Məhkəmə qərarları › İş №2-2(103)-831/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-831/2024

25.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-831/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3795/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. “Alltech Enginering" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “Alltech Enginering" MMC-nin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan borcu 288.809,03 manat, İcbari Tibbi Sığorta Fonduna olan 472,16 manat, Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan borcu 2.127,89 manat, Dövlət Sosial Müdafiə Fonduna 370,32 manat, İcbari Tibbi Sığorta Fonduna olan 69,44 manat təşkil edir. 3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Alltech Enginering" MMC-yə və Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli **********828000 nömrəli, xx.xx.2023-cü il tarixli **********829700 nömrəli, xx.xx.2024-cü il tarixli **********952500 nömrəli, xx.xx.2024-cü il tarixli **********022300 nömrəli, xx.xx.2024-cü il tarixli **********158800 nömrəli, xx.xx.2024-cü il tarixli **********159500 nömrəli və xx.xx.2024-cü il tarixli **********157100 nömrəli bildirişlərin surətlərindən görünür ki, “Alltech Enginering" MMC və Maraqlı şəxs borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

2. Ərizəyə əlavə edilmiş hüquqi şəxs barədə məlumatda “Alltech Enginering" MMC-nin rəhbərinin Maraqlı şəxs olduğu qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs, eyni zamanda fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 267.958,82 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 294,96 manat, İcbari Tibbi Sığorta Fonduna olan 495,17 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix xx.xx.1982-ci il, doğulduğu yer – Zəngibasar, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 294,96 manat, İcbari Tibbi Sığorta Fonduna 59,62 manat, dövlət büdcəsinə 1.730,81 manat məbləğində (o cümlədən, vergilər üzrə 1.273,4 manat, faizlər üzrə 449,07 manat, maliyyə sanksiyası üzrə 8,34 manat), “Alltech Enginering" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 266.228,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 171.544,69 manat, faizlər üzrə 9.307,76 manat, maliyyə sanksiyası üzrə 85.375,56 manat), İcbari Tibbi Sığorta Fonduna 435,55 manat olmaqla, ümumilikdə 268.748,95 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********828000 nömrəli, xx.xx.2023-cü il tarixli **********829700 nömrəli, xx.xx.2024-cü il tarixli **********952500 nömrəli, xx.xx.2024-cü il tarixli **********022300 nömrəli, xx.xx.2024-cü il tarixli **********158800 nömrəli, xx.xx.2024-cü il tarixli **********159500 nömrəli və xx.xx.2024-cü il tarixli **********157100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3795/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) ərizə təmin edilmişdir.

6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs “Alltech Enginering" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi öhdəliklərini və İcbari Tibbi Sığorta fondu öhdəliklərini qarşısındakı qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və İcbari Tibbi Sığorta fonduna borcları yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

7. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs vergi öhdəlikləri, eləcə də Dövlət Sosial Müdafiə Fondu, İcbari Tibbi Sığorta fondu qarşısındakı öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə vergi borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin dövlət büdcəsinə olan vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta fonduna borcunun ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3795/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Alltech Enginering" MMC-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Maraqlı şəxs tutduğu vəzifədən azad edilmiş və həmin cəmiyyətin direktoru vəzifəsinə X1 təyin edilmişdir. Belə ki, Maraqlı şəxs tətbiq edilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ləğv edilməlidir. Çünki, Maraqlı şəxs hal-hazırda həmin cəmiyyətin üzərində hər hansı təşkilati sərəncamverici səlahiyyəti mövcud deyildir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Ərizəçiyə və maraqlı şəxsə məhkəmə iclasını yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

11. Tətbiq edilən hüquq

“Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə - vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 82.4-cü maddə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

12. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

13. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3795/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.

14. İşə apellyasiya qaydasında baxılarkən maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Alltech Enginering" MMC-nin direktoru vəzifəsinə X1 təyin edilmişdir. Bu məlumat kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydə alınaraq qanuni təmsilçi X1 qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əvvəlki direktorun ölkədən getmək hüququna məhdudiyyət qoyulması üçün qanuni əsas aradan qalxmışdır.

15. Maraqlı şəxs dövlət büdcəsinə fərdi sahibkar kimi öz faaliyyəti nəticəsində yaranmış borcla bağlı məhkəmə qeyd edir ki, nə ərizəyə, nə də apellyasiya şikayətinə vergi orqanı tərəfindən vergilər üzrə 1730,81 manat, DSMF-na 294,96 manat, İTSF-na 59,62 manat borcun ödənilməsi üçün vergi qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirlərin görüldüyü (hesaba sərəncam qoyulduğu, əmlakının siyahıya alınması üçün müvafiq sorğular verildiyi və s) əlavə edilmədiyindən həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə sahibkarın sərbəst hərəkət azadlığının məhdudlaşdırılması pozuntuya görə hüquqa müdaxilənin mütənasibliyi prinsipinə uyğun deyil.

16. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3795/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.

17. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3795/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar