “icraçı” tərəflər arasında razılaşdırılmış texniki avadanlıqları, “Sentez Live” proqramını “sifarişçi”yə satmağı və quraşdırmağı, “sifarişçi” isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “icraçı”ya ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin bank tərəfindən bütün ödənişin (9.168,77 manat) həyata keçirilməsinə və müqavilənin bağlanmasından 3 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh hələ də müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, avadanlıqların az bir qismini gətirib bankda istifadəsiz vəziyyətdə qoymuş, ancaq proqramı quraşdırmamışdır. İddiaçı tərəfindən icraçıya vurulmuş maddi ziyanın ödənilməsi haqqında xəbərdarlıq məktubları göndərilsə də nəticəsiz qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1091/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddiasının tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə hesab etmişdir ki, tələb olunan ödəniş malların dəyəri olduğundan müqavilədə bu cür razılaşdırıldıqdan sonra həmin tam şəkildə iddiaçıya təhvil verilmədiyindən iddiaçının bu cür tələb qaldırması əsassızdır. Məhkəmənin nəzərərinə çatdırılır ki, iddia ərizəsinə əlavə edilmiş malların siyahısında sadəcə 2 əşya – «Godex G300 Terma/Direk termal barkod printer» və «İntermec CK3R WİFİBT əl terminalı» cihazlardır. Digər üç komponent - «Sintez ERP Challenger ana modul», «Sentez ERP Challenger əl terminal proqrammı» və «Sentez Live ERP əsas vəsaitləri idarəetmə proqrammı» isə proqramm təminatları, yəni göstəriləcək xidmətlərin adlarıdır. Banka verilmiş 2 əşyanın qiyməti 2377,62 manat, quraşdırılmalı proqram təminatlarının quraşdırma qiyməti isə 5.392,52 manat, bu əməliyyat üçün ƏDV ödənişi isə 1398,63 manat təşkil edir. Lakin cavabdeh xidmətini, yəni proqramların quraşıdırılması xidmətini göstərməmişdir («İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, Mülki Məcəllənin 21, 442, 448.1, 465.2 və MPM-in müddalarına istinad olunur). Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, eyni zamanda bildirmişdir ki, cavabdehin banka təqdim etdiyi iki ədəd əşya, əslində, quraşdıralacaq proqram təminatları ilə bağlı olan vahid komplektə aid olan cihazlardır. Həmin əşyalardan ayrılıqda istifadə olunması mümkün deyil, bankda həmin cihazlardan baş açacaq bir mütəxəssisi də yoxdur. Bazarda isə cavabdehdən başqa, demək olar ki, bir başqa mütəxəssis mövcud deyil. Ona görə də həmin cihazlar, digər üç ədəd proqramm təminatı olmadan, yəni quraşdırmadan əhəmiyyətsiz və lazımsız bir şeydir, onlar istifadə istifadə etmək mümkünsüzdür. Ona görə də məhkəmə kollegiyasından cavabdehin vurduğu ziyanın tam məbləğdə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin iş materiallarında olan, həm də məhkəmə tərəfindən «X2» saytından əldə olunmuş ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişləri «bu ünvanda yoxdur» qeydləri ilə geri qaytarılmış, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 146-cı və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. İş materiallarından görünür ki, İddiaçı ASC (“sifarişçi”) ilə “X4” MMC (“icraçı”) arasında xx xxxxxx 2015-ci il tarixli ********* nömrəli “Proqram və avadanlıq satış” Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən icraçı hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən texniki avadanlıqları, Sentez LİVE proqramını “Sifarişçi”yə satır və sifarişçi öz növbəsində alınan malların və proqramın dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyir. - 3.1-ci bəndinə əsasən isə sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini icraçıya nəğd və ya ödəniş yolu ilə ödəyir. Eyni zamanda, həmin müqavilənin tərkib hissəsi olan «Qiymətlərin razılaşdırma protokolu» adında 1 saylı Əlavədə tərəflər aşağıdakı qiymətlər barədə razılığa gəlmişlər: - «Sintez ERP Challenger ana modul» -1 ədəd, 2097,90 manat; -«Godex G300 Terma/Direk termal barkod printer» -1 ədəd 489,51 manat; - «İntermec CK3R WİFİBT əl terminalı» cihaz – 1 əd 1.888,11 manat; -«Sentez ERP Challenger əl terminal proqrammı və əlaqə servislər» -1 ədəd, 497,42 manat; -«Sentez Live ERP əsas vəsaitləri idarətmə» - 1 ədəd 2.797,20 manat. - Ümumi yekun qiymət: 9168,77 manat. Eyni zamanda, həmin müqaviləyə «Ödəniş protokolu» adında 2 saylı Əlavə ilə tərəflər razılaşmışlar ki, müqavilə imzalandıqda, sifarişçi tərəfindən icraçıya 9.168,77 manat ödəniş olunur. İşin 46-48-ci vərəqlərində olan xx.xx.20015-ci il tarixli 17121502 saylı hesab fakturaya, eyni tarixli - 2015/379 saylı «A» formalı ödəniş tapşırığına və 2015/679 saylı digər bir ödəniş tapşırığına əsasən müəyyən olunur ki, cihaz və avadanlıqların 9168,42 manat məbləğində dəyəri (ƏDV daxil) iki ödəniş tapşırığı ilə (1398,63+7770,14) iddiaçı tərəfindən tam şəkildə sifarişçi tərəfindən cavabdehin hesabına ödənilmişdir. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən müqaviləyə və ona edilmiş əlavələrə uyğun olaraq ödənişlər həyata keçirilmiş, yəni, müqavilə öhdəliyini lazımınca icra etmişdir. Lakin iş materiallarına əsasən cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etdiyi görünmür. Belə ki, müqavilənin 2.2-ci bəndində tərəflər öz aralarında razılaşmışlar ki, icraçı ( konkret halda cavabdeh) : - tələb olunan malları sifarişçinin yerləşdiyi ünvana öz hesabına çatdırır; - sifarişçiyə satılan bütün malları və proqramı öz hesabına quraşdırır; -təqdim edilən malların keyfiyyətinə (proqram istisna) sifarişçiyə 1 ildən az olmamaq şərti ilə, müvafiq zəmanət müddətini təyin edir. Həmin müddət ərzində keyfiyyətsiz malların təqdim edilməsi nəticəsində yarana biləcək qüsurları və çatışmamazlıqları icraçı öz hesabına aradan qaldırmalı, bərpa etməli və ya sifarişə uyğun olaraq ekvivalent mallar ilə əvəz etməlidir; - quraşdırılan bütün mallar və proqramı sifarişçiyə tam işlək vəziyyətdə təhvil verir; - icraçı sifarişçiyə proqramla əlaqədar 3 ay ərzində 60 saat təlim keçmək üçün işçi ayıracaq. Müqavilənin qeyd olunan şərtlərindən göründüyü kimi, cavabdeh malları iddiaçının ünvanına öz hesabına çatırıb onları quraşdırmağı, üstəlik keyfiyytinə bir il ərzində zəmanət verməyi və yarana biləcək qusuruları aradan qaldırmaq kimi vəzifələri yerinə yetirməyi öz üzrəinə götürmüşdür. Lakin iş materiallarına əsasən həmin vəzifələrini lazımınca yerinə yetirdiyi müəyyən olunmur. Belə ki, proqramm təminatı komplektinə daxil olan bir ədəd 489,51 manat dəyərində «Godex G300 Terma/Direk termal barkod printer» və bir ədəd 1.888,11 manat dəyrində «İntermec CK3R WİFİBT əl terminalı»nı, cəmi, 2.377,62 manat dəyərində iki ədəd cihazı iddiaçıya təqdim etsə də, 5.392,52 manat dəyərinə malik digər proqram təminatlarının quraşdırılması ilə bağlı üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Halbuki, Mülki Məcəllənin 590.1-ci satıcı alıcıya alqı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 591.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində satıcının alıcıya əşyaların müəyyən toplusunu komplekt şəklində vermək vəzifəsi nəzərdə tutulubsa, öhdəlik komplektə daxil olan bütün əşyaların verildiyi andan icra edilmiş sayılır. Həmin 591.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, satıcı komplektə daxil olan bütün əşyaları alıcıya eyni vaxtda verməyə borcludur. İddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından göründüyü kimi, cavabdehin banka təqdim etdiyi iki ədəd əşya, əslində, quraşdıralacaq proqram təminatları ilə bağlı olan vahid komplektə aid olan cihazlardır. Həmin əşyalardan ayrılıqda istifadə olunması mümkün deyil, bankda həmin cihazlardan baş açacaq bir mütəxəssisi də yoxdur. Bazarda isə cavabdehdən başqa, demək olar ki, bir başqa mütəxəssis mövcud deyil. Ona görə də həmin cihazlar, digər üç ədəd proqramm təminatı olmadan, yəni quraşdırmadan əhəmiyyətsiz və lazımsız bir şeydir, onlar istifadə istifadə etmək mümkünsüzdür. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı müqavilə öhdəliyini lazımınca yerinə yetirdiyi halda, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da, iddiaçıya maddi ziyan vurmuşdur. Belə olan halda, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən ödəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin tədiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı cavabdehdən müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona etdiyi 9.168,77 manat məbəlğində ödənişə görə real zərərə məruz qaldığı sübuta yetirilir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndindən görünür ki, müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər qüvvədə olan qanunvericiliyə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Belə olan halda iddiaçı, Mülki Məcəllənin 21.1-ci maddəsinin qeyd olunan tələbi baxımından, cavabdehdən ona vurulmuş həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, birinci instansiya məhkəməsinin qətənaməsindən görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarına uyğun olmamışdır. Bütün bu hallar isə MPM-in 385.1.1 və 385.1.4-cü maddəsinin tələbləri baxımından qətnamənin ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qətnamının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1091/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 9.168,77 manat məbləğində vurulmuş maddi ziyanının və MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq, ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 9198.77 manat tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət e t d i: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli e-2-2(81)- 1091/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi təmin edilsin. Cavabdeh "Cavabdehndən iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə vurulmuş maddi ziyanın əvəzi olaraq 9168 (doqquz min yüz altımış səkkiz) manat, 77 qəpik və iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi, 9198 (doqquz min yüz doxsan səkkiz) manat 77 qəpik tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-83/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-83/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver