Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-831/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iş üzrə üçüncü şəxs Azinteriol MMC-nin nümayəndələri X3 və Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh2 ASC-yə qarşı “dəzgah və qurğuların qanunsuz sahiblikdən geri tələb edilməsi və əldən çıxmış fayda” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 06.03.2020 ci il tarixli 2-2(113)-404/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbini dəyişərək və Cavabdeh1 MMC-ni əsl olan Cavabdeh2 ASC ilə əvəz edərək cavabdehdən iddiaçıya məxsus olan dəzgah və avadanlıqların qanunsuz sahiblikdən geri alınması və 3 aylıq məhsul satışından əldən çıxan 9000 manat gəlirin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən ərizə icraata qəbul edilmiş, həmçinin Cavabdeh1 MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli, 2(007)-1807/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 26.12.2018 ci il tarixli, 2(103)-12765/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydə alınmış VÖEN ********** saylı 06 iyun 2016-cı il tarixli şəhadətnamə əsasında fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyətinin əsasını tibb müəssisələrində istifadə olunmaq üçün sterilizə olunmuş tibbi tənzif və bint istehsal edib alıcılara çatdırmaq olmuşdur. Bu məqsədlə dəzgah və qurğular alaraq istehsala başlamış və 2013-cü ildə Cavabdeh2 ASC-nin ünvan 1 ünvanında yerləşən binada qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi üçün müraciət etmişdir. Müqavilə hər il təzələnmişdir. Cəmiyyətin rəhbərliyi dəyişdikdən sonra yenidən 01 may 2016-cı il tarixli 18 saylı qeyri-yaşayış binalarının icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən o, özünə məxsus olan dəzgah və avadanlıqları cavabdehdən icarəyə götürdüyü 60 kv.m qeyri-yaşayış sahəsinə yerləşdirmişdir. Müqavilənin 1-ci bəndinə əsasən hər kv.metri 3,3 manat olmaqla aylıq ödəniş icarə haqqı 200 manatdan 60 kv.m sahəni icarəyə götürmüşdür. O, müqavilədən irəli gələn bütün öhdəliklərini vicdanla yerinə yetirmişdir. 2017-ci ilin aprel ayında cavabdeh icarəyə götürdüyü sahəyə giriş qapılarının açarlarını dəyişdirərək onu sahəyə buraxmamışdır. O, Cavabdeh1 MMC-nin rəhbərliyinə müraciət etdikdən sonra icarəyə götürdüyü sahədə işini davam etdirmişdir. Cavabdeh 24 dekabr 2017-ci il tarixdə heç bir qanuni əsas olmadan ondan icarəyə götürdüyü sahəni 01 yanvar 2018-ci il tarixdən boşaltmasını tələb etmiş, əks təqdirdə xəbərdarlıq eləmədən avadanlıqları çölə tökəcəyini bildirmişdir. 30 dekabr 2017-ci il tarixdə məcburiyyət qarşısında qalaraq sahəni boşaltmış və ona məxsus olan avadanlıqları sökdürüb maşına yükləmişdir. Lakin cavabdeh avadanlıqların ərazidən çıxarılmasına imkan verməmişdir. Cavabdeh heç bir əsas göstərmədən maşından avadanlıqları boşaldaraq onları yararsız vəziyyətə salmışdır. O, cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını, avadanlıqların qaytarılmasını tələb etsə də, cavabdeh onun bu tələbinə məhəl qoymur və onun qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneçilik yaradır. Son 3 ay ərzində cavabdeh onun fəaliyyətini qanunsuz olaraq dayandırmaqla 9000 manat məbləğində ziyan vurmuşdur. Həmçinin cavabdeh müqavilə öhdəliklərini birtərəfli qaydada pozmaqla üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Ona görə Cavabdeh2 ASC-dən iddiaçıya məxsus olan dəzgah və avadanlıqların qanunsuz sahibliyindən geri alınması və 3 aylıq məhsul satışından əldən çıxan 9000 manat gəlirin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.03.2020-ci il tarixli 2-2(113)-404/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06 mart 2020-ci il tarixli, e-2-2 (113)-404/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarındakı göstərişləri tam nəzərə almamışdır. Məhkəmə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona istehsalatda istifadə edərək üçün hər hansı bir istehsalat avadanlığının verməsini təsdiq edən heç bir sübutla qətnaməsini əsaslandıra bilməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsində mübahisə predmeti olan dəzgah və avadanlıqların icarəyə verilməsi qeyd edilməmişdir. Mübahisələndirilən dəzgah və avadanlıqlar Cəmiyyətə məxsus idisə və bu fəaliyyət növü ilə məşğul olmaq üçün sex fəaliyyət göstərirdisə, onunla icarə müqaviləsi bağlanmasına ehtiyac olmazdı. Cavabdeh2 ASC Endokrin dərman preparatları zavodunun hüquqi varisi kimi müxtəlif çeşidli dərman preparatlarının istehsal etdiyindən bint və tənzif istehsal etməyə tibbi nöqteyi – nəzərdən yol verilmir və həmin zavodda bu istehsal sahəsi mövcud olmamışdır. Xüsusi ilə Cavabdeh2 ASC-nin məhkəməyə təqdim etdiyi inventarlar siyahısında bint və tənzif istehsalı üçün bir ədəd belə dəzgah və avadanlığın adı göstərilməmişdir. Həmin 17 avqust 2012-ci il tarixdə tərtib edilmiş inventarlaşma aktında göstərilən avadanlıq və aparatlar yalnız dərman vasitələrinin istehsalı üçün olan avadanlıqlardır. Bundan başqa, Cavabdeh2 ASC vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir və hər il əmlak vergisi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə əsas və dövriyyə vəsaitlərinin vəziyyəti ilə bağlı balans və hesabat verir. Cavabdeh həmin balans və hesabatı məhkəməyə təqdim etməmişdir. Bakı Kommersiya Məhkəməsi 06 mart 2020- ci il tarixli 2-2 (113)-404/2020 saylı qətnaməsini qəbul edərkən iddiaçının şahidlərini məhkəmə iclasında dindirməmiş, yalnız Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli qətnaməsinə istinad etmişdir ki, məhkəmə həmin qətnaməsi ilə şahidlərin açıq məhkəmə iclasında dediyi sözləri təhrif edərək saxtalaşdırmış, onların sözləri düzgün yazılmamışdır. İşə apelyasiya qaydasında baxılması 03.09.2021-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə elektron kabinetlərinə bildiriş yerləşdirilməklə məlumat verilmiş, lakin iddiaçı və cavabdeh məhkəmə iclasında üzürlü səbəb olmadan səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə üçüncü şəxs Azinteriol MMC-nin nümayəndələri X3 və Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.03.2020-ci il tarixli 2-2(113)-404/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halından görünür ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında 01 may 2016-cı il tarixdə bir il müddətinə müqavilə imzalanmış və iddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m qeyri-yaşayış binasını ayda 200 manat icarə haqqı ödəməklə icarəyə götürülmüş, İddiaçı orada sterilizə olunmuş tibbi tənzif və bint istehsalı ilə məşğul olmuşdur. İddiaçı iddia edir ki, tərəflər arasında icarə münasibətlərinə 2017-ci ilin dekabr ayında son qoyulduqdan sonra cavabdeh tibbi tənzif və bint istehsalı üçün istifadə olunan ona məxsus dəzgah və avadanlıqları götürüb aparmağa imkan verməmişdir. Həmin avadanlıqların dəyəri iddia ərizəsində 30.000 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaya etiraz edərək icarəyə verilmiş obyektdəki dəzgahların iddiaçıya deyil, cavabdehə məxsus olduğunu bildirdiyindən iddianın əsaslı olduğuna dair sübutlar təqdim etməklə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda iddiaçı icarəyə götürdüyü obyektdə ona məxsus dəzgahların mövcudluğu, onların sayı, markası, modeli, dəyəri barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İşə Nizami rayon Məhkəməsində baxılarkən 30.05.2018-ci il tarixli məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X2 və X1 ifadlərində iddia edilən dəzgah və avadanlıqların iddiaçıya məxsus olmasını təsdiq etməmişlər. Belə ki, X2 ifadəsində usta kimi quraşdırdığı avadanlığın kimin olduğunu soruşmadığını və bilmədiyini, avadanlıqları iddiaçının deyil, başqa bir şəxsin xahişi ilə quraşdırdığını, zəhmət haqqının da həmin şəxs tərəfindən ödənildiyini göstərmişdir. Digər şahid X1 isə ifadəsində İddiaçı dəzgahları icaryə götürdüyü sexdə 2007- ci ildən işlətdiyini, kimə məxsus olduğunu bilmədiyini, 2008-ci ildən sonra özünün işdən çıxdığını bildirmişdir. İşdəki 17.08.2011-ci il tarixli inventarlaşdırma aktından görünür ki, iddiaçının icarəsində olmuş ünvan 2 ünvanında yerləşən obyektdə inventarlaşdırma aparılmış və obyektdə dərman preparatı və bint istehsalı üçün 51 adda avadanlıq mövcud olmuşdur. Cavabdeh2 ATSC-nin payçısı olan Cavabdeh1 MMC-yə məxsus dərman preparatlarının və bint istehsalına aid inzibati binada olan avadanlıqların invertarlaşdırılması keçirilmiş və müvafiq avadanlıqlar siyahı üzrə 17.08.2011-ci il tarixdə qeydiyyata alınmış və bu barədə akt tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddianın əsaslı olduğuna dair kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.03.2020 ci il tarixli 2-2(113)-404/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06.03.2020-ci il tarixli 2- 2(113)-404/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-831/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-831/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver