Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-830/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı X1, iddiaçının vəkili və nümayəndəsi X4, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştrakı ilə sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-49/2020 nömrəli iş üzrə 31 avqust 2020ci il tarixli qətnaməsindən hər iki tərəfin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 29.274 manat sığorta ödənişinin və hər gecikmiş 718 gün üçün 0,1 faiz həcmində hesablanmış 21.018,70 manat məbləğdə dəbbə pulunun, 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun, cəmi 50.532,70 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 31.08.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28.974 manat məbləğdə sığorta ödənişinin, 2.500 manat məbləğdə dəbbə pulu olmaqla, ümumilikdə 31.474 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 19 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə tikinti - texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı iddia rədd edilən hissədə ləğv edilərək, iddianın tam təmin edilməsini, cavabdeh qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçının apelyasiya şikayətinin dəlillərinə görə, sığorta ödənişi cavabdeh tərəfindən qəsdən və qərəzli olaraq ödənilməmiş, hətta iddiadan imtina etdirmək üçün başqa bir məhkəmədə iddia qaldırmaqla (iddia tələbinin əsassız olduğunu bildiyi halda işi uzatmaq xarakterli) sığorta şirkəti iddiaçının səbrini tükətməyə çalışmışdır. İşə baxan məhkəmə dəbbə pulunun tənasübsüz olduğu, cavabdehin əmlak mənafelərinə uyğun gəlmədiyi qənaətinə nəyə əsasən gəlməsini əsaslandırmamışdır (hətta cavabdeh tərəfindən dəbbə pulunun tənasübsüz olmasına dair məhkəməyə vəsatət təqdim edilməməsinə baxmayaraq məhkəmə öz mülahizələrinə əsasən cavabdehin əmlak mənafelərinə görə dəbbə pulunun tənasübsüz olduğu qənaətinə gəlmişdir). Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, sahibkarın uzun müddət sığorta şirkətinin qanunsuz və əsassız hərəkətlərinə dözüm nümayiş etdirməsini, mənəvi olaraq sarsıntı keçirtməsini, cavabdehin məhkəmə prosesində süründürməçiliyə şərait yaratması hallarına qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməməklə dəbbə pulunu azaltmaqda haqlı olmamışdır. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə görə, cinayət işinin rədd edilməsi barədə FHN-in 10.01.2019-ci il tarixli qərarına əsasən baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçıya 7.166 manat məbləğdə ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Qanunun 17.1.3-cü maddəsinə əsasən sığorta ödənişinin alınması üçün sığortalı sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surəti sığortaçıya təqdim etməlidir. Qeyd edilən sənədin təqdim edilməsi barədə iddiaçıya dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq sənəd təqdim edilməmişdir və bu günə qədər təqdim edilməyib. Həmçinin, qeyd edilən sığorta hadisəsi ilə bağlı 2 dəfə məhkəmə mühəndis-texniki ekspertizası keçirilib. Birinci ekspertiza 09.01.2019-cu il tarixdən keçirib (ekspert Əliyev Amid) və ekspert rəyinə əsasən ziyan məbləği 7.166 manat müəyyən edilmişdir. 26.04.2019-cu il tarixdə ikinci məhkəmə mühəndis-texniki ekspertizası keçirilib (ekspert Şükür Hüseynov). Sonuncu ekspertizanın rəyinə əsasən qeyri-yaşayış sahəsinə 31.475, 60 manat ziyan dəyib. Ekspert rəyində ziyanın hesablanma mexanizmi kimi qeyri-yaşayış sahəsini ümumi sahəsinin 242,12 kv.m. nəzərə alaraq hər kv.m-ə görə 130 manat hesablayaraq müəyyən edilmişdir. Ekspert rəyləri arasında uyğunsuqluqlar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən tələb edilən sənədlərin sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməlidir. Beləliklə, iddiaçıya sığorta ödənişin verilməməsi sığortalının (iddiaçının) lazımi sənədlərin təqdim edilməməsi səbəbindən baş vermişdir. Buna görə də Mülki Məcəllənin 934.2.-ci maddəsi ilə nəzərdə tutulan dəbbə pulunun ödənilməsi tələbi tam əsasızdır. Həmçinin, iddiaçı ilə sığorta müqaviləsi bağlanan zaman əmlaka dair mülkiyyət hüququnu və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyi üçün əmlakın real dəyəri 50.000 manat olmasına baxmayaraq sığorta məbləği sığortalının istəyinə əsasən 29.274 manat müəyyən edilmişdir. Buna dair tərəflər arasında 11.09.2017-ci il tarixli saziş bağlanıb. Həmin sazişin şərtlərinə əsasən sığorta məbləği əmlakın real dəyərindən az olduğu üçün qismən sığorta şərti tətbiq edilir və sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişləri qismən sığorta şərtinə əsasən həyata keçiriləcək. Mülki Məcəllənin 896.1.-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Yuxarıda göstərilənlərə əsasən sığorta məbləği əmlakın real dəyərinin 58,54% təşkil edir. Bu səbəbdən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin 58,54% sığortalıya ödənilməlidir. Lakin hakim qətnamə qəbul edərkən qeyd edilən maddi hüquq normaları nəzərə almamışdır. 09 yanvar 2019-cu il tarixli 23 641 nömrəli ekspert rəyi ilə 26 aprel 2019-cu il tarixli 5000 nömrəli ekspert rəyləri arasında olan yuxarıda qeyd edilən uyğunsuqluqları nəzərə almayaraq, təkrar ekspertiza keçirməmiş, sonuncu ekspert rəyini əsas götürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-50/2021 nömrəli iş üzrə 10.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 31.08. 2020-ci il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişi olaraq 18.125,8 manat pul tutulması, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 261/2021 nömrəli iş üzrə 08.06.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflər öz apellyasiya şikayətlərini müdafiə edib, ona uyğun izahat verərək, qarşı apellyasiya şikayətini qəbul etməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, sığortalı iddiaçı və sığortaçı cacvabdeh arasında bağlanmış 11.09.2017-ci il tarixli BA 792439 nömrəli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanda yerləşən “Kəndimiz kafesi” 29.274 manat məbləğdə cavabdh tərəfindən 12.09.2017-ci il tarixdən 11.09.2018-ci il tarixə qədər sığortalanmış, 300 manat azadolma məbləği nəzərdə tutulmuşdur. 10.08.2018-ci il tarixli yanğın aktına görə, ünvan 1 ünvanda yerləşən “Kəndimiz kafesi”də 04.08.2018-ci il tarixində yanğın baş vermiş və əmlak yanaraq məhv olmuşdur. 20.08.2018-ci il tarixli məktubla daşınmaz əmlaka sığorta hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığortalı iddiaçıya 29.274 manat sığorta ödənişinin edilməsi cavabdehdən xahiş edilmişdir. Yanğın hadisəsinin istintaqı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.01.2019-cu il tarixli 23641 nömrəli ekspert rəyinə görə, yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri təqribən 7.166 manat məbləğdə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.04.2019-cu il tarixli 5000 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri Mərdəkan qəsəbəsi Q.İlkin küçəsində yerləşən “Kəndimiz kafesi” adlı qeyi-yaşayış sahəsinin yanması nəticəsində tikiliyə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 31.475,60 manat olduğu müəyyən olunmuşdur. Cavabdehin iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2728/2019 nömrəli iş üzrə 22.05.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, tərəflər arasında bağlanmış 11.09.2017-ci il tarixli BA792439 nömrəli sığorta müqaviləsi bağlandığı andan etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-10801/2019 nömrəli iş üzrə 08.10.2019-cu il qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-2051/2020 nömrəli iş üzrə 29.06.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 08.10.2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “49. Belə ki, MM-in 896, 897.1 və 897.4-cü maddələrinin (bax yuxarıda § 44), habelə Sığorta Qanununun 1.4, 39.4 və 41.1-ci maddələrinin (bax yuxarıda § 46) qarşılıqlı təhlili deməyə əsas verir ki, MM-in əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsi mahiyyət etibarilə ümumi normadır. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları, yəni xüsusi normalar ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
50. Ona görə də icbari sığortanın ayrı-ayrı növləri, o cümlədən daşınmaz əmlakın icbari sığortası sahəsində yaranan münasibətlər MM-in ümumi normalarından fərqli qaydalar nəzərdə tutan Sığorta Qanununun müvafiq normaları ilə tənzimlənir.
51. Həmin Qanunun yuxarıda istinad olunan müddəalarına uyğun olaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.
52. Göründüyü kimi, xüsusi normalar, yəni Sığorta Qanununun müvafiq müddəaları daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin məbləğləri ilə bağlı ümumi normadan, yəni MM-in əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsindən fərqli qayda nəzərdə tutur.
53. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən MM-in 896-cı maddəsini deyil, Sığorta Qanununun 39.4 və 41.1-ci maddələrini tətbiq etməli idi.
54. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilədə əmlakın qismən sığortasına dair müddəaların nəzərdə tutulmasına gəldikdə isə, məhkəmə kollegiyasının qənaətinə görə, həmin müddəalar qanunvericiliyin tələblərinə zidd olduğundan tətbiq oluna bilməzlər. ...
59. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun sığorta ödənişi ala bilmək üçün Qanunla tələb olunan bütün sənədləri, o cümlədən sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surətinin ASC-yə təqdim edilməsinə, dəbbə pulunun hesablanmasına dair dəlilləri (bax yuxarıda § 34) də əsaslıdır, apellyasiya instansiyası məhkəməsinin mövqeyi bu məsələdə də qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olmamışdır. ...
70. Sözügedən mülki mübahisə üzrə məhkəmə aktları artıq qanuni qüvvəyə mindiyindən hazırkı iş üzrə yeni apellyasiya baxışı zamanı məhkəmə Sığorta Qanununun 18-ci maddəsinə (bax yuxarıda § 46) uyğun olaraq sığorta ödənişinin ödənilməsindən imtina edildiyi gündən ASC-nin F.Adıgözəlova ödəməli olduğu dəbbə pulunun həcmi müəyyən edilməlidir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin məcburi göstərişlərinin icrası ilə bağlı sonrakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 903.1-903.6-cı maddələrinə görə, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissəhissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir; 934.1 və 934.2-ci maddəkərinə əsasən, həmin Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” AR Qanununun: 1.4-cü maddəsinə görə, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir; 16.4-cü maddəsinə əsasən, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir; 17.1.3-cü maddəsinə görə, icbari sığorta ödənişinin həyata keçirilməsi üçün təqdim edilməli olan sənədlərə qanunda nəzərdə tutulmuş digər sənədlərlə sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surətinin əlavə edilməsi tələb olunur; 18.1-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir; 18.2-ci maddəsinə görə, sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir; 39.1-ci maddəsinə əsasən, yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur: 39.1.1. tikililər və binalar üzrə - sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri - bərpa dəyəri məbləğində. Bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti nəzərə alınır; 39.1.2. Qeyri-yaşayış sahələri üzrə - sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində; 41.1-ci maddəsinə görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları və Ali Məhkəmənin qərarının göstərişləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, müqavilənin qüvvədə olduğu müddətdə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Daha sonra, cavabdeh sığorta hadisəsi baş verdikdən sonra 7 iş günü müddətdə əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 26.04.2019-cu il tarixli ekspert rəyinin qəbul edilməməsi üçün əsaslar mövcud deyil. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi sığortalanmış obyektdə baş vermiş yanğın hadisəsinin istintaqı zamanı əldə edilmiş 09.01.2019-cu il tarixli ekspert rəyinin isə işdəki digər sübutlardan üstün qüvvəsi olmadığından, həmin rəyi işdəki digər sübutlarla - yanğından sonra çəkilmiş fotoşəkillər və sairlə qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, yanğın hadisəsi nəticəsində tam yararsız hala düşmüş obyektin təmir və bərpa xərcləri üçün cəmi 7.166 manat tələb olunması ağlabatan deyil və məhz bu səbəbdən qeyd edilən rəy sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyənləşdirilməsi zamanı mötəbər sübut kimi nəzərə alına bilməz. Cavabdehin şikayətinin iddiaçı ilə sığorta müqaviləsi bağlanan zaman əmlaka dair mülkiyyət hüququnu və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyi üçün sığorta ödənişlərinin qismən sığorta şərtinə əsasən həyata keçirilməsi barədə dəlili də əsaslı deyil. Belə ki, mübahisə predmeti olan sığorta müqaviləsi (şəhadətnamə) iddiaçı tərəfindən tam hüquqlu subyekt (kafenin faktiki sahibi) kimi imzalanmış və cavabdeh qarşı tərəf kimi həmin müqaviləni imzalayarkən bundan məlumatlı olmuşdur. Digər tərəfdən, Mülki Məcəllənin 896, 897.1 və 897.4-cü maddələrinin, habelə “İcbari sığortalar haqqında” Qanunun 1.4, 39.4 və 41.1-ci maddələrinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, Mülki Məcəllənin əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsi mahiyyət etibarilə ümumi normadır. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları, yəni xüsusi normalar ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də icbari sığortanın ayrıayrı növləri, o cümlədən daşınmaz əmlakın icbari sığortası sahəsində yaranan münasibətlər Mülki Məcəllənin ümumi normalarından fərqli qaydalar nəzərdə tutan “İcbari sığortalar haqqında” Qanunun müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun yuxarıda istinad olunan müddəalarına uyğun olaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir. Göründüyü kimi, xüsusi normalar, yəni “İcbari sığortalar haqqında” Qanunun müvafiq müddəaları daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin məbləğləri ilə bağlı ümumi normadan, yəni Mülki Məcəllənin əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsindən fərqli qayda nəzərdə tutur. Odur ki, iddia 300 manat azadolma məbləği çıxılmaqla 28.974 manat sığorta ödənişinin verilməsi hissədə əsaslıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə qismən əsaslıdır. Belə ki, qanunvericilik sığortaçıdan sığorta ödənişini sənədlər ona təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməyi tələb edir. İşdən görünür ki, iddiaçı bununla bağlı 20.08.2018-ci il tarixdə rəsmi müraciət etmişdir. Həmin müraciətdən iddiaçının iddia tələbini artırdığı 21.08.2020-ci il tarixədək əslində daha çox vaxt keçməsinə baxmayaraq, iddiaçı 718 günə görə dəbbə pulunu tələb etdiyindən, habelə, sonuncu 0,1%-i 300 manat azadolma məbləği çıxılmayan (29.274 manat) sığorta ödənişi məbləğindən hesabladığından, dəbbə pulu 28.974 manat x 718 gün x 0,1% = 20.803,30 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulması hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehdən 20.803,30 manat məbləğdə dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.2, 385.1.1, 385.1.4, 387.1). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-49/2020 nömrəli iş üzrə 31 avqust 2020ci il tarixli qətnaməsi qismən - 2.500 manat dəbbə pulunun tutulması hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh "xxxx" ASC-dən 20.803,30 manat məbləğdə dəbbə pulu tutularaq iddiaçı X2 ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Aida Hüseyn Həmid Həmidov